Sükut-2 - İlkin ÖZ

Həyatımın ən xoşbəxt anıymış, bilmirdim...

Orxan Pamuk

 

 

Sofiyaya...

 

2022-si ilin yay aylarıydı. Bekarçılıq idi, vatsapda kitab qruplarından birində təsadüfən bir xanımla tanış oldum. "Vəzifə"miz hərdən hansısa əsərlərdən sitatlar tirajlamaq idi. Açığı, onunla doğru-dürüst söhbətimiz belə olmamışdı. Hətta uzun müddət eyni universitetdə oxumağımızdan belə bixəbərdik. Elə hər şey də o gün başladı...

Tanışlığımızdan ay yarım vaxt keçmişdi. Boşluqdan ürəyim sıxılırdı. Dərslər başlamışdı deyə qanım qara idi. Yenə hansısa mövzunu müzakirə edirdik. Bərk darıxdığını dedi. Əslində, mən də həmsöhbət axtarırdım. Fürsətdən istifadə edib onu şəhər kitabxanasına dəvət elədim. Razılaşdıq. Dərhal ünvana yollandım, çatıb gözləməyə başladım və tezliklə peşman oldum.

Ağlımdan yüz cür fikir keçirdi. Özümü söyməyə başladım. Burada axı nə itim azmışdı? Üzünü belə görmədiyim birinə görə əbəs yerə vaxt itirirdim. Bir az götür-qoydan sonra qərara gəldim ki, əşi, gəlsin, kitabxananın yerini göstərim, özümsə bir bəhanəylə evə qayıdım.

Bu dəm bir nəfər yaxınlaşıb məni salamladı. Telefondan başımı qaldıranda eşitdiyim o şirin səs, gördüyüm ecazkar mənzərə qarşısında quruyub qaldım.

Gözlənilməz idi. Həqiqətən, belə bir adamın gələcəyini fikirləşməmişdim. Məsələ, bəlkə, onun xarici görkəmində deyildi. Ancaq onun iri gözləri olduqca diqqətimi cəlb etmişdi. Bir anlıq duruxdum, özümü birtəhər ələ alıb "salam, xoş gördük!" - deyərək, - birlikdə kitabxanaya daxil olduq.

- İlk dəfədir buraya gəlirəm, - deyə dilləndi.

İlıq təbəssümlə cavab verdim:

- Mən nə vaxt darıxsam, kitabxanaya üz tuturam.

Nəsə, bəzi kitablara nəzər saldıq. Əvvəlcə ona müəllifi olduğum kitabı göstərdim. Kitabxananın əməkdaşları məni yaxşı tanıyırdılar. Lazımi kitabları əldə etməkdə mənə kömək etdilər. Bəyəndiklərimizi götürüb oxu zalına keçdik.

Fəqət gözümü hələ də onun şux əndamından çəkə bilmirdim. Ulduz kimi parlaq, sarımtıl, uzun saçları və ürkək baxışları məni özünə heyran etmişdi.

Hərdən təsirli kitab oxuyanda kövrəlir, qaşları çatılıb, gözləri dolurdu. Belə daha şirin görünsə də, onun qəmgin olmasını rəva bilmirdim.

Arabir oğrun-oğrun məni süzməyindən çox şey bəlli olurdu. Məsum baxışların mənə zilləndiyini hiss edəndə daxilimdə qəribə istilik yaranır, çoxdan solmuş xoşbəxtlik rüşeymləri cücərirdi.

Düzü, xarakterlər, düşüncələr, maraqlarımız kəsişirdi. İşin qəribə tərəfi məni çoxdan tanıyırmış kimi səmimi və yad adamlara xas utancaq təbiətli olması idi.

Bir saat sonra onu çaya dəvət etdim. Tərəddüdlüydü, lakin qəbul etdi. Yaxınlıqdakı kafelərin birində əyləşdik.

O, riyaziyyat, mənsə Azərbaycan dili müəllimliyini oxuyurdum. İxtisasımızdan söz salırdıq ki, söhbətimiz yekunlaşmasın.

Görünür, birlikdə vaxt keçirməkdən çox məmnun idik. Hərdən ona gözucu nəzər salanda fikrini məndən yayındırır, yanaqları qızarır, utanır, başını aşağı dikirdi...

Çayımızı içib parka getdik. Parkda çiçək satan yaşlı xalayla rastlaşdıq. O bizim nişanlı olduğumuzu zənn edib inadla: "sevgili"mə gül almağımı istədi. İkimiz də qızardıq, amma xalaya heç nə deməyə lüzum yox idi. "Sevgili"mə bir dəstə qızılgül aldım.

...Tədricən danışıqlar, görüşlər artırdı. Biz iyirmi bir yaşlı iki uşaq idik. Bəxtimizdən tələbəlik illərində şəhərdə tez-tez kitab sərgiləri təşkil edilirdi. Bütün kitab sərgilərində iştirak edir, müxtəlif kitablar alırdıq. Bunu artıq hobbiyə çevirmişdik. Ona şeir oxumağımı çox sevirdi. Adətən çağdaş şairləri atəşin həvəslə dinləyirdi.

Sonralar "Ədəbiyyat qəzeti"ndə haqqında silsilə şeirlər dərc etdirmişdim. Dediyinə görə, qəzetin həmin sayını hələ də saxlayır...

Bir sərgidə C.Londonun kitablarını gördük. Onu "Martin İden" əsərindəki Ruf obrazına bənzətdiyimi söylədim. Çünki Ruf da M.İdeninin həyatına təsadüfən gəldi və onu çox "dəyişdi". İdeni yaşadan da, öldürən də məhz Rufun sevgisiydi. Ruf olmasaydı, bəlkə də, o, ömrünün sonunadək heç kəsi onun qədər sevməyəcək və heç vaxt tədricən yüksələrək bir andaca yerə çaxılmayacaqdı...

Get-gedə o mənimçün xoş bir vərdişə çevrildi. Kiməsə vərdiş eləmək çox təhlükəlidi. Bu, siqaret, alkoqol... aludəçiliyindən də betərdi. Vərdiş elədiyin adama əlin çatmayanda nə etməli? - Bu, çətin məsələdir. Əvvəllər yanımda olduğuna görə o qədər xoşbəxtdim ki, nə vaxtsa əvvəlki monoton həyatıma geri dönəcəyimi düşünmürdüm. Bunu heç təsəvvür belə etmək istəmirdim. Heyif, qorxduğum, başıma gəldi.

Sözün açığı, səbəbini heç vaxt bilmədim, fəqət birdən-birə hər şey çox dəyişdi... Sanki aramıza qara pişik girdi. O məni özündən soyutmaqçün ən iyrənc üsullardan istifadə elədi; başqalarıyla danışdı, hətta şəkil çəkdirib gözümə soxdu. İyrəndim, ögüdüm... Ona acıq verməkçün mən də min hoqqadan çıxdım, fərqli-fərqli xanımlarla münasibətdə oldum. Amma uşaqlıq eləməyin adı yox idi. Bizə özgəsi lazım deyildi...

Ali məktəbi bitirib bir müddət baş qatmağa Bakıya yollandım. Xeyiri olmadı, onu unuda bilmədim. Üstəlik, Bakıda olanda mənə zəng vurdu. Emosiyalarıma aldanıb bir neçə ay danışdıq. Son dəfə görüşmək istədiyini dedi. Mənim də, əslində, ondan sarı burnumun ucu göynəyirdi. Əliboş getmək olmazdı, Qismət Rüstəmovun "Qumru əlifbası" kitabını da qoltuğuma vurub iş yerinə yollandım. İlahi, necə sevindi, necə sevindi. Bəli, xoşbəxt olmağımız bu qədər sadəydi.

Sonrası isə məlumdu. Son görüş adıyla bu proseslər üç il davam etdi... İkimiz də düz üç il bu tilsimdən çıxa bilmədik. Həyat qarşımıza çoxlu maneələr çıxarsa da, bizi müxtəlif vaxtlarda yenidən üzləşdirdi.

Hərbi xidmətdə olanda toy xəbərini eşitdim. İndi isə bir oğlu var. Hardan-hara gəldik... Sanki hansısa fövqəltəbii qüvvə bizimlə oyun oynayırmış. Qismət, yoxsa həyatın ironiyası? Bilmirəm, ancaq xoşbəxtlik arzumuz puç oldu.

Ötən gün təsadüfən onunla bir ticarət mərkəzində rastlaşdıq. İkimiz də quruduq. Boynumuzu büküb bir-birimizə baxa-baxa qaldıq. Qışqırmaq istədim, səsim çıxmadı. Qucaqlamaq istədim, ayaqlarım kilidləndi, addım ata bilmədim. Bu dəm onu həyat yoldaşı səsləyib "gecikirik", - dedi.

Ticarət mərkəzində qəribə sükut yarandı. Bayıra çıxıb bir siqaret alışdırdım və göyə baxdım, hava buludlu idi, deyəsən, yağış yağacaqdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!