
Zəngin və çoxəsrlik tarixə malik Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühitinin də özünəməxsus bir inkişaf yolu var. Xüsusilə, XX əsr Naxçıvan ədəbi mühiti istər mövzu rəngarəngliyi, istərsə forma və janr xüsusiyyətləri, istərsə də zamanın tələblərinə çevik cavabdehliyinə gorə həmişə sayılıb-seçilən ədəbi mühit olub. Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq, bütövlükdə ədəbiyyatımızda, o cümlədən də, Naxçıvan ədəbi mühitində yen bir ədəbi proses başladı. Başlanmış yeni ədəbi prosesin öncülləri sırasında Hüseyn Razinin öz yeri və öz xidmətləri var. Biz illərdir ki, H.Razi yaradıcılığını bu və ya digər aspektdən izləmişik; kafedra üçün ayrıca elmi-tədqiqat işləri, məqalələr yazmışıq və şairlə bağlı keçirilən bir çox tədbirlərdə çıxışlar etmişik. Nəticə olaraq deməliyəm ki, Hüseyn Razi yeni dövr Azərbaycan poeziyasının sayılıb-seçilən şairləri sırasında layiqli yerini hələ sağlığında ikən tutmuş və əbədi olaraq öncüllüyünü qoruyub saxlayacaqdır. H.Razi dövrünün, zamanının şairidir. Əgər Naxçıvan və regionumuzun son 50-60 illik tarixini yazmış olsaq, H.Razi yaradıcılığı ən etibarlı və yaddaşlardan silinməyən mənəviyyat pasportumuzdur. Elə şair özü də bu əbədiyaşarlığını 1965-ci ildə yazdığı "Tapar məni" şeirində xüsusi olaraq vurğulayır:
Öz yurduma vurulmuşam,
Gilələnib durulmuşam.
Bu ocaqda yanar daşam,
Bacarırsan, qopar məni.
H.Razi o şairlərdəndir ki, hər gün, hər an xatırlanmağa layiqdir. Elə bu səbəbdəndir ki, yaradıcı ömrünün iyirmi ilindən çoxunu H.Razinin həyat və fəaliyyətinin, yaradıcılığının tədqiqinə həsr edən filologiya elmləri doktoru Fərman Xəlilovun təzəcə ərsəyə gəlmiş və həqiqətən də ciddi elmi araşdırmanın nəticəsi kimi diqqəti çəkən "Söz və qürurun zirvəsində: Hüseyn Razi" monoqrafiyası yeni məzmun və ideya istiqamətinə görə bu məntiqi düşüncənin davamı kimi təqdirəlayiq bir araşdırmadır. Onu da xatırladaq ki, F.Xəlilov bu monoqrafiyadan on il öncə, 1915-ci ildə 300 səhifəlik "Hüseyn Razinin biblioqrafiyası" kitabının nəşrinə nail olmuşdur. Etiraf edək ki, bu dəyərli nəşr təkcə H.Razi yaradıcılığı haqqında deyil, ümumilikdə Naxçıvan ədəbi mühiti haqqında da gərəkli mənbədir. Bu ədəbi faktı da xatırlatmalıyıq ki, H.Razi yaradıcılığı hələ ötən əsrin 60-70-ci illərindən elmi-ədəbi mühitin diqqətini çəkmiş və müəllifin də (F.Xəlilovun) qeyd etdiyi kimi, Mirzə İbrahimov, Mehdi Hüseyn, Məmməd Arif, Bəkir Nəbiyev kimi onlarla görkəmli fikir və düşüncə adamlarından başlamış, İsa Həbibbəyli, Yavuz Axundlu, Teymur Əhmədov, Vaqif Arzumanlı... kimi elmi-ədəbi cameədə aparıcı rol oynayan ədəbi nəslinə qədər şair haqqında çox ciddi araşdırma xarakterli məqalələr yazmışlar. Lakin filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılovun 2003-cü ildə nəşr etdiyi "Hüseyn Razinin yaradıcılıq yolu" monoqrafiyası, demək olar ki, şairin zəngin yaradıcılığı haqqında yazılmış ilk bitkin tədqiqat əsəridir. F.Xəlilovun haqqında danışacağımız "Söz və qürurun zirvəsində: Hüseyn Razi" monoqrafiyası isə şair haqqında yazılmış ikinci elmi monoqrafiyadır. Bu monoqrafiya materialın zənginliyi, tədqiqat obyektinin genişliyi və əhatə dairəsinə görə şair haqqında yeni baxışın təzahüri kimi daha çox diqqətəlayiqdir. Bizcə, monoqrafiyanın uğurlu alınması iki səbəbdən irəli gəlir: birincisi, monoqrafiya şairin yaradıcılığı fonunda onun mühiti, taleyi ilə bağlı geniş və hərtərəfli materiallarla zəngindir, ikincisi, tədqiqat işi aydın və səlis elmi dildə yazılması ilə bərabər həm də üslubun polemika üzərində qurulması ilə şərtlənməsidir. Monoqrafiyada elə bir elmi, ədəbi və tarixi fakt yoxdur ki, müəllif ona obyektiv münasibət bildirməsin. Bu, əlbəttə ki, tədqiqatçı üçün vacib və önəmli bir keyfiyyətdir.
Monoqrafiya giriş, üç fəsil və nəticədən ibarətdir. Birinci fəsil "Hüseyn Razinin ədəbi irsinin öyrənilməsi, dəyərləndirilməsi və əsərlərinin biblioqrafiyası" adlanır ki, bu fəsil də "Ədəbi irsin öyrənilməsi və dəyərləndirilməsi" və "Hüseyn Razinin biblioqrafiyası" adlı iki yarımbaşlığa ayrılır.
Bu fəslin ümumi məzmun və qayəsi haqqında, yəni H.Razinin bir şair kimi elmi-ədəbi arenanın tədqiqat obyektinə çevrilməsi məsələsi ilə bağlı yuxarıda qısaca bəhs etsək də, bir faktı qeyd etməliyik ki, tədqiqatçının da qeyd etdiyi kimi, bu fəsildə yığcam şəkildə olsa da, şair yaradıcılığının halal qiyməti müstəqillik illərində aparılan tədqiqatlarda daha çox obyektiv dəyərini alması şərtləndirilir. Müəllif yazır: "Müstəqillik illərində H.Raziyə aid yazılan məqalələrdə şairin yaradıcılığı və xüsusilə, şəxsi keyfiyyətləri haqqında sovet dövründə deyilməsi mümkün olmayan həqiqətlər də etiraf olunmağa başladı".
Sovet dövrü ictimai quruluşun ziddiyyətlərindən doğan və bir çox hallarda "ağa qara, qaraya ağ" demək "metodu" elmi-ədəbi düşüncənin başlıca meyarına çevrildiyi bir vaxtda yazıb-yaradan qələm sahiblərinin bəziləri sonradan o dövrdə yazdıqları əsərlərinin bir çoxundan imtina etmək məcburiyyətində qalsalar da, etiraf edək ki, H.Razi kimi şair və yazıçıların yaradıcılığında "məcburiyyətdən" çox, təəssüf və etiraflar, narahatçılıqlar doğurdu (biz vaxtilə H.Razi ilə bağlı yazdığımız "Etiraf insanı ucaldır" və "Həyatın rəngi, sözün ahəngi" məqalələrimizdə də bu barədə danışmışdıq). Və bir çox qələm sahibində olmasa da, sözü vicdanın ölçüsünə çevirən H.Razi kimi bir şair zamanın və ideologiyanın doğurduğu günahları etiraf etməyi onu bir şair və şəxsiyyət kimi tarixin yaddaşına yazdı. Bu mənada, monoqrafiyada bu və bunabənzər tarixi yanlışlıqları yeni müstəvidə tədqiqat obyektinə çevirib, əsl həqiqəti aşkarlamaq prinsipi tədqiqatın dəyərini daha da artırır.
Üç fəsillik monoqrafiyanın əsasını "Hüseyn Razinin ömür yolu və bədii yaradıcılığı" adlanan ikinci fəsli təşkil edir. Bu fəsildə tədqiqatçı problem kimi qarşıya qoyduğu məqsədini mərhələli şəkildə həll etməyə nail olur: şairin ömür yolu, lirikası, poemaları, dramaturgiyası, yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, tərcümələri geniş şəkildə araşdırma obyektinə çevrilir.
Təbii ki, hər bir şairin, yazıçının və ümumiyyətlə yaradıcı insanların tərcümeyi-halı quru rəqəmlərdə deyil, onun yaradıcılığındadır. Və bu da həqiqətdir ki, çox az yaradıcı adamlar var ki, onların yaradıcılığı, tərcümeyi-halı mənsub olduğu millətin, Vətənin "tərcümeyi-halı"nın bir parçasına çevrilsin. Tədqiqatçı zəngin fakt və ciddi araşdırma əsasında sübut edir ki, həqiqətən də, H.Razi tərcümeyi-halı, dəyərli yaradıcılığı ilə xalqının, millətinin və Vətəninin tərcümeyi-halına çevrilməyə layiq bir sənətkardır. Xüsusilə şair yaradıcılığının ana xətlərindən birini təşkil edən Cənubi Azərbaycan mövzusunda yazdığı əsərlərin təhlilində biz bu həqiqətin şahidi oluruq. Yaxşı cəhət odur ki, bu şeirlərin təhlili zamanı tədqiqatçı şairin müasirləri olan B.Vahabzadə, M.Araz, X.Rza, S.Tahir, B.Azəroğlu... kimi xalq şairlərinin H.Razi ilə bağlı fikir və düşüncələrinə də mənbə kimi istinad edir və bununla da ədəbi mühitin başlıca aparıcı istiqamətlərini müəyyənləşdirir.
H.Razi yaradıcılığın, demək olar ki, bütün janrlarında - nəsrdə ("Buludlar arasında", "Həyəcanlı gecə" povestləri), dramaturgiyada ("Arxalı dağlar", "Haray səsi", "Tarla gözəli", "Odlu diyar" və s. kimi mənzum pyeslər) əsərlər yazsa da, o, ədəbiyyatımızın tarixinə lirik ovqatlı şair kimi daxil olmuşdur. Lakin bütün bunlara baxmayaraq, tədqiqatçı monoqrafiyada şairin həm nəsrini, həm də dramaturgiyasını geniş şəkildə tədqiqata cəlb edir və bununla da günümüzə qədər bu və ya digər səbəblərdən H.Razi yaradıcılığının taleyinin oxucular üçün çox da məlum olmayan gizli çalarlarına da işıq salır.
...Oxucu auditoriyasının çoxuna məlumdur ki, H.Razi həyatının və taleyinin əsas hissəsi bu gün də fəaliyyətini davam etdirən "Şərq qapısı" qəzeti ilə bağlı olub. Qəzetin "Ədəbiyyat və incəsənət" şöbəsinə uzun illər rəhbərlik edən şair mənəvi və ictimai vəzifəsi daxilində Naxçıvanda ədəbi mühitin inkişafına və formalaşmasına böyük əmək sərf etmişdir. Əgər, belə demək mümkünsə, rus ədəbiyyatı "N.V.Qoqolun "Şinel"indən çıxmışsa" (F.M.Dostoyevski), Naxçıvan ədəbi mühitinin formalaşmasının son 50 ili də H.Razi qələminin siqləti sayəsində öz şöhrətini tapmışdır. Bu gün Naxçıvan ədəbi mühitində az-çox söz sahibi olanların əksəriyyəti H.Razi qələminin ələyindən ələnib çıxmış yazarlardır. Monoqrafiyanın üçüncü fəsli olan "Hüseyn Razinin publisistikası" bölümü həm də dolayısı ilə diqqətə çəkmək istədiyimiz bu məsələləri əhatə edir.
I. Razi qələmi, qeyd etdiyimiz kimi, ədəbi janrların bütün növlərindən üzüağ çıxan qələm idi. Bu baxımdan yanaşanda, onun publisistikası da, xüsusən, Naxçıvan ədəbi mühitində publisistika janrının formalaşmasında müstəsna rol oynadı. Şairin istər Azərbaycan, Şərq ədəbi klassikləri, istərsə də keçmiş sovet və dünya ədəbiyyatı nümayəndələri haqqında yazdığı və vaxtaşırı "Şərq qapısı" və digər mətbu orqanlarda çap etdirdiyi elmi, ədəbi, ictimai-siyasi məqalələr həm də ədəbiyyata yeni gələnlər üçün bir stimul verirdi. Buna görə də tədqiqatçı F.Xəlilov bu məsələ ilə bağlı danışarkən, haqlı olaraq yazır: "H.Razinin ədəbi tənqidi və elmi-publisistik məqalələri nəinki şairin öz yaradıcılığı, həm də müasir Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli töhfələrdir".
H.Razinin 1964-1993-cü illəri əhatə edən "Gündəlik"lərinin ilk dəfə olaraq tədqiqata cəlb edilməsi bu fəslin mühüm elmi yeniliklərindən biridir. Bu "Gündəlik"lər senzurasız publisistikanın ən dəyərli nümunələrindəndir. Ədəbi, bədii və elmi əhəmiyyətinə görə onları şairin məslək və əqidə dostu xalq şairi Xəlil Rza Ulutürkün "Gündəlik"ləri ilə müqayisə etmək olar. F.Xəlilov H.Razinin həm bədii əsərlərindən, həm də "Gündəlik"lərindən diqqətə çatdırdığı nümunələrlə onun özünəməxsusluqları ilə seçilən obrazını oxucuların gözündə canlandıra bilmişdir.
Son olaraq qeyd etmək istərdim ki, üç yüz səhifəlik və həm də zəngin elmi-ədəbi materialı əhatə edən bu monoqrafiyanın ayrı-ayrı məziyyətlərindən daha geniş danışmaq, təhlil aparmaq imkanımız olsa da, təbii ki, tələbkar oxucu auditoriyası üçün də "pay" saxlamaq zərurəti də var. Və biz inanırıq ki, elmi-ədəbi mühitin ciddi bir araşdırmaçı kimi qəbul etdiyi F.Xəlilovun əvvəlki tədqiqat əsərləri kimi bu kitabı da öz layiq olduğu qiyməti alacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
