(Əsmətxanım Bəyəhməd qızı Məmmədova. Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər (monoqrafiya), Bakı, "Elm və təhsil", 2022, 408 s.)
XIV əsrdən başlayaraq, Hindistan, İran, Türkiyə, Pakistan, Rusiya, Azərbaycan və başqa ölkələrdə Nizami Gəncəvi əsərlərinə şərhlər yazan müəlliflərin əksəriyyəti öz dövrlərinin dilçi-alimləri olsalar da, şərh və lüğətlərdə yalnız Nizami leksikasının semantik məzmununu öyrənməyə, xüsusən, Quran ayələrindən alınma iqtibas, yaxud təlmihləri izah etməyə, poetik məna və fiqurları açıqlamağa, yaxud həmin misraların sonrakı poeziyada təsirini öyrənməyə daha çox yer vermişlər. Ümumiyyətlə, ərəb dilçiliyinə nisbətən xeyli sonralar yaranan fars linqvistika elmində şərhçilik, lüğətçilik və poetika sənətinin öyrənilməsinə üstünlük verildiyi üçün Nizami Gəncəvi əsərləri üzərində fonoloji, morfoloji, sintaktik təhlillər və şairin zəngin dil xəzinəsinin qrammatik quruluşu və yazı semantikası üzərində linqvistik araşdırmalar aparılmamışdır. Məsələn, XIV əsrdə Nizami Gəncəvi beytlərinin məşhur şərhçilərindən Məhəmməd bin Qivami bin Rüstəm əl-Bəlxinin "Bəhr əl-fəzayel fi mənafe'ül-əfazel" (Fazillər dənizinin fəzilətlərinin faydası) lüğətində Nizaminin: "Ğəmze-ye nəsrin nə ze bad-e səba, Əz əsər-e lotf-e to şod tutiya" - Nəsrin gülünün qəmzəsi badi-səbadan deyil, Sənin lütfünün təsirindən tutiyaya çevrilir - beytinin poetik və fəlsəfi mənasını şərh edir, həmçinin bu beytdən bəhrələnərək, Əmir Xosrov Dəhləvinin də: "Nəsrin gülü, bəlkə də badi-səbadan deyil, sənin lütfündən açılmışdır" məzmunlu bir beyt yazdığını söyləyir və bununla da beytin şərhi bitir.
XIX əsrdən üzübəri dünya və Azərbaycan şərqşünaslığı miqyasında Nizami Gəncəvinin lirikası və poemalarının nəşri, tərcümə və tədqiqi zamanı izahlar və açıqlamalar - söz və ifadələrin lüğəvi mənaları və beytlərin şərhi, leksik-poetik və onomastik-üslubi xüsusiyyətlərinin öyrənilməsi sahəsində əməyi olan çoxlu sayda müəlliflər vardır. Bununla belə, Nizami Gəncəvi əsərlərinin dil xüsusiyyətləri indiyədək yalnız poetika sənətinin predmeti olaraq tədqiqata cəlb olunmuşdur və tam məsuliyyətlə demək olar ki, dünya şərqşünaslığının tarixində Nizami Gəncəvi əsərlərinin linqvistik özəllikləri öyrənilməmişdir. Son dövrlərdə Mənzərə Məmmədovanın "Nizami dilinin leksik üslubu: "İskəndərnamə" əsəri üzrə" ikicildlik izahlı lüğət səciyyəli əsəri istisna olmaqla, demək olar ki, bu sahədə mühüm bir boşluq var idi. İndiyədək Nizami Gəncəvinin zəngin dil xəzinəsinin fonetikası, qrammatikası və yazı semantikası üzərində linqvistik araşdırmalar aparılmamışdır. Halbuki Nizami beytlərinin leksik-semantik mənalarının dəqiqləşdirilməsində linqvistik detalların araşdırılmasının mühüm əhəmiyyəti vardır.
Bu baxımdan, görkəmli şərqşünas alim Əsmətxanım Bəyəhməd qızı Məmmədovanın "Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər" adlı monoqrafiyası dünya elmi miqyasında aparılan ilk tədqiqat işidir. Alimin uzun illər çəkdiyi zəhmətin bəhrəsi olan bu əsərdə ilk dəfə olaraq Nizami Gəncəvinin poeziya dilinin nəzəri aspektləri - dilin fonologiyası, sözün fonetik tərkibi, Nizami dilinə xas diqraflar (iki samitin birləşməsi ), omoqraflar (yazılışı eyni, lakin vurğu ilə fərqlənən sözlər), omofonlar (tələffüzü eyni, lakin yazılış və mənaları fərqli olan sözlər), tabeli mürəkkəb cümlələrin, xüsusən, şərt budaq və qarşılıqlı-güzəşt budaq cümlələrinin şairin dilində Azərbaycan türkcəsinin strukturuna uyğunlaşdırılması elmi şəkildə təhlil olunur və XII əsrin tarixi-mədəni şəraitində farsdilli poeziyada Azərbaycan üslubunu zirvəyə qaldıran Nizami dühasının böyüklüyü göstərilir.
Kitabda "Xəmsə" məsnəviləri üzrə fonetik-qrafik hadisələrin öyrənilməsi Nizamişünaslığın mətnşünaslıq sahəsinin inkişafına yeni bir töhfədir. Burada alim indiyədək dilçilik sahəsində tam izah edilməmiş dil hadisələrini doğuran səs dəyişikliklərini tədqiq edir. Fars dilində diqrafların tələffüzü zamanı fonetik səs dəyişiklərinin baş verməsi və bu hadisənin Nizami yaradıcılığında özünəməxsus şəkildə əks olunmasının öyrənilməsi müəyyən zaman kəsiyində ərəb-fars tələffüzlərinə məruz qalan türk sözlərinin, o cümlədən, coğrafi-tarixi məkanlarımızın adlarının düzgün müəyyənləşdirilməsində dəqiq elmi izahlara yollar açır.
Əsmətxanım Məmmədova tərəfindən Nizami "Xəmsə"sində diqrafların ikili oxunuşu hadisəsinin elmi izahı şəxsən mənə - bir araşdırıcı olaraq bir çox mühüm məsələlərin həllində əminliklə fikir söyləməyə yardımçı oldu. Məsələn, məlumdur ki, orta əsrlərdə tarixi və ədəbi mənbələrimizdə yer alan "Ərmən" sözü türk toponimidir və bu sözün ilkin qədim variantları "Ağvan-Alban" formasında mövcud olmuşdur. Zaman-zaman ərəb-fars tələffüzlərinə məruz qalaraq yazılışda türk mənşəli "Ağvan-Alban" sözlərindəki qoşa samitlərin - ğv, lb-diqraflarının sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq, -rm- diqrafı formasına salınması ilə əlaqədar, bu toponim "Ərmən" formasını almışdır. Qeyd etməliyəm ki, vaxtilə məşhur şərqşünas - tarixçi alim Səid Nəfisi də "Azərbaycanın Aran vilayətinin adının qədim Alban tayfasının adı ilə bağlı olduğunu" söyləmiş və bu adda olan qoşa samitlərin yazılışının dəyişikliyə uğradığını qeyd edərək yazmışdır: "Əvvəllər bu yerin adı "Albanu", daha sonra isə "Ərbanu" şəklində yazılmışdır. Amma Sasanilər bu adı Aran şəklində yazmışlar... Orbelian Stefannos "Sünik tarixi" kitabında bu kəlməni "Ərhan" şəklində vermişdir" (Səid Nəfisi, Divan-e qəsayid o ğəzəliyyat-e Nezami Gəncəvi, Enteşarat-e Foruği, çap-e pəncom, h.ş.1362, s. 34).
Fars dilində fonetik məhdudiyyət qanununun mövcud olduğunu nəzərə alaraq, dildə assimilyasiya, eliziya, dissimilyasiya, proteza, metateza kimi çoxsaylı hadisələri araşdıran Əsmətxanım Məmmədovanın bu kitabında ilk dəfə olaraq Nizami Gəncəvinin əsərlərinin dil bazasında fonetik qısalmalar və fonem çevrilmələr geniş tədqiqata cəlb olunur. İsim, sifət, say, əvəzlik, feillər, bağlayıcılar və dil strukturunun başqa komponentlərində təxfif - söz həcminin dəyişməsi, tətvil - fonemlərin uzadılması və yaxud başqa fonemlə əvəz olunması, təğyir - metateza - yer dəyişmə, fonetik həcmi dəyişsə də, mənası sabit qalan leksemlərin və sair fonetik hadisələrin öyrənilməsi Nizamişünaslıqda həll olunmamış bir sıra problemlərin çözülməsinə imkanlar açır. Məsələn, təkcə isim və sifətlərin Nizami beytlərində fonetik dəyişikliyə uğrayaraq işlədilməsini izlədikdə, bir çox sözlərin poeziya qanunlarına, tələffüzün yumşaqlığına, yəni əruz vəzninin qaydalarına uyğunlaşdırıldığını görürük: "Şah" sözündə, şah= şəh əvəzlənməsi, "dağ" sözündə kuh=koh, "qara" sözündə siyah=siyəh, "qısa" sözündə kutah=kutəh əvəzlənməsi və sair çoxsaylı fonetik dəyişikliklə verilən nümunələr Nizaminin misranın gözəlliyi, incəliyi naminə ikili ölçülü qrafiklə yazılan dil vahidlərindən faydalandığını və Əsmətxanım Məmmədovanın sözlərilə desək, "ədəbi dil normasından" fərqli bir üslubda sənət yaratdığını görürük. Müəllifin bir mütəxəssis-alim olaraq bu dəqiq elmi araşdırması əslində bir çox aktual problemlərə aydınlıq gətirir. Biz də Nizaminin öz sevimli Afaqına həsr etdiyi türkcə bir qəzəlindən bəhs edərkən, şairin vəznə uyğun olaraq bu adı - Əfəq formasında yazdığını qeyd etmişik. Göründüyü kimi, şərqşünas dilçi alimimizin bu qiymətli tədqiqatı poeziyada bir çox linqvistik məsələlərin aydınlaşdırılmasında alimlərin istinad edə biləcəyi mühüm elmi vəsaitdir.
Kitabda həcmi dəyişilən, lakin mənası sabit qalan leksemlər haqqında aparılan araşdırmalar bu günün mətnşünaslıq elmi və tərcümə sənətinin inkişafında mühüm əhəmiyyəti olan bir məsələdir. Alim Nizaminin dil xəzinəsinə mənsub xarakterik cəhətləri seçməklə və bir sıra sözlərin yazılış qaydalarına diqqət etməklə mətnşünaslıq sahəsinə də yeni töhfə vermişdir. Məlumdur ki, Nizami Gəncəvi əsərlərinin əlyazmalarına müraciət edərkən, ən qədim nüsxələrdən başlayaraq ciddi müqayisələrin aparılması, müəllifin fərdi yaradıcılıq, yazı və üslub prinsipləri əsasında mətnlərin tutuşdurulması və dürüst dil variantlarının müəyyənləşdirilməsi vacib problemlərdəndir. Dünya elmində qəbul edilən son tekstoloji konsepsiyalar ən düzgün nüsxəni müəllifin yaradıcılıq iradəsinə uyğun olan kompromis variantlar əsasında müəyyənləşdirilməsini tələb edir. Filoloji tərcümələr zamanı Nizami əsərlərinin əlyazma nüsxələrində katiblər tərəfindən təhrif olunan, yaxud həcmi dəyişərək qısa formada ifadə edilən sözlərin mövcudluğu bəzən beytin mənasının düzgün tərcümə olunmasına əngəllər yaratmışdır. Məsələn, Nizami Gəncəvinin "İqbalnamə" əsərində "Busə" (öpüş) sözünün "bus" formasında qısa yazılışı öncə katibləri çaş-baş salmışdır. Odur ki, beytin mənasını anlamamışlar və həmin sözü gah, "Lus" , gah da "Tus" kimi yazmaq məcburiyyətində qalmışlar və maraqlıdır ki, bu sözü əksər əlyazma mətnlərində güclə sezilən formada yazmışlar. Bu da filoloji tərcümələrdə beytin səhv anlaşılmasına səbəb olmuşdur. Həmin beytlər belədir:
Ərus-e məra piş-e peykərşenas
Konəd taze ruyi bəsi əz qiyas.
Dər in name gər həm nərəfti bebus,
Soxən qoftən-e taze budi fesus.
(Mənim gəlinim gözəltanıyanlar qarşısında, bənzəri olmayan yeni üzlü bir (gözəldir). Əgər bu əsərdə öpub (nazla, nəvazişlə, incə yolla - Z.A.) getməsən, təzə söz söyləməyə çətinlik çəkərsən).
Artıq, qeyd etdiyim kimi, həm bəzi katiblər, həm də filoloji tərcüməçilər diqqət etməmişlər ki, Nizami burada öz yeni əsərini "təzə gəlin"ə bənzədir və o üzdən "busə" (öpüş) sözünü işlədir. Sadəcə, bu sözün "bus" formasında işlənmə mexanizmini bilməyə ehtiyac var idi. Əsmətxanım Məmmədova zərgər dəqiqliyi ilə Nizami dilindəki bu qısalmaları qeyd etmiş, o cümlədən, "busə" sözünün də bəzən "bus" forması almasını elmi şəkildə izah etmişdir, nəticədə tədqiqatçılara Nizami beytlərini dürüst anlamağa əsaslı bir yol açmışdır.
Fars dilində Nizami modelinin müəyyənləşdirilməsi, onun yaradıcılığında türk dilinə məxsus sintaqmatik (dildə söz birləşməsi qayda-qanunu) və paradiqmatik (sözlərin seçilməsi və qoşma formaları) özəlliklərinin üzə çıxarılması, Nizami əsərlərinin dilinin sadə izahlar sistemi deyil, bütöv bir türk-müsəlman mədəniyyətini əks etdirən dil sistemi olduğunun sübut olunması Əsmətxanım Məmmədovanın tədqiqatının əsas məziyyətlərindən biridir. Alim "Xəmsə"də şərt budaq cümləli və qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələrin zəngin variantlarını araşdırır, təhlillər aparır və Nizami beytlərində fars dilində cümlə quruluşundan fərqli cəhətləri misal gətirdiyi (Ke məğnatis əgər aşeq nəbudi, bedan şouq ahəni-ra çon robudi?! - Ki, maqnit əgər aşiq olmasaydı, belə şövq ilə dəmiri özünə çəkərdi?!) beytini nümunə olaraq göstərir və haqlı olaraq yazır: "Verilmiş beytdə şərt budaq cümləli tabeli mürəkkəb cümlənin struktur cəhətdən Azərbaycan dilinin şərt budaq cümləsinə oxşar bir formasını görürük. Sanki cümlə birbaşa dilimizdən fars dilinə tərcümə edilmişdir" (s.186).
Kitabda Nizami Gəncəvi yaradıcılığı farsdilli ədəbiyyatda Azərbaycan üslubunun zirvəsi olaraq öyrənilir, o cümlədən, Azərbaycan üslubunu şərtləndirən əsas xüsusiyyətlər və onun çoxşaxəli təzahür formaları - atalar sözləri və hikmətli ifadələr, Nizami əsərlərində gül adlarının poetik xüsusiyyətləri, məsnəvilərdə sağlamlığa, tibbə aid tövsiyə və qadağalar xüsusi olaraq araşdırılır, habelə Nizami cazibəsinin sehrinə düşən tədqiqatçılar haqqında geniş məlumat verilir.
Nizami Gəncəvi sənətinə böyük məhəbbətlə və səriştəli bir mütəxəssis-alim mövqeyilə yazılmış bu monoqrafiya indiyədək Nizamişünaslıqda çözülməsi müşkülə çevrilən bir çox problemlərin həllində istinad edəcəyimiz zəngin elmi mənbədir. Bu qiymətli əsər şərqşünaslıq və türkologiya elmində mötəbər söz sahibləri olan akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, görkəmli Nizamişünas alim, professor Mehdi Kazımov, dosent Şəhla Məcidova və dosent Bilqeys Quliyevanın xeyir-duası ilə oxucuların ixtiyarına verilmişdir.
Uca Yaradan bu dünyanı öz hikməti və elmi ilə bəzəmişdir. Amma o bəzəyin naxışını yer üzündə bəslədiyi alimlərin, ustadların əli ilə zaman-zaman təzələyir, yenidən qurur. Nizamişünaslıq elminə yeni naxış vuran əlləriniz var olsun, dəyərli Əsmətxanım müəllimə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
