Sumqayıt Dövlət Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

 

Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli söz ustadı, ictimai xadim, xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Sözün Bəxtiyarı" adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetin Böyük Akt zalının foyesində şairin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Sərgidə Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar, seçilmiş əsərləri, həmçinin onun yaradıcılığına dair yazılmış ədəbiyyat nümunələri nümayiş etdirilib.

Tədbirdə Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam səsləndirilib. Ardınca Bəxtiyar Vahabzadənin zəngin həyat və yaradıcılıq yolunu, eləcə də ulu öndər Heydər Əliyevin xalq şairi ilə görüşünü əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq,  qonaqları və iştirakçıları salamlayıb, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və ziyalılarına göstərdiyi yüksək diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Prezidentin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın bu dəyərin bariz nümunəsi olduğunu qeyd edib.

Əminağa Sadıqov çıxışında Bəxtiyar Vahabzadə ilə AMEA-da görüşdüyünü xatırladaraq, onun "Ana", "Vətən" kimi mövzularda yazdığı şeirlərin dərin təsir gücünə malik olduğunu bildirib. O, xüsusilə, şairin sovet hakimiyyətinin ən repressiv dövrlərində qələmə aldığı "Gülüstan" poemasının əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu əsərdə xalqımızın iki yerə bölünməsi faciəsi yüksək vətənpərvərlik duyğusu və cəsarətli bədii ifadə ilə təsvir olunub. "Gülüstan" poemasının təkcə ədəbiyyat tarixində deyil, həm də milli düşüncənin formalaşmasında mühüm rolu olduğunu vurğulayıb.

Ümumiyyətlə, Bəxtiyar Vahabzadə milli şüurun dirçəlişinə üstünlük verən sənətkar olmaqla yanaşı, xalqımızın gələcəyə baxışının formalaşmasında da mühüm rol oynamışdır. Əminağa Sadıqov onu da diqqətə çatdırıb ki, Bəxtiyar Vahabzadə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı zərurətini xalqımıza çağırış edən ziyalılardan biri olub.

Rektor v.i.e. Əminağa Sadıqov  çıxışının sonunda gənclərə müraciət edərək, Azərbaycan ədəbiyyatının klassiklərini, xüsusilə də Bəxtiyar Vahabzadə kimi böyük şəxsiyyətlərin yaradıcılığını dərindən öyrənməyi və oxumağı tövsiyə edib.

Tədbirdə Milli Məclisin deputatı Elnarə Akimova xalq şairinin çoxşaxəli yaradıcılığına geniş nəzər salaraq, onun poeziyasında vətəndaşlıq mövqeyinin, milli ruhun, istiqlal düşüncəsinin ön planda olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Bəxtiyar Vahabzadə yalnız şair kimi deyil, eyni zamanda ziyalı və vətəndaş mövqeyi ilə də Azərbaycan ədəbiyyatına və ictimai fikrin formalaşmasına mühüm töhfələr verib. Onun əsərləri milli azadlıq ideyalarının tərənnümündə, gənc nəsildə vətənpərvərlik duyğularının formalaşmasında müstəsna rol oynayıb. Elnarə Akimova qeyd edib ki, "Bu il anadan olmasının 100 illiyi tamam olan Bəxtiyar Vahabzadənin ömür bioqrafiyasında, ədəbi-elmi yaradıcılığının tərcümeyi-halında geridə qalan bir əsrə yaxın zaman kəsiminin addımları duyulur və bu addımlar milli tariximizin, milli varlığımızın nəfəsi duyulan qatlarından ayaq açıb yeriyir.

Bu qatlar tarixdir, dildir, azadlıq idealları, istiqlal vuruşudur. O səbəblər ki, B.Vahabzadənin şair kimi seçilməsinin, çoxluğun içindən fərqlənməsinin əsası idi. B.Vahabzadə yaradıcılığı sovet dövründə bilərəkdən güdaza verilən tarixi yaddaşın, bilərəkdən unutdurulan dil yaddaşının, bilərəkdən susdurulan azadlıq nidasının oyanışına imkan vermək amacına xidmət üçün ərsəyə gəlmişdi və bu, bəlkə də, onun bütün yaradıcılığı ərzində boyuna biçilən başlıca şair missiyası idi - millətin və xalqın tarix bioqrafiyasını poeziyanın yaddaşına çevirmək"...

Sonra çıxış edən "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan şairlə bağlı şəxsi təəssüratlarını, xatirələrini bölüşüb: "Zəminxarə, Meracın musiqisidir. Merac gecəsi baş verən ilahi söhbətin səslərlə ifadəsidir", - sözlərini Bəxtiyar Vahabzadə heç yerdə, o cümlədən "Muğam" poemasında da qələmə almayıb. Amma mən indi söyləyəcəyim misraları 1976-cı ildən qalma bir lent yazısında, Vahabzadənin səsinə istinad edərək deyirəm. Dostlarıyla - Kamil Cəlilov və Nurəddin Rzayevlə atama qonaq gəlmişdi, Kamil Cəlilov qaboyda "Zəminxarə" çalır, Vahabzadə isə "Zəminxarə"dən danışır, sonra da bədahətən bu dörd misranı deyir:

 

Qan udub, dövran əlindən, ey Füzuli, söylədin:

Dövrü cövründən şikayət etməmək mümkün deyil.

Mənsə bir dövranə düşdüm ki, bu viranxanədə

Dövrü cövründən şikayət eyləmək mümkün deyil...

 

1975-cı ildir. Bəxtiyar müəllim viranxanədə - SSRİ-də söz azadlığının qəhətliyindən danışır. 

Yuxarıdakı şeirin bədahətən deyildiyini isə ondan bilirəm ki, iyirmi il sonra - 1997-ci ildə xəstəxanada müalicə olunduğu vaxt onun barəsində "Qan udub dövran əlindən" adlı bir yazı yazmışdım, yazı "Xalq qəzeti"ndə dərc olunmuşdu və həmin şeiri də o yazıda misal gətirmişdim. Həmin gün Dilarə xanım zəng vurdu, "Bəxtiyar səninlə danışmaq istəyir" dedi. Bəxtiyar müəllim sitat gətirdiyim şeirin kimə aid olduğunu soruşdu. "Sizindir" - dedim. - Siz o vaxt o şeiri bədahətən söylədiniz. Hətta evimizdə şeirin sizin xəttinizlə həmin dəqiqələrdə yazılmış əlyazması da qalır". Kövrəldi".

"Muğam" poemasından müəyyən parçaları səsləndirməklə Bəxtiyar Vahabzadə şeiriyyətinin alt qatlarında dayanan dərinlərə diqqət yönəldən Azər Turan şairin vətən sevdalı, yurd sevgisi ilə yoğrulmuş poeziya nümunələrinin yaşarılığından bəhs etdi. 

Dil və ədəbiyyat kafedrasının dosenti İlahə Vəliyeva də şair haqqında xatirələrini bölüşərək, onun zəngin və çoxşaxəli ədəbi irsindən söz açıb.

Tədbirin bədii hissəsində universitetin tələbələri şairin poeziyasından seçilmiş nümunələri səsləndirib, onun sözlərinə yazılmış mahnıları ifa ediblər. İstedadlı müğənni Hicran Əhmədovanın ifasında təqdim olunan musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Universitet tələbələrinin ifasında milli rəqslərimizin təqdimi, eləcə də duet, trio qismində sərgilənən musiqilər tədbirə xüsusi rəng qatıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!