Darıxma
Yazılmayıb bəxtimizə yox vüsal,
Xəyallarda məni anıb darıxma.
Qoy üzməsin ürəyini bax, bu hal,
Heç özünü naçar sanıb, darıxma.
Qarışmağa ruh, hissinə, duyğuna,
Çağır gəlim qonaq hər gün uyğuna,
Cavab verim min bir sual, sorğuna,
Gerçəkləri belə danıb, darıxma.
Qat başını, qat, birtəhər iş-gücə,
Köklən xırda uğurundan sevincə,
Gileyinlə demə edim bəs necə,
Qismətin bu, qəbullanıb, darıxma.
Ümidsizlik qoy üzməsin heç səni,
Bitir getsin dilindəki naləni,
"Ah"-"uf"unun olar xeyri de, yəni?
Hünərini halsız danıb, darıxma.
Gül çöhrəni soldurmasın həsrətin,
Köksü qəmlə doldurmasın həsrətin,
Hoqqa, oyun bol qurmasın həsrətin,
Bundan hər an səssiz yanıb, darıxma.
Yetişdi
Arzusuydu gen-bol ola imkanı,
Ona-buna "ata-ata" yetişdi.
Dilə düşə ucuz, puç şərəf-şanı,
Ətrafını "sata-sata" yetişdi.
Xəyallarda nə umdusa o, buna,
Nail ola, girdi hər an min dona.
Baş qoşmaqla şər, hoqqayla oyuna,
Hey marığa yata-yata yetişdi.
Marağıydı yekələnə, böyüyə,
Yetə, çata "ucalığ"a, lap göyə.
Yalmanmaqla harda kimsə böyüyə,
Dil dilinə qata-qata yetişdi.
Hər bir kəsdən umacağı çoxdu, çox,
Nəfsi acdı gözə girən qarnı tox.
Lap görsə də ələ gələ ümid yox,
Yavaş-yavaş çata-çata yetişdi.
Qalaqlaya mal-dövləti, pul, malı,
Gözləmədi heç haramı, halalı.
Gendən çəkdi diqqət onun bu halı,
Günahlara bata-bata yetişdi.
Əvəzsizim
Hamıdan gizlinim olan nə ki, var,
Sənə söyləməyə tələsirəm çox.
Azalar belə də köksümdən qübar,
Sanaram zərrəcə heç dərd-sərim yox.
Təkimsən elə ki, açıb qəlbimi,
Sərəm süfrə təki önünə hər dəm.
Ruhum ortağısan, könlüm həmdəmi,
Çətinmi belədə dinəm, sirr deyəm?!
Məni anlayırsan bircə kəlmədən,
Olur, yetər bəsim, inan, təkcə bu.
Sualım bir sorğun olsa hər nədən,
Cavabın, şübhəsiz, qanunum, tabu.
Sanıb Tanrı lütfü varlığını bil,
Zövq, ləzzət duyuram yaxınlığından.
Bunu ürək deyir, demir təkcə dil,
Uzaqda dayanma, yox-yox, bircə an.
Dinlə, qəbul eylə etirafımı,
Birlikdə bütövük, yarımsan mənim.
Ziyan edir nura qərq ətrafımı,
Əvəzsiz dövlətim, varımsan mənim.
Sanma ki haqsan
Susuram önündə, düşünmə haqsan,
Dinsəm, bezəcəyəm boş hədyanından.
Belədə özünə kənardan baxsan,
Görərsən havayı ötürmürəm an.
Puçluğun bəllidir axı hər kəsə,
Qurursan heç nədən küy, mübahisə.
Sözünü arada kimsə az kəsə,
Coşursan, elə bil, sanki düşüb qan.
Aşkar həqiqətə kəskin etiraz,
Adət, vərdişindir şəksiz, danılmaz.
Səni qandırmağa gərək telli saz
Ala aşıq ələ, söyləyə dastan.
Guya ağıllısan, kamilsən, ustad,
Bundandır hər kəsə tutmağın irad,
Ətrafın əlindən edir aman, dad,
Keçənlər girinə olur kor-peşman.
Dediyin nə ki var gümanla, zənnlə,
Sus, nə olar, azacıq kimisə dinlə.
Yormaq istəmirəm özümü sənlə,
Düşün yenilmişəm, sevin, uğur san.
Arzuların
Arzundur, dünyaya gələ övladın,
Davam olmaq üçün soyun, kökünə.
Fikrində lap çoxdan tutmuşdun adın,
Yaraşan yaşamda oğul ilkinə.
Arzundur, dinləmək mışıltısını,
Nənnidə sakitcə uyuyan zaman.
Məsum baxışlarla qığıltısını,
Sevinc bəxş eyləyə köksünə ümman.
Arzundur, dil aça, bircə söz deyə,
Səsləyə sizləri "ata, ay ana".
Uçasan bax, onda fərəhdən göyə,
Kökləyə ağlını təkcə "can-can"a.
Arzundur, ayağa dura, yeriyə,
Yavaş, qorxa-qorxa hər addımında.
Başı yıxılanda yerə dəyməyə,
Müntəzir olasan hər dəm yanında.
Arzundur, yetirib ata borcunu,
Onu çatdırasan müsəlmanlığa.
Qurduğun bu büsat, bu məclis onu
Səsləyə, hər işdə qəhrəmanlığa.
Arzundur, böyüyə, gedə məktəbə,
"Beş"lərlə güldürə hər gün arzunu.
Böyük uğuruyla ola tələbə,
Ötə, qalaqlaya neçə yüzünü.
Arzundur, vətənə öz xidmətində,
Bərkiyə ruhunun arta qüdrəti,
Millətə dayağa dönə çətində,
Artmaqda mərd, igid, ər qətiyyəti.
Arzundur, qazana bir sənət ki o,
Adı dastan ola, düşə dillərə.
Qürurun olacaq bil, əlbət ki o,
Eşitcək uğurun şəksiz hər kərə.
Arzundur, ən ülvi, qurub toy, düyün,
"Vağzalı" çaldırıb gətirmək gəlin.
Götürülə çiynindən yükü yer, göyün,
Qızına dönməsi bir şux gözəlin.
Bax, gör arzuların böyüyür necə
Günbəgün, ilbəil körpə balanla.
Hələ umacaqsan nəvə-nəticə,
Gələcək onlar da, yəqin zamanla.
Hələ ki bu günə mübarək deyək,
Hamımız ucadan, bir də ürəkdən.
Ona hərəmizdən olan xoş dilək
Qoruyar bəxtinə əsən küləkdən.
Arzular, arzular, arzular neçə
Olub, olacaq da lap çoxdan da çox.
Biz də arzulayaq təkcə sevincə
Yol aça hər biri, qəm, kədərə yox.
Tanımağa hər kəsi
Rəftar qurmaq heç də deyil çox asan,
Bambaşqadır söz, əməldə hər insan,
Düz sandığın görürsən ki, "vurur yan".
Xislətindən doğruluğu, tərs, nəhsi,
Haqqı tanı, tanımağa hər kəsi.
Hiyləgər var, addımında aldadan,
İnandıra hey eyləyən and-aman,
Dilində cəm "ay əzizim", "qurban can".
Çaşdırmaya hər söz-sovu, kəlməsi,
Haqqı tanı, tanımağa hər kəsi.
Qəddarlar var, yazıq, fağır görkəmi,
Zarımaqla ötən, keçən, hər dəmi,
İmkan düşsə ağrı-acı, ələmi
Yaradır ki, arta kefi, nəşəsi,
Haqqı tanı, tanımağa hər kəsi.
Dilində puç, hədər, hərzə, hədyanı,
Başda görmək hər məclisdə nadanı,
Adiləşib, heçdən ucuz ad-sanı.
Məşhurluğa tükənməyən həvəsi,
Haqqı tanı, tanımağa hər kəsi.
Haqqı tanı, bu, ən dürüst, düz meyar,
Həqiqətə göz kor olmaz, qulaq kar,
Onda dərkin ədalətə yol açar.
Qoru müdam, ruhundakı bu "bəs"i,
Haqqı tanı, tanımağa hər kəsi.
Bağışlamaz
Etmə hər kəsə etibar,
Qurma açıq, gizlin rəftar,
Vicdanlılar, çox pak, saflar
Tək, var şəksiz, naxələf də,
Bağışlamaz xırda səhvdə.
Sanma doğru, kim nə desə,
Nadanlarla girmə bəhsə,
Söylə haqqı qısa, kəsə.
Bil şeytan var hər tərəfdə,
Bağışlamaz xırda səhvdə.
"Düz"ə tələ quranlar çox,
Hər işini buranlar çox,
Hay-küyüylə yoranlar çox,
Şər söyləyə duran səfdə,
Bağışlamaz xırda səhvdə.
Addımında diqqətli ol,
Düz get, vurma nə sağ, nə sol,
Cəhd, səyiylə azdıran bol,
Qurmağıyla tor, kələfdə,
Bağışlamaz xırda səhvdə.
Arxayın ol özünə, tək,
Um ağlın, dərkindən kömək,
Yox, deyil, yox, hamı mələk,
İnsafsız var edə məhv də,
Bağışlamaz xırda səhvdə.
Yaradandan əfv dilə
Deyilsən mələyi uca Allahın,
Azdırsa ruhunu nəfsin, tamahın,
Keçməz and-amanın onda vay, ahın.
Qansan, etirafı tez gətir dilə,
Dilə, Yaradandan dilə, əfv dilə.
Ayrılıb bir ömür sənə vaxt, zaman,
Dünya gərdişində bu adicə an.
Et ki, ibadəti olma da peşman,
Qalıbsa bu vacib gələn ay, ilə
Dilə, Yaradandan dilə, əfv dilə.
Çıxarsa əlindən əgər bir xəta,
Bundan xəcalətdən alnı tər tuta.
İtə yaşam eşqin, bitə həyata,
Axa gözün yaşı, dönə çay, selə,
Dilə, Yaradandan dilə, əfv dilə.
Olar yönəldənlər, salan bəd yola,
Vurasan belədə haqdan sağ-sola,
Uyasan işrətə, haramdan bola.
Bax, gör naqislikdə qalxmısan "zil"ə,
Dilə, Yaradandan dilə, əfv dilə.
Bəndəsən, şəksiz ki, günahların var,
Bildiyin, qalanlar dərkindən kənar.
Gizlinlər, bəllilər hamıya aşkar,
Böyüklər, kiçiklər, zərrə, bir gilə,
Dilə, Yaradandan dilə, əfv dilə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!