(Əvvəli ötən sayımızda)
"Daşqın" əsərinin məğzi və mahiyyiyyəti barədə düşünərkən Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanındakı "Manqurt" obrazının xatırlamamaq mümkünsüzdür. Kxe keçmişini, dəyərləri və insanlığı xatırlamaq üçün bütün çətinliklərə qatlaşdığı, hafizəsində canlandırdığı bütün dəyərləri yaşatmağa çalışdığı halda (səh.28-30 və s.), Etix isə məhz manqurtcasına hər şeyə, hətta doğma atasına belə nifrət edir. O, ümumilikdə insan cəmiyyətinin günahlarının və səhvlərinin nəticəsində formalaşmış tipik obrazdır və bütün əməlləri müasir həyatda mövcuddur. Türk xalqlarının milli dəyərlərinə görə, ananın südü övladın günahını bağışlasa da ata üzə ağ olan övladını əfv etmir. Etixin məhz atasına qarşı çıxması yazıçının pozulmuş ailə münasibətləri fonunda nəhəng fəlakətə və böyük günahlara xüsusi yanaşmasıdır.
"- Torpağı almaq olar, mal-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, ancaq adamın hafizəsinə kim qəsd edə bilər, bunu kim fikirləşib tapıb?", ifadəsi ilə insanlığa müraciət edən Aytmatovun bu mürəkkəb sualına Rayevin romanının ümumi süjet xəttində böyük məharətlə verdiyi müdrik cavab oxucu üçün düşündürücü olduğu qədər, bütün dünya ictimaiyyəti üçün həyəcan təbilidir. . Etixin hafizəsini fərdlər deyil, qlobal məkandakı günahlar pozaraq onu manqurtlaşdırmışdır.
Ötən yüz ilin kimya əsri olmasına dair çox mühakimələr eşitmişik. Kimyəvi tərkibli məhsullar, o cümlədən plastik materialdan olan qablar, plastik cürdəklərin icadı qısa zaman kəsiyində kütləviləşdiyi kimi kütləvi problemlərə də yol açdı. Bu məhsulları əvəzedilməz hesab edənlər tapılsa da, son illər inkişaf etmiş ölkələr şüşə cürdəklərə qayıtmaq istəyir. "Dermantin koma hər il getdikcə köhnəlirdi. Yağış yağanda onların daldalanacaq yeri olmurdu, koma bütün dərmə deşiklərdən damırdı. Dəcəl külək əsəndə isə koma az qalırdı dağılsın, buna görə də onun kənarlarına daş parçaları düzmüşdülər. Amma bir dəfə bu daşlar da kömək etmədi (səh.76)". Rayev bu fikri ilə insan icadlarının təbiət hadisələri qarşısında nə qədər aciz olduğunu böyük ədəbi ustalıqla təsvir edə bilir. Yazıçı bunun ardınca yazır: "O, dünyanı dəyişə bilsə də, özü dəyişə bilmədi, əvvəlki kimi insan olaraq qaldı, ölüm ona insan olduğunu xatırlatdı...Arxasınca isə insanlığa əzab verən bəla qoyub getdi, zəhərli tüstünün qara quyruğu bu dünyadaca qaldı (səh. 89)".
..."Kxe bunu indi xatırladı. Etixin əllərində tutduğu büllur kəllə onda bir sıra nizamsız fikirlər doğururdu. Bu kəllə onlara hansı uğursuzluğu gətirəcəkdi? Bu suala cavabı yox idi. Qəlbində həyəcanlı küləklər əsirdi...(səh. 120)". Yazıçı burda "həyəcanlı külək" anlayışı ilə hazırda insan cəmiyyətini təlatümdə saxlayan stresslərə işarə vurur. Hansı ki, müasir texnologiyaları heç də bərabər olmayan insan cəmiyyətinin müəyyən bir qütbündə gözqamaşdırıcı maddi səltənət yaratsa da dünyada baş verənlər hər kəs üçün stress mənbəyidir. Çünki fəlakət və risklərdən heç kim sığortalı deyil.
Əsərdə ən yaddaqalan, emosional və təəssüfləndirici səhnələrdən biri yer üzündə sağ qalan yeganə din adamı Kixenin edam səhnəsidir: "Nə zamansa Tanrı sevgisindən yaranan, Yaradanın əmrilə "insan" adlandırılan imansızlar və bütpərəstlər bu dünyada gün keçirir, həyatdan zövq almağın dəyərini qətiyyən bilmirdilər. Onlar hər günlərinin Yaradanın adı ilə bağlı olduğunu unutmuşdular, ömürlərini İlahi sevgisi olmadan sərf edir, istədikləri hər yaramaz əməli törədirdilər. Beyinlərində bütün gözəl və rəzil sözləri, Xaliq barədə bütün anlayışları onlar indi əski kimi yerə səpib tapdalayır, ayaqlarının kirini ona silirdilər... Müqəddəs olana imanı onlar öz qəlblərinin hansı darısqal və qaranlıq güşələrində gizlədirlər? Sanki onların qəlblərində artıq səmimi imana yer qalmamışdı, "ədalət" və "mərhəmət" kimi anlayışlar onlar üçün artıq həyati mənasını itirmişdi, cənnət həzzini isə qumar oyunları və əxlaqsızlıq əvəzləmişdi..."(səh. 47). "Ədalət" və "mərhəmət" təəssüb anlayışı ilə bir-birilərinə bağlıdırlar. Onlardan biri yoxdursa, digəri də olmur. Ona görə də yazıçı bu anlayışların mənasının itməsinə birlikdə münasibət bildirir.
Müasir dövrdə, xüsusilə qida sənayesində istifadə olunan genetik kodların dəyişdirilməsi qlobal problemə çevrilib. Bəşəri dəyərlərə zidd olan bu amansız prosesin qarşısını almaq üçün nə cəhd var, nə qanun və də ki mexanizm. "Nəhəng Suyun ağuşuna atılandan sonra Kxe ona rahatlıq verməyən Etixlə baş-başa qalmışdı. Bu onun üçün çox ağır günlər idi. Duna atasını qəbul etmirdi. Etixin dediyi ilə oturub-dururdu. Kxe özünü bu adada artıq hiss etməyə başlayırdı. Onun vəziyyəti günü-gündən pisləşirdi. Bundan başqa, buynuzlu körpə sanki günlə yox, saatla böyüyürdü, boyu da, çəkisi də durmadan artırdı. Onun bədəni artıq tüklə örtülmüşdü. Başındakı buynuzlar da böyüyürdü, onları artıq uzaqdan görmək olurdu...(səh. 138)". Dermantin koma təbiət hadisələri qarşısında aciz olduğu kimi genetik kodu dəyəşdirildiyi üçün eybəcər görkəmə düşən insan da dəyərlərə ehtiramını itirərək aciz vəziyyət alıb. "Çarmıxın gövdəsi tərəfdə dayanmış - Etix cibindən bir əşya çıxardı. Bunu Kxe daim öz boynunda gəzdirirdi. - Etix gülə-gülə onu da Müqəddəs Kitabın dalınca Nəhəng Suya atdı (səh.160)." Bəli, Müqəddəs Kitaba ancaq və ancaq Etix kimi anormal görkəmli və anormal xüsusiyyətlərə malik şəxs sayğısızlıq göstərə bilər. Müasir dünyanın gözü qarşısında ABŞ-da İsveç və Danimarkada Qurani-Kərimin nüsxəsi yandırılıb, Dağıstanda kilsəyə və sinaqoqa və İstanbulda isə kilsəyə hücum edilib. Əslində müəllif böyük ədəbi ustalıqla əsərin bu hissəsində son illər dünyanın ayrı-ayrı ölkələrində müqəddəs kitablara və səmavi dinlərə qarşı edilən hörmətsizliyə, sayğısızlığın dinamika aldığına işarə edir. "Buynuzlu oğlan bir dəfə səhər erkən elə sahildəcə buynuzlarını qırmaq qərarına gəldi. Axı Su Pərisi qəfildən gəlib çıxsa və onu bu görkəmdə görsə, qorxardı. Pərini bir kənara qoysaq, buynuzlar heç onun özünün də xoşuna gəlmirdi (səh.140)." Yazıçı əsaslandırır ki, bəşər övladı özünün yaratdığı eybəcərlikləri, özündə yaranan licimsiz görkəmi qəbul etmək, onunla barışmaq istəmir. Amma qlobal proses insanı kütləvi eybəcərliyə yuvarladıb. Su Pərisi tarixin bütün dövrlərində mavi vətənin Şah Banusu sayılıb. O həm realdır, həm də mifik. Bunlarla bərabər Su Pərisi gözəllik ilahəsidir. İnsanlıq görkəmindən çıxan Etixin Su Pərisindən xəcalət çəkməsi müasir dünyanın eybəcərlik salnaməsinin ədəbi məharətlə vərəqlənməsidir.
Əsərin epiloquna olan şərhimizi sondan əvvələ saxlayaraq mühakimələrimizi davam edək. Sultan Rayev əsərə əlavə etdiyi cəmi bircə cümləlik epiloq ilə əslində insan övladını mütaliyə işığında cəmləyərək həyəcan təbili çalır: "Bir müddət sonra Nəhəng Su həmin kiçik adanı da öz cənginə aldı. Bu dəfə səmada göy qurşağı gözə dəymirdi..."
Tarixin bütün dövrlərində su uğrunda amansız və qəddar müharibələr, siyasi böhranlar yaşanıb. Bir çox proqnozlara görə, 3-cü Dünya Müharibəsi də məhz su resursları uğrunda başlayacaq. BMT-nin ərzaq proqramında içməli su qıtlığı müasir dövrün qlobal problem kimi xarakterizə olunur. Nəhəng Su anlayışı sunami, fırtına, sel, qasırğa, daşqın mənalarında başa düşülə bilər. Bəs göy qurşağı? Göy qurşağı təbiətin heyrətamiz hadisələrindən biridir. İlk yaz yağışları ilə birlikdə görünməsi təbiətin yenidən doğulmasına və yazın gəlişinə bir işarədir. Mütəxəssislər əsaslandırır ki, göy qurşağı, leysandan sonra yaranaraq sülh və yenidən doğulmağı simvolizə edən təbiət hadisəsidir. Bu simvolizm yunan mifologiyasında, İncildə və metafizik yazılarda xatırlanır. Göy qurşağının ən çox görünən rənglərinə qırmızı, sarı, mavi və bənövşəyi daxildir ki, bu da gözəl bir vizual səhnə yaradır. Göy qurşağını insanlar hər zaman xüsusi şadyanalıqla, sevinclə, böyük maraqla qarşılayıblar. Gözə aydınlıq, zehnə dinclik gətirən bu təbiət hadisəsinin "Daşqın" romanının sonunda yoxa çıxması, gözə dəyməməsi görkəmli yazıçı Sultan Rayevin planetimizi gözləyən "sonun!" nə qədər yaxında olduğuna işarəsidir.
Yazıçı Sultan Rayev milli adət və ənənələri, atalar-sözlərini, dünya ədəbiyyatını, qədim rəvayətləri, kainat hadisələrini, planetimizdə baş verən təbii prosesləri mükəmməl bildiyi üçün bütün əsər boyu hadisə və dialoqlar arasında mükəmməl bağlantılar qura bilmişdir. Bütün bu amillər, yazıçının rəvan dili və ədəbi üslubları romanı oxunaqlı etməklə yanaşı, oxucu cəlbediciliyini təmin edir, ibrətlik dərs verir.
Daşqın ad, proses, bəla və fəlakət olaraq dünyəvidir. Heç bir halda ona fərdi məsələ kimi yanaşıla bilməz. Müəllif romandakı Kxe, Man, Exit və Duna adları ilə bu dünyəviliyi daha da möhkəmləndirir. Obrazların xarakteri və onların hər birinin hadisə və proseslərə yanaşma tərzi bu dünyəvəliyin qorunması cəhdlərinə durmadan güc verir. Bütün bu cəhətlər Sultan Akimov oğlu Rayevin qələmə aldığı "Daşqın" romanının dünya ədəbiyyatı üçün böyük bir qənimət olduğunu təsdiqləyir. Əsərdəki milli çalar yazarın soy kökünün türk olmasıdır.
Əvvəldə qeyd etdiyimiz kimi artıq digər əsərləri ilə də oxucuların görüşünə gələn görkəmli qırğız yazıçısının Azərbaycan türkcəsində nəşr olunan növbəti əsəri "Dəlixana" romanıdır. Müəllifin bu romanında yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər. Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpaqların axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar... Bəşər övladının ruhu da, əzabı da əbədidir. Cisim ölsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.
Böyük məmnuniyyətlə məqaləni Akademik İsa Həbibəylinin böyük yazıçının əsərləri barədə fikirləri ilə tamamlamaq istərdim: "Sultan Rayevin Azərbaycan dilində nəşr edilmiş "Dəlixana" və "Daşqın" romanları tam mənası ilə mükəmməl magik realist əsərlərdir. "Dəlixana" romanında şəxsiyyət və zaman problemi daha çox yunan mifologiyası ilə müasir dövrün ideyalarının üzvi sintezi vasitəsilə ifadə olunmuşdur... "Daşqın" romanında da mifologiya motiv (dünya) və müasir və zaman problemi öz əksini tapmışdır. Lakin "Dəlixana"dan fərqli olaraq "Daşqın" romanı yunan mifologiyası əsasında deyil, dünya tufanı kimi ümumdünya mifoloji motivləri işığında yazılmış orijinal bədii əsərdir."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!