Şeirlər - Namiq DƏLİDAĞLI

 

Payız nağılı

 

Elə ki payız gəldi -

yenə soyuq, darıxmaq...

Yenə sözümə baxmır

bu ürək ey, bu "axmaq"...

 

Yarpaqlar veyillənir

tinində küçələrin.

Payız ömrü uzanır

bu qərib gecələrin.

 

Yavaş-yavaş çəkilir

arılar öz "evi"nə.

Payız "soğan doğrayır"

kəpənəyin kefinə.

 

Göydə köçəri quşlar

buludlarla yarışır -

yuyur göyün üzünü,

yuyur, payız yağışı.

 

Cığırlar mürgü döyür,

yol özünə sığınır.

Gedib qonaq-qarası,

kol özünə sığınır.

 

Sarı yarpaqdan geyib

böcəklər qış kürkünü.

Durnaların başlayıb

uzaqlara "sürgün"ü.

 

...Uzun payız gecəsi

təşnəsiyəm nələrin...

Boyunu oxşayıram

uzaq  xatirələrin...

 

Şəhid səsi

 

Vətən şəhidlərimizin

doğma ruhuna sayğıyla...

 

O gün sükut xor oxuyurdu - sükut,

o gün sükut xor oxuyurdu - qulaqbatıran,

o gün bütün nəğmələr

səssizliyə köklənmişdi,

bütün səslər sükut

nəğməsi oxuyurdu.

Səsi batan saatın

əqrəbləri səssiz çırpınırdı,

bütün telefon zəngləri

səssizliyə qurulmuşdu.

Qulaqlar səssizliyə şəklənmişdi,

quşların səsi boğazına tıxanmışdı,

bütün güllələr səssizliyə açılırdı.

 

...Təyyarələrin səsini buludlar;

maşınların səsini yollar;

qatarların səsini relslər;

gəmilərin səsini dənizlər;

çayların səsini daşlar;

arıların səsini çiçəklər;

vüsalın səsini

ayrılıqlar udmuşdu...

Dalğaların səsini qağayılar;

qağayıların səsini

dalğalar udmuşdu.

 

...Dizə qədər sükuta batmışdı səssizlik,

sonra bütün səslər açıldı.

Sən bütün səslərin

Ucalığındasan - sükut səsinlə, Şəhidim,

bütün səslər batacaq - sənin səsindən başqa!

 

Müharibədən sonrakı torpaq

 

Köksünə basdırılan minalar

ürəyinin ritmini pozurdu Ana torpağın.

Hər mina çıxarılanda,

elə bil ürəyindən tikan çıxarılırdı.

Göz-göz yara kimi görünürdü

sinəsində minaların yeri.

...İndi doğma nəfəsdən

canı isinir Ana torpağın:

iyirmi səkkiz iliydi

döl verməyən qısır bətnində

ah göyərirdi.

 

Qarabağ

 

Torpağın elə dadlı,

suyun elə şirindi,

havan elə gözəldi,

daşın elə ağırdı -

düşüb dünyanın başına...

 

Söz verib gedən oğlan

 

  "...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz  əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, səni axtarıb-tapıb mən özüm alacam",- deyən şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...

 

Savaşda Ana yurdun

dadına yetən oğlan.

Canı, qanı, nəfəsi,

Varlığı - Vətən oğlan!

 

 Vətənlə bir can oldun,

gülləyə nişan oldun,

sinəsi şan-şan oldun,

yaralı bədən oğlan!

 

- Onu alacam, - dedin,

yalanmı çıxdı vədin?!

Niyə geri dönmədin,

dönmədin nədən, oğlan?!

 

 O qız pozdumu andı,

kim deyir adaxlandı?!

Dönəcəksən, - inandı,

söz verib gedən oğlan...

 

Turan şərqisi

 

İndi bütün dualar

üzü qibləyə, Turan

eşqinə oxunur.

Tanrı hüzurunda

səcdədədi Türk.

 

Turan sevdası sınır tanımır -

dünyanın yaxası əlimizdədi.

Ulu bir tarixin silinməz

rəqəmləri üstə ayaqdadı Türk:

zaman Tezliklə, məkan Cahan.

 

Anaların bətnində qan

yaddaşı yetişir,

qan yaddaşı doğulur.

Yaddaş bağları təzələnir

aşiqlərin könlündə...

Sevinc nəməri paylayırıq,

Turan eşqinə.

Bütün aydın sabahlar

Qurd üzünə açılsın.

...İçimdə Türk sevdası var,

bütün sevdalardan öncə...

 

İkinci etiraf

 

Yenə doyunca vurdum

sənsizliyin sağlığına...

Nə yeyib, nə içdimsə və

nə düşündümsə

geridə izi qaldı:

yarımçıq pivə bakalı,

bir az

saçaqlı pendir,

"cipsi" ovuntuları,

xəyal qırıntıları,

bir də bir udum həsrət.

Sərxoşam indi,

yenə unutdum səni...

Ayılanda darıxacam.

 

Hər şey yaxşı olmadı

 

Hamı sakit oldu, kəmərləri bağladı, təlimata uyğun hərəkət elədi.

Ancaq hər şey yaxşı olmadı.

Hökumə Əliyevanın ruhuna sayğıyla...

Qəzada həyatını itirən insanlara

Tanrıdan rəhmət diləyirəm.

 

Göy üzündə titrək səsin

neçə ürəyi dağladı.

Qəm çilənmiş harayından -

göy məhvərindən laxladı.

 

Ruhun göylərə çəkildi,

ahın buluda büküldü.

Gözlər gözünə dikildi -

hamı kəmərin bağladı.

 

Oralar Tanrı yanıdı,

canın hesabat anıdı,

səni kainat tanıdı,

göylər yadında saxladı.

 

Səndən xəbər tutanacan,

ananacan, atanacan,

hayın bizə çatanacan

sənə mələklər ağladı.

 

26.12.2024

 

Kəlbəcərdə gördüklərim...

 

Qaracaoğlan sayağı

 

Of, içimdə dağ azarı,

üz tutmuşam dağa sarı.

Sərt qayalar - dağ hasarı

zirvələnir yollar boyu.

 

Qırağında ocaq daşı, -

nə gur yanır, ocaq daşır.

Çəmən-çiçək ocaqlaşır,

zər ələnir yollar boyu.

 

Misqal-misqal sıxıb balı,

min çiçəkdən sağıb balı,

arıya bax, yığıb balı

şələlənir yollar boyu.

 

Moruq tutub dərələri,

kim yığa, kim dərə, ləli?!.

Sular axır - dərə ləli,

şirələnir yollar boyu.

Bir yol axtar, cığır ara,

bu yol gedib çıxır hara...

Çəhlimlərə, cığırlara

gül ələnir yollar boyu.

 

Daş ağıllar, qalacıqlar,

mən gedirəm, qalacaqlar.

Cərgə-cərgə alaçıqlar

binələnir yollar boyu.

 

 ...Evimdə yata bilmədim!

 

Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş

üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım doğma ocağı ziyarət etmək fürsətim oldu.

Ancaq uşaqlıq  və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.

 

Şər qarışdı, axşam düşdü,

evimdə yata bilmədim.

Yorğun-arğın yol gəlmişdim -

evimdə yata bilmədim...

 

Neçə ildi həsrət çəkən,

Dam-daşına qübar çökən,

atam tikən, düşmən sökən

evimdə yata bilmədim.

 

Taledi - bir sınaq kimi,

qınaq yox bu qınaq kimi:

bircə gecə qonaq kimi

evimdə yata bilmədim...

 

Sərin-sərin yuxum gəldi,

yeri sərin, yuxum gəldi,

elə şirin yuxum gəldi,

evimdə yata bilmədim.

 

Gözlərimdən min ah dərən -

yuxularım pərən-pərən.

Xatirələrim bar verən

evimdə yata bilmədim.

 

Arzuma çatıb dincəldim,

başımı qatıb dincəldim.

Çöllərdə yatıb dincəldim,

evimdə yata bilmədim!

 

Avqust 2021

 

Kəlbəcər etüdləri

 

Burda gözəlliklər əlçatan deyil,

boylanır zirvədən, ətəyə gəlmir.

İlahi ucalıq könüllərində -

onlar düzə enmir, mətəyə gəlmir.

 

Bir çiçək aləmi çıxıb püşkünə,

ənbər çiçəklərin batıb müşkünə,

arılar güllərin düşüb eşqinə,

çöllərdən yığılmır, pətəyə gəlmir.

 

Çiçəklər şax durur, əymir qəddini,

ötüb sərhəddini, keçib səddini:

bütün gözəlliklər aşıb həddini -

heç sığala yatmır, ütüyə gəlmir...

 

...İp atdım, tovladım dünən səməndə,

insafsız düşmədi yenə kəməndə,

yeyib - xamlayıbdı çöldə-çəməndə,

üzəngiyə yatmır, yedəyə gəlmir.

 

Baxıb gözəllikdən doymayır ovçu,

ovçu marağına uymayır ovçu,

əliyə, cüyürə qıymayır ovçu,

barmağı çaxmağa, tətiyə gəlmir.

 

2025

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!