Nisida Kitaro. Yapon fəlsəfəsində Qərb-Şərq "körpüsünün" memarı - Firuz MUSTAFA

 

Nisida Kitaro (19 aprel 1870-7 iyul 1945) Yaponiyanın görkəmli idealist filosofu və Kioto fəlsəfi məktəbinin banisidir. O, 1894-cü ildə Tokio Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Kitaro 1899-cu ildə İşikava prefekturasında yerləşən Dördüncü Ali Məktəbdə, daha sonra Kioto Universitetində fəlsəfə professoru olmuşdur. Nisida 1927-ci ildə təqaüdə çıxmış, 1940-cı ildə Mədəniyyət Ordeni ilə təltif edilmişdir. O, 1940-cı ildən etibarən Çiba Texnologiya İnstitutunun yaradılmasında iştirak etmişdir.

Filosof 75 yaşında dünyasını dəyişmişdir.   

Nisidanın mumiyalanmış nəşi üç yerə bölünmüş və üç yerdə dəfn olunmuşdur. Belə ki nəşin dəfn olunduğu birinci yer: onun doğulduğu yerdə, Unookedə, İşikava prefekturasında ailə qəbiristanlığında. İkinci yer: Tokey-ci məbədində, dostu Suzuki tərəfindən təşkil edilən mərasimlə dəfn edilmişdir. Suzuki özü də sonradan bu məbəddə torpağa tapşırılmışdır. Üçüncü yer isə Myosin-ji məbədinin Reiunin bölməsindədir.

Haşiyə. Xatırlatmaq istəyirəm ki, Buddanın nəşi də tələbələri tərəfindən bir neçə yerə bölünərək dəfn olunmuşdur. Bu ritual, görünür ki, hind-çin ənənəsində müəyyən bir yer tutur.    

Nisida Kitaro müasir yapon fəlsəfəsinin formalaşmasına mühüm təsir göstərmişdir. Onun Qərb metodologiyası və terminologiyasını Şərq ideyaları ilə birləşdirmək cəhdi bu gün də aktualdır. Qərbi Avropa fəlsəfəsinə, xüsusən, klassik alman fəlsəfəsinə marağının kökündə Husserlin fenomenologiyasının mühüm təsiri olmuşdur. O, həmçinin Qərbin ilahiyyatçı mütəfəkkirlərinin apofatik (apofatizm - inkar vasitəsilə dərketmə - F.M.) baxışlarına, habelə ekzistensializmə yaxından bələd olmuşdur. Kitaro yalnız ənənəvi səciyyə daşıyan mənəvi və fəlsəfi praktikalara deyil, həm də Qərb fəlsəfi düşüncəsinə əsaslanaraq, həqiqətən, ilk dəfə sistemli yapon fəlsəfi təlimini yaratmışdır. Kitaroya ekzistensializm, neokantçılar və intuisiyaya əsaslanan yanaşmalar güclü təsir etmişdir.       

Nisida öz fəlsəfi sistemini 1920-30-cu illərdə meydana gəlmiş aşağıdakı əsərlərində təqdim etmişdir: "Ümumi özünüdərketmə sistemi" (1929), "Özünüdərketmədə heçliyin tərifi" (1931), "Fəlsəfədə əsas məsələ" (1933).    

Nisida Kitaro nəzəriyyələrinin universallığı hər şeydən əvvəl onun yunan fəlsəfəsinə (Aristotel, Platon, Demokrit) müraciət etməsi ilə səciyyələnir. Müqayisəli dəyər baxımından yanaşsaq, Kitaronun təlimi fəlsəfənin hüdudlarından kənara çıxır və vahid dünya fəlsəfəsinin bir hissəsi kimi dəyərləndirilir. Qərb nəzəriyyələrinin əsas ziddiyyətləri, Kitaro tərəfindən Zen fəlsəfəsindən gətirilmiş xüsusi məntiq və fəlsəfi paradiqmaya uyğun olaraq aradan qaldırılır. Beləliklə, Nisida Kitaro təliminin tədqiqi dünya fəlsəfi diskursunun inkişafı üçün də aktualdır.       

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, hazırda yapon fəlsəfəsi lazımi səviyyədə araşdırılmayıb. Müasir dövrdə bu fəlsəfə, adətən Zen meditativ praktikaları və yapon döyüş sənətlərinin estetik-mənəvi əsasları ilə eyniləşdirilir. Yapon məişətinin populyarlığı sayəsində məşhurlaşmış "vabi" və "sabi" kateqoriyaları özündə daha çox tam fəlsəfi anlayışları deyil, yaponların empirik təcrübəsinin kvintessensiyasını təmsil edir. Yaponların orijinal və unikal düşüncə tərzi müxtəlif tədqiqatçıların diqqətini çoxdan cəlb edib. Zen buddistlərin dünyagörüşünün paradoksallığı, onların xətti düşüncəni və rasional intellekti inkar etməsi də maraq doğurur. Lakin həm yerli, həm də Qərb şərqşünasları yapon ənənəsini şərti olaraq Şərq paradiqmasına daxil etmiş və onu ayrıca öyrənməmişlər.

Nisida Kitaro Qərb düşüncəsinə tənqidi yanaşsa da, onun dəyərini, xüsusən, forma və yaradıcılıq anlayışını qəbul edirdi. Nisidanın orijinal və yaradıcı fəlsəfəsi Zen buddizmi ilə Qərb fəlsəfəsinin ideyalarını birləşdirərək Şərq ilə Qərbi yaxınlaşdırmağa çalışmışdır. Kitaro "Yaxşılığın araşdırılması" və "Heçliyin məntiqi və dini dünyagörüş" kimi əsərlərində, habelə bir çox kitab və esselərində bu məsələlərə öz münasibətini bildirmişdir.     

Nisida Şərq və Qərb fəlsəfəsi arasında əlaqələrdən danışarkən bu iki fenomen arasındakı əsaslı fərqləri də göstərməyə çalışmışdır. Nisida mədəniyyətin özəlliyini "heçlik" anlayışında görmüşdür. O, Zen buddizminin prinsiplərinə əsaslanaraq heçliyi hər şeyi əhatə edən bir kainat kimi təqdim etmişdir: "o, hər şey olmaqla yanaşı, heç nədir", "o, hərəkətsiz hərəkət edir", "o, şərtsiz müəyyən edir". Bununla belə, Nisida öz fəlsəfəsini Şərq buddist baxışlarından qaynaqlandığını iddia etsə də, onun fikirləri Qərb idealist fəlsəfəsi və xüsusən, ekzistensializm ilə yaxınlıq təşkil edir.

Nisida Kitaro, həmçinin komparativ fəlsəfəni inkişaf etdirərək Şərq və Qərb fəlsəfi düşüncələri arasında müqayisəni də dərinləşdirdi. O, yalnız Hind və Çin fəlsəfə ənənələrinə deyil, həmçinin yapon fəlsəfi fikirlərinə də yeni dəyər qazandırdı. Nisida, fərqli fəlsəfi paradiqmaları sintez edərək özünəməxsus və bütöv bir yanaşma nümayiş etdirdi. Bu tədqiqatın dəyəri, Nisida Kitaro irsinin müasir fəlsəfə kontekstində təhlili və Şərq-Qərb fəlsəfəsi arasındakı əlaqələrin araşdırılmasına daha geniş perspektivlər açmasında dayanır.

Nisida Kitaro fəlsəfəsinin öyrənilməsi qədim və müasir Yaponiyanın fəlsəfi düşüncə dünyasına daha dərindən nüfuz etməyə imkan verir. Onun tədqiqatları fəlsəfənin eklektik və vahid bir proses kimi qəbul edilməsini təmin edir. Bu yanaşma fəlsəfə tarixinin həm Şərq, həm də Qərb inkişaf istiqamətlərini birləşdirən universal bir sistem kimi təqdim olunmasına şərait yaradır. Sadə şəkildə desək, əslində filosof öz tədqiqat əsərlərində Qərb rasionalizmini Şərq mənəviyyatı ilə birləşdirməyin yolunu axtarırdı.           

Nisida buddist baxışa uyğun olaraq, əslində "mən" deyilən bir şeyin olmadığını qəbul edir. O, bunu "mütləq yoxluğun özünüoyanışı" ilə əlaqələndirir. Bu oyanış, "həqiqi yoxluğun oyanışı"dır. Mütləq yoxluq fəaliyyətdə özünü göstərir və substansial "mən"in inkarı ilə onun təsdiqini ehtiva edir.          

Nisida əmin idi ki, həqiqətə çatmaq üçün fəlsəfə və din məsələlərini birgə nəzərdən keçirmək lazımdır. Bunun üçün hind və antik yunan fəlsəfələrini nümunələr gətirirdi.            

Nisidanın əsas fəlsəfi konsepsiyası, bəzən "antinteellektualizm" adlanır. Burada həqiqi varlıq xüsusi bir vasitə ilə - "şeylərə baxış tərzi" və ya "özünüdərketmə yolu" vasitəsilə, intuisiya ilə əldə edilir. Bu, obyektiv və subyektiv fərqi aradan qaldırmağa imkan verir. Nisida cəmiyyətin inkişafını ümumi - heçlik və xüsusi - insan fərdləri arasındakı qarşılıqlı təsirin nəticəsi kimi təsvir edir. Bu qarşılıqlı münasibət "Mən" və "Sən" arasında kommunikasiyada öz ifadəsini tapır.

Nisidaya görə, din, incəsənət, əxlaq və elm tarixi dünyada varlığın ideal formalarıdır. Alim və ya rəssamın fəaliyyəti insanın formalaşdırıcı fəaliyyətinin təzahürüdür. Tarixi dünya "mütləq yoxluq sahəsi" kimi, "yoxluğ"un özünümüşahidəsinin son nöqtəsidir.

Yoxluq və ya "boşluq" Uzaq Şərq ənənəsində daha dinamik bir ölçüyə malikdir. Bu, insan hissləri ilə dərk edilməyən və intellektual olaraq anlaşıla bilməyən insanlarla kosmos, təbiət arasındakı münasibətlərdir. Nisida Yaponiyanın autentik olan (autentik - gerçək - F.M.) milli mədəniyyətinin əsaslarını Çin və hind təsirlərindən ayırmağa çalışmış və onları estetik sahədə, ənənəvi poeziya nəzəriyyəsində tapmışdır.

Nisidanın fəlsəfəsi yapon intellektual ənənəsinin unikal interpretasiyası olub, onu müasir fəlsəfə ilə birləşdirərək dünya fəlsəfi diskursuna daxil etmişdir. Zen paradokslarını fəlsəfə müstəvisinə çıxaran Nisida öz müstəqil təlimində Qərb və Şərq fəlsəfi ənənələrinin güclü tərəflərini sintez etməyi bacarmışdır. O, müstəqil filosof olaraq, dünya fəlsəfi irsinə orijinal töhfə vermişdir.

Nisida Kitaro yaxşı təhsil almış, Şimali Amerika və Avropa düşüncə sistemlərini diqqətlə öyrənmişdir. O, elmi karyerası boyunca müxtəlif fəlsəfi istiqamətlərə dərindən nüfuz edərək, daim müasir idealist nəzəriyyələrə marağını saxlamışdır. Bu kontekstdə onun ekzistensial yönümlü tədqiqatları təsadüfi deyildi. Nisida, ekzistensializmi klassik fəlsəfi düşüncənin əsas ziddiyyətlərini və çıxılmazlıqlarını aşmağa çalışan bir cəhd kimi qiymətləndirdi. Lakin onun fikrincə, ekzistensializm bu problemləri yalnız aşkar etmiş, onların həllinə nail ola bilməmişdir.

Məkan və zaman anlayışı mədəniyyətin müəyyənedici xüsusiyyətlərindən biridir. Bu xüsusiyyətlər gündəlik həyat tərzində, incəsənətdə, ədəbiyyatda və fəlsəfədə təzahür edir. Kitaro Nisidanın əsərlərində məkan və zaman konseptualizasiyası və ya "məkan" və ya "topos" məntiqi əsas yer tutur.

Bu, Aristotelin subyekt məntiqi və Kantın predikat məntiqinin subyekt-obyekt fərqini aradan qaldırmaq üçün dinamik qarşıdurmaların həlli deyil, onların qarşılıqlı təsirində həqiqəti tapmağa yönəlmiş bir baxışdır.

Nisida, "heçlik", "özünüoyanış" və "məkan məntiqi" kimi anlayışlar formalaşdıraraq şüur, "Mən"in dərk edilməsi və ekzistensial problemlərə yeni baxış bucağı gətirdi. Onun tədqiqatları Qərb təfəkkürünün sərhədlərini aşaraq fəlsəfi düşüncənin ümumi inkişafında növbəti addımın məntiqiliyini və zəruriliyini nümayiş etdirdi. Nisidanın təqdim etdiyi "özidentiklik" anlayışı subyekt və obyekt, "Mən" və "qeyri-Mən", varlıq və heçlik arasındakı qarşıdurmanı aradan qaldırmaq üçün yeni bir yanaşma idi.

Fəlsəfə tarixində ilk dəfə olaraq bu cür dixotomiyalar digər dünyagörüş mədəniyyətlərinə və təfəkkür məntiqinə müraciət əsasında aradan qaldırıldı (Dixotomiya - vahidin bir-birini inkar edən iki hissəyə bölünməsi - F.M.). Bu, Qərb və Şərq paradiqmalarının birləşməsi əsasında ziddiyyətlərin aradan qaldırılmasında unikal təcrübə kimi özünü doğrultdu. Nisida Qərb və Şərq fəlsəfəsi arasında sərhəd qoymadan fəlsəfəni vahid bir proses kimi qəbul edirdi.

Nisida Kitaro yaradıcılığı - Kioto fəlsəfi məktəbinin banisi - ekzistensial fəlsəfə, fəlsəfi fenomenologiya, mistik buddizm praktikası və xristian etikasının elementlərini özündə birləşdirən sintezi təmsil edir. Nisida Kitaronun sintez fəlsəfəsi Şərq mədəniyyəti və xristian dünyasının dünyagörüşlərinin qarşılıqlı təsiri olmadan mümkün deyildir. Nisida Kitaronun "Xeyrin araşdırılması" əsərindəki "saf təcrübə" birbaşa təcrübə həm fərdi subyektiv həqiqi bilginin əsası, həm də Tanrıda təcəssüm edən ali reallıqdır. Bu cür təcrübənin şərti və imkanı fərd daxilində faktiki, intellektual, iradi və intuitiv başlanğıcların birliyindədir. Bu cür fərdi və təcrübəni başa düşmək Nisidanın fəlsəfəsini xristian insan anlayışı ilə yaxınlaşdırır.

Kitaro Nisida, unikal ideyaları və "məkan" konsepsiyasını təklif etməsi ilə məşhur olan görkəmli yapon filosofudur. Onun fəlsəfəsi Qərb və Şərq ənənələrini birləşdirməyə çalışaraq yapon düşüncəsinə əhəmiyyətli təsir göstərmişdir.

Nisidanın əsas ideyalarını belə xarakterizə etmək olar: 1.Subyekt və obyekt dualizminin aradan qaldırılması. Nisida hesab edirdi ki, Aristotel və Kantın məntiqinə əsaslanan Qərb fəlsəfəsi dünyanı subyekt və obyektə bölür ki, bu da reallığın anlanması üçün qeyri-adekvatdır. O, bu ikilikdən əvvəl gələn və onları birləşdirən "məkan" (başo) konsepsiyasını təklif etmişdir. 2."Məkan" (başo). Bu onun fəlsəfəsinin əsas anlayışıdır və sadəcə məkan deyil, əksinə, varlığın əsasını təşkil edir, burada hər şey bir-biri ilə bağlıdır. 3.Başonun məntiqi. Nisida, subyekt-obyekt münasibətlərinə əsaslanan məntiqin məhdudiyyətlərini aradan qaldırmaq üçün başo anlayışına əsaslanan spesifik məntiq inkişaf etdirmişdir. 4.Zen-buddizm təsiri. Onun fəlsəfəsi Zen-buddizm ənənələri ilə sıx bağlıdır və bu, formasız və səssiz olanı dərk etməyə, həmçinin özünüdərk axtarışına yönəlib. 5.Şərq və Qərb fəlsəfəsinin sintezi. Nisida Şərq dünyagörüşü ilə uyğunlaşdıraraq Qərb fəlsəfəsinin, xüsusən də alman və fransız fəlsəfəsinin metodologiyasını istifadə etməyə çalışmışdır. 6.Özünüreallaşdırma və yaradıcılıq. Onun fəlsəfəsi daxili intuisiya və kamilliyə canatma əsasında özünüreallaşdırma və yaradıcılıq axtarışına çağırır. 7.Yeniliyə açıqlıq. Nisida, dəyişən şəraitə uyğunlaşaraq fəlsəfəsini daim inkişaf etdirməyə can atırdı.

Onun "Müasirlik və tarix", "Xeyir haqqında", "Mahiyyətin araşdırılması" kimi əsərlərində ifadə olunan bu ideyalar müasir filosof və tədqiqatçılara təsir göstərir.

Nisidanın əsas mövzularını isə belə səciyyələndirmək olar: Qərb fəlsəfi ənənəsinin tədqiqi və tənqidi. Nisida "yoxluq" ideyasını Buddizm ənənəsi və Haydeggerin fəlsəfəsindən ilham alaraq "mütləq boşluq" kimi təqdim edir. Bu konsepsiya ümumi və fərdi arasındakı ziddiyyətləri həll etmək və azadlığın imkanlarını araşdırmaq üçün istifadə olunur.

Haydeggerlə paralellər. Haydeggerin "Heç nə" anlayışı ilə Nisidanın "yoxluq" konsepsiyası arasında əlaqə mövcuddur. Nisida üçün yoxluq insan azadlığının əsas şərtidir.

"Başo" və azadlıq. Nisida azadlığı daxili iradənin müstəqilliyi kimi təsvir edir və bu, həm mühiti müəyyənləşdirir, həm də onunla müəyyən olunur.

Nisidanın fəlsəfəsi, Haydeggerin "Dasein" anlayışı və uzaq Şərq buddizmindəki "həqiqi Mən" konsepsiyası ilə bağlı olan özünüdərk və insan azadlığı məsələlərini əhatə edir. Ümumiyyətlə, Kitaro fəlsəfəsində əsas anlayışlardan biri özünüdərk hesab olunur. Bu, intuisiyanın və refleksiyanın qarşılıqlı əlaqəsi vasitəsilə əldə edilir.  

Nisida Kitaronun fəlsəfi evolyusiya yolu onun hər bir əsərinin təhlili və bu əsərlərin onun yaradıcılığına təsiri kontekstində öyrənilməlidir. Onun Kyoto məktəbinin yaranmasındakı rolu, həmçinin müasir yapon fəlsəfəsinin formalaşmasında oynadığı mühüm rola xüsusi diqqət yetirilməlidir.

Nisida Kitaronun estetik fikirləri də maraq doğurur. Filosof belə hesab edirdi ki, ənənəvi poeziya da daxil olmaqla, yapon estetikası, yapon ruhunu və mentalitetini anlamaq üçün əsas açardır.      

Nisida Qərb sivilizasiyasının, xüsusən, forma və yaradıcılığa canatma anlayışlarının təsirini qəbul edirdi.        

Budda fəlsəfəsində inkar və təsdiq "qoşa qanaddır". Nisida Kitaro "boşluq" kimi buddist anlayışlarını fəlsəfi müzakirələrinə gətirərək, həqiqi varlığın "həqiqi yoxluğun oyanışı" ilə bağlı olduğunu bildirirdi.          

Nəticə etibarilə, Nisida Kitaro irsi müasir fəlsəfə tarixində özünəməxsus yer tutaraq, fəlsəfi düşüncənin yeni sərhədlərini müəyyən etmişdir.

Ümumiyyətlə, Nisida Kitaro özündən sonra zəngin fəlsəfi irs qoymuşdur və bu irs yapon mədəniyyətinin və onun dünya səhnəsindəki yerinin anlaşılmasında müstəsna rol oynamışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!