“Qeyri-səlis məntiq və teatr” monoqrafiyasının təqdimatı keçirilib

29 sentyabr 2025-ci ildə Azərbaycan Atatürk Mərkəzində İftixar Piriyevin "Qeyri-səlis məntiq və teatr" adlı monoqrafiyasının təqdimat mərasimi keçirildi. Monoqrafiyanın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayevadır. Monoqrafiya "Qeyri-səlis məntiq" nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası problemlərini araşdıran nəzəri-təcrübi tədqiqatdır.

Təqdimat tədbirini giriş sözü ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadə açaraq bildirdi ki, "Tədqiqatın əsasında dünya şöhrətli alim Lütfi Zadənin "Qeyri-səlis məntiq" nəzəriyyəsi dayanır. Nəzəriyyənin mahiyyəti bir neçə prinsipdən ibarətdir: dünyada səlis ölçülər yoxdur; riyazi çoxluqları qeyri-səlis çoxluqlar əvəz edir. bütün proseslərin çoxqatlı paradiqmaları meydana gəlir. Lütfi Zadənin nəzəriyyəsi dünya haqqında təsəvvürləri köklü surətdə dəyişdirir. Klassik təfəkkürdə tezis-antitezis, subyekt-obyekt münasibətləri baş verir. Dəqiq elmlərdə və yaxud mədəniyyət, iqtisadiyyat, riyaziyyatda qlobal inkişaf paradiqmasını dəyişmək, onun əvəzinə yeni paradiqmanın - postparadiqmanın əmələ gəlməsi deməkdir. İftixarın "Qeyri-səlis məntiq və teatr" kitabı cəmiyyətdə postmodern mədəniyyətini təsdiqləyir və qəti surətdə qarşımıza qoyur"

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında bildirdi ki, "İftixarın uzun illər İrəvan teatrına rəhbərlik etməsi onun yaradıcılıq laboratoriyanın fərqli şəkildə formalaşmasına rəvac verən əsas amilə çevrilib. Yeni düşüncə paradiqmalarını, mizan və ölçüləri teatr səhnəsinə daşımaq, yeni estetik platforma ilə çıxış etmək istəyi bu kitabın əsas fabulasını təşkil edir. Bəllidir ki, ədəbiyyatda gedən proseslər teatrın da keçdiyi immanent inkişaf qanunauyğunluğunda öz əksini tapıb, onda gedən müxtəlif cərəyan və tendensiyalar teatrın da nəbzində daim hiss olunub. 1960-cı illərdə lirik-psixoloji üsluba meyil, daha sonra 80-ci illərdə şərti-metaforikliyin önə keçməsi, 90-cı illərdə absurd pyeslərin, 2000-ci illərdə postmodern üslubda mətnlərin hasilə gəlməsi teatrın da yeni estetika ilə nəfəs almasına yol açıb. Bu mənada, İftixarın "Qeyri-səlis məntiq və teatr" kitabı klişeləşmiş ölçülərdən sənətin yeni çağırışlarına növbəti baxışı, yanaşmasıdır. Yalnız estetik deyil, həm də intellektual, rasional ölçü vahidləri burada dominantdır".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan qeyd etdi ki, yazdıqlarını praktiki baxımdan səhnədə gerçəkləşirən İftixar bu son dərəcə orijinal kitabla yaratdığı sənət kontekstinin nəzəri əsaslarını və metodologiyasını da ortaya qoymuş oldu. Əslində, nəzəri potensiyasını praktikaya tətbiq etmək üçün İfrixara özünün fərdi teatrı lazımdır. Həm də ona görə ki, İftixar Piriyev Azərbaycanda "Qeyri-səlis teatrı"n əsasını qoyub. Şairdir, nasirdir, dramaturqdur, nəzəriyyəçidir. Bu kitabın böyük bir hissəsi "Ədəbiyyat qəzeti"ndə dərc olunub. Biz onun Qarabağ savaşı günlərində "Canavar dişi" adlı bir pyesini də qəzetdə təqdim etdik və inanıram ki bu əsər gələcəkdə müharibə dövrü dramaturgiyamıızın uğurlu bir nümunəsi kimi tanınacaq və dəyərləndiriləcək. Əsərdəki simvollar - canavarlar, ağacdan süzülən bal, körpə və s... etiraf edək ki, gözlənilməz detallar idi. İftixar orijinal təfəkkür tərzi olan araşdırmaçıdır. Arzu edirəm ki, o, özünün "Qeyri-səlis teatrı"nı yaratsın və biz o teatrda yeni tamaşaların şahidi olaq.

Şair-dramaturq, ictimai xadim İmir Məmmədli kitabı teatr və mədəniyyət tarixində yeni fikir və yeni hadisə adlandırdı. Bildirdi li, İftixar müəllim İrəvan Azərbaycan Teatrında həmişə axtarışda olub. Teatrda qeyri-səlis məntiqi tapması onun özü üçün, Azərbaycan teatr düşüncəsi üçün yeni bir haldır. Kitab İftixarın yaradıcılığı üzərində qurulub.

Filologiya elmləri doktoru, professor Rüstəm Kamal dedi: "Bu kitabda qeyri-səlis məntiq rejissor işinə tətbiq edilib. Çox maraqlı kitabdır. İlk dəfə idi ki, mən teatrşünaslıqda belə mürəkkəb kitaba rast gəlirəm. İftixar teatrın içindən gələn sənətkardır, həm aktyor, həm rejissordur, teatrın içini də, çölünü də möhtəşəm bilir, həm də yüksək nəzəri qələmə sahibdir, bu, çox mühüm amildir. Nəzəriyyənin tətbiqini teatrşünaslıq dilinə gətirmək fövqəladə çətin məsələdir. Aktyor psixologiyasına yeni yanaşma, yeni baxış, yeni skeptik yanaşmalar...

Xalq artisti, professor Bəsti Cəfərova dedi: "İftixarla biz eyni dönəmdə İncəsənət Universitetində oxumuşuq, eyni vaxtda Akademik Teatra gəlmişik. İstedadlı insan hər bir sahədə istedadlıdır, yəni İftixar aktyor kimi də istedadlıdır, onun özünəməxsus rolları vardır. İftixarın şeir kitabları, pyeslər toplusu vardır. İndi də həmkarım elm yoluna qədəm qoyur, ona bu çətin elmi işlərdə böyük uğurlar arzulayıram.

Xalq artisti Sabir Məmmədov xatırlatdı ki, biz İftixarla Elçinin "Stalin" pyesi əsasında "Stalin - İzm" tamaşası üzərində çalışırıq. İftixar bu tamaşaya Qeyri-səlis məntiqi tətbiq edir. Qeyri-səlis sistem həm də çevikdir. Bu nəzəriyyəni hər bir sahəyə tətbiq etmək mümkündür. Siz "Stalin - İzm" tamaşasına baxanda bütün bunları görəcəksiniz. Bu, Azərbaycan teatr sənətində, aktyor ifaçılığı məktəbində - aktyordan səlis düşüncə və qeyri-səlis ifa bacarığı tələb edən çox yeni təzahürdür.

Filologiya elmləri doktoru Sevil Həsənova, politoloq Elşad Həsənov, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva, tarix elmləri doktoru, teatrşünas-kulturoloq, professor Minaxanım Əsədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva, teatr, kino, televiziya rejissoru və aktyoru Elvin Mirzəyev, Əməkdar jurnalist Akif Təvəkküloğlu, xalq artisti, professor Bəsti Cəfərova, xalq artisti Sabir Məmmədov, şair-dramaturq, istimai xadim İmir Məmmədli, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Gümrah Ömər, Pedaqoqika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Hicran Sadıqzadə kitab haqqında fikir və mülahizələrini söylədilər.

 Tədbirin sonunda layihə müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev "Qeyri-səlis məntiq və teatr" monoqrafiyasının təqdimat mərasimində müzakirələrə qatılan elm, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı ziyalılara, media nümayəndələrinə və xüsusən QHT Agentliyinə, Atatürk mərkəzinin rəhbəri akademik Nizami Cəfərova, tədbirə yüksək səviyyədə moderatorluq edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ərtegin Salamzadəyə dərin təşəkkürlərini bildirdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!