Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında cənab Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 18 mart tarixli Sərəncamı milli-mənəvi dəyərlərimizin qorunmasında, ölkəmizin intellektual potensialının möhkəmləndirilməsində mühüm xidmətləri olan Azərbaycan elminə və xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yoluna verdiyi böyük dəyərin ifadəsidir. Xalqımız bəşər sivilizasiyasının ayrılmaz tərkib hissəsi kimi bəşəriyyətin elmi fikrinin inkişafına, dünya elm və mədəniyyəti xəzinəsinə mühüm töhfələr vermişdir. Azərbaycanın ilk elm mərkəzlərinin əsasında tarixi zərurətdən yaranan Azərbaycan Milli Elmlər Akademiyası mərkəzləşmiş elm məbədi olaraq öz işığını xalq intellektindən, onun yaradıcı potensialından alaraq ölkədə böyük ziyalı ordusunun yetişməsinə zəmin yaradır. 1920-ci ildə yaranan elm mərkəzlərinin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində birləşməsi, onun bazası əsasında Zaqafqaziya filialının Azərbaycan şöbəsinin, Azərbaycan SSR Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının yaranması Azərbaycan elminin keçdiyi böyük tarixi inkişaf mərhələsidir. Ulu öndər Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasını xalqımızın milli sərvəti kimi yüksək qiymətləndirərək alimlərlə görüşündə demişdir: "Bizim bu böyük elmimiz Azərbaycanın istedadlı insanları, alimləri tərəfindən, elmi tədqiqat institutları, təşkilatları, Elmlər Akademiyası tərəfindən, sahə institutları tərəfindən yaranmış elmdir. Ona görə də Azərbaycanın güclü elmi potensialı haqqında həmişə böyük iftixar hissi ilə danışarkən, şübhəsiz ki, birinci növbədə, elmi nailiyyətlərimizi nəzərdə tuturuq və xüsusən, Elmlər Akademiyasının əldə etdiyi nailiyyətləri nəzərdə tuturuq".
Ulu öndərin qeyd etdiyi kimi, ölkəmizdə elmin müxtəlif sahələrinin inkişafında, azərbaycançılıq ideologiyasının formalaşdırılmasında, Azərbaycan dilinin tarixi köklərinin, dilimizin zənginləşmə yollarının və müasir ədəbi dildə gedən proseslərin aydınlaşdırılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və inkişaf etdirilməsində bütün dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin və xalqımızın tərəqqisi yolunda mühüm rol oynamışdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə milli dilimizin qorunması və inkişaf etdirilməsi siyasətinin həyata keçirilməsində ölkəmizin tanınmış ziyalılarının iştirakı ilə Elmlər Akademiyasında müzakirələr aparmışdır. Ziyalıların iştirakı ilə qəbul edilən əsaslı qanun və qərarlar dövlətçiliyimizin inkişaf etməsi üçün yeni yollar açmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur. Dövlət dilinin Azərbaycan dili adlandırılması istiqamətində Milli Elmlər Akademiyasının alimlərinin iştirakı ilə müzakirələrdə Azərbaycan sözünün dilimizin adı kimi tarixinin qədimliyi və yetərincə linqvistik ənənəsi olduğu əsaslandırıldı. Ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatında ana dilimizin dövlət dili statusu alması, Azərbaycan dilinin dövlət dili olmasının qanunla təsbit edilməsi əldə etdiyimiz ən böyük uğurlardandır. Bununla da Azərbaycan dilinə siyasi status verildi, rəsmi məclislərin ana dilində aparılması zərurətə çevrildi və beynəlxalq diplomatik danışıqlarda səslənməsinə nail olduq. Tərcümə işlərinin genişləndirilməsi, Azərbaycan ədəbi dilinin zənginliklərinin bədii əsərlərdə ifadə edilməsi, elmi dilin müxtəlif sahələr üzrə inkişafı, xalq danışıq dili ilə ədəbi dil arasındakı əlaqənin daha da genişləndirilməsi, ədəbi dilin ən müasir fikirləri ifadə etməyə qadir bir dil kimi inkişafına yeni istiqamət verildi. Ana dilinə dövlət qayğısı davamlı olaraq aparılmış, Azərbaycan dili ilə bağlı tədqiqatlar aparan dilçilərin əməyinə həmişə yüksək qiymət verilmişdir. Ziyalıların iştirakı ilə müzakirələr aparılaraq dil məsələsinə, birinci növbədə, azərbaycançılıq ideologiyası prizmasından yanaşılaraq dilimizin adının yarım əsrdən artıq işləndiyi şəkildə, yəni Azərbaycan dili adlandırılmasına üstünlük verildi. Akademik İsa Həbibbəyli yazır: "Azərbaycanda isə ana dili - dövlət dili münasibətlərinin dilin daşıyıcısı olan xalqın konstitusiya hüquqları səviyyəsində həlli təmin edilmişdir. Ana dilindən dövlət dili səviyyəsində istifadə olunması və xalqın dilinin dövlət dili səviyyəsinə qaldırılması Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan tarixi xidmətdir."
2001-ci ildə ulu öndər Heydər Əliyevin Akademiyaya verdiyi "Milli" status bir daha Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmiz üçün tarixi əhəmiyyətini təsdiqlədi. Bu illər ərzində Akademiyada prioritet sahələrdə tədqiqatlar aparılır, elmi məktəblər yaradılaraq beynəlxalq əlaqələr genişləndirilir. Akademiyada təşkil edilmiş institutlar tarixən Azərbaycan elmi potensialının formalaşmasında mühüm rol oynamışdır. 80 illik bir dövr ərzində dəqiq və ictimai-humanitar elm sahələrində mühüm nailiyyətlər əldə edilmişdir. O cümlədən, Nəsimi adına Dilçilik İnstitutunda tarixən Azərbaycan xalqının tarixi dəyərləri, dilin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə obyektiv şəkildə yanaşılaraq dil mədəniyyəti, yazı və əlifba problemləri, tarixilik, müasirlik, varislik və ənənə əsas prinsiplərdən biri kimi götürülür. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalmış olsa da, milli varlığı olan Ana dilimizi, müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil kimi inkişaf etdirir. Araşdırmalar göstərir ki, Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Azərbaycan dilinin fonetik sistemi, zəngin leksik tərkibi, sabit qrammatik strukturu, qədim tarixi köklərə malik qədim yazı mədəniyyəti, yazı ənənələri tədqiq olunur.
Müasir dövrdə dilin leksikasının sürətli inkişafı, baş vermiş yeniliklər, dəyişikliklər yeni orfoqrafiya lüğətinin nəşr olunmasını zəruri edir. Orfoqrafiya lüğəti ədəbi dilin lüğət tərkibinin düzgün yazı qaydalarını əks etdirən qanuniləşmiş normalardır. Daima inkişafda olan dildə, xüsusilə, onun lüğət tərkibində baş vermiş yeniliklər orfoqrafiya lüğətində qanuniləşmiş normalarda verilməsi üçün yeni prinsiplər işlənib hazırlanır. Süni intellektin köməyi ilə orfoqrafiya lüğəti üzərində sürətli iş aparılır. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin qeyd etdiyi kimi, "lüğətin hazırlanmasında süni intellektin dəstəyi türkdilli respublikalarda ilk dəfə Azərbaycanda tətbiq olunur. Bunun üçün 180 minlik söz bazası yaradılmışdır". Azərbaycan xalqının milli müstəqillik və dövlət müstəqilliyi əldə etdiyi dövrdə isə yürüdülən dil siyasəti milli dilin inkişaf etdirilməsinin təməli olaraq qəbul olunur və onun ideyaları fundamental konseptual əsaslarda inkişaf etdirilir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımız, laylalarımız, nağıllarımız, dastanlarımız, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi misilsiz sərvət kimi araşdırılır. Elmi dilin inkişaf tarixi xalqımızın elm, mədəniyyət tarixi kimi qiymətləndirilir. Azərbaycan dilinin inkişafı ilə bağlı lüğətlər, elmi qrammatikalar hazırlanır, dilçilik məsələlərinin həlli üçün fundamental qrammatika kitabları yazılır. Müasir Azərbaycan dilinin fonetik, leksik xüsusiyyətləri Azərbaycan dilinin elm dili kimi inkişaf etdirilməsi üçün üslubiyyat məsələləri tədqiq olunur.
Azərbaycan dilçiliyində terminologiyanın dilçiliyin mühüm bir sahəsi olaraq yaranması və inkişafı da məhz Akademiyanın adı ilə bağlıdır. Bu illərdə elmi-tədqiqat əsərlərinin, dərsliklərin Azərbaycan dilində yazılması, dövrün tələbinə uyğun milli terminlərin yaradılması, respublikada terminoloji işi qaydaya salmaq üçün müxtəlif elm bölmələri özündə birləşdirən Terminologiya Komissiyasının yaradılması milli terminlərin yaradılması və terminoloji lüğətlərin tərtibi üçün əsas mərkəzlərdən biridir. Hazırda Komissiyada dilin lüğət tərkibinin zənginləşməsində termin yaradıcılığı prosesi və onun nəzəri məsələləri, çeşidli terminoloji lüğətlər nəşr olunur. Terminologiya Komissiyasında aparılan iş kökündən yaxşılaşdırılaraq Azərbaycan dilində terminlər yaradılması üçün konkret elmi prinsiplər hazırlanmışdır. Dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə, pedaqogika və psixologiya, riyaziyyat, fizika, kimya, informatika terminləri lüğətləri də yenidən işlənib hazırlanmışdır. Terminologiya Komissiyasının qərarı ilə müstəqillik illərində 200-ə qədər terminoloji lüğət nəşr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə fəaliyyət göstərən Terminologiya Komissiyası Respublikanın elmi-tədqiqat müəssisələrində, ali məktəblərdə, nəşriyyat idarələrində və mətbuatda terminlər yaratmaq işinə rəhbərlik edən mərkəzi orqandır.
Ədəbi dilin dövrləşdirilməsində ədəbi dilin mahiyyətini təşkil edən faktorlar normanın müəyyənləşdirilməsində əsas kriteriya götürülür. Aparılan tədqiqatlarda ədəbi dilin normaları əsasında dilin inkişaf səviyyəsi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan ədəbiyyatı ilə bağlı ilkin qaynaqlar əlyazmalar əsasında araşdırılaraq ədəbi dilin tarixinin formalaşmasında yeni bir cığır açılmışdır. Çoxşaxəli elmi əsərlər, xüsusilə də farsdilli və türkdilli əlyazmaların tədqiqi və nəşri sahəsindəki səmərəli elmi fəaliyyət filologiya elmimizə öz töhfələrini vermişdir. Bu nəzərə alınaraq türk dillərində elmi üslubun inkişafı və zənginləşmə yolları araşdırılır. Dilin tarixən fonetik, morfoloji sistemində baş verən dəyişikliklər, dialekt və şivələrin tədqiqi dil tarixinin araşdırılması üçün əsas məxəzdir. Bu nəzərə alınaraq Azərbaycan dilinin dialekt və şivələrinin toplanması və tədqiqi aparılır. Nəsimi adına Dilçilik İnstitutunda hazırlanan Naxçıvan və Qarabağ Zəngəzur dialektoloji atlası dialekt və şivələrin dil faktlarını özündə qoruyub saxlayan dəyərli mənbədir.
Türk dövlətləri rəhbərlərinin iştirakı ilə "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyi, I Türkoloji qurultayın 80, 90, 100 illiyinə həsr edilmiş möhtəşəm beynəlxalq tədbirlər Akademiyada təşkil olunmuşdur. Azərbaycanda milli dövlətçiliyin və milli-mənəvi sərvətlərin inkişaf etdirilməsində Elmlər Akademiyası faktoruna xüsusi önəm verilmiş, dövlət bu ali elmi təşkilatının fəaliyyətinə daim qayğı göstərmişdir. Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın keçmişi və bu günü, dilimizin tarixi və dildə gedən prosesləri, folkloru, mifologiyası, etnoqrafiyası, təbiəti, iqtisadiyyatı və digər sahələrinin geniş tədqiqi ilə dünyanın diqqətini cəlb etmişdir. Müasir türk dillərinin tarixi abidələri olan "Kitabi-Dədə Qorqud" dastanları və XIII əsrdə qələmə alınmış ədəbi nümunələrlə yanaşı, türk-müsəlman mədəniyyətinin ilk inciləri olan, XI-XII əsr Qaraxani türkcəsində qələmə alınmış "Kutadgu-bilig", türk xalqlarının etnogenezisini əks etdirən "Divanü-luğat-it-türk", Ə.Yüqnəki təfəkkürünün məhsulu olan "Ətabətül-həqaiq", "Piri-Türküstan"ın hikmətlərinin toplandığı "Divanu-hikmət" kimi mənbələri etno-linqvistik baxımdan araşdırılır. Mahmud Kaşğarinin "Divanü-luğat-it türk" əsəri türkcə-ərəbcə lüğət olmaqla yanaşı bir türk ensiklopediyasıdır. Abidədə çeşidli izahatlar, qrammatikaya dair məlumatlar toplanmış, ərəbcə verilən söz, ifadə və misallar geniş şəkildə, hətta müxtəlif tayfa və qəbilə dillərində uğradığı səs dəyişiklikləri ilə, leksik mənası, etimoloji təhlili və s. əlavə məlumatları ilə birlikdə əks olunmuşdur. Etnoqrafiyanın istənilən sahəsi ilə bağlı mənbəşünaslıqda mühüm rol oynayan lüğət türk xalqlarının müqayisəli-tarixi leksikasının, etimoloji, etno-mədəni və etnolinqvistik xüsusiyyətlərinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Əsər türk mədəniyyətinin bilinməyən dövrlərinə açılan qapıdır. Türk xalqlarının mədəni dəyərlərinin araşdırılmasına zəngin faktlar verən Mahmud Kaşğarinin "Divanü-luğat-it türk" abidəsi Xalid Səid Xocayevin tərcüməsində üç cilddə nəşr olunmuşdur. 1937-ci ildə repressiya qurbanı olan Xalid Səid Xocayevin "Divanı" 86 il sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun arxivindən tapılmışdır.
Elmlər Akademiyasında türkologiya ilə bağlı araşdırmalara xüsusi yer verilir. Türkdilli ölkələr arasında "Türkologiya" jurnalı 1970-ci ildən Azərbaycanda nəşr olunur. 1992-ci ildən Azərbaycan, Başqırdıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tatarıstan, Türkmənistan və Özbəkistan elmlər akademiyaları ilə birlikdə "Sovetskaya türkologiya" Ümumittifaq elmi-nəzəri jurnalının hüquqi varisi olaraq "Türkologiya" elmi jurnalının təsisçisi Azərbaycan Milli Elmlər Akademiyası, naşiri Dilçilik İnstitutudur. Beynəlxalq mübadilə layihəsi çərçivəsində jurnal Bosniya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Almaniya, Finlandiya, Fransa, İtaliya, Yaponiya, ABŞ, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan ölkələrinin Mərkəzi kitabxanalarına göndərilir.
Hazırda Akademiyada aparılan yeniləşmə və islahatlar ilə bağlı olaraq dünyanın çox nüfuzlu alimlərinin, eləcə də ölkəmizin tanınmış milli ruhlu, vətənpərvər ziyalılarının, yazıçılarının təcrübəsi və istəyinə əsaslanaraq Azərbaycanda elmi-tədqiqat işləri xüsusi vüsət alır. Ayrı-ayrı institutlarda aparılan tədqiqatların beynəlxalq səviyyədə tanıdılmasında elektron resurslar bazasından geniş istifadə olunur. Akademik İsa Həbibbəyli yazır: "Dünya akademiyaları sferasında analoqu olmayan "Elektron Akademiya" şöbəsinin yaradılması və fəaliyyətinin genişləndirilməsi Milli Elmlər Akademiyasında süni intellekt və rəqəmsal inkişaf üzrə geniş perspektivlər açmışdır. Akademiyanın elmi jurnallarından bir neçəsinin Türkiyə Cümhuriyyətinin Dərgi Park-Ulaqbim şəbəkəsinə daxil edilməsi, ilk dəfə olaraq Milli Elmlər Akademiyasının elmi jurnallarının ölkə üzrə Dərgi Park sisteminin yaradılması elektron hərəkat dalğasında əldə edilmiş mühüm nəticələrdəndir. Akademiyada rəqəmsal inkişafın və süni intellektin tətbiqi, ağıllı texnologiyalardan, emmetrik göstəricilərdən və yaşıl transformasiyalardan istifadə istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar elmimizin yeniləşmə yollarındakı nailiyyətlərindəndir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan elminin müstəqillik epoxası yeni tarixi dövrün yüksək ideallarını şərəflə davam etdirir. Hazırda Milli Elmlər Akademiyası Azərbaycan elminin, bu sahədə qazanılmış nailiyyətlərin böyük təntənəsi olaraq onun sabahına istiqamət verən, ölkəmizdə aparılan elm siyasətinin uğurla həyata keçirilməsi üçün yeniləşdirmə proseslərini dönmədən davam etdirən elm məbədgahıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 
                        
                         
                             
                             
                             
                             
                             
                             
                            