Şuşa ruhunun poetik dastanı - İlahə SƏFƏRZADƏ

Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" kitabı haqqında qeydlər

 

Ədəbiyyatda elə mövzular var ki, onlar hər nəslin yaradıcılığında yeni çalarlarla yenidən doğulur. Bu mövzulardan ən böyüyü, bəlkə də, ən müqəddəsi yaradıcılığın yaddaş, kimlik və gələcək ifadəsi olan vətəndir. Azərbaycan poeziyasında Qarabağ mövzusu hər zaman milli kimliyimizin, yaddaşımızın, mübarizə tariximizin əsas qayəsi olub. Bu mövzunun yeni poetik nəfəsdə ifadəsi isə müasir ədəbiyyatın inkişafı baxımından həm bədii, həm də ictimai məna daşıyır.

XX əsrin sonları ilə XXI əsrin ruhu arasında körpü salan qələm adamı, klassik sözün daşıyıcısı, çağdaş insanın ruhi axtarışlarının poetik ifadəçisi Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" kitabı müasir poeziyamızda xalqın ağrısını, həsrətini və qürurunu daşıyan nümunələrdəndir.

Şair doğulduğu və yaşadığı yerlərin ruhunu heç vaxt itirməmişdir. Dünyanın hansı ölkəsinə getsə, yazdığı hər misradan Qarabağ havası hiss olunur. Professor Nizami Cəfərovun şairin yaradıcılığı haqqında qeyd etdiyi kimi: "Elçin həddindən artıq səmimi, həddindən artıq təbii poetik məntiqə malikdir - onun ilhamı bulaq kimidir, saf dağ havası kimidir, gözü oxşayan narın işıq kimidir. Elçinin şeiri adamın ürəyini, hissini əzmir, sıxmır, emosiyasını təlatümə gətirmir, ürəyə, hissə olduqca sakit, rəvan, harmonik bir axınla dolur... "Qarabağ şikəstəsi" kimi!"

Elçin İsgəndərzadənin poeziyası emosional rəng çalarları ilə seçilir. O, həyatın içində addımlayan şairdir. Gəncə çinarlarının dilini anlayır, Şuşanın dumanında səsini eşidir, Qarabağın yanğısını misralarında daşıyır. Onun şeirlərində hər bir daşın, torpağın, dumanın, sükutun öz sözü var.

Şairin "Mənim Şuşa dastanım" kitabında həsrət, ayrılıq, qürbət, bütün bu ağrıların fövqündə isə böyük bir sevinc, zəfər və qayıdış duyğusu yer alır. "Mənim Şuşa dastanım" müəllifin şəxsi taleyi ilə xalqın taleyinin birləşdiyi məqamdır. Kitaba Ön söz yazmış akademik İsa Həbibbəyliyə görə, "'Mənim Şuşa dastanım" poeması üçün seçilmiş "Mən və Şuşa" mövzusu tam olaraq "Biz və Vətən" miqyasına yüksəldilə bilir. Fikrimcə, belə orijinal bədii ümumiləşdirmə istedadı Elçin İsgəndərzadənin "Mənim Şuşa dastanım" poemasının mühüm yaradıcılıq nailiyyəti hesab olunmalıdır".

Qeyd edim ki, kitab bu il Türkiyədə də nəşr olunmuş və maraqla qarşılanmışdır. Kitaba daxil olan "Mənim Şuşa dastanım" poeması və digər şeirləri azərbaycancadan Anadolu türkcəsinə uyğunlaşdıran şair, yazıçı və tərcüməçi İmdat Avşardır. O, kitabın Türkiyə nəşrinə yazdığı Ön sözündə qeyd edir: "Elçin İsgəndərzadə şair ömrünə sığmayacaq qədər ağır bir taleyi yaşamış və bu taleyin alnına yazdığı, hər bir ürəyin daşıya bilməyəcəyi kədərləri təcrübədən keçirmiş bir şairdir. Taleyinin ağrılı və acılı hissəsini yaşasa da, ümidlərini heç vaxt itirməyən, millətinə olan inamını bir an belə sarsıtmayan, illərlə igid oğulları Vətən uğrunda mübarizəyə və savaşa çağıran, şəhid analarını və şəhid həyat yoldaşlarını poeziya ilə təsəlli edən, şəhid övladlarının başını isə ədəbi sözün qüdrəti ilə sığallayan Elçin İsgəndərzadə eyni zamanda bəxt ulduzunun yenidən doğduğunu da görən, xoşbəxt bir şairdir. O, tək qalmış və məğlub edilmiş bir xalqın şairi olduğu halda, qırx dörd gün ərzində düşməni yerlə-yeksan edən bir millətin, qəhrəman bir xalqın şairinə çevrilmişdir". Elçin İsgəndərzadə Şuşada doğulub, ömrünün böyük bir hissəsini işğal illərinin ağrısı ilə yaşamışdır. Onun poeziyasında qürbət mövzusu, yurd həsrəti, viran olmuş şəhərlərin ağrısı xalqın faciəsinin poetik təcəssümüdür.

Kitab altı əsas hissədən ibarətdir: Şuşa zəfərli şeirlər, Şuşa həsrətli şeirlər, poemalardan fraqmentlər, "Şuşanı özündə gəzdirən" Elçin İsgəndərzadəyə həsr olunmuş poema və şeirlər, esse və müsahibələr, Şuşa şeirləri üstə yazılanlar. Bu quruluş şairin poetik yolunu daha aydın izləməyə imkan verir.

Kitaba daxil olan şeirlərin başlıqları belə bir xəritə yaradır: "İstanbulda Şuşa yuxuma girdi", "Qürbət", "Qayıdış", "Şuşam!", "Ağdam camesində yazılan şeir", "Biz qayıtdıq", "Şəhid övladının sevinci", "Şuşadakı evimizin uçuqları önündə", "Şəhid toyu", "Qazi türküsü" ... Hər birində şəxsi hisslərin səmimiyyəti ilə birgə ümummilli ağrının və sevincin izləri görünür.

Elçin İsgəndərzadə poeziyasında Vətən mənəvi dəyər, bədii qəhrəmandır. "Nəğmə də bitir, şeir də, yol da... Hələ arzular da, bircə sən, bircə sən bitmirsən, Vətən!" misraları müəllifin poeziyasının mahiyyətini ifadə edir. 44 günlük Vətən müharibəsinin gətirdiyi qürur və sevinc kitabda öz yerini alır. "Biz qayıtdıq", "Şəhid övladının sevinci", "Qazi türküsü" və s. kimi şeirlərdə milli zəfərin poetik təntənəsi duyulur. Bu şeirlər şəhidlərin ruhuna ithaf, dirçəlişin və qürurun ifadəsidir. "Mənim Şuşa dastanım" kitabı şairin yaradıcılıq yolu, müasir Azərbaycan poeziyasının Qarabağ mövzusunda qazandığı töhfələrdən biri, milli yaddaşın, tarixi təcrübənin qorunub saxlanıldığı məkandır.

Kitabın önəmi ondan ibarətdir ki, o, işğalın ağrısını və qələbənin sevincini özündə birləşdirir. Əsər müasir dövrün poetik xronikası, gələcək nəsillərə yadigardır.  "Mənim Şuşa dastanım"da xalqın dərdi, sevinci, həsrəti və zəfəri misralarda əbədi həyat qazanmışdır. Oxucuya həm keçmişi xatırladır, həm də gələcəyə inam aşılayır. Müəllif Şuşanı təsvir etməklə yanaşı, onu yaşayır, oxucuya yaşadır. Şair sözün sehrilə oxucunu ucalıqda yerləşən qala divarları arasında gəzdirir, onun qəlbində milli qürur, müqəddəs borc və vətənpərvərlik duyğularını oyadır.

Əsərdə poeziyanın müasir inkişafına uyğun olaraq həm klassik milli üslubun izləri, həm də çağdaş ifadə biçimləri müşahidə olunur. Elçin İsgəndərzadə milli poeziya ənənələrinə sadiq qalaraq vətən mövzusunu real həyat hadisələri fonunda, tarixin canlı nəfəsi içində təqdim edir. Bu da onun şeirlərinə xüsusi inandırıcılıq, səmimiyyət və təsir gücü bəxş edir. Elçin İsgəndərzadənin bu kitabı müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik xəttinin güclənməsində rol oynayan parlaq nümunə kimi qiymətləndirilir.

Kitaba daxil olan ilk əsər "Mənim Şuşa dastanım" poeması müasir Azərbaycan poeziyasının vətənpərvərlik ruhunu gücləndirən, ədəbiyyatımızda Qarabağ mövzusunun təzələnmiş bədii ifadəsi kimi dəyərləndirilə bilər. Bu kitabda Şuşa milli yaddaşın simvolu, xalqımızın mənəvi bütövlüyünün rəmzi kimi yaşadılır. "Ümumiyyətlə, Elçinin şeirlərində işlətdiyi bədii təsvir vasitələri necə deyim: Şuşa küləyi kimi əsir, Şuşa yağışı kimi yağır" (Vaqif Yusifli). Elçin İsgəndərzadənin poeziyası isə bu yaddaşı gələcəyə daşıyan güclü bir ədəbi körpü rolunu oynayır.

 

Şuşa adlı...

Sevgili dərdim çıxır hər yerdə qarşıma,

sevgili kədərim çökür üz-gözümə,

sevgili gözyaşları axır gözlərimdən,

sevgili ağrılar ağrıdır ürəyimi,

sevgili sancılar doğrayır içimi,

sevgili ayrılıqlar sarılır boynuma,

sevgili, sevgili, sevgili...

hamısı Şuşa adlı.

 

Poema işğaldan azad olunmuş Şuşanın yaşadığı kədərin və çaldığı zəfərin poetik salnaməsidir. Əsərdə ayrılıq, həsrət və zamanla mübarizə kimi mövzular poetik simvollarla (evin ağlaması, yolların getməməsi, yağışın süzülməsi, qatarın gecikməsi) təsvir olunur. Bu simvollar milli kimliyin, yaddaşın və mədəniyyətin davamlılığını ehtiva edir. Ana obrazı və Şuşa ilə bağlı duanın rolu vətənin qorunması və gələcək nəsillərə əmanət edilməsi məsələsini önə çıxarır.

"Mənim Şuşa dastanım"da bədii təsvirlə yanaşı, intellektual şərh də öz yerini tutur. Bu, kitabı şairin düşüncə platforması səviyyəsinə yüksəldir. Hər şeir bir poetik tablo, ictimai-tarixi reallığın ədəbi şərhidir. Professor Vaqif Yusifli əsər haqqında yazır: "Elçin İsgəndərzadə Şuşa həsrəti ilə şeirlər yazdı, həm də qələbəyə səslədi yurddaşlarını".

Poema fərdi və kollektiv yaddaşın poetik manifesti kimi oxucunu düşündürür, həyəcanlandırır və ruhlandırır. Əsərin sonunda qələbə və qayıdışın ifadəsi ruhun, kimliyin və xalqın özünə dönüşünü simvolizə edir. Poemada Şuşa səsdir, yaddaşdır, ağrıdır, ümid və zəfərin rəmzidir.

Beləliklə, "Mənim Şuşa dastanım" Azərbaycan poeziyasında vətən, yaddaş və milli kimlik mövzularını ehtiva edən tarixi şahidlik, gələcək nəsillər üçün mənəvi məktubdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!