Nizami Gəncəvi əsərlərinə yeni fəlsəfi baxış - Vüsalə MUSALI

Nəsib Göyüşovun nur çeşməsi

 

Filologiya elmləri doktoru, şərqşünas alim Nəsib Göyüşovun müəllifi olduğu "Nizami Gəncəvi: Nur çeşməsi" kitabı "Sirius" nəşriyyatı tərəfindən çap edilmiş və 17 oktyabr tarixində Libraff kitab evində təqdimat - imza mərasimi keçirilmişdir. Ustadım Nəsib Göyuşovun bu dəyərli əsərinin ilk oxucusu olmaq və ona Ön söz yazmaq şərəfi mənə qismət olmuşdur. Bu etimada görə dərin məmnunluq hissi keçirir, əsərin geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağına inanıram.

Bu kitab bəşər söz xəzinəsinə əvəzsiz töhfələr vermiş, dühası coğrafi və fiziki məkana sığmayan Azərbaycan mütəfəkkiri - öz təbiri ilə desək, dünyanın "cadu sözlü şairi", klassik farsdilli poeziyada Azərbaycan məktəbinin zirvəsi sayılan şeyx və həkim Nizami Gəncəvinin geniş düşüncə dünyası və zəngin mənəvi aləmi ilə tanışlıq üçün bir müqəddimə xarakteri daşıyır. "Nur çeşməsi" adı şairin əsərlərindən götürülmüşdür və sənətkar bu ifadəni bir neçə dəfə işlətmişdir. Çeşmə - içində saf suyun durmadan qaynayıb axdığı bulaqdır; susamış insan öz yanğısını çeşmənin suyu ilə yatırır. Su eyni zamanda aydınlıq, saflıq və həyat rəmzidir. Xızır dirilik suyuna yetişdiyi zaman onun adi bulaq deyil, nur çeşməsi olduğunu anlayır. Bu çeşmə onun bütün vücudunu və batini aləmini işıqlandırır, onu əbədiyyətə - yəni aydınlığa və işıqlı yola qovuşdurur.

Nizami Gəncəvi, həm şairlik istedadı, həm də müdrik mütəfəkkir kimi bənzərsiz şəxsiyyəti ilə ədəbiyyat tarixində silinməz iz qoymuş və dünya mədəniyyətinə dəyərli töhfələr vermişdir. Onun əsərləri öz dövrünün əks-sədası olmaqla yanaşı, həm də zamanın və məkanın sərhədlərini aşan universal dəyərləri özündə ehtiva edir.

Nəsib Göyüşovun bu kitabı yazmaqda əsas məqsədi, Nizami Gəncəvinin zəngin irsini təhrifə yol vermədən, onun orijinal fikir və fəlsəfi baxışlarını elmi əsaslarla oxucuya təqdim etməkdir. Təəssüflə qeyd edilməlidir ki, son illərdə nizamişünaslıq sahəsində elmi obyektivlik prinsipləri zaman-zaman arxa plana keçməkdə, mövzuya yanaşmalarda dərin analitik təhlildən çox, populist və səthi mövqelər üstünlük təşkil etməkdədir. Bu cür yanaşmalar Nizami irsinin mahiyyətini və dəyərini düzgün dərk etməyə və çatdırmağa əngəl törədir.

İctimai-siyasi və ideoloji tələblərin zamanla dəyişməsi Nizami Gəncəvi yaradıcılığına olan münasibətlərin də dinamik şəkildə transformasiyasına səbəb olmuşdur. Bu dəyişkənlik kontekstində, Nizaminin ideyalarının bəzən subyektiv təhlillərlə kontekstdən çıxarılaraq müxtəlif fərdi, ideoloji və yaxud estetik mövqelərə uyğun şəkildə interpretasiya olunması müşahidə edilir. Belə yanaşmalar, Nizami irsinin tarixi-fəlsəfi dəyərinin mahiyyət etibarilə deformasiyaya uğramasına səbəb ola bilər. Bu prosesi simvolik müstəvidə izah etmək məqsədilə Ernest Heminqueyin "Qoca və Dəniz" əsərindəki məcazi konstruksiyaya istinad etmək mümkündür. Əsərdə balıqçı əziyyətlə tutduğu nəhəng balığı sahilə çıxarmağa nail olsa da, yolboyu dəniz canlıları onu parçalayıb məhv edir və nəticədə yalnız balığın sümükləri sahilə çatır. Bu məcaz, təhrifə uğramış şərhlər və elmi məsuliyyətdən uzaq yanaşmalar fonunda klassik irsin - xüsusilə də Nizami Gəncəvi kimi mütəfəkkirlərin irsinin - mahiyyətindən uzaqlaşdırılaraq yalnız zahiri forma və natamam təsəvvürlər səviyyəsində təqdim olunması riskini simvolik şəkildə əks etdirir.

 

Qeyd olunmalıdır ki, Yevgeni Bertelsin, Məhəmməd Əmin Rəsulzadənin, həmçinin Rüstəm Əliyev və Qəzənfər Əliyevin tədqiqatlarından sonra Nizami Gəncəvi irsinə bu səviyyədə konseptual və sistemli yanaşmalar nadir hallarda müşahidə olunur. Bu baxımdan, Nəsib Göyuşovun hazırladığı əsər, həm mövzunun tədqiqində istifadə olunan metodologiya, həm də Nizami irsinin müasir elmi kontekstdə təhlili baxımından xüsusi əhəmiyyət daşıyır.

Kitabda Nizami Gəncəvinin həyatı, düşüncələri və ədəbi irsi ətraflı şəkildə tədqiq olunur. Birinci bölmədə Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı mühüm yeri vurğulanır; onun əsərlərinin yalnız dövrünün ideoloji və fəlsəfi dünyasını əks etdirməklə yanaşı, həm də insanlıq dəyərlərinə dair dərindən düşüncələr təqdim etdiyi qeyd olunur. İkinci bölmədə isə Nizaminin fəlsəfi baxış bucağı araşdırılır; Tanrı, Peyğəmbər və varlıq fəlsəfəsi kimi mövzularda dərindən təhlillər aparılır. Şairin insanın daxili dünyası, əxlaqi dəyərləri və cəmiyyətin quruluşu haqqında olan düşüncələri də ortaya qoyulur. Üçüncü bölmədə isə Nizami Gəncəvinin şeirlərində verdiyi hikmətli dərslər və həyatın çətinlikləri ilə mübarizə aparmaq üçün təklif etdiyi yollar müzakirə edilir. Azadlıq, tarazlıq, pisliyi yaxşılığa çevirmək kimi anlayışlarla bağlı dərin bir yanaşma təqdim olunur. Həmçinin, Nizami Gəncəvinin dövrün hökmdarlarına ədalət və məsuliyyət tövsiyələri və qadınların cəmiyyətdə bərabər hüquqlara malik olması barədə fikirləri də təhlil edilir. Nəsib Göyüşovun Nizaminin əsərlərindən götürdüyü tematik mövzuları analiz etməsi bu mirası daha yaxşı anlamamıza imkan yaradır.

Nizami, məsnəvilərində insanın daxili inkişafını və doğru yolu tapmağı, əxlaqi çətinliklərlə üzləşərkən göstərdiyi müdrik yanaşmaları diqqətə çatdırır. O, həmçinin insanın azadlıq arzusunun yalnız daxili inamla qazanılacağına dair fikirlərini əsərlərində əks etdirir. Azadlıq, Nizami üçün, sadəcə, fiziki sərbəstlik deyil, həm də ruhi müstəqilliklə bağlıdır. İnsan yalnız öz nəfsini cilovlayaraq, həyatını daxili prinsip və inanclarına əsasən yönləndirmək yolu ilə bu azadlığa çatmaq mümkündür.

Nizami Gəncəvi, məsnəvilərində insanın azadlığına dair dərin və çoxşaxəli bir baxış sərgiləmişdir. Onun fikrincə, insanın dünyaya və hakimiyyətə bağlılığının əsas səbəbi nəfsidir. Nəfsinə tabe olan insan həqiqi azadlığa qovuşa bilməz; əksinə, mənəvi köləliyə məhkumdur. Həqiqi azadlıq isə yalnız Allaha və öz varlığına güvənməklə mümkündür. Nizaminin bu məsələyə yanaşmasında üç əsas məqam ön plana çıxır: Nizami azadlığın yalnız sosial və siyasi deyil, mənəvi və etik bir kateqoriya olduğunu vurğulayır. O, azadlığı sadəcə hüquqi status kimi deyil, insanın özünü tanıması və şəxsiyyət kimi yetişməsi prosesi kimi təqdim edir. Beləliklə, Nizami azadlığın bir düsturunu verir: nəfsini cilovla, çalış, öz gücünə inan - və azad ol.

Nizami Gəncəvi məsnəvilərində bu gün aktual olan yalnızlıq və tənhalıq mövzusuna əsrlər öncə fərqli və dərin fəlsəfi yanaşma sərgiləmişdir. Onun nəzərində tənhalıq - cəmiyyətdən, dünyadan uzaqlaşmaq deyil; əksinə, mənasız səs-küydən, zahiri hay-küydən çəkilərək insanın öz mahiyyəti ilə baş-başa qalması, daxili aləminə yönəlməsidir. Nizami üçün tənhalıq mənəvi arınma və özünü tanıma mərhələsidir. O bildirir ki, əgər ətrafda asayiş və əmin-amanlıq yoxdursa, həyatın sərt çovğunları hökm sürürsə, insan gül kimi bir guşəyə çəkilməlidir, əks halda, bu çovğun onun ləçəklərini qopara bilər. Şair, tənhalığın zahiri yoxluğu deyil, batini dərinliyi və hikməti ifadə etdiyini göstərir.

Biblioterapiya - ədəbiyyatın insan psixologiyasını yaxşılaşdırmaq və emosional problemlərini aradan qaldırmaq məqsədilə istifadə olunması metodudur. Bu konsepsiya müasir dövrün psixoterapevtik yanaşmaları sırasında mühüm yer tutur və oxucunun kitablar vasitəsilə mənəvi və psixoloji inkişafına töhfə verməyə xidmət edir. Nizami Gəncəvinin yaradıcılığı isə bu sahədə misilsiz mənbə hesab oluna bilər. Onun poeziyasında ifadə olunan hikmətlər yalnız ədəbi-estetik baxımdan deyil, həm də insanın daxili aləminin saflaşması, mənəvi rahatlığı və həyatın mənasını dərk etməsi baxımından əhəmiyyətli rol oynayır.

Bu kitab təkcə Nizami Gəncəvi irsinin dərinliklərini araşdırmaq istəyən ədəbiyyatşünaslar üçün deyil, həm də mənəvi özünüdərkə can atan hər bir oxucu üçün əhəmiyyətli bir qaynaqdır. Monoqrafiya, insanın daxili dünyası ilə harmoniyaya nail olmasına, fərdi özünüifadə imkanlarını genişləndirməsinə və həyatın mahiyyətinə dair daha dərin düşüncələrin formalaşmasına töhfə verə biləcək bir bələdçi rolunu oynayır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!