Professor Füzuli Bayatın elmi yaradıcılığına akademik baxış və ya Füzuli Bayatın Tanrı sevgisi - Süleyman ƏLİSA

 

Türk xalqlarının mifoloji və mədəni irsi üzərində aparılan araşdırmalar Sibirdən Orta Asiyaya, Qafqazlardan Anadoluya qədər uzanan geniş bir coğrafiyanın bütövlüyünü anlamaq baxımından böyük əhəmiyyət daşıyır. Filologiya elmləri doktoru, professor Füzuli Bayat elmi karyerasını məhz bu əhatəli coğrafi və mədəni bütövlüyün tədqiqinə həsr etmişdir. O, öz əsərlərində Altay və Sibir türklərinin miflərini, Anadolu türklərinin nağıl və əfsanələrini, Qazax və Qırğız dastanlarını, Azərbaycan qaçaq və dini folklorunu, aşıq sənətini və mifoloji qatları dərindən təhlil etmişdir. Bayatın elmi yaradıcılığı o qədər rəngarəngdir ki, bu barədə yazarkən, hardan başlayıb harda qurtaracağını bilmirsən. Ancaq çay sürfəsi arxasında olan söhbətlərimiz, görüşlərimiz zamanı şərqşünas dostumuz Elşad Əliyevlə ona ünvanlanan tutarlı suallarımız, Türkiyədə bu görkəmli alimə həsr olunan Ərməğan kitabları (50 və 65 illik yubileyi münasibətilə) və əlbəttə ki, internet resursları hər mənada yoluma işıq tutdu. Onun elmi yanaşması həm klassik türkoloqların, həm də müasir nəzəriyyəçilərin irsinə əsaslanır. O, Azərbaycan folklor və mifologiya tədqiqatlarında mühüm yer tutan Mirəli Seyidovu mənəvi müəllimi hesab edir. Füzuli Bayat ənənəni davam etdirərək həm nəzəriyyəni genişləndirib, həm də mifologiyanın müasir türk dünyası ilə əlaqəsini araşdırıb. Bununla da o mifoloji araşdırmaların təməllərini daha da genişləndirərək, folklorun müasir türk dünyası ilə əlaqəsini vurğulamışdır. Türkiyədə türk folklorşünaslığının qurucularından olan Mehmet Fuad Köprülüdən də təsirləndiyini bildirən Bayat, tədqiqatlarında türk dünyasının geniş kontekstindən çıxış edərək yeni yanaşmalar irəli sürmüşdür. Gənclik illərində Hegel, Claude Levi-Strauss, Mircea Eliade və Louis Massignon, Alan Dundes kimi görkəmli mütəfəkkirlərin əsərlərini heyranlıqla oxuması, onun strukturçu və dinlər tarixi yönümlü bir metodologiyanı inkişaf etdirməsinə kömək etmişdir. Bu intellektual zəminlə yanaşı, Şərq fəlsəfəsini, "Qurani-Kərim"i dəfələrlə oxuması, onun yaradıcılığının dinlər tarixinə və İslam ilahiyyatının mifoloji və folklorik tərəflərinə yönəlməsinə səbəb olmuşdur. Bayat, klassik ədəbiyyat nümunələrini, türk folklor və mifologiya qəhrəmanlarını, İslam dininin surə, ayə və qissələrinin bir transformasiyası (çevrilməsi) kontekstində tədqiq edərək, inanclar sisteminin mədəni rəvayətlər üzərindəki təsirini ortaya qoymuşdur.

Bayatın araşdırmaları öz akademik dərinliyi ilə türk mədəniyyət coğrafiyasının antropoloji və ədəbi qatlarını çoxdisiplinli bir yanaşma ilə təhlil edir. Professor Füzuli Bayatın elmi fəaliyyəti, Nizami Gəncəvinin fəlsəfi dərinliyindən, Məhəmməd Füzulinin eşq fəlsəfəsindən, İmadəddin Nəsiminin humanist ideyalarından, Əlişir Nəvainin dilçilik və teoloji yanaşmalarından, Yunus Əmrənin sadə dildə Tanrı sevgisindən və Şah İsmayıl Xətainin şeir əzəmətindən ilhamlanmışdır. Bu böyük klassiklərlə yanaşı, Oğuznamələr, "Kitabi-Dədə Qorqud" və digər türk dastanları, folklorşünaslıq məktəbləri, eləcə də şamanik ənənələr onun yaradıcılığında dərin izlər buraxmışdır. Bayat folklorist, mifoloq və şamançılıq tədqiqatçısı kimi türk kimliyi və yaddaşının formalaşmasında mühüm rol oynamışdır. Bütün bunların nəticəsində türk dünyasında öz elmi-nəzəri yanaşması, həm də türk mədəniyyətinin dərin qatlarını araşdırmaları ilə tanınan alimin fəaliyyəti sadəcə akademik səviyyədə deyil, milli kimlik və yaddaşın formalaşmasında mühüm yer tutur. Füzuli Bayat klassik folklorşünaslığın çərçivəsini aşaraq, folklora sadəcə xalq ədəbiyyatı, yazılı ədəbiyyatın bir şöbəsi kimi yanaşmır. O, folkloru bir xalqın kosmoqoni (dünyanın yaranması), etnogeni (xalqın yaranması), esxatoloji (qiyamət və son) və tarixi-ictimai şüurunun təcəssümü kimi şərh edir və türk düşüncəsinin mərkəzində mifoloji kateqoriyaların dayandığını yazır. Onun fəlsəfi yanaşmasının mərkəzində folklora və geniş mənada türkologiyaya bütüncül yanaşmalar dayanır. Bayata görə, mif, sadəcə, uydurma hekayələr deyil, əksinə, xalqın ən qədim yaddaşı və genetik kodudur. Miflər dünənə işıq tutaraq, bu günümüzü formalaşdırır və bizi gələcəyə aparır. Bayat, "Türk Mifoloji Sistemi" (2 cilddə), "Mifdən Tarixə", "Mifologiyaya Giriş" kimi əsərində bu məsələləri geniş şəkildə araşdırır və miflərin tarixi hadisələrin simvollaşdırılmış forması olduğuna diqqət çəkir. Məsələn, Oğuz Kağanın yürüşləri qədim türklərin köçlərini əks etdirməklə yanaşı, həm də dünya nizamı, cahan hökmranlığı və "qızıl alma" idealını özündə ehtiva edir. Bu baxımdan, Oğuznamələr sadəcə qəhrəmanlıq dastanları deyil, həm də tarixi yaddaşın kodlaşdırılmış formasıdır. Füzuli Bayat, "Kitabi-Dədə Qorqud"u Oğuznamələrin ən mükəmməl epik variantı kimi təhlil edir. O, bu boyları sadəcə qəhrəmanlıq nümunəsi kimi deyil, həm də qədim türk sosial quruluşunun, dini inanclarının və hüquqi sisteminin ilkin forması kimi araşdırır; Dədə Qorqudun "vilayət issi - iyesi" (bir yurdun, məkanın sahibi), ozanların piri və türk millətinin ağsaqqalı kimi funksiyalarını sosial-antropoloji baxımdan tədqiq edir. Tədqiqatçı alimin iki cildlik "Türk Mifoloji Sistemi" əsərində isə türklərin Tanrı, Yer-Su, Umay, Ruhlar aləmi kimi mifoloji elementləri dərindən təhlil olunur. Bu yanaşma, onun folkloru bir millətin dünyagörüşü və fəlsəfəsi kimi təhlil etdiyini bir daha sübut edir. Bayat öz tədqiqatları ilə türk mədəniyyətinin dərin qatlarını araşdıraraq milli kimliyin və yaddaşın formalaşmasında mühüm rol oynayır. Ümumiyyətlə, Füzuli Bayatın yaradıcılığında və elmi baxışlarında milli ruhun sintezi kimi türkçülük əsas yer tutur. O, türkçülüyü İslamın milli dəyərlərlə sintezindən yaranan milli ruhun formalaşması kimi təqdim edir. Bayata görə, türkçülük yalnız siyasi ideya deyil, həm də mədəniyyət, din, folklor və mifologiya ilə bağlı dərin mənəvi dəyərdir. Onun yanaşmasına görə, İslamı qəbul edən türklər öz mifoloji və mədəni yaddaşlarını qoruyaraq, onu yeni dünyagörüşü ilə birləşdirmişlər. Bu sintez, İslamın türklərin əski Tanrıçılıq konsepsiyasına yaxınlaşmasına səbəb olmuş, həm dini, həm də şamanik elementlərin xalq arasında dərin kök salmasına şərait yaratmışdır. Dastanlarda, nağıllarda və aşıq şeirlərindəki İslam motivləri (ədalət, doğruluq, mərhəmət) türk şüurundakı mifoloji motivlərlə birləşərək xalqın mənəviyyatına hopmuşdur. Bu proses, İslamın sadəcə bir ibadət sistemi deyil, həm də türk mədəniyyətinin, mənəviyyatının və kimliyinin əsas elementi kimi qəbul edilməsinə səbəb olmuşdur. Türk xalqlarının mifik düşüncəsi, dastanları və ədəbiyyatı ortaq yaddaşın göstəricisidir. "Dədə Qorqud", "Koroğlu", "Manas", "Alpamış", "Alıp Manaş" və onlarca digər dastanları öyrənən tədqiqatçı alim onların ortaq mənəvi köklərini göstərməklə folklorun türk xalqlarının birliyi və gələcəyi üçün ortaq platforma olduğu qənaətindədir. Türkçülük - həm dil birliyi, həm də mənəvi-ruhani bağlılıq deməkdir. Bundan əlavə o, türkçülüyi İslami dəyərlərə sintez olmuş şəkildə milli ruhun formalaşması kimi təqdim edir. Bayat, İslamın türk xalqlarının mədəniyyətində birləşdirici bir qüvvə olduğunu vurğulayır. Bu səbəbdən folklor, dastanlar və klassik poeziya İslami motivlər və prinsiplərlə zənginləşmişdir. O, İslamın türk cəmiyyətlərinə necə yayıldığını və mənimsənildiyini araşdıraraq, xalq sufilik (təsəvvüf) cərəyanına xüsusi diqqət yetirmişdir. Təkkə ədəbiyyatını tədqiq edən Bayat, türklərə xas təriqət anlayışını araşdıraraq sufiliyi İslamın ən dərin qatı adlandırır və ilahi eşqin insanın mənəvi təmizliyə və kamilliyə çatmasının yeganə yolu olduğunu qeyd edir. Xoca Əhməd Yasəvi, Hacı Bektaş Vəli, Yunus Əmrə, Hacı Bayram Vəli, Nəsimi, Xətai, Füzuli kimi klassiklərin yaradıcılığında bu fəlsəfi bağlılığı aşkarlayır. Digər tərəfdən, Bayata görə, sufilik türk xalqlarının bir çoxunun İslamı qəbul etməsi, Balkanların türkləşməsi üçün bir kolinizatörlük rolunu oynamışdır. Füzuli Bayat üçün türkçülük, xalq yaddaşını qorumaq, milli kimliyi möhkəmləndirmək və mədəniyyəti gələcək nəsillərə ötürmək missiyasıdır. O, türklüyü həm tarixi bir dəyər, həm də ideoloji bir istiqamət kimi təqdim edir, türk xalqlarının gələcəyini anlamaq üçün onların keçmiş mifləri, inanc sistemləri və şamanik pratiklərini dərindən öyrənməyin zəruri olduğunu bildirir. Füzuli Bayatın araşdırmalarında xalq sufiliyi türk mədəniyyəti və folklorunun əsas tərkib hissələrindən biri kimi dəyərləndirilir. O, xüsusilə aşıq yaradıcılığında, dastanlarda və nağıllarda sufi motivlərin (məsələn: yol, ədəb-ərkan, mürşid, dərvişlik məqamları, nur, kamillik simvolları) mövcudluğunu göstərərək, bu dini-fəlsəfi sistemin xalq dünyagörüşünün formalaşmasına mühüm təsirini diqqətə çatdırır. Bayata görə, sufizmdəki Haqq anlayışı, ədalət, mərhəmət, qardaşlıq və kamillik prinsipləri, türk dünyasının etik kodunun əsasını təşkil edir. O, bu təsiri Xoca Əhməd Yasəvi, Hacı Bəktaş Vəli, Yunus Əmrə, Nəsimi, Füzuli, Xətai kimi klassiklərin yaradıcılığı ilə əlaqələndirir. Bayat, Yasəvi məktəbini türk dünyasında təsəvvüfün əsas dayağı kimi təqdim edir və bu məktəbin dini təbliğlə folklorun inteqrasiya olunduğu mənəvi bir sistem olduğunu vurğulayır.

Füzuli Bayatın elmi yaradıcılığının əsas mövzularından biri də şamanlıqdır. Bayata görə, şaman real dünya ilə o biri aləm, görünənlərlə görünməyənlər, insanlarla ruhlar arasında bir mediator rolunu oynamışdır. Bayat, şamandan dərvişə, alpdan ərənə, ozandan aşığa olan simvolik keçidi bir tamın fərqli təbəqələri kimi təhlil edir. O, bu dəyişimi sosial-antropoloji baxımdan izah edərək, aşığın sənətinin şamanın musiqi və söz vasitəsilə ruhani dünyaya bağlanması ilə oxşar olduğunu göstərir. Bayatın fikrincə, türklər İslamı qəbul etdikdən sonra şamanlığın bir çox elementləri sufilik və xalq dini praktikasında yaşamağa davam etmişdir. O, şamanlığı türk kimliyinin ilkin mərhələsi və xalqın mədəni yaddaşında köklənmiş bir "dini-praktik sistem" kimi dəyərləndirir. Füzuli Bayatın ən çox araşdırdığı iki mövzudan - biri və birincisi türk mifologiyası, mifoloji sistem, müasir mif, siyasi və etnik mifdirsə, digəri də şamanlıqdır. Onun mifoloji çalışmaları haqqında danışdıq. O, türk xalqlarının ən qədim dini-fəlsəfi baxışlarını öyrənərkən şamanlıq üzərində durmaqla folklorun qaynağının çox əskilərə qədər getdiyini söyləyir. Həm miflərdə, həm də folklorun digər janrlarında kosmosun quruluşu (Göy, Yer, Yeraltı) və insanın Tanrı ilə münasibəti şamanist ənənələrlə bağlıdır. Dastanlar, nağıllar və mərasimlərdə şaman ayinlərinin izləri nəinki qalıb, hətta folklorun ruhuna yön verib. Bayat, sufizmlə şamanizm arasında xüsusi paralellər qurur. Məsələn, şamanın ruhani səfəri sufinin mənəvi səyahətinə bənzəyir; şamanın nağarası sufinin zikri ilə eyni funksiyanı daşıyır. Hər iki sistemdə də kosmik əlaqə və Tanrıya yaxınlaşma ideyası mərkəzi yer tutur. Bu cür müqayisəli təhlil, türk inanc sistemlərinin tarixi və mədəniyyət boyu necə dəyişdiyini və eyni zamanda öz daxili mahiyyətini necə qoruduğunu ortaya qoyur.

Professor Füzuli Bayatın elmi araşdırmalarının mərkəzində "insan" anlayışı dayanır. O, insanı həm Tanrı ilə bağlı bir mənəvi varlıq, həm də mədəniyyətin, folklorun və yaddaşın əsas daşıyıcısı kimi təqdim edir. Bayatın düşüncəsinə görə, insanın kamilliyi ilahi eşqə, mərhəmətə və ədalətə olan bağlılığı ilə ölçülür. Onun əsərlərindəki yaradıcı insan obrazı, folklorla klassikanın, şamançılıqla İslamın birləşdiyi bir sintez nöqtəsidir. Bu baxımdan, folklor insanın tarixi yaddaşını, inanclarını və kimliyini qoruyaraq onun mənəvi bütövlüyünə xidmət edir.

Füzuli Bayat, Azərbaycan folklorunda bəzi mövzuları monoqrafik və nəzəri baxımdan ilk dəfə işləyən alimlərdəndir. Onun "Qaçaq Folkloru" adlı kitabı, çar Rusiyası və sovet rejiminə qarşı aparılan milli hərəkatın dastanlaşmış və əfsanələşmiş şifahi tarixidir. Bu araşdırmalar, unudulmaqda olan onlarla qaçağın fəaliyyətinə və rejimə qarşı mübarizəsinə işıq salır. Bayat bu əsəri ilə qaçaq folklorunun sadəcə quldur, yolkəsən hekayələri deyil, həm də azadlıq və müqavimət ruhunu əks etdirən milli yaddaşın bir parçası olduğunu ortaya qoyur. Onun başqa bir monoqrafiyası oyunun fəlsəfəsinə həsr olunmuşdur. O, insanın yaradılışdan bəri "oynadığı" və oyunun həyatın özü olduğunu iddia edir. Alim, "Homo sapiens"dən daha öncə "Homo ludens"in (oynayan insan) varlığı tezisini Azərbaycan xalq oyunları, meydan tamaşaları və rəqsləri kontekstində araşdırır. O, şaman ayinlərindən sufizmdəki səmaya qədər uzanan uzun və mürəkkəb bir yolu tədqiq edərək, oyunun dini və mədəni keçidlərdəki rolunu göstərir. Bu tədqiqatlarında Bayat, oyunun ən klassik forması ilə müasir "açıq teatr" (open theatre) nəzəriyyəsi arasında əlaqə qurur. Həmin kontekstdə, Şəbih tamaşalarını Kərbəla hadisələrinin sadəcə dini bir rəvayəti deyil, həm də Hz. Hüseynin mübarizəsini teatrallaşdıran bir sənət nümunəsi kimi təhlil edir. O, Şəbih tamaşalarının səhnə, oyunçu və tamaşaçı üçlüyünün sərbəstliyi baxımından modern teatr nəzəriyyəçilərinin diqqətini çəkdiyini vurğulayır.

Bayatın Kərbəla folkloru, Hz. Hüseyn, Hz. Abbas, Hz. Zeynəb və digərlərinin folklorlaşması ilə yanaşı 3 cildlik "Dini Folklor" əsəri, İslamın türk mədəniyyətinə necə hopduğunu və necə folklorlaşdığını elmi əsaslarla izah edir. Bu yanaşma, dini inancın xalq yaddaşında necə əks olunduğunu və mədəni kimliyin bir parçasına çevrildiyini aydın şəkildə ortaya qoyur. Professor Füzuli Bayatın tədqiqatlarının əsas hədəflərindən biri dini folklorun mahiyyətini tədqiq etməkdir. O, bu sahəni sadəcə folklor mətnlərindəki motivlər və batil inanclarla məhdudlaşdırmır, əksinə, dini mətnlərin (Quran qissələri, hədislər və Siyəri Nəbi hekayələri) necə folklorlaşdığını və xalqın bu dəyərlər üzərindən necə bir kimlik inşa etdiyini araşdırır. Bayat, peyğəmbərlərin, yəhudi krallarının və digər dini fiqurların profan (dünyəvi) müstəvidən sakral (müqəddəs) müstəviyə keçidini təhlil edir. Bu yanaşma, həm də türk kosmoqonik və esxatoloji miflərin Quran referansları ilə necə formalaşdığını göstərir. Bayat, bu metodoloji ilə dini folkloru din sosiologiyası, din tarixi, fiqh və təfsir kimi elmlərin kəsişmə nöqtəsində tədqiq edərək, bu sahəyə tamamilə yeni bir baxış bucağı gətirir. O, dini inancın xalq yaddaşında necə mənimsənildiyini, dəyişdirildiyini və əks olunduğunu elmi əsaslarla izah edir.

Füzuli Bayatın tədqiqatları yalnız türk mədəniyyəti ilə məhdudlaşmır. O, geniş elmi dünyagörüşü sayəsində Şərq və Qərb folklorşünaslıq ənənələri ilə də yaxından tanışdır. Bayat, Şərq klassiklərinin fəlsəfi və dini ideyaları, Qərb klassiklərinin isə humanizm düşüncəsini daşıdığını qeyd edir. Bununla belə, hər iki mədəniyyətin də bəşəriyyətin ortaq mənəvi sərvəti olduğunu vurğulayır. Onun fikrincə, həm Şərq, həm də Qərb klassiklərinin təməlində xalq yaddaşı və mifoloji düşüncə dayanır. Bu ortaq baza, fərqli mədəniyyətlərin eyni qaynaqdan qidalandığını və universal mənəvi dəyərləri əks etdirdiyini göstərir. Bayat eyni zamanda türk dili tarixi, tayfa adlarının etimologiyası, teonimlərin etimolojik izahı kimi məsələlərlə bağlı da kitabın və onlarca məqalənin müəllifidir. Ancaq bu, ayrı bir mövzudur. Füzuli Bayatın elmi yaradıcılığının əsas nəticəsi, Tanrı sevgisi konsepsiyası ilə elmi təfəkkürün vəhdətidir. Bu konsepsiya, onun folklor, mifologiya, şamanlıq və sufizm araşdırmalarının məntiqi bir yekunu kimi ortaya çıxır. Tanrı sevgisi, Bayatın tədqiqatlarında sadəcə dini bir duyğu deyil, həm də insanın özünü dərk etməsi, mənəvi kamilliyə çatması və uzaq keçmişin mənəvi dəyərlərini anlamaq üçün bir vasitədir. Bu sevgi, onun əsərlərində xalqın tarixi yaddaşını əks etdirən mənəvi bir güzgü rolunu oynayır. Bayatın bu yanaşması, elm və mənəviyyatın bir-birindən ayrı olmadığını, əksinə, bir-birini tamamladığını göstərir. Onun tədqiqatları, xalqın inanc sistemlərinin, miflərin və adət-ənənələrin necə elmi təhlil oluna biləcəyini və bu təhlilin nəticəsində milli kimliyin və mənəvi dəyərlərin necə daha dərindən anlaşıla biləcəyini sübut edir. Bayatın elmi mirası, gələcək nəsillərə yol göstərən bir məşəl olaraq qalacaq. İşığın gur yansın, Füzuli Bayat!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!