Söhbət türkiyəli ədəbiyyatşünas Ayvaz Morkoçun Azərbaycan ədəbiyyatına dair yazılarından gedir
Sosial şəbəkələrdə yer alan və çap olunmuş yazılarının əvvəlində verilmiş məlumatlara əsasən deyə bilərik ki, Ayvaz Morkoç Manisa Celal Bayar Universitetində Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündə dosent, doktor vəzifəsində çalışır. Müxtəlif illərdə "Çağdaş türk ədəbiyyatları", "Müqayisəli çağdaş türk ədəbiyyatları", "Türk dünyası ədəbi mətnləri", "Türk dünyası ədəbiyyatları" və bir sıra digər fənləri tədris etmişdir və etməkdədir.
Tərcümeyi-hal yazısında "Həkəmli Bilimsel Toplantılarda Yayımlanmış Bildirilər" adı altında müxtəlif simpoziumlarda, konfranslarda etdiyi məruzələr əsasında çap olunmuş iyirmi altı yazısının adı təqdim edilir. Bu yazıların böyük əksəriyyəti Azərbaycan ədəbiyyatı, tənqid və ədəbiyyatşünaslığına aiddir.
Məqsədimizi bir qədər sonra açıqlamaq şərtilə onların içində bizim üçün maraqlı olanların adlarını qeyd etməyi zəruri hesab edirik:
1. "Ağarehim Rehimov və "Avlak Keçidi" Romanında Qarabağ savaşı" (2024); 2. "Romançı Yönüyle Mehdi Hüseyin" (2024); "Memmed Arif Dadaşzadenin Edebi Fəaliyyətləri" (2024); 4. "Eleştirmen Kimliğiyle Bekir Nebiyev" (2024); 5. "Azerbaycanlı edip Sabir Rüstemhanlının Ölüm zirvesi Romanı və Tarixi gerçəklər" (2020); 6. "Ferman Kerimzade (1937-1989)nin "Karlı Aşırım" romanı üzerinde Değerlendirmeler (2019)"; 7. "Firidun Bey Köçerlinin Sanatçı kişiliği və Edebi Fəaliyyətləri"; 8. "Azerbaycan yazarı Mevlut Süleymanlının Köç Romanında Göç Teması" (2015) və s.
İndi isə bu mövzuların bizim yazılarımızdakı əksini nəzərdən keçirək:
1. "Ovlaq keçidi"ndən boylanan həqiqətlər" (2014); "Mehdi Hüseyn (M.Hüseynin roman yaradıcılığı tarixi ədəbi proses kontekstində)" (2012); "Məmməd Arif Dadaşzadə" (2014); "Ədəbi tənqiddə Bəkir Nəbiyev üslubu, yaxud ədəbiyyat tarixi və tənqidin qarşılıqlı əlaqəsinə dair" (2011); "Ölüm zirvəsi" romanı və tariximiz haqqında düşüncələrim" (2012); "Qarlı aşırım"dan keçən yollar" (2016); "Firudin bəy Köçərli" (2011); "Köç" şərti-metaforik roman kimi" (2003).
Həm türk yazarının, həm də bizim yazıların nəşrolunma tarixini məqsədimizlə bağlı olaraq xüsusi şəkildə önə çəkirik.
Müqayisəni bir qədər də davam etdirək və dərinləşdirək. A.Morkoçun 2024-cü ildə nəşr olunmuş kitabının adı belədir: "1980-li yıllarda Azerbaycan Edebiyyatında Roman". Kitab 2024-cü ildə nəşr olunub. İstər-istəməz bu mövzu mənim vaxtı ilə nəşr etdirdiyim iki monoqrafiyanı yada salır. Birincisi, "Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)" (2005), ikincisi, "Müasir Azərbaycan romanının janr təkamülü (XX əsrin 80-ci illəri)" (2007). A.Morkoç 2022-ci ildə "Türk dünyası Dil və Edebiyyat Dergisi"ndə irihəcmli bir məqalə dərc etdirib: "Azerbaycan Edebiyyatında 1980-li yıllarında hekaye". Bu məqalənin adı ilə tanışlıq bizim düşüncəmizdə 2008-ci ildə çap etdirdiyimiz "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri" kitabımızda yer alan "80-ci illər Azərbaycan hekayəsinə dair bəzi qeydlər" məqaləmizi aktivləşdirir.
A.Morkoçun 2021-ci ildə "Uluslararası Sosyal Araştırmalar Dergisi"ndə çap olunan "Romançı yönüyle İsmail Şıhlı" məqaləsi (cilt: 14, sayı: 77, Nisan 2021) ilə rastlaşarkən yenə də bizim "İsmayıl Şıxlının bədii nəsri" adı ilə (Bakı, EL Nəşriyyat və Poliqrafiya şirkəti MMC, 2014) nəşr etdirdiyimiz monoqrafiyanı xatırlamalı oluruq.
İndi isə əsas mətləbə keçək və bu müqayisələri aparmağa bizi məcbur edən məqsədi açıqlayaq. Müraciət etdiyimiz mövzular arasında bu qədər sıx yaxınlıq, öncə, bizdə qəribə bir düşüncə yaratdı: Bəlkə biz Türkiyədə "Ayvaz Morkoç" imzası ilə çap olunuruq?! Bəlkə, Türkiyədə işlətdiyimiz imzanı unutmuşuq?! Təbii ki, bu, rastlaşdığımız situasiya ilə bağlı bir ironiyadır. Əslində 1998-ci ildən bəri "Təyyar Salamoğlu" imzası ilə çap olunduğumuzu çox yaxşı xatırlayırıq. Ayvaz Morkoçun Türkiyənin Celal Bayar Universitetində işlədiyinə dair informasiyanı, bəzi məqalə və kitablarındakı araşdırma mövzularının bizim yaradıcılığımız üçün səciyyəvi olmadığını nəzərə alanda sakitləşmək əvəzinə, ürəyimizə gələn bir fikrin təsiri altında özümüzü narahat hiss etməyə başladıq.
Bu hissin təsiri altında, şübhələrimizin nə qədər əsaslı və əsassız olduğunu müəyyənləşdirmək üçün mövzuca üst-üstə düşən bəzi yazıları diqqətlə nəzərdən keçirməyə başladıq. Səd heyif ki, nəticə heç də ürəkaçan olmadı. Bizim yazılar ədəbi oğurluğa məruz qalmışdı. Vəziyyəti təsəvvür etmək üçün faktlara müraciət etməyin daha məqbul bir yol olduğunu düşünürük. Bunun üçün, hələlik A.Morkoçun üç məqaləsində mənim yazılarımdan mənimsəmənin dərəcəsini müəyyənləşdirməyə çalışaq: "Romançı yönüyle İsmail Şıxlı", "Azerbaycan edebiyyatında 1980-li yıllarda hikaye" və "Azerbaycanlı edip Sabir Rüstemhanlının "Ölüm zirvesi" romanı və tarixi gerçekler" (cilt: 13, sayı: 75, Yıl: 2020).
Mənimsəmənin dərəcəsi haqqında ümumi bir təsəvvür əldə eləmək istəsək, deməliyik ki, Morkoçun bu üç yazısının hər birinin əsasında bizim yazımız dayanır. Ancaq türkiyəli "tədqiqatçı" hər bir yazı üzərində əsaslı əməliyyat aparır. Məsələn, yazıya haqqında danışdığı sənətkarın tərcümeyi-halı ilə bağlı əlavə məlumatlar daxil edir. İkinci halda, tədqiqatın obyekti olan əsərlər haqqında başqa müəlliflərin yazdıqlarından da bəhs açır. İ.Şıxlının roman yaradıcılığı ilə bağlı məqaləsinə təfərrüatlı münasibətlə fikrimizi sübut etməyə çalışaq.
"Giriş"də İ.Şıxlının tərcümeyi-halı ilə bağlı xülasə verilir. Sonra Azərbaycan ədəbiyyatının sovet dövründə keçdiyi yolun mərhələlərindən bəhs açılır. "Sanatçı kişiliği və Edebi Fəaliyyetleri" başlığı altında yaradıcılıq yolu haqqında danışılır, "Ayrılan yollar" romanı tədqiqatçıların fikirlərinə, o cümlədən, bizim fikirlərimizə istinadla araşdırma obyekti olur. Belə təsəvvür yaranır ki, sanki hər şey qaydasındadır. Ancaq iş "Dəli Kür" və "Ölən dünyam" romanlarının təhlilinə gələndə (yazının əsas hissəsinə gələndə), vəziyyət dəyişir. Əslində ilk baxışda burada da vəziyyətin anormallığı nəzərə çarpmır. Çünki müəllif "Dəli Kür"lə bağlı təhlillərində təxminən, doqquz-on yerdə bizə istinad edir, sitat verir. Ancaq məsələ burasındadır ki, "Dəli Kür"lə bağlı təhlillərin həcmi onun məqaləsində kifayət qədər genişdir; təxminən, altı jurnal səhifəsini əhatə edir. Bu səhifələrdə yer alan təhlillərdə diqqət çəkən cəhət nədir? Müəllif roman haqqında mülahizələrinin əsasına ümumən bizim fikirlərimizi qoyur və "Dəli Kür"lə bağlı mülahizələrimizi öz mülahizələri kimi təqdim edir. Ara-sıra isə manevr edir. Öz adına çıxaraq təhlil arsenalına daxil etdiyi kifayət qədər mülahizədən sonra bizim də bir fikrimizi sitat kimi verir və vəziyyət bu qaydada sona qədər davam edir. Həm də bizim təhlillərimizdə diqqəti çəkən məntiqi ardıcıllıq bilərəkdən pozulur. A.Morkoç fikirləri mənimsəyərkən yerdəyişmələr edir ki, yazdıqlarının köçürmə olduğu ən azı ilk baxışdan diqqəti çəkməsin. Amma o, unudur ki, sözün, fikrin həqiqi müəllifi öz sözünü, fikrini min kilometr uzaqdan belə tanımaq imkanına malikdir.
Diqqətimizi çəkən köçürmələr aşağıdakı mülahizələrimizin mənimsənilməsindən başlayır: "Sosyalizm realizminde dayatılan çerçevenin kalıplarını Deli Kür romanında kıra bilen İsmail Şıhlı belirlenen cizginin dışına çıxmayı bacarır. Eserde hem seçilen konu, hem de hadiselerin ilerileyişi müellifin xarakter yapısına uyğun olduğundan sonrakı eserlerinde de bu yaklaşımını sürdürmüşdür. Deli Kürün akabinde Şıhlının kaleminden çıkan gerek Efsaneler və Revayetler kitabı ilə, gerekse Qızıl İlan və Namus Kaçağı hikayelerinde milli hafizanın ürünü olan hususiyyetler ön plandadır" (A.Morkoç. Göstərilən mənbə. s.214). Bu fikirler orijinal deyildir. Bizim yazdıqlarımızın kopyasıdır. Orijinal isə aşağıdakı kimidir: "İ.Şıxlı sosrealizmin mövzu standartlarını ancaq "Dəli Kür"də tamam qıra bilmiş, həm də mövzuya dövrün yox, iç dünyasının istəyi ilə girişmiş və bədii həll vermişdir... "Dəli Kür"də seçilən mövzu, qoyulan problemlər ruh etibarı ilə ona yaxın olduğu üçün yaradıcılığının sonrakı mərhələsində də o, bu mövzuya sadiq qalmışdır. Onun "Dəli Kür"dən sonra yazdığı "Əfsanələr və rəvayətlər" silsiləsindən olan əsərlərində də, "Qızıl ilan", "Namus qaçağı" hekayələrində də etnik yaddaşdan gələn xüsusiyyətlər aparıcıdır" (T.Salamoğlu. Müasir Azərbaycan ədəbiyyatı. Bakı, 2012, s.174).
Bizdən verilən kiçik bir sitatdan sonra yenə də köçürmə halı səhifələrlə davam edir. Əlbəttə, bu yazıda o köçürmə hallarının hamısını vermək imkan xaricindədir. Lakin bir neçə sitat verməklə mənzərə haqqında təsəvvür yaratmağa çalışacağıq. Köçürmənin daha bir faktına diqqət yetirək: "Milli gelenek və göreneklerin şekillendirdiği toplum hayatının artıq yavaş-yavaş degişmeye başladığı anlatılır. Deli Kürün konusunu temel olaraq degişme kavramı üzerinde kurgulayan Şıhlı degişmenin ortaya çıxardığı farklılık və yenilikleri anlatır. Binlerce yıllık sürecin ardından milli varlığın şekillendirdiği Azerbaycan toplumunun hayat tarzına sömürgeci Çarlıq rejiminin müdahale etmesi estetik çerçevede tasvir edilir. Çar hükümetinin Azerbaycanda hem siyasi, hem de ekonomik alanda sürekli güc kazanması somut tablolar halinde gözler önüne sezilir. Böylece dönemin toplumsal ilişkiler ağı realist çizgilerle aksettirilir. Eserde kırsal kesim insanının psikolojik ve etnografik hususiyyetlerinin yani sıra halkın sosyal, milli, manevi yönlerden gelişmesi roman formu içinde ele alınmıştır. Tarihi süreç göz önünde bulundurularak eski ile yeninin amansız mücadelesi aks ettirilir" (A.Morkoç. Göstərilən mənbə. s.214).
Bu parçada bizim fikirlərimiz iqtibas olunmuş, özününküləşdirilmişdir. Bəlkə də, heç bu iqtibas deyil, fikirlərimizin türkcəyə çevrilmiş variantıdır. Bütün hallarda istinasız olaraq hər bir cümlədə ifadə olunan fikrin əsasında bizim sözümüz dayanır. Həmin iqtibasın, yaxud köçürmənin orijinalı aşağıdakı kimidir: "İ.Şıxlı romanının mövzusunu "dəyişməyə doğru gedən" zamandan götürür və onun obyektiv səciyyəsini verməyə çalışır. İlk növbədə, milli varlığın min illər ərzində formalaşan həyat tərzinə müstəmləkəçi rejimin - çar hökumətinin, roman qəhrəmanlarının dili ilə desək, "divan-dərə"nin bütün gücü ilə nüfuz cəhdi bədiiləşdirilir. Romanda çar hökumətinin Azərbaycanda siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinin konkret mənzərələri əks olunmuşdur. Bu mənzərələr həmin dövrün ictimai-siyasi münasibətlərini dolğun və tam obyektiv əks etdirir. Yazıçı romanda çar hökumətinin Azərbaycana gəlişinin, burada möhkəmlənmək niyyətlərinin bütövlükdə müstəmləkəçi xarakter daşıdığını və milli varlığa qarşı çevrildiyini əks etdirir" (T.Salamoğlu. Göstərilən əsəri. s.175).
Bundan sonra bizim romanda çar hökumətinin Azərbaycana XIX əsrin ilk onilliklərindəki nüfuzunun müstəmləkəçi xarakteri, Göytəpə camaatının kazakların yerli camaata necə zülm etmələri, atdöşü edib aparmaları ilə bağlı xatırlamaları, kənd camaatına münasibətin metaforik planda Azərbaycanı simvollaşdırması, kəndin ətrafındakı meşənin qoruğa çevrilməsi məsələsi ilə bağlı pristavın kəndə gəlişi, camaatı yığaraq meşənin qoruq elan edilməsini onlara çatdırması, camaatın narazılığı və etirazı ilə əlaqəli təhlillərimiz A.Morkoçun məqaləsində onun öz fikirləri kimi təqdim edilir. Bütün bu proseslərin təhlili zamanı romandan gətirdiyimiz sitatların sonunda mənbə kimi bizim "Müasir Azərbaycan ədəbiyyatı" kitabı göstərilir. "Tədqiqatçı" elə bir gediş edir ki, sanki ancaq romandan parçaları bizim kitabdan götürüb, halbuki bu sitatlar arasında kitabın, heç olmasa, üç səhifəsini öz yazısına köçürür.
Bütün bu "köçürmələr"də ifadə olunan fikirlərin hamısı bizimkidir. Lakin Morkoç həmin fikirləri öz sözləri ilə ifadə edir. "Dəli Kür" romanı ilə bağlı bizim fikirlərimizin başına açdığı "oyun"u təsəvvür etmək üçün aşağıdakı parçalara diqqət yetirmək kifayətdir.
A.Morkoçda: "Böylece Molla Sadık karakteri İsmail Şıhlının kaleminden milli edebiyata müspet hüsusiyyetleriyle dahil edilir. Başka bir ifadeyle molla tipi Sovyet yönetimi yıllarında olumsuz nitelikleriyle öne çıkan molla tipinin temsilçisi Molla Sadık ile Cahandar ağanın aynı düşüncede birleşmesi milli bilinçteki gelişmeyi gösterir. Gerçekte çoğunluqla birbiriyle zit fikirlere sahib köy halkı, Pristavın niyetini sezdiklerinde milli birlik ve sömürgeçi yönetime karşı çıkma düşüncesinin tesiriyle ortak noktada birleşir və birbirine sahib çıkarlar. Sovyetler Birliğinin kuruluşunu takiben idareçilerin direktifiyle ataerkil feodal topluma sistematik hücumların başladığı bilinmektedir. Eleştiri hedefine konan eski toplum yapısına yönelik ironik və satirik yaklaşım dikkat çekmiştir. İsmail Şıhlının eserleri incelendiğinde bu sert yaklaşımı tercih etmediği anlaşılmaktadır (Salamoğlu, 2012, 179)" (A.Morkoç. Göstərilən mənbə. s.217).
Belə bir təsəvvür yaranır ki, A.Morkoç bizim kitabımızdan böyük bir sitat verir, mənbəyini də səhifəsinə qədər göstərir. Birincisi, bu sitatda ifadə olunanlar bizim kitabda 179-cu səhifədə yox, 177 və 178-ci səhifələrdə yer alır. İkincisi, mənbə elə göstərilir ki, bizim fikirlərimiz harada başlanır, harada qurtarır, bilinmir. Hansı cümlənin bizə, yaxud Morkoça aid olduğunu müəyyənləşdirmək müşkülə çevrilir. Əslində sitatda və sitatdan qabaq və sonrakı fikirlərin hamısı bizim kitabımızdan iqtibas olunub, özününküləşdirilib.
Məsələn, sitatın başlanğıcında verilən cümlələr 178-ci səhifədən iqtibas olunub. Əsli belədir: "Molla Sadığın xarakterində sosrealist estetikadan gələn məqamlar var. Bu məqamda onun obrazı bizə tamamilə tanışdır. Biz oxuduğumuz sosrealist ədəbiyyatda molla həmişə xalqı geriyə çəkən, qaranlıq mühitdə saxlamaq istəyən varlıq kimi təqdim olunub. Lakin camaata məxsus meşənin onların əlindən alınmasına, başqa sözlə, milli mənafeyin tapdalanmasına qarşı çıxıb (həm də yüksək hökumət dairələri səviyyəsində), haqqı müdafiə edən və bu zaman şəxsi mənafeyini arxa plana keçirən molla obrazı - Molla Sadıq obrazı ədəbiyyatımızda yenidir" (T.Salamoğlu. Göstərilən əsəri. s.178).
A.Morkoçun "Dəli Kür" lə bağlı təhlillərinin başdan-başa bizdən köçürmə olduğunun təkzibedilməzliyinin bir faktı da budur ki, onun yazısında romandan nə qədər parça verilmişdirsə, hamısı bizim verdiyimiz sitatlardır. Həmin sitatların hər birinin sonunda bizim kitabımız mənbə kimi göstərilir. Onun təhlillərində irihəcmli bir romana müstəqil şəkildə heç bir istinad yer almamışdır. Bu faktın özü yazı "müəllifi"nin romanla tanış olmadığı, onu oxumadığı haqqında təəssüratı qaçılmaz edir. Düşüncəmizdən keçir ki, o, bu yazını müstəqil elmi qənaətlərin nəticəsi kimi yox, tərtib edərək ərsəyə gətirmişdir. "Ölən dünyam" romanının təhlillərində qarşılaşdığımız daha acınacaqlı səhnə bizim bu qənaətimizi bir daha möhkəmləndirir.
Bəllidir ki, hər bir əsərin ideya-estetik xüsusiyyətlərini açmaq üçün mətnə müxtəlif istiqamətlərdən nüfuz etmək olar. Bu, tənqidçi və yaxud ədəbiyyatşünasın bədii mətnə elmi nüfuzunun "açar"ı kimi müəyyənləşdirdiyi bir xüsusiyyəti önə çıxarması ilə gerçəkləşir. Biz də "Ölməz sənətkarın ölən dünyası" adlı məqaləmizdə "Ölən dünyam" romanından bəhs edərkən, fərdi üslubumuz üçün büsbütün səciyyəvi olan bu cəhətdən çıxış etmiş, elmi təhlilə müəllifin romana yazdığı "Müəllifdən" adlı "giriş sözü"nü analiz edərək başlamışıq. Həmin "giriş sözü"ndən məlum olur ki, İ.Şıxlı "Dəli Kür"dən sonra keçən əsrin iyirminci illərinin hadisələrini bədii təhlilin mərkəzinə çəkən bir roman yazmaq məqsədində olmuş, hətta əsərinin adının "Qanlı təpə" adlanacağını oxucuların nəzərinə çatdırmışdır. Bizim təhlilimizdə İ.Şıxlının bu romanı yazmadığı, yazmamasının səbəbləri haqqında fikirlər yer alır. Milli müstəqilliyimizə qovuşduğumuz ilk illərdə isə müəllif məqsədini həyata keçirmək üçün şəraitin yarandığını düşünərək nəzərdə tutduğu mövzuda əsərini yazır və onu "Ölən dünyam" adlandırır (Geniş bax: T.Salamoğlu. Müasir Azərbaycan ədəbiyyatı. s.199-200).
A.Morkoçun "Ölən dünyam" romanına verdiyi təhlillər eynən bu məqamların önə çıxarılması ilə başlayır. İlk baxışda bu, qanunauyğun görünə bilər. Yəni düşünmək olar ki, A.Morkoç da, T.Salamoğlu da "Ölən dünyam"ın "giriş sözü"nə istinad etmişdir. Bəli, "giriş sözü"nə ayrı-ayrı müəlliflər istinad edə bilər. Lakin bu istinad heç bir halda eyni fikirlərin, eyni cümlələrin, eyni qənaətlərin ortalığa çıxmasına gətirib çıxara bilməz. Ancaq A.Morkoçun "Müəllifdən" adlı "giriş sözü"nə istinadı bizim fikirlərimizin təkrarından zərrə qədər də kənara çıxmır. A.Morkoç bu məqamda da manevr edib, köçürmələrini ört-basdır etməyə çalışır. Belə ki, bizim "giriş sözü"ndən verdiyimiz sitat ilk mənbəyə istinadla bir qədər geniş şəkildə təqdim edilir. Onun məqaləsində yer alan ilk tezislərin "orijinallığı" ancaq bundan ibarət olur. Həmin tezislərin köçürmə olduğunu birmənalı şəkildə təsdiq edən bəzi məqamlara diqqət yetirək. Bizim romanla bağlı fikirlərimizin başlanğıcında belə bir qənaət yer alır:
"Bu şəraitdə yazacağı romanın tariximizin həmin dövründən bəhs edən məlum əsərlərdən bir o qədər də fərqlənməyəcəyini duyur. Yazmaq xatirinə yazmaq isə onu təmin etmir" (T.Salamoğlu. Göstərilən əsəri. s.199).
Bu tezis A.Morkoçda aşağıdakı şəklə düşür: "Bu durum karşısında kaleme almayı planladığı müstakbel romanın o yıllarda basılan diğer sıradan romanlardan farklı olmayacağı kanaatine varır ve eseri yazmaktan vaz gecer" (A.Morkoç. Göstərilən mənbə. s.218)
Tezisin köçürüldüyü, yəqin ki, heç kimdə şubhə doğurmaz. Ancaq olsun ki, köçürmənin təhriflə nəticələndiyi oxucuların diqqətini çəkməsin. Həmin təhrifə diqqət yetirək. Biz İ.Şıxlının yazmaq istədiyi romanın "tariximizin həmin dövründən bəhs edən məlum əsərlərdən" fərqlənməyəcəyi qənaətindən danışırıq. Bizim bu qənaətimiz A.Morkoçda "o yıllarda basılan diger sıradan romanlardan farklı olmayacağı" şəklində ifadə olunur. Bu, mahiyyətin dərk olunmaması və buna görə də təhrif edilməsinin nəticəsidir. Azərbaycan ədəbiyyatşünaslarına çox yaxşı məlumdur ki, tariximizin həmin dövründən bəhs edən əsərlər 30-cu illərdə yazılmış inqilabi mövzuda əsərləri nəzərdə tutur. A.Morkoç isə söhbətin nədən getdiyindən xəbərsiz olduğu üçün "o yıllarda basılan diger sıradan romanlardan" bəhs edir. "O yıllar" ifadəsi "Dəli Kür"ün yazılmasından sonrakı illəri - 70-80-ci illəri nəzərdə tutur ki, bu da kobud elmi səhvdir.
A.Morkoç "Ölən dünyam" romanının yazılmasını "1980 ilə 1990 yılları arasında toplumsal şartlar"ın dəyişməsi ilə izah edir (A.Morkoç. Göstərilən mənbə. s.218) ki, bu fikir də nöqtəsi nöqtəsinə bizim mülahizəmizin mənimsənilməsinin nəticəsidir. Bizim mülahizəmiz aşağıdakı kimidir. "İyirminci əsrin 80-90-cı illərində ictimai-siyasi proseslərin sürətlə dəyişməsi, milli özünüdərkin cəmiyyət həyatına nüfuzu, milli müstəqilliyin əldə edilməsi onu düşündürən konkret tarixi mərhələ və onun problemləri ilə bağlı öz sözünü demək üçün yazıçının qarşısında yeni üfüqlər açır" (T.Salamoğlu. Göstərilən əsəri. s.199-200).
A.Morkoçun roman mətninə müdaxiləsi aşağıdakı cümlə ilə başlayır: "Ölen dünyam romanının ana ekseninde 1920-li yılların hadiseleri yer alır" (A.Morkoç. Göstərilən mənbə. s.219). Bu cümlə bizim fikrimizin şəklini qismən dəyişmiş məzmunudur: "Romanda bədii təsvirin mərkəzində 20-ci illərin hadisələri durur" (T.Salamoğlu. s.200). Bunun ardınca bizim mətndə belə bir cümlə yer alır: "İlkin planda önə çəkilən və əslində axıra qədər izlənilən mənəvi-əxlaqi kontekstin açılmasında bu süjet xətti aparıcı rol oynayır" (s.200-201). Həmin cümlə Morkoçda aşağıdakı şəklə düşür: "Yazar, romanın şahıs kadrosunu manevi ve ahlaki özelliklerini de gözeterek başarıyla kurgulamıştır" (A.Morkoç. s.219).
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!