"Qarabağ şeirimizdə, nəsrimizdə" - Lütviyyə ƏSGƏRZADƏ

Vaqif Yusiflinin eyniadlı kitabı əsasında

 

Ədəbiyyatşünas-alim Vaqif Yusiflinin Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin təsis etdiyi "Qarabağ kitabxanası" seriyasından çap olunan kitabı "Qarabağ şeirimizdə, nəsrimizdə" adlanır. Və "Müasir Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu" başlıqlı məqalə ilə başlayır. Bütövlükdə, kitabda Vaqif Yusiflinin Qarabağ haqqında yazdığı silsilə məqalələri yer alır. Bu məqalələrin bir neçəsi ilə qəzet səhifələrindən tanış idim. Qeyd edim ki, bu məqalələrdə yalnız 30 illik Qarabağ savaşımız deyil, bütövlükdə Qarabağ mövzusu inikas olunur.

Keçən əsrin sonlarında yaşanan hadisələrə zaman və məkan olaraq nəzər salaq. 1988-ci ildə Dağlıq Qarabağda erməni millətçilərinin qanlı cinayətləri ilə başlanan hadisələr, Azərbaycanda xalq hərəkatının yaranması, 90-cı illərin əvvəllərində keçmiş SSRİ-nin süqutu... Müstəqilliyimizi bərpa etmək üçün yaranan tarixi şərait və vətənimizin 70 illik əsarətdən sonra ikinci dəfə öz müstəqilliyinə qovuşması... "Bir kərə yüksələn bayraq, bir daha enməz" - sözlərinin həqiqətə çevrilməsi. Və müstəqilliyimizə gedən yolumuzun "bəşəri cinayət və qətl" sayılan 20 Yanvardan keçməsi... zaman, məkan, olaylar...

O gecə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə millət qorxmadan əliyalın rus tanklarının qabağına çıxmaqla Azərbaycan xalqının iradəsinin sarsılmazlığını nümayiş etdirdi. "Böyük vətən" dediyimiz keçmiş SSRİ, yəni dövlət öz vətəndaşını amansızcasına qətl etdi. Oğullarımız şəhid oldu, lakin qanları ilə yeni tarix, qəhrəmanlıq tarixi yazdı. 20 Yanvar faciəsi milli kimliyimizin formalaşmasında həlledici rol oynadı, Dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Zaman və məkan müstəvisindən nəzər saldığımız hadisələr, müstəqilliyə gedən yolda verdiyimiz itkilər, 20 Yanvar faciəsi, 30 il sürən Qarabağ savaşı, Xocalı faciəsi öz ağrısı, acısı ilə, "xalqın azadlıq və müstəqillik savaşına köklədiyi" ədəbiyyatımıza yükləndi.

İctimai-siyasi, sosial hadisələrin birdən-birə dəyişməsi nəsrimizin və poeziyamızın yönünü və mövzusunu dəyişdi. Oğlu Qarabağda şəhid olan Xalq yazıçısı Sabir Əhmədli 20 Yanvar hadisələri ilə bağlı silsilə hekayələr, "Axirət sevdası" adlı roman yazdı. Sabir Əhmədli ilə yanaşı, Anar, Elçin, Seyran Səxavət, Aqil Abbas, Azər Abdulla, Məmməd Oruc, Azad Qaradərəli, Elçin Hüseynbəyli, Təranə Vahid, Eyvaz Zeynalov hekayə və romanlar yazdı. Mürəkkəb və ziddiyyətli, bir o qədər də "müstəqilliyin bəxş etdiyi fərəhli və sevincli illər" ədəbi əsərlərdə yaddaşa çevrildi. Ancaq şəhidlik, köçkünlük, savaş nəsrdən çox, bütün ağrısı ilə poeziyada inikas etdi. Vidadinin tariximizin yaddaşına həkk olunmuş, "Küllü Qarabağın abi-həyatı, / Nərmü-nazik bayatıdır, bayatı", - deyə  vəsf etdiyi Qarabağın ağrısı, nisgili, Qarabağ fəryadı, Qarabağ dərdi 30 illik zaman dilimində Azərbaycan poeziyası yükləndi. Ədəbiyyat dövrün özü oldu. "Bütün  vəziyyətlərdə ədəbi tənqid ədəbi prosesə və ədəbiyyata yol yoldaşlığı etdi, bədii düşüncə materiallarına, olanların nə varsa, hamısına fəal tənqidçi mövqeyi nümayiş etdirdi". Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusiflinin "Qarabağ nəsrimizdə və poeziyamızda" kitabı bu dediklərimizin təsdiqi və təqdimidir.

Professor V.Yusiflinin adıkeçən kitabında dövrün özünə çevrilən ədəbiyyat nümunələri ardıcıllıq prinsipi gözlənilməklə toplanıb, müəllifin qiymətli şərh və təhlilləri ilə oxucuya təqdim olunur. Bu zaman haqlı olaraq poeziyamızda 1988-ci ildə başlamış meydan hərəkatından bu günə qədər keçdiyimiz savaş yolunu, Azərbaycan xalqının torpaq, vətən sevgisini, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqları təhlilə cəlb etdiyi şairlərin, Əşrəf Veysəllinin, Əli Mahmudun, Ələmdar Quluzadənin, Ənvər Əhmədin, Elçin İsgəndərzadənin, Adil Cəmilin, Adil Şirinin, Əbülfət Mədətoğlunun, Rizvan Nəsiboğlunun, Rəfail Tağızadə, Vaqif Aslan, Musa Ələkbərli, Mətləb Misir, gənclərdən Tahir Rza və Emin Pirinin Qarabağ haraylı, Qarabağ duyğulu poeziya nümunələrindən seçdiyi misraları oxuculara təqdim edir.

"Qarabağ nəsrimizdə və poeziyamızda" kitabında seçilən nümunələrdə bütövlükdə 1988-ci ildən bəri Azərbaycanda baş verən  ictimai-siyasi hadisələrin fonunda yaranan ədəbi nümunələrə nəzər salınmış, olayların poeziyamızda necə əks olunduğu diqqətə çəkilmişdir. Ən əsası, tənqidçi bu şairlərin yaradıcılığı üzərindən ciddi və əhatəli təhlillər aparmış, tənqidi fikirlərini bəyan etmişdir.

Həmçinin Xalq şairlərimizin: Xəlil Rza, Məmməd Araz, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil, Sabir Rüstəmxanlı, Elçin, Zəlimxan Yaqub, Fikrət Qoca, Mirvarid Dilbazi və  Cabir Novruzun və digərlərinin  Qarabağ hadisələrinə qədər yazdıqları Qarabağ mövzusu da şərh olunmuşdur ki, "hər kəs bu şərhlərlə həm baş verənlərin mahiyyətini, həm də həmin mahiyyətin içindəki gerçəkliyin kökünü görmək imkanı qazanmışdır".

Kitabın nəsr bölümündə isə Aqil Abbasın "Dolu", Kamil Əşrəfoğlunun çadır həyatının reallıqlarını əks etdirən "Çadır", Səyyad Aranın "Baş daşı", "İrəvana gedən yollar", "Tacın qaytarılması", Hüseynbala Mirələmovun "Dağlıqlarda atılan güllə", Elçin Hüseynbəylinin "Vida", Vüsal Nurunun "Qaraqaşlı" romanları, Aqil Abbasın "Tut ağacı", "Donuz kababı" və "Aşotun məktubu", Mustafa Çəmənlinin "Üç yaşlı əsir" ("Yaddaşın mühakiməsi"), Sevinc Nuruqızının "Qisas", Elçin Hüseynbəylinin "Əsirlər", Elçinin "Bayraktar" povestləri, "Qarabağ şikəstəsi" hekayəsi, Vahid Məhərrəmlinin "Kəsilməyən atəş səsləri" kitabı üzərində geniş və əhatəli təhlillər apararaq, öz mülahizələrini və tənqidi fikirlərini oxucularla bölüşmüşdür.

"Qarabağ şeirimizdə və nəsrimizdə" kitabında oxucunun diqqətini çəkən və həyəcanla oxunan bölmələrindən biri də görkəmli tənqidçinin geniş və əhatəli mülahizələrinin yer aldığı "Şeirimizdə Qarabağ" bölməsidir. Bu bölümü əhatə edən 8 məqalənin hər biri müəllifin ayrı-ayrılıqda araşdırma məqalələridir.

V.Yusifli bu məqalələrdə verilən ədəbi-bədii nümunələri elə böyük ustalıqla seçmişdir ki, oxucu bir misrada qarışıq və ağır dövrün (müharibənin), zamanın və yaşanan hadisələrin, qaçqınlıq, köçkünlük, Azərbaycanın bağrında kədərin, ağrının, yurdsuzluğun, həsrətin simvolu kimi bitən çadırların yaratdığı ağrını, iztirabı, çarəsizliyi, bütövlükdə 30 illik dövrün ab-havasını duyur, oxuduqca ağrıyır, sarsılır, həyəcanlanır. Çünki bu misralardan "Dərd yağır". Bu misralarda "Qarabağ fəryadı hıçqırır".

Məsələn, "Günlərin bir günündə üzünə həsrət qaldığı, doğulduğu ocağın, evin şəklini təsadüfən Azıx mağarası ilə bağlı nəşr olunmuş bir kitabda görən" Əbülfət Mədətoğlunun fəryadı kimi:

 

Qarşımdakı bir şəklə

baxa-baxa qalmışam.

Elə bil ki, bu həkklə

Ağır zərbə almışam.

Qaytarmaq gücüm də yox!

Lal deyil, o danışır,

Bizi, bizi lal edir.

İnsan yesir olarmı?

Ocaq əsir olarmı? -

Bu şəkil sual edir.

 

Bu misralarda şairin yaratdığı "dərdin obrazı"nı görürük. Və ya "Gənc şair Leyla Əliyevanın "O dərdli uşağın göz yaşı üçün" şeirində Tovuz döyüşlərindəki itkidən doğan kədərli hisslərini ifadə etməsi". Ata itirmiş uşağın ağlamasına göylərdə Günəşin də yas tutmasının, ağlayan körpəyə qoşulub ağlaması"nın təsviri... Şairin misralara pıçıldadıqları ürəkləri dağlayır:

 

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Elliklə savaşa hazırıq Vətən,

O dərdli uşağın göz yaşı üçün.

 

Ağır kədər hissi ilə yazılmış bu misralarda həm də qələbəyə güclü inam hissi hiss olunur.

Kitabın sonunda yer almış məqalələr, əsasən Zəfər müjdəlidir. Tənqidçi "Evimizə gedirəm, evimiz Şuşadadır" başlıqlı məqaləsində Elçin İsgəndərzadənin, Rəfail Tağızadənin "Qarabağ şeirləri" başlıqlı məqaləsində Rəfail Tağızadənin yaradıcılığı "Şuşa", Əli Mahmud "Göyərməz bir qara daş" məqaləsində Əli Mahmudun və Emin Pirinin "Yeni səs, yeni nəfəs" məqaləsində gənc şair Emin Pirinin Qarabağ mövzusunda yazdıqları haqqında ədəbi mülahizələrini oxucularla bölüşmüş, onların "ədəbi portret"lərini yaratmışdır. Ədəbiyyatşünas alimin bu məziyyətinə xüsusi diqqət çəkən akademik Nizami Cəfərov yazır: "Vaqifin ədəbi portretlərinin, adətən ümumi başlığı olur: Bu filankəsdir... Yaxud: Bu da filankəs... Lakin bu cür ümumiləşdirmənin arxasında hansısa ədəbi şəxsiyyətin olduqca konkret, səciyyəvi, özünəməxsus obrazı canlandırılır... Bir çox hallarda isə başlıq improvizatorluğu edir".

Bütövlükdə, "Qarabağ şeirimizdə və nəsrimizdə" kitabında Qarabağ mövzusunda yazılmış poeziya və nəsr nümunələrinə diqqət yetirmiş, onların müəlliflərinin "ədəbi portreti" yaradılmış, elmi şərhlər verilmiş, yazılan əsərlər görkəmli tənqidçimiz tərəfindən dəyərləndirilmişdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!