Tanpınar - zamanın nə içində, nə də dışındaydı... - Orxan SAFFARİ

 

Nəinki XX əsr Türk ədəbiyyatını, ümumən dünya ədəbiyyatını onsuz təsəvvür etmək mümkün deyil. Söhbət, əlbəttə, həm də böyük fikir adamı olan Ahmet Hamdi Tanpınardan gedir.

Onu heç təkcə bir istiqamətdə təhlil etmək də mümkün olmur. Yəni, yazının bir neçə formasında; şeirdə, essedə, hekayədə, romanda möhürünü vurmuş, birmənalı olaraq yenilikçi olan bu yazıçını, həm də dövrünün fəlsəfi yazıçısı adlandırmaq olar.

Təkcə romanlarının mövzusu yox, ümumən Tanpınar ədəbiyyatı haqqında danışsaq, bir neçə məsələyə diqqət ayırmaq lazımdır.

Əslində, Tanpınar ədəbiyyatını birləşdirən, ifadə edən nəsnələr yaxşı mənada eynilik təşkil edir: musiqi, zaman, rənglər, sevgi, ayrılıq, poetika və s. və ilaxır.

Elə özü demişkən:

"Bütün həyatım musiqi, zaman və rəngdir".

Onun şeirləri və romanlarına, dediyimiz kimi, əlbəttə, bir neçə sadalanan istiqamətdə baxmaq lazımdır. Məsələn, həm də əsas obrazı olan qadınlardan.

Daha dəqiq desək, bu qadın obrazları oxucunun qarşısına əsasən iki formada: "Ana və sevgili" kimi çıxır.

Bəs bunun səbəbi varmı?

Tanpınar anasını hələ uşaqkən - 15 yaşında itirib və özü heç vaxt evlənməyib. Əlbəttə, bu iki detal artıq özü məsələni aşkara çıxarır.

Onun qadın obrazları bəzən real olur, bəzən isə sadəcə xəyal dünyasında. Eyni ilə "Aydakı kadın" romanında olduğu kimi.

Tanpınar təkcə bu roman vasitəsilə də sevgi, xəyal dünyası, insani iztirablar, zamanın hökmü kimi məsələləri geniş mətləbdə açır.

Ümumiyyətlə, Ahmet Hamdi Tanpınar həm şeirlərində, həm də romanlarında romantikaya, özü də, xəyali romantikaya daha çox üstünlük verir. Məsələn, bu baxımdan onun əsərləri, adətən gözəllik, eşq, qadın kimi məzmunlu məsələlərə dayanır. Ancaq əlbəttə, bu məsələlər pafoslu romantika fonunda olmur. Ən böyük məsələlər belə, bunların fonunda verilir. Belə demək olarsa, onun nəsri də şeir kimidir.

Tanpınar ədəbiyyatında ən mühüm mövzulardan biri həm də "zaman" anlayışıdır. O, demək olar ki, bütün romanlarında bu xətti davam etdirir və zamanı təkcə fiziki qanunauyğunluq kimi yox, həm də insanın yaddaşı, keçmişlə münasibəti, gələcəklə bağlı qorxuları və arzuları fonunda verir.

Əslində, bununla o, eyni zamanda öz millətinin mövcud vəziyyətini vermiş olur, yenilikçilik fonunda onların öz kökləri ilə üz-üzə qaldığını göstərir.

Bu səbəbdir ki, obrazları daim iki mədəniyyət arasında var-gəl edir.

Bəli, Tanpınar yaradıcılığında ən əsas bir məqam isə, onun yaradıcılığının xüsusilə Şərq-Qərb sintezi üzərində olmasıdır. Bu, həm də Tanpınarın fərqli mədəniyyətlərlə intellektual tanışlığından irəli gəlir.

(Müxtəlif şəhərlərdə təhsil alması, fransız dili bilməsi onu ədəbi baxımdan daha da inkişaf etdirib). Bir sözlə, özü də, romanları da həssas Tanpınar, bu iki coğrafiya arasında sənətsəl var-gəl etməkdədir, Şərqlə Qərb arasında bir körpü qurmaq cəhdi onun əsərlərinin əsas mövzusudur.

Tanpınar eyni zamanda siyasi proseslərin içində olsa da, kütlə romantizminə qoşulmamış, yəni əsərlərində o vaxtlarda dominant olan siyasi konyukturaya hesablamamış, əksinə, öz iç dünyasından insanların iç dünyasına, insani münasibətlərə, dünyəvi, bəşəri məsələlərə və düşüncələrə boylanmışdır. O, bəlli olan məsələlərin içindən bəlli olmayan məsələlər verə bildiyinə görə böyük idi həm də. Bunu isə romanlarının dilinə, forma və strukturuna baxmaqla bilmək olar. Forma olaraq o, daha çox şüuraltı özünüifadəyə xüsusi üstünlük verir. Elə bu səbəb, özünə ustad bildiyi iki yazıçıdan biri də Marsel Prustdur. Bu, həm də onun əsərlərində yaddaşın estetikası kimi sezilir. Daha dəqiq, Tanpınar keçmişi yalnız nostalji ilə deyil, həm də fəlsəfi düşüncə ilə xatırlayır.

Tanpınarı intellektual yazıçı hesab etmək olar. Onun intellektuallığı romanlarda ən xırda detallara qədər görsənir. Məsələn, romanlarının əksər obrazları belə təhsilli obrazlardır. Obrazları vasitəsilə fəlsəfəyə, musiqiyə, elmə, bir sözlə, ümumi olaraq incəsənətə toxunur, digər tərəfdən isə Bergson fəlsəfəsi, Freyddən təsirlənmələr aydın şəkildə sezilir.

Ancaq bütün bu təsirlənmələri o, eyni zamanda milli-mədəni kontekstdə yoğura bilmişdi, özününküləşdirmiş və obrazlı ifadə edə biliriksə, "İstanbullaşdırmışdır".

Tanpınarın şeir təsiri isə, əlbəttə, müəllimi Yəhya Kamaldan idi.

Bəs digər romanları haqqında nə demək olar?

Tanpınarın "Huzur" romanı, II Dünya müharibəsinin astanasında İstanbulda keçir və Mümtaz, Nuran, Suat və İhsan kimi obrazlar vasitəsilə insani, ictimai, məişət narahatlıqları araşdırılır.

İnsanın özü, şəxsiyyəti ilə üz-üzə qalması, keçmişə qayıdış, dəyişən sivilizasiya, dəyərlər  fonunda insana olan təsirlər bu romanda öz əksini tapıb.

Bir cümlə (ilə) ifadə etmək lazım gələrsə, "Huzur" romanı İstanbulun mənzərələri fonunda sevgi, fəlsəfi düşüncə və cəmiyyətin dəyişməsini göstərir.

"Aydakı kadın" romanı Tanpınarın tamamlanmamış ən yaxşı romanlarındandır. Belə ki, o, uzun illər bu roman üzərində işləyib, lakin ölümündən sonra əlyazmalarından bir araya gətirilərək nəşr olunub. Bu səbəbdən, əsərdə bəzi yerlər natamam, qırıq və bəzən də təkrarlarla doludur.

Digər romanlarının əsas xətti olduğu kimi, bu romanının da mərkəzində özünü, həyatı, dünyanı sorğulayan, buna görə mənəvi böhran yaşayan gənc var. Qəhrəman özünü axtarır, tapa bilmir, loru desək, ortalıqda - zamanın və ənənələrin ortasında qalır.

Romanın adı müasir dövrün ucuz romanlarını xatırlatsa da, belə deyil. Bu ad daha çox mistik məna daşıyır. Burada "Ay", bir növ, uzaqlığı, "qadın" isə arzunu bildirir.

Müəllifin bu romanı həm də "Bildungsroman" kimi qəbul olunur. Çünki qəhrəmanın özünü tapmaq istəyir, ancaq heç vaxt tamamlaya bilmədiyi mənəvi bir yola çıxıb və bunun fonunda axtarışlar davam edir.

Ümumiyyətlə, "Tanpınar necə yazıçıdır?" deyilsə, elə məzarının üstündəki bu misranı misal gətirmək yerinə düşər:

"ne içindeyim zamanın,

ne de büsbütün dışında".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!