Zemfira Məhərrəmlinin yaradıcılığı üzərində düşüncələr
Tanınmış yazıçı Zemfira Məhərrəmli insan məskəni olan Yer kürəsini dar yer kimi təsvir edəndə onun bəşəri sevgisinə şübhə yeri qalmır. Yəni, biz hamımız bir beşikdə böyümüşük, mərhəmətli olun, ey insanlar! Təsadüfi deyil ki, "dağ dağa rast gəlməsə də, insan insana rast gələr" atalar sözü bizim müdriklərin fikridir. Atalar sözlərimiz ulu Türkün milli-mənəvi dəyəri kimi bizi doğru yola səsləyən hikmət xəzinəsdir.
Zemfira xanım yığcam, məna yükü cahanşümul olan "Dünya gör necə dardır..." hekayəsində iki nakam insanın taleyinə Moskvada yaşayan Azərbaycan ailəsinin həssas münasibətini qələmə alıb. Yazıçının duyğulu ürəyi hekayəni daha da maraqlı edib, o, düşünüb-daşınmaq, mənən durulmaq üçün çox incə məqamlara toxunub. Özümü hekayədəki hadisələrin, söhbətlərin şahidi, iştirakçısı hesab etdim. Bəri başdan deyim ki, bu, yazıçı istedadının, həssaslığının əzəmətidir, duyğulanmaq, duyğulandırmaq, özünəqayıdış özünüredaktənin bir mərhələsidir. Yazıçı bunu bacarıb. İnanıram ki, hekayəni yazmağa başlayandan son nöqtəni qoyana qədər Zemfira xanımın gözləri nəmli olub. Ana ürəyidir, məhz belə də olmalıdır.
Qürbətdə yaşayan (indi Moskva da qürbətdir), bir mehriban üz görəndə, ana dilimizdə şirin ləhcə ilə danışan həmsöhbət (özü də başqa xalqın nümayəndəsi) tapanda sevinən Sərvər və Ağgülün ailəsi soyuducu ustası Dimanın həyat hekayətini duyğusuz dinləyə bilməzdi. Armudu stəkanda limonlu, mürəbbəli çay süfrəsi, gülərüzlə qonaq qarşılamaq da xalqımızın bir mədəniyyət nümunəsidir.
Zemfira xanım Dimanın və azərbaycanlı balası, körpə vaxtından avtomobil qəzasında hər iki valideynini itirən Ruslanın Ufadakı uşaq evində keçirdiyi mənəvi sarsıntıları çox kövrək hisslərlə qələmə almışdır. Düşünürsən ki, nə yaxşı dünya mərhəmətli insanlardan xali deyil.
Hekayədəki obrazlar - Ağgül, Sərvər, onların övladları Azər, Günel, həmçinin Niyaz dayı, Məsumə xala, Dima, onun oğlu İqor və Ruslan kimi insanlara, bəlkə də hər gün rast gəlirik, ancaq onların daxili dünyasından xəbərdar deyilik. Yazıçı bu insanları bizə elə tanıdır və sevdirir ki, onlar hamımızın doğmasına çevrilir.
Hafiz Xarəzmiyə görə, ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. Ağgül xanım da belə ömür yaşayır. Vətəndən uzaqlarda məskunlaşan bu türk xanımı doğma məmləkətini, torpağını, ailəsini, iki övladını sevgiyə, mərhəmətə bələmiş xeyirxahlıq və zəriflik mücəssəməsidir. Zemfira xanım Ağgülün timsalında elə bir ana, ömür-gün yoldaşı, həssas qadın obrazı yaradıb ki, hamı ona qibtə edər. Mənə elə gəldi ki, Ağgül Zemfira xanımın prototipidir, rəssamların dili ilə desək, avtoportretidir.
Ədəbiyyatın ən ümdə vəzifəsi milliliklə bəşəriliyin sintezini yaratmaq, insana diqqət, qayğı, sevgi hisslərini aşılamaqdır. Kimin sözünün qüdrəti buna çatırsa, onun yazdıqları uzunömürlü olur. Bu gün ən önəmli məsələ milli ruhdan uzaq düşməyən, əslinə, kökünə, kimliyinə sahib duran, bəşəri işıqlandıra biləcək insan yetişdirməkdir. Dünya nə qədər dar olsa da, bəşərin işıqlı övladları onu geniş və sevimli edəcək. Bu, "Dünya gör necə dardır..." hekayəsinin müəllifinin əsas missiyasıdır. Ona görə də hekayədəki obrazların hamısı insanlığa nümunədir. Bu, yazıçının arzusu, amalıdır.
***
Fridrix Şillerə görə, "heç bir şeyə cəsarət edə bilməyən heç bir şeyə ümid bəsləməsin". Xalqımızın ölməzliyini yaşadan cəsarətli, qeyrətli, namuslu, ismətli insanların birliyidir. Rəfiq Özdəkin "Türkün qızıl kitabı"nda ərəb səyyahı İbn Fədlanın (877-960) səyahət qeydləri belə təqdim olunur: "Türk qadınları yerli və yabançı kişilərdən qaçmazlar, vücudlarını gizlətməzlər, amma zinalıq deyilən bir şey də bilməzlər. Belə bir suç işləyəni ortaya çıxararlarsa, onu iki parçaya bölərlər".
Tomris, Nigar, Qaçaq Gülsüm xalqımızın qəhrəmanlıq, milli mənlik, ismət, namus örnəyidir. Belə qadın obrazlarından biri də Zemfira Məhərrəmlinin "Bir qaranlıq gecədə" hekayəsindəki əri avtomobil qəzasında dünyasını dəyişəndən sonra dörd körpə balası ilə tənha qalan, övladlarını təmiz adı, halal zəhməti, cəsarəti ilə böyüdən Güldəstədir.
Abşeronda doğulan, böyüyən, Bakıda yaşayan yazıçının tipik ucqar kənd həyatını, onun çoxumuzun diqqətindən yayınan incəliklərini, gündəlik qayğılarını mükəmməl bilməsi və bu hekayədə zəngin dillə təsvir etməsi sözün müsbət mənasında məni heyrətləndirdi:
"Güldəstə həyət-bacanı süpürmüş, toyuq-cücəni hinə salmış, qapalağını bərkitmişdi. Qonşusu Tamaşa xalanın kürt düşmüş çil toyuğunu tülkü aparandan sonra gözü yamanca qorxmuşdu, toyuq-cücənin yaxın həyətlərə dadanan bu şələquyruğa yem olmasından ehtiyatlanırdı.
Ocağın közünə atmaq üçün bir qucaq çırpı gətirmişdi. Örüşdən qayıdan mal-qaranı tövlədə rahatlayıb, altını təmizləmiş, yemini-suyunu vermişdi. Yanıbalalı Bəzək inəyini sağmış, üzlü süddən qatıq çalıb, qazanın üstünü bərk-bərk basdırmışdı".
Hekayəni oxuduqca ən azı 50-55 il geriyə döndüm, analı günlərimin nostalji hissləri məni uşaqlıq və gənclik illərimə apardı. Anamın bişirdiyi kürə çörəyinin, üstünü sütül fındıq ləpələri ilə bəzədiyi kökənin, təzə-tər pencərin ətrini, dadını-tamını burnumda, ağzımda duydum ədəbi sözün ilahi sehriylə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
