Filoloji intellekt əyarının şəxsiyyət meyarı - Sərxan XAVƏRİ

 

Bir neçə gündən sonra müasir Azərbaycan filoloji və ümumtürk türkoloji fikrində xüsusi elmi dəsti-xətti olan, çağdaş mədəni-ictimai həyatımızda fəal vətəndaş-ziyalı mövqeyi ilə seçilən, elmi-təşkilati və pedaqoji fəaliyyəti ilə elm və təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan və nəhayət, zərif duyğuların təcəssümü olan şeirləri ilə poetik düşüncəmizi zənginləşdirən, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın növbəti doğum günüdür. Professor Mahirə Hüseynova Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslığı və linqvopoetika sahələrində dərin və fundamental tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətləri Azərbaycan dilinin fonetikası, leksikologiyası, morfologiyası və sintaksisi, xüsusilə də aşıq və xalq şairlərinin əsərlərinin linqvistik və stilistik xüsusiyyətlərinin, onomastik vahidlərin linqvopoetikası və dialektoloji məsələlərin araşdırılması olmuşdur.

Qırx ildən artıq müddət ərzində elmi, təşkilati, ictimai, pedaqoji və ədəbi sahələrdə, necə deyərlər, bütün bu sahələrin "haqqını verərək" fəaliyyət göstərən Mahirə xanımın həyat bioqrafiyası, elmi və ədəbi yaradıcılığı, ictimai fəaliyyəti haqqında kifayət qədər çox yazılmış, elmi-ədəbi mühitimizin ən avtoritet simaları onun haqqında kifayət qədər söz demişlər. Ona görə də hesab edirik ki, bu yubiley yazısında həmin fikirlərin zəif təkrarı ictimaiyyətin təsəvvüründə normativləşmiş "Mahirə Hüseynova" obrazına bir o qədər də əhəmiyyətli ştrixlər əlavə etməz. Biz bu yazıda Mahirə xanımın geniş ictimaiyyətin yaxından müşahidə etmək imkanı olmadığı mühüm bir fəaliyyət istiqaməti - elmi dəyərləndirmə sahəsindəki fəaliyyəti haqqında danışmaq və onun məhz bu rakursdan görünən obrazını təsvir etmək istəyirik. 

Professor Mahirə Hüseynova bütün digər çoxsaylı fəaliyyət istiqamətləri ilə bərabər, həmçinin filologiya və pedaqogika sahələri üzrə elmi işlərin dəyərləndirilməsi proseslərinə rəhbərlik edir. İki ildən artıq müddət ərzində bu sahədə Mahirə xanımla birgə çalışaraq onu yaxından tanımaq, ən müxtəlif situasiyalarda xarakterinin özünəməxsus özəlliklərini müşahidə etmək imkanımız olubdur. Hesab edirik ki, bizim müşahidə etdiyimiz baxış bucağından görünən Mahirə Hüseynova obrazının geniş ictimaiyyətə tanıdılmasına ehtiyac vardır. Çünki professor Mahirə Hüseynovanın şəxsiyyət bütövlüyünün fundamental əsaslarını təşkil edən intellekt, insan və vətən sevgisi, fəal ictimai mövqe, şairanəlik, insansevərlik dəyərləndirmə prosesində filoloji intellekt əyarının müəyyənləşdirilməsinin əsas meyarlarını təşkil etməkdədir.

Öncə onu qeyd etmək istərdik ki, elmi fəaliyyət sahəsində dəyərləndirmə olduqca mürəkkəb və məsuliyyətli bir məsələdir. Çünki söhbət məhz intellektin qiymətləndirilməsindən gedir. Vaxtilə akademik Azad Mirzəcanzadə intellektə belə bir tərif verirdi ki, intellekt təbiəti, cəmiyyəti və özünü dərketməyə və dəyişdirməyə istiqamətlənmiş insan beyninin bütöv fəaliyyətinin funksional məcmusudur. O, həmçinin "intellekti necə qiymətləndirməli?" - sualı üzərində baş sındırır, bir sıra tənliklər və düsturlar təqdim edir, modellər verir, sonda belə metaforik fikir də irəli sürür ki, intellekt adamda olmadığı dərhal görünən keyfiyyətdir. Bu fikri bir az da gücləndirmək üçün Amerika psixoloqu Edvard Li Torndaykın aşağıdakı fikrini əsas gətirir: "İntellekt Platonu, Aristoteli və Fukididi öz dövrlərinin afinalı səfehlərindən fərqləndirən keyfiyyətdir".

Ayrı-ayrı detallara varmadan ən ümumi müşahidəmizin nəticəsi ondan ibarətdir ki, Mahirə xanım filologiya və pedaqogika sahəsində intellektin qiymətləndirilməsi kimi məsuliyyətli bir vəzifəni həyata keçirərkən, yalnız elmi deyil, daxili dünyasının dərinliklərindən süzülüb gələn mənəvi-əxlaqi yanaşmaları da səfərbərliyə cəlb edir və nəticədə onun yanaşmasında intellekt tədqiqatda olduğu halda araşdırmaçılara yüzlərlə boz-bulanıq axında istedadsızlardan fərqləndirə bilir, olmadığı halda isə dərhal görünən keyfiyyət kimi müəyyənləşə bilir. Məhz belə intellektual və mənəvi yanaşma işığında zəkanın daşıyıcısı olan, təbii elmi stixiyanın diktəsi ilə yazılan, əsl elmi ilhamın və istedadın məhsulu kimi reallaşan araşdırmalar elmi mutasiya nümunəsi olan şairanə və publisistik esselərdən, faktların sadalanmasına və quru təsvirçiliyə əsaslanan bəsit oçerklərdən dərhal ayrıla bilir.

 

Deyirlər, qızılın əyarının müəyyənləşdirilməsinin ən etibarlı üsulu tarixi Qədim Misir sivilizasiyasına qədər gedib çıxan daş-damcı ekspertizasıdır. Qızıl bazalt və ya qara silis daşına sürtülür, daşdakı izin üzərinə turşu tərkibli təbii maddə damızdırılır. Əgər iz silinmirsə, deməli, qızılın əyarı yüksəkdir, silinirsə, aşağıdır. Qəribəsi odur ki, üstündən əsrlər keçməsinə, elmin son nailiyyətlərinə əsaslanan neçə-neçə yeni laborator ekspertiza üsulları meydana gəlməsinə baxmayaraq bu üsul müasir dövrdə də "asit testi" adı ilə ən etibarlı üsul olaraq aktiv istifadə olunmaqdadır. Başqa fəaliyyət sahələrini deyə bilmərik, elmi fəaliyyət sahəsinin asit testi statusuna uyğun meyar intellekt və peşəkarlıqla yanaşı, həm də məhz şəxsiyyət amilidir. Mahirə xanımın elmi əsəri dəyərləndirmə meyarı məhz şəxsiyyət bütövlüyünə əsaslanır.

Tədbirlərin birində akademik Nizami Cəfərov Mahirə Hüseynova obrazını xarakterizə edərkən, məhz "ana" metaforasından istifadə etmişdir. Həqiqətən də, elm aləmindəki müdrikliyi fonunda Mahirə xanım nəzakətli, şəfqətli bir ana obrazını daşıyır. O, insanlığın dərin duyğularını yaxşı anlayan, hər kəsin taleyinə həssas yanaşan şəxsiyyətdir. Mahirə xanımın şəxsiyyət bütövlüyünün, bu şəxsiyyətdə təzahür edən mənəvi keyfiyyətlərinin nəticəsidir ki, onun istənilən kollektivə rəhbərliyi müdrik ana ətrafına cəm olmuş mehriban bir ailəyə bənzəyir. Bu ailədə hər bir üzvün öz yeri, öz səsi, öz nəfəsi, öz azad və prinsipial mövqeyi vardır. Məhz belə mənəvi mühitin nəticəsidir ki, istənilən tədqiqatçının qiymətləndirilməsində şəffaf müzakirə, azad fikir mübadiləsi əsas prinsip təşkil edir. Bəzən saatlarla davam edən gərgin müzakirələri isə adətən, əsas mənəvi və intellektual ağırlıq mərkəzlərindən birini təşkil edən görkəmli folklorşünas alim Rüstəm müəllim (Rüstəm Kamal) incə yumoru ilə yumşaldır. Müzakirələrarası fasilələrdə isə Mahirə xanımın zamana və mənəviyyata dair fəlsəfi düşüncələri, Qərbi Azərbaycan həsrəti də bəzən ibrətli misralarda ifadə olunur. Nəticədə həmin elmi mühitdə elmi-estetik zövq, peşəkarlıq, ailə atmosferi sintez halında yaşanır - bu da onu yalnız böyük alim yox, eyni zamanda həqiqi ziyalı və insan kimi dəyərləndirməyə əsas verir.

Onu qeyd etmək istərdik ki, Mahirə Hüseynovanın xüsusi həssaslıq göstərdiyi məqamlardan biri tədqiqatın dilidir. Dilə belə həssaslıq yalnız qrammatik düzgünlük axtarışı deyil. Bu, bir tərəfdən, tədqiqatın mətnindəki "fikrin çəkisi"ni, "məna ağırlığını" müəyyənləşdirmək peşəkarlığı, digər tərəfdən, dil fenomenində ifadə olunan milli dəyərə sayğıdır.

Birinci istiqamətlə bağlı onu qeyd etmək istərdik ki, Mahirə Hüseynovaya görə dil elmi təfəkkürün güzgüsüdür, sintaksis düşüncənin görünən, strukturlaşmış formasıdır. Ona görə də elmi mətnin linqvistik xüsusiyyətləri onun müəllifinin elmi kateqoriya və anlayışlarla düşünmə qabiliyyəti haqqında ən doğru təsəvvür yaratmaq gücündədir. Məsələn, müəllifin elmi mətndə mürəkkəb sintaktik konstruksiyalar nümayiş etdirməsi onun bir neçə məntiqi əlaqəni eyni anda idarə etmək qabiliyyətini, yəni elmi təfəkkürün dərinliyini və sistemliliyini göstərə bilər. Müəllifin arqumentləri necə əlaqələndirməsi, hansı keçidlərdən istifadə etməsi və fikirlərini hansı ardıcıllıqla inkişaf etdirməsi onun elmi üslubunun və orijinallığının əsas göstəricisidir. Leksikaya gəldikdə isə bu, hər bir müəllifin elmi informasiya bankı haqqında məlumat sistemidir.

İkincisi, Mahirə xanımın dilə həssaslığı onun milli dəyərlərə, bu dəyərlərin ən alisi olan milli varlığımızın qarantı olan Azərbaycan dilinə sevgisindən irəli gəlir. Mahirə xanımın yanaşmasında "milli-mənəvi mədəniyyət" "milli ruhun, xalqın mənəviyyatının kodlaşdığı genetik proqram"dır. Dil isə bu proqramın əsas daşıyıcısı, "yaddaşın kodu"dur. Mahirə xanım dilin saflığına nəzarət etməklə, əslində, milli-etnik düşüncədə və idrakda boşluq yaranmasının qarşısını alır, "keçmişsizlik" və "qırılan, məhv olan kök və soy, qan və gen yaddaşı" fəlakətindən qoruyur. Bu mənada, onun "dil mübarizələri" "suveren milli şüur"un qorunmasına xidmət edir. Elmi mətnin dili, milli təfəkkürün dəqiqliyini və bütövlüyünü əks etdirməlidir. Mahirə xanım, elmi əsərlərin dilindəki hər hansı bir ləngərliyi və ya qeyri-dəqiqliyi elmi fikrin özündəki boşluq kimi qəbul edir. Beləliklə, onun dilə olan tələbkarlığı elmi-mənəvi keyfiyyətə olan tələbkarlığının ayrılmaz hissəsidir. Dilin saflığına nəzarət "mədəniyyət - əbədiyyətdir" tezisinin elmi məkandakı təzahürüdür.

Mahirə xanımın psixoloji portretinin digər bir xüsusiyyəti vətəndaş-ziyalı mövqeyidir. O, istənilən elmi işin dəyərləndirilməsinə həm də milli maraqlar prizmasından yanaşır. Bu, sadəcə bir vətənpərvərlik hissi deyil, Yaşar Qarayevin təbirincə desək, "suveren milli şüur" və "müstəqil dövlət təfəkkürü" ilə yoğrulmuş, kökü (zəngin ədəbi keçmiş, milli-tarixi irs) zirvə (çağdaş istiqlal şüuru) ilə birləşdirən bütövlük vahididir. Bu bütövlük, "mənəvi mədəniyyət"in "vahid, ümumi, bütöv bir mentalitet və yaddaş" tanıması fəlsəfəsindən qaynaqlanır. O, milli-mənəvi dəyərlərə, xalq mədəniyyətinə bütün varlığı ilə bağlıdır.

Mahirə Hüseynova fenomeni, elmiliklə bədiiliyin, prinsipiallıqla həssaslığın, vətəndaş mövqeyi ilə ümumbəşəri dəyərlərin çulğalaşdığı bir sintezdir.

Mahirə xanımın portretini tamamlayan ən ali keyfiyyət isə Sevgidir. O, dünyanı sevir, vətəni sevir, ananı sevir, insanı sevir. O, indiki dövrdə qıtlığı hiss edilən sevgini öz fəaliyyəti ilə ətrafına yayan bir şəxsiyyətdir.

Hörmətli Mahirə xanım!

Yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik! Sizin şəxsiyyətinizdə elmiliklə bədiilik, prinsipiallıqla həssaslıq, vətəndaş mövqeyi ilə ümumbəşəri dəyərlər çulğalaşaraq bənzərsiz bir fenomen yaratmışdır. Göstərdiyiniz mənəvi-əxlaqi məsuliyyət, insan taleyinə olan həssaslığınız və milli varlığımızın qarantı olan dilə olan sevginiz sizi elm ictimaiyyəti üçün əvəzsiz bir şəxsə çevirmişdir. Sizin müsbət auranız bizi bir ailə kimi ətrafınızda toplamış, cəsarətiniz və incə yumorunuz isə ən mürəkkəb elmi proseslərə belə insani istiqlal gətirmişdir. Bu nurlu yubileyinizdə sizə tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik və elmi-ictimai fəaliyyətinizdə yeni-yeni zirvələr arzulayırıq. Qoy sizin "Mütləq eşq" və "Mütləq zəka"nın vəhdətini özündə cəmləşdirən şəxsiyyətiniz hələ uzun illər boyu örnək olsun. Həyatınızın hər anı sevgi, məna və dəyərlə dolu olsun!

Dərin hörmət və ehtiramla...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!