Firidun Şuşinskinin anadan olmasının 100 illiyinə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə muğam sənətinin inkişafına göstərilən tarixi qayğı - Bakıda möhtəşəm Muğam Mərkəzinin uğurlu fəaliyyəti, burada keçirilən muğam müsabiqələri vaxtilə bu sahədə xidmətləri olmuş hər bir sənətkarın xatirəsinə dərin ehtiramdır.
Həmin ehtirama layiq olanlardan biri də Azərbaycan muğam tarixinin əvəzolunmaz tədqiqatçısı, xalqımıza məlum olmayan 100-ə yaxın muğam ifaçılarımızın tədqiq olunmasında misilsiz xidmətlər göstərmiş Əməkdar incəsənət xadimi Firidun Şuşinskidir.
Firidun Məhəmməd oğlu Həsənov (Şuşinski) 20 oktyabr 1925-ci ildə Qarabağın tacı sayılan Şuşada dünyaya göz açıb. Atası ləl-cəvahirat pərəstişkarı olduğu üçün ona el arasında "qızıllı Məhəmməd bəy" deyərdilər. Firidunun adını əmisi Şəmil görkəmli ədəbiyyatşünas-alim, yazıçı-publisist, xain əli ilə güllələnmiş Firidun bəy Köçərlinin şərəfinə qoyub. Şəmil Firidun bəy Köçərli ilə qonşu, həm də dost imiş...
F.Şuşinski ilk təhsilini Şuşada alsa da, orta məktəbi və üçillik musiqi təhsilini Füzulidə başa vurmuşdu. Fitri istedadı olan Firidun bir çox alətlərdə - tar, kaman, kanon, piano, hətta skripkada professional şəkildə ifa edə bilirdi. O, həmçinin nəfəsli alətlərdə də sərbəst çalırdı. Uşaqlıqdan musiqiyə həvəs evlərində tez-tez xanəndələrin, musiqi ifaçılarının olması səbəbindən yaranmışdı.
Firidun on altı yaşında məktəbi bitirir. Lakin Vətən müharibəsi başlandığından ali təhsil almaqdan imtina edir. Müharibəyə getmək üçün könüllü olaraq Hərbi Komissarlığa ərizə ilə müraciət edir. Yaşı az olduğundan ərizəsinə müsbət cavab ala bilmir. Yalnız bir gözlənilməz hadisə onun cəbhəyə getməsinə "yol açır".
Həmin il Şuşaya həmişəkindən daha çox qar yağmışdı. Şuşa camaatı xizək sürmək üçün "Bazarbaşı" deyilən yerə toplaşmışdılar. Firidun başında buxara papaq, buz üzərində sürüşənlərə tamaşa edirdi. Bu zaman milliyyətcə erməni olan şəhər prokuroru gümüşü qoyun dərisindən papaq qoymuş Firidunu görüb, yanına çağırır. Başına qoyduğu papağın yaşına uyğun olmadığını səbəb gətirərək ondan almaq istəyir. Orta məktəbi yenicə bitirmiş, ötkəm, qabağından yeməyən, hazırcavab Firidun özünü təhqir olunmuş hesab edib, prokurora sərt şəkildə "kişiyə papaq yaraşar" - deyib, uzaqlaşır. Bu təhqirə dözə bilməyən prokuror "ağzından süd iyi gələn" uşaqdan qisas almaq qərarına gəlir və Firidunun müharibəyə gedişini tezləşdirir.
O, müharibənin sonuna qədər alman faşistlərlə döyüşür və ordunun qalib əsgəri kimi bir çox orden və medallarla Vətənə dönür. Müharibədən qayıdan kimi təhsilini davam etdirmək qərarına gəlir. 1946-cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verir. Fitri istedada malik olan Firidun çox zaman onu düşündürən sualların cavabını təhsil aldığı universitetin professor və müəllim heyətindən ala bilmirdi. Günün əksər vaxtını kitabxanalarda, arxivlərdə keçirən Firidun, onu maraqlandıran sualların cavabını məhz orda axtarardı.
Etiraf etmək lazımdır ki, böyük tədqiqatçı bütün şüurlu həyatını Azərbaycan musiqi mədəniyyətinin mühüm bir dövrünü, XIX və XX əsrlərdə Qarabağda yetişən müğənni və xanəndələrin həyat və yaradıcılığını öyrənməyə səy göstərmiş, (həsr etmiş,) çoxlu arxiv sənədləri, tarixi faktlar toplamış, onlar haqqında mükəmməl məlumat əldə etmişdir.
1948-ci ilin may ayında Bakının ali məktəblərinin birində elmi konfrans keçirilməsi nəzərdə tutulduğu üçün təşkilat komitəsi yaradılmışdı. Elmi konfransa münasibət ciddi olduğundan təşkilat komitəsinə Heydər Hüseynov, Abdulla Qarayev, Mirəli Qaşqay, Məhəmməd Əfəndiyev, Mehdi bəy İrəvanski, Zülfəli İbrahimov, Əli Sultanlı, Cəfər Xəndan, Səməd Vurğun, Qasım Cəfəroğlu kimi alimlər daxil idi. Firidun tələbə elmi cəmiyyətinin sədri olduğuna görə bu konfransa daha ciddi hazırlaşmışdı. Onun mövzusu "Vaqif və Qarabağ" idi. Mövzularla tanış olan təşkilat komitəsinin üzvü, şair Səməd Vurğun "Vaqif və Qarabağ" mövzusunun müəllifi ilə görüşmək istəyini bildirir...
Görüş zamanı şair Firiduna üz tutub:
- Qarabağlı balası, məruzən çox xoşuma gəldi, lakin razılıq versən, onun adını "Vaqif və Qarabağ" yox, "Vaqif bir dövlət xadimi kimi" qoyardım. Çünki bu məruzədə Vaqif bir dövlət xadimi kimi verilib.
Sonra şair məruzənin adının üzərindən bir xətt çəkib, qara qələmlə "Vaqif bir dövlət xadimi kimi" sözlərini yazır və aşağıda da imzasını qoyur. Beləliklə, Firidunun qələmə aldığı bu mövzu onun ilk mətbu əsəri olur.
1949-cu ildə ölkədə "Ellər atası"nın anadan olmasının 70 illiyi ilə əlaqədar qızğın iş getdiyi ərəfədə Firidun həmişəki kimi, kitabxanaların sirlə dolu qapılarını açmaq üçün "açar" axtarırdı. Bu sirlərdən biri də Stalinin Nəriman Nərimanova yazdığı məktub idi. Həmin məktubla o, Stalinin kitabını oxuyanda rastlaşmışdı. Firidun bir anlığa duruxur, fikrə gedir. Axı ona yaxşı məlum idi ki, həmin illər Nərimanovun adını çəkmək qadağan idi.
Məktub tələbənin marağına səbəb olur. O, universitetin professor-müəllim heyətindən bu barədə soruşsa da, sualına nəinki cavab almır, hətta ona bu barədə düşünməyi belə, qadağan edirlər. Hər sualın cavabını axtarmağa can atan Firidun əlacsız qalıb, Mərkəzi Komitənin katibi Mir Cəfər Bağırova müraciət etməli olur. Müraciətdə xahiş edir ki, mümkün olarsa, aşağıdakı məsələləri izah etsin:
1.Partiyamızın N.Nərimanova münasibəti necədir? 2.Nərimanovun buraxdığı səhvlər nədən ibarətdir?
ADU-nin tarix fakültəsinin II kurs tələbəsi Firidun Həsənov
Tələbənin bu gözlənilməz hərəkəti universitetin bütün professor-müəllim heyətini təşvişə salır...
Firidun qəbul otağına daxil olanda artıq köməkçi Novikova onu gözləyirdi:
- Unutma ki, "xozeyin" səni səkkiz dəqiqə qəbul edəcək... Lakin bu görüş bir saatdan çox uzanır.
Məktub təşkilat şöbəsinin müdiri tərəfindən oxunduqdan sonra Bağırov üzünü Firiduna tutaraq:
- Ay oğul, bu sualla sən nə üçün yoldaş Stalinə yox, mənə müraciət etmisən?
Gənc tələbə bu cavabdan bir qədər özünü itirir. Düzü, o, Bağırovdan bu sualı gözləmirdi. Lakin tezliklə özünü ələ alıb deyir:
- Yoldaş Bağırov, evdə mənə belə tərbiyə veriblər ki, heç vaxt böyüyün başı üstündən iş görmə.
Bağırov bir qədər gülümsünür. Lakin söhbətə müdaxilə edən ideologiya üzrə katib canfəşanlıq edir və özünü çoxbilmiş kimi göstərmək qərarına gəlir:
- Bilmirsən ki, Nəriman Nərimanov Zaqfederasiyanın əleyhinə olmuşdur?
- Xeyr, belə olmamışdır! - deyə Firidun katibə özü də hiss etmədən sərt cavab verir.
- Nəriman Nərimanov yox, Ruhulla Axundov və təminat və səhiyyə komissarı Möhsün İsrafilbəyov (Qədirli) onun əleyhinə cıxıblar.
- Sən hardan bilirsən?
- Yoldaş Lavrenti Beriyanın "Zaqafqaziya bolşevik hərəkatı tarixindən" kitabından oxumuşam.
Bu zaman Bağırov tələbənin sözlərini təsdiqləyir:
- Sən haqlısan! Moskvada Nəriman Nərimanovun dəfn mərasimində Azərbaycan xalqı adından iştirak etmək Ruhulla Axundova təklif olunsa da, o, boyun qaçırmışdı. Mən ona həmişə yaxşı münasibət bəsləmişəm. Dəfn mərasimində də çıxış etmişəm.
Həmin dəfn mərasimindəki çıxışında M.C.Bağırov "alovlu" nitq söyləmişdi:
"Yoldaş Nərimanovun roluna bizim İttifaqımız tərəfindən, xüsusilə də, Azərbaycan zəhmətkeşləri tərəfindən layiqli qiymət verilmişdir.
Nəriman Nərimanov hər kəsdən fərqli olaraq həqiqi inqilabçı idi. O, həyatının 30 ilini ictimai-siyasi və ədəbi yaradıcılığa sərf etmişdi. Nərimanov türk qadınlarını ilk dəfə köləlikdən ayağa qaldıran, burjua ideoloqlarına layiqli cavab verən ən fəal azərbaycanlı ziyalılardan biri olmuşdur.
Yoldaş Nəriman Nərimanovun uzunillik inqilabi fəaliyyətinin bəhrəsi yalnız Azərbaycan türk əməkçilərindən deyil, həm də keçmiş Rusiya imperiyasında, hazırda Sovet İttifaqında yaşayan 30 milyonluq müxtəlif türk-tatar tayfaları sakinlərindən ideyalı inqilabçılar hazırladı".
F.Şuşinskinin bir alim-tədqiqatçı kimi hünəri ondan ibarət idi ki, o, tarix elminin nəzəri problemlərini dərindən mənimsəməklə xalqın mənəvi dünyasına müdaxilə etmiş, çıxardığı sərvət isə musiqi tariximizin öyrənilməsi olmuşdu. Firidun bəy köhnəlmiş yollarla addımlamağı sevməyən tədqiqatçılardan idi. Ona yaxşı məlum idi ki, musiqi tariximiz geniş şəkildə tədqiq edilməmişdir və bu sahədə bir boşluq var. Gənc tədqiqatçı bu ağır yükü çiyninə götürəndə özündə təpər tapdı, qələmini həmin səmtə yönəltdi. Çox çəkmədi ki, respublika qəzetlərində ayrı-ayrı xanəndələr, musiqiçilər haqqında məqalələr dərc edilməyə başladı. O, həmçinin radio və televiziyada xalq sənətkarları haqqında şirin, duzlu söhbətləri ilə tez bir zamanda ətrafına geniş tamaşaçı kütləsi topladı. Bununla da, F.Şuşinski musiqimizin tədqiqatçısına çevrildi. O, nəinki Azərbaycanın, hətta SSRİ-nin bir çox şəhərlərində tədqiqat işi aparmaqla musiqi tariximizin açılmamış səhifələrini vərəqləməyə başladı. O, tədqiqatla yanaşı, həmin dövrdə Azərbaycanın qəhrəman oğulları, mədəni abidələrimizin qorunub-saxlanması haqqında da mətbuatda vaxtaşırı yazılarla çıxış edirdi. Bu məqalələr "F.Məhəmmədoğlu", "F.Həsənov", "Firidun Həsənov", "Firidun Şuşinski", "F.Şuşinski", "Firidun Şuşalı" "Firidun bəy Şuşalı" imzaları ilə dərc olunurdu. O, mətbuat aləmində "Şuşinski" kimi tanınsa da, ömrünün sonlarında məqalələri "Şuşalı" imzası ilə dərc edilirdi.
F.Şuşinskinin ilk kitabı 1962-ci ildə nəşr etdirdiyi "Şuşa" əsəridir. 1962-ci ildə Azərbaycan ədəbiyyatında mühüm bir hadisəyə çevrilən "Şuşa" kitabı çapdan çıxmışdı ("Şuşa" əsəri ayrıca mövzudur). Bundan sonra F.Şuşinskinin musiqi tariximiz haqqında ilk əsəri 1964-cü ildə nəşr etdirdiyi "Şərq musiqisinin peyğəmbəri" haqqında qələmə aldığı "Cabbar Qaryağdıoğlu"dur. Əsər Azərbaycan vokal sənətinin əvəzolunmaz sənətkarı C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuşdur. Qeyd edək ki, əsər bir neçə dəfə müəllif tərəfindən çap olunmuşdur. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, bu sətirlərin müəllifi F.Şuşinskinin C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuş kitabına müəllifin sonralar yazdığı fəsli əlavə edərək ona Ön söz yazmış və "Şərq musiqisinin peyğəmbəri" adı altında nəşr etdirmişdir.
Bu əsərdən sonra bir-birinin ardınca o, "Seyid Şuşinski", "Xan Şuşinski" monoqrafiyalarını nəşr etdirir.
Nəhayət, uzunmüddətli ciddi axtarışlardan sonra Azərbaycan musiqi aləmini təhlil-tədqiq edən, az qala, unudulmaqda olanları üzə çıxaran, nəinki SSRİ-də, hətta xaricdə böyük əks-sədaya səbəb olan "Azərbaycan xalq musiqiçiləri" adlı kitabı nəşr edilir. Bu kitab barədə xalq şairi Xəlil Rza Ulutürk "F.Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli vəzifəni təkbaşına görən", akademik Ziya Bünyadov isə əsəri "böyük bir akademiyanın tədqiqat işi" adlandırmışdı.
Qeyd edək ki, Azərbaycanda muğam tariximizin ilk və son tədqiqatı Firidun müəllimin adı ilə bağlıdır. Respublikamızda elə bir musiqi tədqiqatçısı yoxdur ki, Firidun müəllim kimi, sırf musiqi tədqiqatı ilə məşğul olsun. Az-çox varsa da, həmin şəxslər heç kimdən maddi kömək görməyən arxivlərdə, muzeylərdə aylarla, illərlə işləyən Firidun müəllimin yazdığı əsərlərdən bəhrələnmişlər. Həmin tədqiqatçılar, ruhu xoş olsun deyə, Firidun müəllimin əsərlərinə istinad etdiklərini bəzi hallarda qeyd edirlər. Bu "xətir-xoşluğ"un nəticəsidir ki, həmin şəxslər indiyə qədər böyük tədqiqatçının əsərlərini latın qrafikasında nəşr etdirməkdən ötrü əlaqədar təşkilatların qarşısında məsələ qaldırmamışlar.
Firidun müəllim təmənnasız olaraq, hökumətdən heç bir maddi yardım almadan müxtəlif şəhərlərin arxivlərində axtarışlar apararaq, əldə etdiyi nadir şəkillərlə, müdrik kəlamlarla, şeir inciləri ilə, rəvayət və əhvalatlarla kitabını zənginləşdirmişdir. O, ömrüboyu öz hesabına respublikanın rayonlarında, SSRİ-nin müxtəlif yerlərində olmuş və oradan xalqımıza aid olan qiymətli sənədləri alıb vətənimizə gətirməklə böyük işlər görmüşdür.
F.Şuşinski arxivlərdə günlərlə, həftələrlə, aylarla, bəzən illərlə işləməsinə baxmayaraq, Azərbaycan televiziyasında hamının səbirsizliklə gözlədiyi "İfaçılıq sənəti" adlı verilişin aparıcısı və müəllifi kimi də dinləyicilərin qarşısına çıxmağa vaxt tapırdı.
Azərbaycanın qüdrətli bəstəkarı Fikrət Əmirov yazırdı: "Mən iki Firidun tanıyıram. Birinci - ziyalıların 95 faizini lağa qoyan, satira qırmancına dolayan Firidunmuzdur. İkinci - Firidun alim, vətəndaş, böyük əməlpərvər musiqişünas və jurnalist qardaşımızdır. Əslində, bu iki Firidunu bir-birindən ayırmaq olmaz".
F.Şuşinski klassik muğam ifaçılarının izinə düşməklə bərabər, istedadlı gənclər haqqında da mətbuat səhifələrində vaxtaşırı məqalələr dərc etdirir, onları televiziyada və radioda aparıcısı olduğu verilişlərə dəvət edirdi. O, 1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu "Gözəl çalğıçı" konsert-oçerkə dəvət etmiş, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi "Habil segahı" məqaləsini "Azərbaycan gəncləri" qəzetində dərc etdirmişdir. Heç kimə gizli deyil ki, Azərbaycanda kamança çalanların əksəriyyəti ermənilər olub. Buna görə də F.Şuşinskinin respublikamızın rayonlarının birindən yenicə gəlmiş, musiqi sahəsində hələ tanınmamış Habil Əliyevi təbliğ etməkdə məqsədi həm gənc ifaçını respublikada tanıtmaq, həm də xalqımıza məxsus olan kamanı ermənilərin əlindən almaq idi.
1995-ci ildə nəşr etdirdiyi "Musiqişünasın düşüncələri" kitabı "Şuşa" əsərindən də artıq dərəcədə F.Şuşinskini haqsız ittihamlara məruz qoymuşdu (Bu, ayrıca bir mövzudur).
Qeyd edək ki, ayrı-ayrı oçerk və məqalələrdən ibarət olan bu kitabın yazılmasına o, ömrünün çoxunu sərf etmişdi. Bu yazıları tədqiqatçı ömrünün müxtəlif illərində qələmə almış və respublikanın ayrı-ayrı mətbu orqanlarında dərc etdirmişdi. O, həmçinin uzun müddət radio və televiziyada müəllifi və aparıcısı olduğu verilişlərdə kitabda gedən fikirlərini dinləyicilərlə bölüşmüşdü. Bu illər ərzində xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri tədqiqatçının oxunaqlı yazılarına və cürətli, inamlı çıxışlarına görə minnətdarlıqlarını bildirirdilər. Əgər "Şuşa"nın əleyhinə gedən yalnız ermənilər və erməni düşüncəli azərbaycanlılar idisə, "Musiqişünasın düşüncələri"nin əleyhinə gedənlər isə, adını sənətkar qoyan və kitabın məhv edilməsi, müəllifini isə ağır cəzalandırması üçün dəridən-qabıqdan çıxan musiqiçilərimiz idi. Həmin şəxslər 1968-1970-ci illərdə F.Şuşinskiyə qarşı olan ermənilərdən daha sərt mövqedə durmuşdular.
F.Şuşinski "Müəllifdən" başlıqlı yazısında əsərin yazılma səbəblərini belə izah edir: "Oxuculara təqdim olunan bu kitabda son 25-30 ildə qəzet və jurnal səhifələrində çap olunmuş yazılarım və respublika televiziyası və radiosu ilə apardığım verilişlərdəki çıxışlarım toplanmışdır.
Kitab bir musiqi tədqiqatçısı kimi, mənim musiqi mədəniyyəti tariximizin yazılmamış səhifələri haqqında düşüncələrimi, əsasən, müasir ifaçılıq sənətinin hamını narahat edən ciddi qüsurları haqqında tənqidi mülahizələrimi əhatə edir".
Kitabın redaktoru, Xalq yazıçısı Elçin əsərə geniş Ön söz yazmışdı.
Maraqlıdır ki, "Musiqişünasın düşüncələri" kitabının nəşri bitmədiyi, satışa çıxarılmadığı, tənqid tərəfindən qiymətini almadığı bir halda, məhkəmə tərəfindən müəllifə qarşı iddia qaldırılır, kitabla bağlı məhkəmə qurulur.
1995-ci ildə F.Şuşinskinin "Musiqişünasın düşüncələri" adlı kitabı 16500 tirajla nəşr olunur. Bu kitab F.Şuşinskinin ölümünə səbəb olur.
Şikayətçilər Səbail rayon məhkəməsinə ərizə ilə müraciət edir. Məhkəmə sənədlərilə tanış olanda aydın olur ki, müraciət edənlərin ifadələri nəinki eynilik təşkil edir, hətta bir xətlə yazılmışdı. Xalq ifaçılarının iddia ərizəsində göstərilir ki, F.Şuşinski kitabda onların şərəf və ləyaqətinə toxunan sözlər işlətmişdi. İddiaçılar bəzən məqsəddən kənara çıxıb 40 il Azərbaycan musiqi sənətinin əvəzsiz tədqiqatçısı olan F.Şuşinskini "ictimai-faydalı əməklə məşğul olmayan, öz-özünə musiqişünas, musiqi tədqiqatçısı adını verən ideoloji təxribatçı, mənəvi terrorçu" kimi təqdim edirlər.
Böyük tədqiqatçı-alim Firidun Məhəmməd oğlu Şuşinskinin ürəyi bu cür haqsızlıqlara dözə bilmədi. O, 1997-ci ildə həyatla əbədi vidalaşmalı oldu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
