Şahidin dindirilməsi. Dindirilən: Əli Sultanlı - Ötən əsrin gizlinləri

Şahid öz ifadəsində göstərdi: 

Professor Çobanzadə Bəkir Vahaboviç V.İ.Lenin adına Azərbaycan Dövlət Universitetinin 1926-cı ildən 1930-cu ilədək tələbəsi olduğum  Şərq fakültəsində əsasən dilşünaslıq elmlərini tədris edirdi.

1930-cu ildən mən xarici ədəbiyyat kafedrasının müəllimi olaraq, fakültə elmi şuralarında Çobanzadə ilə tez-tez rastlaşırdım.

Hamıya məlum idi ki, Çobanzadə təhsilini xaricdə almış və burjua ideoloqlarının əhatəsində olmuşdur, lakin Xalq Maarif Komissarlığının dəvəti ilə Bakıya gəldikdən sonra o, intensiv şəkildə işləmiş və Azərbaycan dilçiliyi üzrə dəyərli əsərlər çap etdirmişdir.

O, yüzə yaxın elmi əsərin müəllifidir. Bu əsərlər Azərbaycan dilinin və digər türk dillərinin elmi cəhətdən öyrənilməsinin əsasını qoymuşdur. Qısa bir zamanda rus dilini öyrənərək, Çobanzadə rus alimlərinin əsərlərindən də faydalanmağa başladı. Linqvistika sahəsindəki fəaliyyəti sayəsində o, tanınmış moskvalı alimlərin də diqqətini cəlb etmişdi və professor Çobanzadə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilməli idi.

Azərbaycan universitetində Çobanzadəyə qədər Türkiyədən dəvət olunmuş müəllimlər işləyirdilər. Onlar kadrların hazırlanması və elmi iş barədə düşünmürdülər. Çobanzadənin əsas xidməti ondan ibarət idi ki, o, dərin erudisiyaya malik alim olaraq, bütöv seriya tədqiqatlar çap etdirmiş və eyni zamanda, çoxsaylı dilşünas kadrlar hazırlamışdır. Onun kadrları hazırda dilşünaslıq sahəsində əsas mövqelərdə durur və Azərbaycanda dilşünaslıq üzrə elmi kadrların nüvəsini təşkil edir. Məsələn, prof. Şirəliyev, prof. Dəmirçizadə, dosent Hüseynov Muxtar, dosent  Ələkbərli Q. və b.

Elmi işlə yanaşı, Çobanzadə ictimai işlərdə də iştirak edirdi.  O, yaxşı natiq olduğuna görə bayram mitinqlərində tez-tez çıxış edirdi, gənc dilşünasların elmi dərnəyini təşkil etmişdi. Bu dərnəklərdə o, tələbələrin çıxışlarını hazırlayır, yəni tələbələrin elmi işinə rəhbərlik edirdi.

Çobanzadə böyük alim idi,  bütün əsas Avropa və Şərq dillərini bilirdi, az bir müddət ərzində SSRİ xalqlarının dillərini öyrənmişdi, geniş erudisiyaya malik insan idi, böyük səylə elmi-tədqiqat işi aparırdı.      

Dindirdi: Zaqafqaziya Hərbi Dairəsi hərbi prokurorunun köməkçisi ədliyyə kapitanı Qarayev.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!