Ədəbiyyatşünaslıq elminin Rəhim Əliyevi - Qiymət MƏHƏRRƏMLİ

 

Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir.

 

 Seneka

 

Rəhim Əliyevi çoxdan tanıyıram. Tanıdığım müddətdə də gəldiyim qənaət bu cürdür: hər zaman mənə elə gəlib ki, o, görkəmli ədəbiyyatşünas-alimimiz Yaşar Qarayevin əkiz tayıdır. Nədən ki, elmi kitablarını oxuduqca tədqiqatlarında ədəbiyyatşünaslıq terminlərinin çeşid zənginliyi, dil və üslub məsələsi, elmi problemlərin çözümü istiqamətində aparılan araşdırmaların mürəkkəbliyinə baxmadan məsələnin həlli istiqamətində ürək və can yanğısıyla dünya ədəbiyyatşünaslığı səviyyəsində aparılan tədqiqatların nüvəsinə enmək bacarığı məni təəccübləndirib sözün yaxşı mənasında. Yalnız indi - qismətdən bu böyük insanın rəhbərlik etdiyi şöbədə çalışmağa başladığım bir ilə yaxın müddətdə bilmişəm ki, onun dissertasiya müdafiəsi zamanı elmi rəhbəri məhz professor Yaşar Qarayev olub. Maraqlıdır, yorulmadan apardığı elmi axtarışlar, bu axtarışların məntiqi nəticəsi kimi ortaya çıxan sanballı elmi əsərlərin hər birində Yaşar Qarayev səviyyəli elm xadiminin ustad dəst-xəttini, pozulmaz izlərini müşahidə etmək mümkündür.

Doğrusu, AMEA Əlyazmalar və Folklor İnstitutlarında çalışdığım vaxtlardan fərqli olaraq, yaşımın bu yetkin dövründə birdən-birə AMEA-nın prezidenti İsa Həbibbəylinin verdiyi əmrə əsasən, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəyişilməyim, həm də məhz Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləməyimə qərar verilməsi məni xeyli duruxdurdu. Necə olacaq? Uyğunlaşa biləcəyəmmi? Həm də bu, başqası deyil, elm aləmində öz sözünü yetəri səviyyədə demiş və izini qoymuş görkəmli ədəbiyyatşünas, yazıçı Rəhim Əliyevdir.

Uzaqdan nə qədər tanısam da, elmi cameənin böyük hörmətini qazanmış, nüfuzlu elm xadiminin, tələbkar alimin rəhbərliyi altında işləyib özünü doğrultmaq asan məsələ deyil axı! Lakin günlər günləri əvəzlədikcə, fikrimdə yanıldığımı hiss etməyə başladım. Əksinə, mehriban, qayğıkeş, səbirli, eyni zamanda yetərincə hövsələsiz (nə vaxt özündən çıxacağı və nə zaman yenidən öz əvvəlki əhvalına qayıdacağı bəlli olmaz - Q.M.), bununla belə, səbatlı, güləş çöhrəli bu elm və ədəbiyyat adamının rəhbərlik etdiyi şöbənin əməkdaşı olmaq aqibətini yaşamağa başladım. Burada hər şey mənimçün həm yeni, həm də maraqlı idi: iş otağına girəndə güclə eşidilə biləcək səslə işçilərə salam verib, yumşaq addımlarla, lakin cəld yeriyərək, birbaşa iş stolunun arxasına keçir. Stolun üzərində tanış olması, yaxud imza atılması üçün qoyulan kitab və sənədləri əlinə alıb gözucu nəzər yetirməklə yanaşı, kimsəyə sezdirmədən özünü "məşğuldur" kimi göstərsə də, qəfildən müzakirə olunan məsələyə fikir bildirməsi ilə, sanki "bu, hamının baş vura biləcəyi kol deyil, hərə öz işiylə məşğul olsa, yaxşıdır" mesajı verir. Məsələnin bu tərəfi də var ki, hərəni öz dilində danışdırması onu əməkdaşların sevimlisinə çevirib. Diskussiyalara qatılması ilə şöbədə əhval-ruhiyyə bir andaca qalxır. Müşahidəçilik qabiliyyətinə heyrətlənməmək mümkün deyil. Heç nəyi nəzərindən qaçırmaz. "Arifə işarə kifayətdir" prinsipinin daşıyıcısı və önəmvericisidir.

Rəhim müəllim haqqında çox şey yazmaq olar. Onun ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri, qazandığı uğurlar barədə çox yazılıb, çox deyilib. Ən dolğun məlumatı və səmimi fikirləri isə Rəhim Əliyevin öz əsərlərindən almaq mümkündür.

2008-ci ildə işıq üzü görmüş "Ədəbiyyat nəzəriyyəsi" kitabı müəllifin ali məktəb auditoriyalarında dərs dediyi tələbələrə keçdiyi mühazirə saatlarının məntiqi nəticəsidir. Bu qeydi xüsusi olaraq vurğulamaq istərdim ki, biz, adətən ali məktəb müəllimlərimizin mühazirələrində eşitmək istədiklərimizdən daha çox, eşidilməsini arzulamadığımız, əhəmiyyətsiz məsələlərin uzun-uzadı sicilləmələrlə biz tələbələrə sırındığının, təkrarçılıq yolu ilə gəncliyin beyninə yorucu effektlər yükləndiyinin şahidi olmuşuq. Necə deyərlər, "atın qabağına ət, itin qabağına ot qoyulması" ilə üzləşdiyimizdən, sevdiyimiz elm sahələrinə olan maraq və həvəsimizi öldürən dırnaqarası professorlarımızın üzünü belə görəndə gözümüz ağrıyıb həmişə. Təbii ki, bu gün həmin illəri xatırlayıb, sayılıb-seçilən elm xadimlərimizin fəaliyyət və şəxsiyyətinə kölgə salmaq istəməzdim, lakin Rəhim müəllimin Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrin nə qədər "alayı" (bu ifadəni Rəhim müəllim çox xoşlayır. Bunun təsdiqini xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə hazırladığımız, Rəhim Əliyevin elmi redaktoru olduğu "Elimizin Bəxtiyarı" kitabının nəşrə hazırlanması zamanı gördüm. Kitaba yazdığı "Şeirimizin böyük Bəxtiyarı" adlı Ön sözdə işlətdiyi "alayı" ifadəsinə iradımı bildirəndə yazı müəllifinin qəti etirazı ilə qarşılaşdım: "yəni, əsla və əsla bu kəlməyə toxunmaq olmaz!" mənasında. Və düşündüm ki, bir köklü bakılı və yazıçı kimi ola bilsin, dialekt sözü olan "alayı"nın Rəhim Əliyevin ömür salnaməsinin hansısa səhifəsində alayı cür yeri var! Odur ki, həmin ifadəni dəyişməyə əlim və üzüm gəlmədi. - Q.M.) önəm daşıdığını göstərmək üçün o dönəmləri xatırlamadan keçə bilmədim.  

Rəhim Əliyevin "Ədəbiyyatşünaslıq nəzəriyyəsi" əsərinin "Müəllifdən" adlı giriş hissəsi diqqətimizi xüsusilə çəkir: "İki il əvvəl dostlardan biri mənə Mədəniyyət və İncəsənət Universitetində ədəbiyyat nəzəriyyəsindən mühazirə deməyi təklif etdi. Bu təklifdən oxucunun əlində tutduğu bu kitab yarandı. Ona görə bu təklifi edənlərə öz minnətdarlığımı bildirirəm. Cavanlıqda nəzəriyyə ilə həmişə imkan daxilində, yaxşı kitablar düşdükcə məşğul olurdum. Amma yaşlaşdıqca ədəbiyyata dair öz qənaətlərin sabitləşir və başqa nəzəriyyəçilər adama bir qədər darıxdırıcı görünür. Mühazirələr məni nəzəriyyəyə qaytardı. Bütün kursu demək sistemli bir plan-proqram tərtibini tələb edirdi. Onu hazırlayandan sonra 2006-cı ilin noyabrından kitabı yazmağa başladım. Amma başlayandan bir şey mənə aydın idi: mən dərslik yazmırdım. Ədəbiyyatın nə olduğu barədə öz əsərimi yazırdım. Həm də mühazirələr üçün düzəltdiyim plan əsasında yazırdım. Nəticəsi ortadadır..."

Bəli, nəticə ortadadır və tənqidçi-alim Rəhim Əliyevin Mədəniyyət və İncəsənət Universitetində dediyi mühazirələr əsasında hazırlanmış bu əsərində kitabın annotasiyasında da yazıldığı kimi, marksist nəzəriyyə ehkamlarından imtina edilir, klassik filologiyanın və semiotikanın elmi prinsipləri əsas götürülür. Kitabın orijinal cəhəti nəzəriyyə kursuna ədəbi əsərin təqdimi ilə yanaşı, sözün, obrazın, mifin, yazı dilinin və mətn nəzəriyyəsinin, dilin mənşəyinin izahı ilə bağlı problemlərin də daxil edilməsidir. Bu baxımdan yanaşaraq, ədəbiyyatşünaslıq elminin, Azərbaycan ədəbi-tənqidinin canlı ensiklopediyası - Rəhim Əliyevin universitet auditoriyalarında "yazılmış" akademik səviyyəli "Ədəbiyyatşünaslıq nəzəriyyəsi" adlı həyati predmetlərlə zəngin nəzəri-praktik mühazirələrini dinləmək xoşbəxtliyini yaşamış keçmiş tələbələrini təbrik etməyi özümə borc bilirəm. Bunu da qeyd etməyi özümə borc bilirəm ki, Rəhim müəllim kimi alimin tələbəsi olmaq necə çətin və şərəfli bir məsuliyyətdir! Eyni zamanda, bu, həm də böyük zövq və həyat məktəbidir!

Ədəbi fəaliyyəti ilə tam şəkildə yaxından tanış olmasam da, onun nəsr əsərləri ilə ötəri tanışlığım bunu deməyə əsas verir ki, təkcə "Tağ ev" sənədli romanı ilə o, görkəmli bir nasir kimi Azərbaycan romançılığına öz möhürünü vurmuş mahir yazıçılarımızdan biridir. Bugünəcən işıq üzü görmüş elmi-tənqidi və bədii əsərlərini gözdən keçirərkən, alimin yenidən öz elmi qənaət və müşahidələrinə üz tutmalı oluruq: "Yazıçılıq və şairlik böyük fiziki enerji tələb edən bir sahədir. Ona görə hər istedadlı qələm adamı yazıçı ola bilmir, çünki yazıçılığa gərək olan yazıb-oxumaq enerjisi sağlam ağıla uyğun olmayacaq dərəcədə böyük iş qabiliyyəti tələb edir. Ona görə ən istedadlılar yox, ən enerjili qələm adamları yazıçı olurlar. Çoxları isə bir neçə əsər yazmaqla ömrü boyu təzələrini yazmaq barədə düşünür, lakin bunu edə bilmək üçün enerji və iradələri çatmır və nəticədə həvəskar yazıçı vəziyyətində qalırlar. Yaradıcılıq prosesi əzablı və ağır bir prosesdir. Bəs yaradıcı adamı bu işə sövq edən hansı amillər olur? Bu sualın universal cavabı yoxdur, çünki yaradıcı adamlar şəxsi psixi xüsusiyyətləri, xarakterləri, vərdişləri, həyat maraqları baxımından çox müxtəlifdirlər..."

Rəhim Əliyevin bu fikirlərinin onun ömür və yaradıcılıq yolu ilə necə üst-üstə düşdüyünün şahidi olmaq üçün, sən demə, təkcə əsərləri ilə tanışlıq kifayət deyilmiş. Həm də nə zamansa bu böyük insan, ziyalı, alim - şəxsiyyətlə eyni ortamı paylaşmaq, eyni mühitdə işləyib çalışmaq, iş üsul və üslubuna şahidlik etmək lazım imiş. Hazırda biz bu mərhələni keçməkdəyik. Aqibətimiz - alın yazımızdır.

Ömrünün və yaradıcılığının müdriklik dövrünü yaşayan bizim Rəhim müəllimi yubiley yaşı münasibətilə səmimi-qəlbdən təbrik edir, barlı-bərəkətli uzun ömür, möhkəm cansağlığı və tükənməz yaradıcılıq enerjisi arzulayıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!