"Füyuzat" jurnalında dərc olunmuş məqalələrində musiqi və teatr məsələləri
Əli bəy Hüseynzadə "Füyuzat" jurnalında məfkurəvi məsələlərlə yanaşı, ədəbiyyat və sənət problemlərini aktuallaşdırmaqla yeni sənət konsepsiyası irəli sürdü. Hüseynzadənin "Füyuzat"da dərc olunan yazılarında istər siyasi, istərsə də mədəni aspektdə təqdim olunan fikirlər və araşdırılan problemlər o dövrdə Azərbaycan auditoriyası üçün yeni idi. İdeoloji baxımdan təkcə Azərbaycan üçün deyil, bütün türk aləmi üçün yeni olan hadisə Dövlət bayrağımızda ifadə olunan milli triadamızın ilk dəfə "Füyuzat"da bəyan olunması idi. "Məcnun və leylayi islam" məqaləsini tənqid edən farsdilli "Həqayiq" qəzetində dərc olunmuş bir yazıya verilmiş "İntiqad ediyoruz, intiqad olunuyoruz" sərlövhəli cavab məqaləsi ilə Hüseynzadə milli triadanın başlıca düsturunu irəli sürdü. Yəni türkqanlı, islam imanlı, Avropa düşüncəli fədainin ilk soraqçısı "Füyuzat" oldu.
Əli bəy Hüseynzadənin məqalələrinin timsalında "Füyuzat" Azərbaycan oxucusuna dünya incəsənətində və ədəbiyyatında mövcud olan cərəyanlar - simvolizm, dekadentizm və s. ilk məlumatları verirdi. Yəni hələ o zaman, Azərbaycan mətbuatının 30 illik mövcudluğu dövründə nə Bethoven, Motsart, Rossini, List, Vaqner, Şarl Quno, Şopen, Sen Sans, Cüzeppe Verdi kimi Avropa bəstəkarlarının əsərləri, nə Rafael, Korrecio, Mikelancelo, Leonardo da Vinçi, Tissian, Botiçelli, Vereşşagin, Ayvazovski kimi rəssamlar, nə Höte, nə Şiller, nə Tolstoy Azərbaycan cəmiyyəti üçün tanınan adlar idi.
Hüseynzadənin "Füyuzat"da dərc olunan yazılarında səciyyəvi olan cəhətlərdən biri də bu adları, dünya musiqi, rəssamlıq, teatr sənətində bəlli olan sənət hadisələrini o dövrkü Azərbaycan cəmiyyətinin şüuruna istiqamətləndirməsiydi. Tutaq ki, o, fransızların "Janna D Ark" operası barədə bəhs etməklə XX yüzilin ilk illərində Azərbaycan oxucusuna fransız bəstəkarı Cüzeppe Verdi, eləcə də onun Avropada kifayət qədər məşhur olan "Janna D Ark" operası barədə məlumat təqdim edirdi. Özü də bunu fərqli bir təfəkkürlə edirdi. Verdinin operasındakı bəzi musiqi parçalarının azərbaycanlılara doğma olan "Çoban bayatı" havası ilə qiyaslandıraraq edirdi.
Hüseynzadə, hətta siyasi-ictimai mövzulu yazılarında Şərq aləminin getdikcə süqut etməsini, Avropanın yüksəlişini də, qəribədir ki, musiqi müstəvisində şərh edir: Vaqnerin bəstələrini dinlədikcə, onun zehniyyətində və xəyal aləmində iki təzadlı aləm təzahür edirdi - Almaniyanın tərəqqisi və İranın çöküşü.
Biz bu yazıda mövzu baxımından Hüseynzadənin məqalələrinin siyasi aspektlərinə deyil, mətnlərinin içində keçən mədəni və estetik konseptlər barədə fikir bildirmək istəyirik. Əli bəy Hüseynzadənin mədəni diskursunda yeni mədəni təfəkkür, modernist düşüncə və modern estetikalar iştirak edir.
Hüseynzadə ideoloji problemlərin izahını ədəbi-estetik üslubda şərh edirdi. Məsələ bundadır ki, tutaq ki, "Siyasəti-fürusət" əsərində mifoloji təsvir vətənin halı ilə çuğlaşdırılır, vətənin ürəyinə saplanmış sivri uclu ox onu köksündən yaralayır, oxlanmış yerdən qan əvəzinə, gül saçılır və yaralanmış ürək pərvazlanıb uçmağa başlayır. Bu qeyri-adi quşun səsi uçduqca klarnet səsinə çevrilir və Əli bəy Hüseynzadə bu klarnetdən yayılan səslərin mənasını şərh etmək üçün, intermedial qurğu qurub bədii bir mənzərənin təsvirini yaradır. Havada uçan ürək fəzada süzdükcə, müəllif ona gözəl rəngli iki qanad əlavə edir və personajlardan biri bunu Humay quşuna, ənqaya, Simurqa bənzədir. Uçan yaralı quşun nəğməsi isə Humay quşunun nəğməsinə bənzəyir. Mətni müasir Azərbaycan dilində sadələşdirsək, belə bir məna ifadə etdiyini görərik: ilk insan - Kəyumərs "ey bədbəxtlər, siz qoruyucu quşun dimdiyini kəsdiniz, bu, qərblilərin "feniks" adlandırdığı quşdur. Gəlin, onun kəsilmiş dimdiyindən çıxan nəğməsini dinləyək", - deyə onu ovlayanlara tənə edir. Mətni parafraz etsək, belə bir məna anlaşılacaq: "Feniksin dimdiyindəki yeddi lir təşkil edən oyuqdan, tavusun başındakı iyirmi səkkiz teldən elə ruhoxşayan və həyəcanverici bir ahəng hasil olurdu ki, buna ülviyyət və möhtəşəmlikdə, riqqət və lətafətdə nə Əbdülqadir Marağayinin muğamatı, nə də Bethovenin simfoniya və sonataları qiyas oluna bilərdi. Bu ilahi səs insanlara məlum olan qamma və muğamların notlarına əsla uyğun deyildi. Bilmirəm, Rəuf Yekta bunlara nə ad verə bilərdi..."
Əsərdə Simurq quşu əfsanəsinə işarət edilən bu parçada həm Simurqun yunan mifolojisində Feniks adlanması diqqətə çatdırılır, həm Bethovenin simfoniya və sonataları xatırladılır, həm ehtimal ki, bəzi muğamların Əbdülqadir Marağayi tərəfindən yaradıldığına işarətlər edilir, həm də dövrün görkəmli türk bəstəkarı və musiqişünası Rauf Yekta xatırladılır. Rauf Yekta isə İstanbulda "Şəhbal" dərgisinin redaktoru idi, Azərbaycan musiqisinin tədqiqi sahəsində Türkiyənin ilk musiqişünaslarından biri idi. "Heyratı" ritmik muğamını nota aldırıb öz dərgisində dərc etdirərkən, türk musiqi ictimaiyyətinə söz verirdi ki, bundan sonra da Qafqaz Azərbaycanı musiqisindən örnəkləri nota alıb "Şəhbal"da dərc etdirəcək.
Amerikalı balerina Aysedora Dunkan və onun 1904-cü ildə Qrünvaldda (Berlin yaxınlığında) qızlar üçün yaratdığı "Klassik rəqs" məktəbi barədə də məlumat verilir. Xalq yazıçısı Anar diqqəti bu məqama yönəldərək yazır ki, "Əbdülqadir Marağayinin muğamatını Bethovenin simfoniya və sonatalarıyla yanaşı qoyarkən, müəllif Şərq və Qərb musiqisinin bərabər dəyərlərə malik olduğunu vurğulayır. Bethoven, Motsart, Rossini, Verdi, List, Quno, Vaqner kimi Avropa bəstəkarlarını xatırlatması, Sen Sansın "Ölülər rəqsi"ndən və Çaykovskinin "Orlean qızı" operasından bəhs etməsi təbiidir, amma 20-ci illərdə məşhur olan rəqqasənin, Sergey Yeseninin arvadı Aysedora Dunkanın adını çəkməsi məni xeyli təəccübləndirdi. Deməli, Şərqdə və Qərbdə heç bir əlamətdar ədəbiyyat və sənət hadisəsi Əli bəyin diqqətindən yayınmırmış".
Əli bəy Hüseynzadə "Füyuzat"da çıxan müxtəlif məqalələrində teatrın nəzəri məsələləri ilə də məşğul olmuş və bu məsələləri praktikada tətbiq etmiş ilk Azərbaycan sənətşünaslarından, tərcüməçilərindən biridir. Hüseynzadəyə görə mətbuat fikri işıqlandırırsa, teatr da əxlaqı işıqlandırır. "Şiller" məqaləsində bildirirdi ki, "Bizim Qafqaz müsəlmanları arasında, tənviri-əfkarın (fikri, düşüncəni işıqlandırmağın - C. S.) vasitələrindən biri qəzetə olduğunu ilk əvvəl Həsən bəy Məlikov dərk etmiş bulunduğu kibi, təhzibi-əxlaqın da (əxlaqı zənginləşdirməyin) vasitələrindən biri teatr olduğunu ən əvvəl mərhum Mirzə Fətəli Axundov anlamış idi. Bunların hər ikisi də öz məsləklərində böyük bir istedad, qabiliyyət göstərmiş olduqları halda, təşəbbüs etdikləri iş davam etdirilməyib tərk edildi. İki işığın ikisi də söndü, həm də bir xeyli müddət şölələnməmək üzrə söndü".
Əli bəy Hüseynzadə bu işin davamlı olmamasının səbəbini Axundovdan sonra yeni dramaturqlar nəslinin yetişməməsi ilə xarakterizə edirdi. Bildirirdi ki, bu işin daimi olması və tərəqqi etməsi üçün münasib bir toplum və bu toplumun ayıqlığı lazım idi. Bu ilk təşəbbüsün üzərindən otuz-qırx ilə yaxın bir vaxt keçdi. Toplum yavaş-yavaş ayılır və teatra da cüzi bir ehtiyac hiss edir. Əvvəlcə, ancaq həvəskarlar kasıblar üçün ianə niyyətilə ara-sıra xeyriyyə müsamərələri təşkil edər, ələ keçə bilən komediyalardan, faciələrdən parçalar göstərməklə yekunlaşırdı. Son vaxtlar isə meydana dramaturqlar, bu işlə məşğul olan teatr kompaniyaları çıxdı. Bunların verdikləri ümidlər getdikcə qüvvətlənir. Nəcəf bəy Vəzirov, Nərimanov, Haqverdiyev, Qənizadə tərəfindən Azərbaycan dilində yeni əsərlər yazılsa da, bunlar yetərli deyildi. Hüseynzadə bildirirdi: "Təəssüf ki, içimizdə Mirzə Fətəli kimi dahi bir dramaturq bir daha zühur etmədi. Çünki elə fövqəladə istedadlar, təkcə bizdə deyil, başqa xalqlar arasında da əsrlərdə bir-iki dəfə görünən şeylərdir. "O halda nə etməliyiz? Yeni bir Mirzə Fətəlinin zühurunumu bəkləməliyiz?" Gözləmək zamanı deyildi. Hüseynzadəyə görə yeni Mirzə Fətəlinin doğulmasını gözləməkdənsə, dünyanın böyük dramaturqlarının əsərləri tərcümə edilib tamaşaya qoyulmalıdır. Və Hüseynzadə tamaşaya qoyulması ən uyğun olanları xatırladırdı: "Avropanın ən məşhur faciə, hailə və məzhəkə yazanları Şekspir, Molyer, Şiller və İbsendir. Zatən, indiki halda dilimizə ən əvvəl tərcüməyə layiq və münasib olan bunların əsərləridir. Bu əsərlərə həm mətbuatda, həm səhnədə aşina olmağa çalışmalıyıq". Yəni bu dramaturqların əsərlərini həm tərcümə edib çap etməliyik, həm də teatrda tamaşaya qoymalıyıq. Artıq bu işin mütəxəssisləri meydandaydı və ilk təcrübələr tamaşaçı auditoriyasını formalaşdıracaqdı.
Diqqəti cəlb edən nöqtələrdən biri də Hüseynzadənin Şekspir və Şiller dramlarına münasibətidir. "Füyuzat" jurnalının 1907-ci ildə dərc olunmuş 25 may tarixli 18-ci sayının üz qabığında "Homer və Firdovsilə bərabər cahanın ən böyük şüərasından ingilis faciənəvisi Vilyam Şekspirin təsviri" verilib. Jurnalın bir neçə sayında dahi dramaturqun "Yuli Sezar" faciəsi dərc olunub.
Məlumdur ki, 1909-cu ildə Əli bəy Hüseynzadə hansısa bir tatar qəzetinə (təəssüf ki, Hüseynzadənin arxivində bir səhifəsi qorunan qəzetin orijinalı yoxdur, əldə olan nüsxə isə müsahibənin foto surətidir, qəzetin adı və sayı bilinmir) verdiyi müsahibəsi var. Yazı "Əli bəy Hüseynzadənin yanında" adlanır. Müsahibə tatarcadır. Müxbir Bürhan Şərifin "Başqa şeylər yazmısınızmı?" sualına ""Hamlet"i (Şekspirin) tərcümə etməyə başlamışam", - deyir. Deməli, Əli bəy Hüseynzadə "Hamlet"in tərcüməsi üzərində də çalışıbdır.
O, "Hamlet"i necə tərcümə edib, məlum deyil. Amma əlimizdə bəzi parçalar var ki, tərcümə barədə təsəvvür yaratmaq üçün yetərlidir. "Nə etməli?.. "Budur məsələ iştə!" Hamletin, daha doğrusu, "Hamlet"i yazan qoca Şekspirin dediyi kibi.
Zalım qədərin qədrinə etməkmi təhəmmül?
Ya qarşı gəlib cuşinə bu seyli-fənanın,
Verməkmi bu tufani-bəlayayə nəhayət?
Bunlardan əcəb hankisi icabi-nəcabət!.."
Əli bəy Hüeynzadə "Hamlet"in Abdulla Cövdət tərəfindən tərcüməsindən də bəhs edir. Yaxın dostu Abdulla Cövdətin tərcüməsində "Hamlet" Əli bəy Hüseynzadəyə görə, əslindən heç bir vəchlə geri qalmır. Hüseynzadə "Hamlet" barədə Azərbaycan teatr mühitinə yeni informasiyalar verirdi: "Hamlet" avropalıların "ağ şeir" dedikləri nəzmi-qeyri-müqəffa (qafiyəsiz şeir) üsulu ilə dilimizə nəql edilmişdir. Çünki ingiliscə olan əslində dəxi külliyyati etibarilə nəzmi-qeyri-müqəffadan (bütövlükdə qafiyəsiz şeirdən) ibarətdir. Britaniya şairinin fikrinə görə kəlam mövzusunda təbiilik mətlub isə, qafiyələrə əsla ehtiyac yoxdur".
Xüsusi vurğulamalıyıq ki, Azərbaycanda kifayət qədər məşhur olan "Teatr-məbəddir" tezisinin ədəbi-estetik düşüncəmizə daxil olması da, XX yüzilin əvvəllərinə - Əli bəy Hüseynzadənin 1906-cı ilin 18 noyabr tarixli "Füyuzat" jurnalının 5-ci sayında dərc olunmuş haqqında söhbət gedən "Şiller" məqaləsindən sonra daxil olub. Hüseynzadə bildirir ki, Şiller "Mariya Stüart" faciəsini yazarkən, əsərə kilsəyə məxsus bir ayindən bir epizod əlavə etmək istəyirdi. Bundan xəbər tutan Veymarın baş rahibi, Veymar teatrının bədii rəhbəri Hötenin yanına gəlib kəskin etirazını bildirdi. Şilleri bu yoldan çəkindirməyi ondan tələb etdi. Rahibi dinləyən Höte təmkinini pozmadan cavab verdi ki, "Teatrın xadimi, yəni rejissor, dramaturq həqiqi bir vaizi-ruhani olduqca teatr məbədə çevriləcəyi kimi, həqiqi bir rahibdən məhrum olan kilsə də teatra dönə bilər". Hötenin bu sözləri teatr anlayışının dünyadakı istiqamətini müəyyənləşdirdi. Bu gün dünyada çox yayğın olan "Teatr məbəddir" fikri Hötenin Veymar şəhərinin baş rahibinə dediyi həmin sözlərdən qaynaqlanır və Əli bəy Hüseynzadənin 1906-cı ildə yazdığı həmin məqaləsindən sonra məlum fikir Azərbaycan teatrının da estetik prinsipini ifadə edən tezis kimi məşhurlaşdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
