Öz lirik şeirləri ilə oxucu qəlbinə yaxın olan Ramiz Babayev 1956-cı ildə qədim Naxçıvanımızın Babək rayonunun Şıxmahmud kəndində anadan olub. "Unuda bilsən", "Yenə yadıma düşdün", "Ötən günlərim", "Məhəbbət nəğmələri" adlı şeir kitablarının müəllifidir. Uzun illər doğma rayonunda məktəb direktoru işləyib. Bu səbəbdən də onun şeirlərində milli adət-ənənələrə, vətəndaşlıq qayəsinə çağırış duyğuları başlıca mövzudu. Eyni zamanda, saf məhəbbətin, sədaqətin tərənnümü. Ömürdən keçib-gedən ayların, illərin nostalji yaşantıları, sevgi etirafları Ramizin poetik dünyasının hər məqamından boy göstərir. Sevən, olduqca vəfalı bir qəlbin çırpıntıları, yanğısı qor altındakı köz kimi közərir onun misralarında. Məhəbbət aləmi Ramiz Babayevin ədəbi qəhrəmanları üçün insanlıq hücrəsi, məkanı kimidir. Bu obraz və qəhrəmanlar öz duyğularını insanlıq aləmiylə bölüşmək istəklisidirlər. Unudula bilməyən günlərin, unudulmayanların ovqatı, yenidən təcəlli edən aləmi boy göstərir Ramizin şeirlərində. Hər misrasında itkilərin, itirilənlərin yeri göynəyir. Ümidlərin ləçək-ləçək töküldüyü yerdən başlayır. Qınaq da, ərk də, etiraz da, təəssüf duyğuları da var bu şeirlərdə. Ümidli, inamlı anların yaşantıları da! Ramizin lirik qəhrəmanları saf məhəbbətə, əhdə, vəfaya insanın təzələnmə məqamı kimi baxır. Könül dostları ilə hər yeni görüş, ünsiyyət onun ədəbi obrazları üçün vaxtın, zamanın təzələnməsidi. Və bu lirik ovqat şeirin şirin diliylə belə ifadə edilir:
Sənin gəlişinlə dünya dəyişib,
Dəyişib zamanın, dövranın üzü.
Köhnə əşyalar da lap təzələşib,
Mən də dəyişmişəm, lap sözün düzü.
Gəlmisən, hər yerdə gül açıb izin,
Otağın havası ətir qoxuyur.
Çiçəyi çırtlayır saf sevgimizin,
Ruhum naxış üstə naxış toxuyur.
Bir bəxtiyar, bəxtəvər məqamın əsintiləri, bütün istəklərin dilsiz baxışlardan duyulan anın ifadəsidi bu yazılanlar.
Ramiz Babayevin ədəbi qəhrəmanı öz könül dostuna, sevdalısına "sənə əziyyət verən qadanı alım" duyğusallığı ilə doğmalaşır oxucuyla. "Gəl ki, ötən günlərin qırılsın qol-qanadlı" istəklisidir.
Ramizin şeir dili axıcı və səmimidir. İfadə etdiyi fikirlərin özünəməxsusluğu hər misrada özünü büruzə verir. Bütün halıyla sevən ürəklərin ümidinə, inamına ayna tutur:
Bütün cizgilərin tanışdı mənə,
Gözlərim olmasa taparam səni.
Qoşulsan payızın küləklərinə
Dönüb bir dərəyə, tutaram səni.
İlkin hisslərə, xatirə hücrələrinə çağırış sədaları var Ramizin şeirlərində. Könül dostunu gətirəcək yollara, dilsiz küçələrə yalvarış nişanələri var.
Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov haqlı olaraq yazır ki, Ramiz Babayevin "Məhəbbət nəğmələri" adlı şeirlər kitabında bədii sözün səsini eşidirik... Onun şeirlərində duyğular çeşid-çeşiddir... Ramizin özünəməxsus deyim tərzi var".
Şair Muxtar Qasımzadə də R.Babayevin, şeirlərindən bəhs edərkən onun yaradıcılıq imkanlarını bu yöndən incələyir. Qeyd edir ki, Ramizin yaradıcılığının əsas qayəsi məhəbbətlə bağlıdır. "Bu məhəbbət təkcə gəncliyin ünvanını göstərən hisslərdən ibarət deyil. Bu sevgi çağlayan bir ürəyin sevda yolçusunu "insanlara, kainata, Vətənə, gözəlliyə olan sevgisidir".
Ramiz müəllim tarixən çox qədim, özünəməxsus təbiət gözəllikləri olan bir bölgədə yaşayır. Bu bölgənin pak, "insanda insan oyadan" (R.Rza) ab-havası, təbiət gözəllikləri, orada yaşayan insanların həyat sevgisi və yaşam tərzi onun yaradıcılığının mövzu qaynağıdır. Bu səbəbdən də şeirlərində ifadə olunan duyğular öz təravəti, ürəyəyatmışlığı ilə oxucuya sirayət edir. Onun şeirlərində müdrik düşüncələrin poetik ifadəsi sərgilənib. Həyatın, insan yaşamının gerçək üzünə ayna tutur Ramiz müəllimin şeirləri. Bütün halıyla oxucunu halallığa, saflığa, ilkinliyə səsləyir. Yaxşılıq, xeyirxahlıq nümunələri kimi oxunur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
