Çingiz Aytmatov - sakral fenomen - İFTİXAR

 

İşığı əsrlərin o üzündən daim öz parlaqlığı ilə diqqət çəkən türk mədəniyyətinin dünya sivilizasiyasında öz əhəmiyyətləri ilə insanlıq aləmini mənəvi inkişafa aparan sakral polifoniyası sanki yer və göy arasındakı hava vakuumunda elə şəkildə kristallaşa bilmişdir ki, bu gün də həmin işığın təsir prilyudiyası şüurun alt qatından ta üst qatına qədər, simfonik ahəngdarlıqla insanlıq meyarının saflaşmasına təkanlar verir, simfonik ahəng gətirir. Bu istiqamətdə mənəvi saflıq ön cərgədə dayanır. Hələ dünya sivilizasiyası formalaşmağa başlamamışdan öncə, türk düşüncə arealında, "Tanrıçılıq" ideyası bir melodik avazla türklərin vicdan kriteriyasını ahəngdar silsilədə zənginləşdirmişdi. "Budun"ların rəhbərləri Tanrının izni və verdiyi xeyir-dua ilə təyin olunurdu. Bunun üçün Tanrıdan gələn güc, qüvvət, ağıl kimi liderliyin əsaslarını təmin edən meyarlar seçilmişlərdə parlaq şəkil alırdı və bütün əhali də həmin meyarlara inam göstərirdi. Məhz belə meyarlar türk etnosunun ənənələrinə uyğun demokratik, sivil yanaşmalar məhvərinin ideal prinsiplərini bu gün də öz saf təşnəsində hər an yoğurur və ictimai proseslərdə davam etdirir. Ona görə də Törə Türkün bütün zənginliklərdən üstün hesab olunan, heç bir süni ideologiyaya dəyişdirilməyən ülvi, toxunulmaz, müdaxilə edilə bilinməz, mövqeləri dəyişməyə imkan verməyən, müqəddəs bir enerji, ideal bir məfkurədir!

Tarixi qaynaqlara nəzər yetirdikcə, aləmdə, türk milli-mənəvi dəyərlərinin böyük abidələrində qorunub saxlanan həmin ülviyyət və müqəddəs toxunulmazlıq ideyaları qlobal dünyanın inkişaf yolunda istər-istəməz öz təsir gücünü göstərir. "Qaya yazıları və rəsmləri"; "Qəbir daşlarındakı rəmzlər"; "Qəbirlərdə hər bir insanın kimliyini təsdiq edən detallar, elementlər"; "Silah-sursatlara həkk olunan işarələr", "Daş kitabələr", "Ağız ədəbiyyatı", "Nağıllar", "Dastanlar, "Əfsanələr", "Əsatirlər", "Milli şüurun inkişafını daim tənzimləyən Qan yaddaşı" və s. türk sənət dünyasında sadalanan bütün elementlər geninə-boluna dissipativ (səpilmə) şəkil alaraq bifurkativ (yeni istiqamətlərə ayrılma) mərhələyə qədər inkişaf etmişdir və bu gün də həmin inkişaf məhz özünün bünövrəsindən aldığı ənənələrlə yeni dünyanın şərtlərinə uyğunlaşdırılmaqla daim iti hərəkətdədir və inkişafdan heç vaxt geridə qalmır.

Bütün dövrlərdə milli kimliyini özü üçün ən qiymətli meyar hesab edən türkün qəhrəman oğulları, xüsusən də ədəbiyyat və sənət nümayəndələri sadalanan meyarlar təşnəsindən öz dərsini almaqla, məhz ənənələrin qorunmasını özü üçün etalon hesab etmişlər. Həmin nümayəndələrin ən parlaq simalarından biri də qırğız türk övladı Çingiz Aytmatovdur.

Çingiz Aytmatov dövrünün ən parlaq İnsanlarından biri, ictimai-siyasi və dövlət xadimi, diplomat, nəhayət, dünya klassikləri miqyasına yüksəlmiş sadə türk oğlu olmaqla, türk ədəbiyyat və sənət dünyasının misilsiz şəxsiyyətidir. Çingiz Aytmatovun yaradıcılığı nə qədər sinergetik təsirə malikdirsə, bir o qədər də qeyri-səlis zənginliklə öz dövrünün bütün yaradıcı nümayəndələrini qabaqlaya bilən böyük fikir və ideyalar, sağlam düşüncə və məfkurələr fenomenidir.

Ç.Aytmatovun yaradıcılığındakı milli kolorit onun əsas prinsipidir. Məhz milli koloritin müasir baxış bucağından dünyaya açılması əsasları ilə Ç.Aytmatov böyük ədəbiyyatın etalon yazıçısı miqyasında özünü ifadə edə bilən bir sənətkar olaraq dünya ədəbiyyatında mühüm yer tuta bildi. Onun təfəkkür dairəsi, düşüncə paradiqması türk fəlsəfi kodeksləri qapsamında milli çalarların sirayət mexanizminə çoxprinsipli enerji bloku yerləşdirə bilmişdi. Həmin enerjinin təsir qüvvəsi milli, mənəvi və sakral ülviyyətlə özünütəsdiq platformasına qalxdı, həmin platformadan dünya ədəbiyyatı inciləri sırasına öz ədəbi imzasını həkk etdi.

Türk milli kimliyinin yaratdığı sənət dühasının qədim dövr bazasından geniş qaynaq alan böyük türk yazıçısı, dünya bədii təfəkkür sisteminin zənginləşməsində özünəməxsus milli rəmzli naxışları ilə seçilən və həmin rəmzləri dünya sənət aləminin xalısına toxuyan, ədəbi incilərini sanki dünya ədəbiyyat və ümumən sənət qalereyasının salnaməsinə nəqş edən Ç.Aytmatov elə bir mühit, atmosfer yarada bildi ki, istər-istəməz monumental sənətkarlar sırasında arxayınlaşa bildi.

Təbii ki, Ç.Aytmatovun yaşadığı dövrün zülmət gətirən ictimai-siyasi mühitinin qaranlıq bir zamanında onun qədim tarixi köklərə malik milli-mənəvi dəyərlərindən qopub gələn impulslar sənətə daha açıq gözlə baxması üçün ruhunu motivasiya edirdi və milli-mənəvi dəyərlərin sakrallığı, qorunub saxlanılması onu daha dərindən düşündürürdü. Ona görə də ədibin bütün əsərləri bir hadisə kimi yaranırdı.

"Əsgər oğlu", "Oğulla görüş", "Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik", "Dəhnəçi", "Ağ yağış", "Quraqlıqda", "Qızıl alma", "Baxiana", "Əbədi gəlin" və s. hekayələri, "Üz-üzə", "Cəmilə", "Ana tarla", "Erkən gələn durnalar", "Köşək gözü", "İlk müəllim", "Əlvida, Gülsarı", "Dəniz kənarıyla qaçan alabaş",  "Qırmızı yaylıqlı qovağım mənim", "Ağ gəmi" povestləri, "G?n var ?sr? b?rab?r", "Qiyamət", "Kassandra damğası", "Əbədi gəlin" romanları, "Fuji - Yama", "Sokratı anma gecəsi" pyesləri dünya ədəbi mühitində işıq selinə bənzəyir.

Sənətkarın "Manqurt" əsəri milli kimliyini unudanların ölüm hökmünü imzalamaq məqsədinə xidmət edir. Həm də sosialist rejiminin qaniçən ideologiyasının can verən bir zamanında, daha doğrusu, ətrafını vurub dağıtmaq havasında olduğu acıqlı bir vaxtında, 1990-cı ilin ən kəskin zamanlarında belə bir əsərin ərsəyə gəlməsi böyük cəsarət tələb edən, həm də öz milli kimliyi uğrunda canından keçməyə hazır olan bir nəhəng mənəviyyat sahibinin qələm məhsulu idi. Ç.Aytmatov hələ gənclik dövrlərindən, bilə-bilə ki, belə mövqe təhlükəlidir, bu cür yanaşmalar sovet ideologiyasının dəmir zəncirlərini kəsməyə qalxış hökmüdür və bu hökm onu dar ağacına apara bilər. O, heç vaxt mövqeyindən kənara çıxmadı. Məhz belə cəsarətli mövqeyi ilə də sovet ədəbiyyatı nəzəriyyəsi sisteminin üzərindən iti sürətlə keçərək daha yüksək mərhələyə ucaldı və həmin ucalıqdan onu sala biləcək, ümumiyyətlə ona əli çata biləcək ulu bir qüvvənin görünmədiyi özünü göstərdi. Çünki Aytmatov daha ulu miqyas sahibi idi.

"Manqurt" fəlsəfəsi fonunda öz milli kimliyini itirən şüursuzların ifşasına xidmət edən bu əsərin ideya-məzmunu, qayəsi təkcə həmin manqurtların qınağına, tənqidinə istiqamətlənməmişdi, bu əsərin ideyası həm də milli kimliyin sakral, saf, müqəddəs, ülvi məziyyətlərinin tarixi keçmişlərə söykənən fundamental bünövrəsinə sədaqətliliyin aşılanması idi. Doğrudur, sovet ideologiyası başqa millətlərin belə yanaşmalarına kəskin nəzərlərlə baxırdı, xüsusən də türk milli məfkurəsini yaşadan türkdilli xalqların nümayəndələrinə... Lakin məhz bu cür kəskin nəzərlər altında belə mövqe tutmaq, yalnız Aytmatov miqyaslı düşüncə sahibinə xas xarakter idi. Çünki Çingiz Aytmatov İnsan idi - böyük ideyalar daşıyıcısı olan, insanlara, cəmiyyətə, milli keçmişinə, insanlığa və insanlıq meyarına inanan, ona söykənən və insanlıq missiyası daşıyan İnsan idi. Bu möhtəşəm xarakteri ilə Çingiz Aytmatov yüksək insanlıq zirvəsinə yüksəlmişdi və ucadan boylanmaq iqtidarını yüksək mənəvi dəyərləri və böyük zəhməti hesabına qazana bilmişdi. O nəhəng İnsanın böyük oğlu Eldar Aytmatov deyir ki: "Atam hər zaman insanın insana, insanın təbiətə və insanın öz keçmişinə qarşı məsuliyyətini önə çəkirdi. Bu mesajlar, bu gün yaşadığımız qlobal böhranlar fonunda daha da əhəmiyyətlidir". Məhz Ç.Aytmatov öz soyuna-kökünə, türkçülüyünə çox həssas hisslərlə və qopmaz tellərlə bağlı idi.

"Nənəmin ziyalı işığından keçdim" fəlsəfəsi Çingiz Aytmatovun ideal prinsiplərinin fenomenal bütövlüyünün, milli kimliyinə, qan yaddaşına və qədim keçmişə dayanan ənənələrinə bağlılığının təzahürüdür. Çünki sakrallığın yuvası, onun əsrarəngiz, ideal işıq seli məhz nənələrimizin, babalarımızın ruhundan süzülən zəngin ziyasındadır. Bu məqamda ata nənəm Güllər anamı, ana nənəm Lala anamı, Məhəmməd və Cəlil babamı xatırlamaya bilmirəm. Çünki, nədənsə həmişə mənə də elə gəlib ki, mən məhz onların işıq selinin tozuyam. Zənnimcə, Aytmatovun "nənəmin ziyalı işığından keçdim" məfkurəsi, ümumən belə bir fikir aşılayır və təlqin edir ki, ümumiyyətlə "Baba, Nənə, Ata, Ana" fenomenləri türk mifologiyasının şah damarında milli mənliyin əbədiliyini qoruyan köpükcüklər kimi daim qalxışdadır və dövr edir. Onlar bizim sadəcə dünənimiz deyil, dünənimizin gələcəyə yol açan obrazları, sökülüb dağılmaz, möhtəşəm abidələridir! "Baba, Nənə, Ata, Ana" fenomenləri bizə qan yaddaşımızın hüceyrələrini ötürən, ruhumuzun kimlik çərçivələrinə genetik xüsusiyyətlərimizi toxuyan qüdrətdirlər və bizə də həmin qüdrətdən aldığımız güclə, ziyayla sabaha açılan pəncərədə öz yolumuzu nizamlamağı və aldıqlarımızı gələcək nəsillərə ötürmək kimi ali missiyanı şərəflə daşımağımızı təlqin edən Ulu dəyərlərdir. Məhz Çingiz Aytmatovun öz dövrünün sənət mühitindən daha yüksək müstəviyə ucalmasının əsas mahiyyəti də onun bu cəhətdən fövqəladə zəngin düşüncə sahibi olmasıdır.

Çingiz Aytmatov kökünə o qədər bağlı idi ki, yaradıcılığında dünyəviliklə yanaşı, milli kolorit prinsipi paralellik təşkil edirdi. Daha doğrusu, dünyəviliyə milli təfəkkürdən baxır, dünyəviliyi milli koloritlə rəsm etdirirdi.

Ona görə də "Manas" dastanı Çingiz Aytmatovun qəlb kitabı, ürək eposu idi...

...Yadımdadır, 1997-ci ildə səhnəsində yaradıcılıq fəaliyyətimə başladığım Akademik Milli Dram Teatrında ədibin M.Şaxanovla birgə qələmə aldığı "Sokratı anma gecəsi" pyesinin məşqlərinə başlandı. Bütün kollektivin üzvləri bu əsərdə oynamaq eşqində idi. Səbirsizliklə rol bölgüsünü gözləyirdik. Əmrin divara vurulduğu anda sevinənlərlə məyus olanları ayırd etmək olmurdu. Hamı çaşqınlıq içində idi. Sevinənlərlə məyus olanlar bir-birinə qarışmışdı. Mən sevinənlər arasında idim. Əsərdə mənə Talap obrazı verilmişdi. Məşqlərimiz çox intensiv və səmərəli keçirdi. Mən Talapı sevərək məşq edirdim. Sanki mən Talapı ərsəyə gətirməkdən daha çox, Talapın timsalında türk dünyasının eşqini yaşayırdım. Həm də adı dillərdə dastan olan Çingiz Aytmatov qəhrəmanının hisslərini, duyğularını yaşamaqla...

Səbirsizliklə premyera gününü gözləyirdik. Tamaşanın premyerası anşlaqla keçdi. Yadımdadır ki, bəzi tamaşaçılar tamaşanın quruluşundan daha çox, Çingiz Aytmatov qələminin məhsulunu görmək eşqi ilə teatra üz tuturdular. Tamaşanın təsiri ilə milli-ideoloji-türkoloji anlayış bir-birinin içindən keçən mühüm və maraq doğuran hadisə kimi yaddaşlara yazılırdı.

Mən Çingiz Aytmatov haqqında, onun bir insan kimi məziyyətləri barədə, nə qədər dərin idrak sahibi olmaqla yanaşı, bir o qədər də sadə insan olduğunu unudulmaz şairimiz, Ç.Aytmatovun yaxın dostu, həm də onu illah dərəcədə sevən mərhum Şahmar Əkbərzadədən dinləmişəm. Şahmar müəllim özü son dərəcə maraqlı insan, ədəbiyyat nümayəndəsi, istedadlı şair idi. Çingiz Aytmatovla dostluğundan, "İssıkkul" gölünün kənarında keçirdikləri gözəl günlərdən, onunla həmsöhbət olmaqdan aldığı ləzzətdən ağızdolusu danışdığını və mənim də heyranlıqla dinlədiyimi heç vaxt unuda bilmirəm. Şahmar müəllimin söhbətləri, ümumiyyətlə elə poetik təzahürdə idi ki, adama elə gəlirdi, elə bil poeziya aləminə düşürdün. Şahmar müəllim danışarkən, sanki Çingiz Aytmatov haqqında şeir söyləyirdi və Şahmar Əkbərzadə Çingiz Aytmatovu sakral, müqəddəs insan kimi xarakterizə edirdi.

Biz öz gəncliyimizdə Azərbaycandan Çingiz Aytmatova baxarkən onu təkcə qırğız türkü kimi deyil, ümumtürk dünyasının fenomeni kimi görürdük və bu gün də bu belə görünür, hər zaman da bu görünüş öz ideal təcəssümünü qoruyub saxlayacaqdır. Çünki Çingiz Aytmatov miqyası məhz o yüksəklikdən bərq vurur. Onu qırğızlar öz yazıçıları, sənətkarları hesab etdikləri qədər, digər türk xalqları da, hər biri özlərinə məxsus şəxsiyyət, sənətkar kimi dəyərləndirirlər. Bu, başqa cür də ola bilməz. Günümüzdəki aktuallıq təşkil edən milli birlik, soy-kökə bağlılıqla dönüş prosesi də məhz bu ideyanın prioritetidir. Ulu öndər Heydər Əliyev: "Dünya ədəbiyyatı xəzinəsinə görkəmli əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir", - deyə, bu fikirlərin həqiqətini isbatlamışdır.

Bu fikrin isbatı başqa bir faktla daha dərin məzmun alır. Belə ki, Müstəqil Azərbaycan Respublikası tərəfindən ilk dəfə təsis olunan "Dostluq" ordeninin ilk nümunəsi ilə Çingiz Aytmatov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmana əsasən 2008-ci ildə təltif olundu və daha sonra Bakının ən mötəbər yerlərindən birində böyük sevgi ilə görkəmli sənətkarın abidəsi ucaldıldı.

TÜRKSOY-un sabiq baş katibi Dyüsen Kaseinov belə demişdi: "Türk dünyası - hər şeydən əvvəl mənəvi dünyadır! Bu postulatı böyük qırğız yazıçısı Çingiz Aytmatov öz əsərləri ilə təsdiq etdi". Biz isə belə fikirdəyik ki, Türk təfəkküründə Sakrallıq insan dünyasının ən müqəddəs məqamı, saf və ülviyyət fenomenidir. Mifologi aləmdə də sakrallıq xüsusi mərhələdir. Eposlarımızın, əsatirlərimizin, nağıl, dastan qəhrəmanlarımızın bütün üstün keyfiyyətləri onun sakral aləmə bağlılığını işarələyir. Bizim düşüncəmizə, təfəkkür dünyamıza görə, məhz Çingiz Aytmatov da sakral İnsandır! Eynən: Manas, Alpamış, Dədə Qorqud, Nizami Gəncəvi,  İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi, Əlişir Nəvai, Məhtimqulu Fəraqi, Abay Kunanbayev və sairləri kimi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!