Bu günlərdə «Qobustan» sənət toplusunun Payız sayı işıq üzü görüb. Hər zaman konseptual nömrələri ilə oxucuların görüşünə gələn dərgi bu dəfə Xalq rəssamı Ömər Eldarova həsr olunmuş «Heykəltaraşlıq» özəl sayı kimi təqdim edilib. Dərginin bu sayında Xalq yazıçısı Anarın, akademik İsa Həbibbəyli və akademik Teymur Kərimlinin Ömər Eldarova həsr edilmiş yazıları ilə bərabər sənətkarın müsahibəsi də yer alıb. Xalq yazıçısı, Heydər Əliyev ömür yolunun dəyərli araşdırmaçısı Elmira Axundovanın Ömər Eldarovla söhbətində Ulu Öndərin sənətin bütün sahələrinə böyük diqqəti önə çəkilib. Aydan Salahzadənin məqaləsində isə əsasən sənətkarın fəxri xiyabanın müqəddəs ovqatını bir az da ehtişamlı edən əsərlərindən söz açılıb.
Dərginin bu sayında Ömər Eldarovun simasında Azərbaycan heykəltaraşlıq və təsviri sənətinin tarixinə nəzər salınıb. Esmira Nəzərlinin məqaləsində böyük Mirqasımovlar ailəsinin nümayəndəsi Mirəli Mirqasımovun həyat və yaradıcılıq yolunu anası Ceyran xanımın xatirələri əsasında qələmə alıb. Həmçinin həmin ailənin gənc rəssam üzvü Ceyran Mirqasımın da əsərləri səhifələri bəzəyib.
Dərgidə Azərbaycan heykəltaraşlığının ardıcıl araşdırmaçısı olan Cəmilə Novruzovanın məqalələrindən parçalarla sənət tarixinə nəzər salınır. Bu mənada həm sənət tarixində ilklərə imza atan klassiklər, həm də bu şərəfli yolu davam etdirən yeni nəsil sənətkarlar haqqında materiallar oxucuya təqdim edilib. Narıngül Nadirin vaxtsız dünyadan köçmüş rəssam, heykəltaraş Müslüm Eldarov, Ziyarət Cabbarovanın gənc və istedadlı sənətkar Rahib Qarayev haqqında məqalələri böyük sənət ənənələrinin qorunub saxlanılmasını göstərir.
Hər zaman Cənubi Azərbaycan incəsənətinə həssaslıqla yanaşan dərgi bu dəfə də ənənəsinə sadiq qalıb. Pəri Miniatürün Təbriz miniatür məktəbi haqqında məqaləsi Cənubda təsviri sənətimizin köklərinə, inkişaf mərhələrinə nəzər salır.
Dərginin baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva bu özəl sayların həm də ayrı-ayrı mövzuların aktuallaşdırılmasında əhəmiyyətli olduğunu qeyd edib: «Bu il dahi Üzeyir bəyin 140 illiyinə həsr etdiyimiz saydan sonra bu ikinci özəl sayımızdır. Üzeyir bəyə həsr etdiyimiz sayı çapa hazırlayanda heykəl sənətimizin az araşdırıldığını və bu mövzunu aktuallaşdırmağın mühümlüyünü düşündük. Xalq rəssamı Ömər Eldarovla söhbətimdə bu ideyamı səsləndirdim və nə qədər maraqla qarşıladığını gördüm. Dərginin son səhifəsində Ömər müəllimin emalatxanasından kiçik reportajım da yer alıb. Qr kod vasitəsiylə video-materialı izləmək olar. Biz düşündük ki, özəl saydan ötrü Ömər Eldarovun yüz yaşını gözləməyək. Yaşının bu çağında hələ də işləyən və gözəl əsərlər ortaya qoyan sənətkarı indi sevindirək. Yaxın zamanda dərginin təqdimatını da nəzərdə tutmuşuq.»
Qeyd edək ki, dərgi işıq üzü gördükdən sonra redaksiya əməkdaşları bu sayı Xalq rəssamının emalatxanasında Ömər Eldarova təqdim ediblər. Qapaq rəsmində Ömər Eldarovun «İlin dörd fəsli» kampazisiyası yer alan say sənətkarın sevincinə səbəb olub.
«Heç özünüz də təsəvvür edə bilməzsiz ki, məni necə sevindirdiniz. Mən hər zaman deyirəm ki, sevilməyi, seçilməyi çox xoşlayıram. Bu jurnalı da indi vərəqlədim, mütləq diqqətlə baxacağam. İndilikdə böyük zövq və zəhmət görürəm. Bütün müəlliflərə, yaradıcı heyətə təşəkkürlərimi bildirirəm.»
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!