Qorxmaz Quliyevin məqalələr toplusu adlandırılan "Güzgü" monoqrafiyası ilə tanışlığımız əsərin təqdimat mərasimindən başladı. Əslində, biz Qorxmaz Quliyevlə eyni universitetdə, amma ayrı-ayrı kafedralarda bir müddət çalışmışıq və bizi o zaman əsərin elmi redaktoru Ü.Rəhimova tanış etmişdi. Elə o vaxtdan bəri Q.Quliyevin yaradıcılığı diqqətimizi çəkdi. Əsəri oxuduqdan sonra qərara gəldik ki, indi fikirlərimizi bölüşdürməyin əsl vaxtı gəlib çatmışdır.
Oradan başlayaq ki, dilimizdə "güzgü" etnonimi bəzən "ayna", bir sıra dialektlərdə isə "ayna" sözü şüşə mənasında işlədilir. Məsələn, həssas bir düşüncədə belə deyilmişdi:
Könlümün şişəsinə bir ləməçik dəysə sınar,
Sən bunun insafına bax götürüb daşı vurur.
Dilimizdə, həmçinin "aynabənd", "qəlbimin aynası" ifadələri də vardır. Ayn-ərəbcə "E" hərfinin səslənməsindən alınan bir fonemdir. İndi məşhur olan "Ayfon"lar (iPone) da elə "mənim səsim", bəlkə də "obrazımın səsi" mənasını verir, hərçənd ki, insan təfəkküründəki obrazlar səsli də, səssiz də ola bilər. Bundan başqa, dilimizdə "eynim açıldı" ifadəsi də vardır ki, bu da insanın təkcə çöhrəsinin deyil, həm də qəlbinin açılmasını, yaxud qəlbinin sevinməsini, psixi halının yaxşılaşmasını, xoş hisslərin onu bürüməsini, bir sözlə, əhval-ruhiyyəsinin düzəlməsini nəzərdə tutur. Mikayıl Müşfiq yazırdı:
O mənim sevgilim, o mənim anam.
Onsuz üzüm gülməz, açılmaz aynam.
"Ayna" sözünün yaranmasının tarixi çox qədimdir, dünyanın ilkin xalqlarının dillərində bu söz, suda insanın öz çöhrəsini, yaxud öz əksini görməsi ilə bağlı olaraq meydana çıxmışdır. İnsanların tədricən sosiallaşması şüurun yeni məzmunda inkişafını təmin etdi və xarici aləmdəki obrazların daxilə köçürülməsi prosesi sürətləndi. Obrazlara, xəyallardakı ideallara yönəlişli həyat insanların mənəviyyatını dəyişdirdi. Müxtəlif obrazların ideallaşdırması, təfəkkürün qradasiyasını tamamilə yeni mərhələyə qaldırdı. Məsələn, uşağa Eyn-Əli adının qoyulması çox yəqin ki, valideynlərin gələcəkdə övladlarının Həzrəti-Əlinin sakral obrazında formalaşması arzusunu ifadə etmişdir. Məişət səviyyəsində "filankəsin üzünə getdim, yaxud çıxdım, işim düzəldi və ya kimi isə gördüm, işim uğursuz alındı" - kimi müxtəlif mistik düşüncələr hələ də mövcuddur. Q.Quliyevin "Güzgü" əsərində bütün bunlar ətraflı şəkildə təsvir olunsa da, müəllifin əsas ideyası etnonimik düşüncələrdən, semantik müqayisələrdən, linqvistik təhlillərindən və onların profan məntiqindən yüksəkdə dayanır. Baxmayaraq ki, müəllif bu əsərdə "güzgü"nün məişətlə bağlı bütün detallarını ətraflı şəkildə izah etmişdir, lakin əsərin əsas ideyası insanın maddi mövcudluğunun güzgüdəki əksi deyil, onun həyatdakı mənəvi obrazının necə formalaşmasıdır. İnsanın özünə, öz daxili aləminə boylanması "Güzgü" əsərinin əsas leytmotivini təşkil edirsə də, məsələnin mahiyyəti bu tərzi-hərəkətin bütün insanların həyatına və məişətinə həmişə adi, sıradan bir vaqeə kimi daxil olmasını nəzərdə tutmur. Hələ oraya qədər, insanın özünü, öz həqiqi obrazını mənəviyyatının güzgüsündə görənə qədər gedib çatması lazımdır.
Q.Quliyev "Güzgü" əsərində məsələni məhz belə qoymuşdur; "sən güzgüdə özünə baxanda kimi görürsən, sənin daxili obrazın bu çoxüzlü prizmanın hansına daha yaxındır?" Əsas həyati sual da elə "qəlbin gözü" və ya "qəlbin görməsi" ilə bağlıdır. Güzgü effekti geniş mənada, insanın özünə qayıtmasının, özünü tapmasının, qiymətləndirməsinin ifadəsidir. Baxmayaraq ki, fiziklər çoxdan sübut etmişdir ki, insanın güzgüdəki əksi onun görmə aperturasından keçən işıq effektindən alınır. Görmə mexanizmi zatən elə qurulmuşdur ki, işığın sınması nəticəsində gözdə istənilən predmetin obrazı tərsinə proyeksiya olunur. Gözün aperturasında predmetin tərsinə alınan proyeksiyası insan üçün düzgün şəkil effekti hasil edir. Amma qəlbin proyeksiyası gözün proyeksiyasından fərqli olaraq düzünədir, birbaşadır, yəni insanın qəlbinə onu təzədən çevirmək lazım gəlmir. Bir az da dəqiq desək, öz təbii quruluşuna görə gözümüz bizi aldada bilər, amma şükür ki, qəlbimiz aldatmır.
"Güzgü" əsərində haqlı olaraq, Q.Quliyev düşünür ki, güzgünün qarşısında dayanan adam öz individual obrazının fenotekstual mahiyyətində, hər şeydən əvvəl, Karl Yunqun dediyi həmin kollektiv şüursuzluq aktının genotekstual obrazını görür. Güzgü qarşısındakı tipikləşdirilmiş obraz, əslində, ideallaşdırılmış bir təfəkkür modelidir. Bütün bəşəri xüsusiyyətlərin ilkin əsası təbiətdən gəldiyi kimi ədəbiyyatdakı obrazların tipikləşdirilməsi prosesi də universal qanunların nəticəsidir, təbiətdən alınma bir keyfiyyətdir. Buna görə də bir obraz çoxlu obrazların ümumiləşdirilməsi, onların vahidə gətirilməsi prosesinin nəticəsi kimi meydana çıxır, bu bir unifikasiyadır, qaloqrafik variantdır. Çox yəqin ki, Nəsimi elə bu unifikasiya məqamında Haqqa çevrildiyini iddia edirdi. Buna görə "Güzgü"dəki bəşəri mövcudluğun məzmunu düşündüyümüz qədər sadə deyildir. "Quş" adlı bir pritçada yazıldığı kimi, əvvəllər təbiət güclü, insanlar zəif olduğundan qədim insanlar təbiəti yamsılamaq məcburiyyətində qalırdılar ki, primitiv özünüqoruma instinktlərini təmin etsinlər. Sonralar güclərin balansı dəyişildi, insanlar əlavə güc əldə etdikcə təbiət acizləşdi, bu dəfə mövcudluğunu təmin etmək üçün təbiət bizi yamsılamaq məcburiyyətində qalır...
Güzgü effektinin mahiyyətini izah edərkən müəllif, insanın özünü tanımasını onun həyat təcrübəsindən və müdrikliyindən asılı olması ilə əlaqələndirir. O, haqlı olaraq yazır ki, insanın özünü tanıması onun ölümü dərk etməsi ilə başlayır. Hamletin sualı varlığın mahiyyətini təyin etdiyi kimi, ölümün dərkini də qloballaşdırdı, insan yeganə canlıdır ki, ölümün labüdlüyünü lap əvvəlcədən "anlayır".
Q.Quliyevi, həmçinin insanın ikili-dual obrazındakı "təqlid"lə bağlı olan bir sıra məsələlər və təqliddəki "güzgü effekti" narahat edir. Müəllif düşünür ki, təqlid bir az inikasa, bir az təcəllaya bənzəsə də, əslində, tamamilə fərqli bir mahiyyət daşıyır. Hələ Aristoteldən gələn "mimesis"dən aydındır ki, insan məhz təbiətin təqlidindən sonra kimliyini qazanmışdır. Q.Quliyev Platonun irəli sürdüyü təhkiyənin - "sadə" və "təqlid" növləri üzərində xüsusi dayanır və onların hamısını müəllifin öz sözünü deməsi kimi xarakterizə edir. "Təqlid" xüsusi bir fenomen olaraq "cəmiyyət", "həyat" və "səhnə" arasında səliqə ilə yerləşdirilir. Əlbəttə, "təqlid", "mimesis" bütövlükdə insan cəmiyyətinin özünün və onun sosial dinamikasının mövcudluğu üçün vacib bir faktor olmuşdur və onu yalnız səhnə və müəlliflə bağlı izah etməklə iş başa çatmır. Zatən insanın özünün mövcudluğu, bütövlükdə onun təbiəti təkrar etməsindən, təqlidi yaradıcılığından sonra reallaşmışdır. Daha doğrusu, "təqlid"in yeni məzmununda mövcudluğun fərqli mahiyyəti kəşf olunmuşdur. İstər-istəməz müasir musiqi əsərlərinin kover versiyaları yada düşür, hər təkrar, hər interpretasiya fərqli bir sənət, yeni bir nəfəsdir və məhz bu kəsilməzlik qanunu sivilizasiyanı ayaqda saxlayır. Tarix boyu insan təfəkkürünün yeni məzmunda formalaşması üçün bənzətmələr-appersepsiyalar, məna köçürmələri, metaforalar, interpolyasiyalar böyük rol oynamışdır, amma "güzgü-təqlid" deyilən nəsnə, təkcə təbiəti, yaxud özünü və ya digərlərini təkrarlamaqla qurtarmır, bitmir. Təqlidin əsl mahiyyəti C.Centilenin sübut etmək istədiyi protoideyaların növdəyişkənliyindən qaynaqlanır. C.Centileyə görə, xronotop məzmun daşıyan yaradıcı təqlid, özünün ruhi-hissi mahiyyəti ilə bədiilikdən daha çox dini məzmuna yaxındır və buna görə də bütün fəlsəfi düşüncələrin protoideyası dini təsəvvürlərlə, poetik fikirlə kəsişir. Bibliyadakı cümlələrin rusca "stix" adlandırılması, yaxud Peyğəmbərlərin şair hesab edilməsi, qətiyyən, təsadüfi deyildir. F.D.Şleyermaher də deyirdi ki, "həqiqi din - özündə sonsuzluq duyğusunun hissi məzmununu və real tamını əks etdirir".
Beləliklə, teoloji düşüncənin zamanca metafizik təfəkkürə ən uyğun mövqedə yerləşməsi təkcə mistika ilə fəlsəfəni deyil, həm də ədəbiyyatla fəlsəfənin yaxınlıq dərəcəsinin göstəricisidir. "Təqlid"lə, "mimesis"lə bağlı məsələnin mürəkkəbliyi həm də orasındadır ki, teatr təkcə müəllifin deyil, həm də aktyorların mənəvi dünyası ilə həmahəngdir. Səhnə ilə həyat arasında qalan aktyorlar elə seçim etməlidirlər ki, dayandıqları məkan onlara nə cəmiyyətə qarışmağa, nə də səhnədəki obrazlarda həll olub getməyə imkan verməsin.
Q.Quliyevin "Güzgü" əsərində tədqiqata cəlb edilmiş mühüm bir məqam da müəllifin "xaosmos" anlayışına münasibətidir, daha doğrusu, bu anlayışı Azərbaycan ədəbiyyatı fonunda diqqətdən keçirməsidir. Q.Quliyev bu məqsədlə klassik ədəbiyyatımıza müraciət etmişdir. Müəllif M.F.Axundovun, C.Məmmədquluzadənin və digərlərinin yaradıcılığını bu kontekstdə tədqiqata cəlb etmişdir, müqayisələr aparmış, "xaos", "kosmos" və "osmos" anlayışlarının hər üçünə öz münasibətini bildirilmişdir. Burada söhbət nizamdan, xaosdan və onların təbii birləşmə cəhdindən, daxili təkandan, esksesdən, mənəvi-ruhani təzyiqin gücü ilə yaranan daxili axma prosesindən, yaxud diffuziyadan gedir. A.F.Losevin (1983-1988) "Xaos və nizam" əsərində bu məsələ maddi ilə mənəvinin, materializmlə idealizmin kontekstində öz həllini tapmışdır. Hətta A.F.Losev mənəvi cəhətdən "üçüncü müstəvi" məsələsini də həll etmişdir. Lakin Q.Quliyevi İrland yazıçısı Ceyms Coysun (1882-1941) "Uliss" (1922) və "Finneqan üçün yas" (1939) əsərlərində irəli sürdüyü və sonralar postmodernist Delyozun və Qvattarinin devizə çevirdiyi "tsiklik mövcudluq"la bağlı düşüncələri daha çox maraqlandırır. Əgər biz Ceyms Coysun "Uliss" romanına Z.Freydin baxış bucağından baxsaq, burada irland xalqının əzilmiş mənəviyyatının izlərini görmüş olarıq. Baxmayaraq ki, Ceyms Coys özü əslən həmin millətə məxsus birisi deyildi, amma mənəviyyatı tapdanmış bir mühitdə yetişdiyinə görə ruhunun bütün yaralı nöqtələri irland xalqının tarixi keçmişi ilə bağlı idi.
Q.Quliyevin "Güzgü" əsərindəki həqiqətin mahiyyəti, əslində, bundan ibarətdir. Müəllif bu həqiqətin bədii nümunələrdə, ayrı-ayrı əsərlərdə paylanmış damlalarını, qəlpələrini diqqətlə axtararaq tapır və onları ümumi mövzunun rəflərinin altına səliqə ilə düzür. Belinski deyirdi ki, "həqiqət - qum dənələrinin içərisinə səpilmiş qızıl zərrəciklərinə bənzəyir, onları toplamaq üçün tonlarla qum ələmək lazım gəlir".
Müəllifə cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
