Biz niyə varıq? - Malik Atilay

 

Uzun zamandan sonra ilk dəfə bir kitabı oxuyarkən özümə bu sualı verəsi oldum: "biz niyə varıq?" Sanki dünya bu sualı duymaq istəmir, bu sualdan bir az kənar gəzir indilərdə. Mənə bu sualı özümə verdirən kitabdan danışmaq istəyirəm bir az.

İlqar Fəhminin "Şeyx Səfiyəddin - İrşad yolunun başlanğıcı" kitabı oxucunu yalnız bir tarixi şəxsiyyətin həyatına aparmır, əslində oxucunu uzun illərdi uzaq düşdüyü, əldən qaçırdığı öz mənəvi köklərinə qaytarır. Bu əsəri oxuyarkən adam anlayır ki, tarix, sadəcə, hadisələrin ardıcıllığı deyil, eyni zamanda ruhun yaddaşıdır. Adı üstündə "başlanğıc" bizi hər insanın deyil, yalnızca duyan, fiziki dünya ilə metafizik dünyanın yolayrıcını görən, varlıq ilə yoxluğun, gizli ilə aşkarın rüzgarını hiss edənləri bir yolun başlanğıcına aparır. Sual yarana bilər ki, bu başlanğıc nədəndir, nəyə lazımdı?

Müəllif kitabda olduqca usta bir şəkildə metafizikadan, mənəvi dünyadan qopan cəmiyyətlərin hansı hallara düşdüyünü, necə əslində məğlub olduqlarını göstərir. Şeyx Səfiyəddinin adı isə əsrlər boyu Azərbaycan tarixində, mədəniyyətində, düşüncəsində çəkilib, məktəb dərsliklərindən tutmuş, bir çox televiziya verilişində adı qarşımıza çıxan bu şəxsiyyətin çox vaxt kimliyini və əsl yolunu yalnız səthi bilmişik. İlqar Fəhmi isə bu kitabda həmin səthiliyin pərdəsini qaldırır, görmədiyimiz Şeyx Səfiyəddin obrazı göstərir bizə, oxucuya Şeyxin irşad yolunu həm tarixi dəqiqliklə, həm də bədii dərinliklə təqdim edir.

Əsərin ən gözəçarpan xüsusiyyətlərindən biri budur ki, müəllif oxucuya sadəcə məlumat ötürmək istəmir, hətta burda məlumat verməkdən boyun qaçırır, desək, yalan olmaz. Sərrast oxucu isə burda kitabın və müəllifin nə istədiyini görür. Həm kitab, həm müəllif oxucuya məlumat vermək yox, yazılanları hiss etdirməyə çalışır. Tarixi, xronoloji əsər yox, bir xalqın mənəvi aramlıq yolunun kimdən, necə və hardan gəldiyini usta bir rəssam kimi göstərir bizə. Kitabın məqsədi ruha səslənməkdir. Və usta qələm sahibi İlqar Fəhmi bunu şeirlərində etdiyi kimi, çox sərrast atışlarla həyata keçirir. O göstərir ki, Şeyx Səfiyəddinin "irşad yolunun başlanğıcı" təkcə XIII-XIV əsrlərə aid deyil, bu başlanğıc hər əsrdə, hər insanda, hər zamanda yenidən doğulur, yenidən güclənir, yenidən aramıza qatılır. İnsanın öz daxili ilə tanış olması, mənəvi səyahətə çıxması, haqqı və haqqa aparan yolu tapması, qara dünyanın qara dumanını qovub ruhun necə aramlıq tapması, gücün əslində fiziki yox, mənəvi bir kökə sahib olması - bütün bunlar əsərin əsas xəttini təşkil edir. İlqar Fəhmi oxucunu sanki bir dərgaha dəvət edir: o dərgahda söhbət kitabdan yox, ruhdan gedir, mənəvi dünyadan danışılır, fiziki dünyanın uydurma çətinlikləri bizdən uzaqlaşdırılır, orada verilən dərs isə sadəcə bilik deyil, həm də könül oyanışıdır, həm də bir insanın rahatlıq, aramlıq tapa biləcəyi bir köşədir.

Şeyx Səfiyəddin haqqında danışarkən, müəllif onu yalnız dini rəhbər kimi təqdim etmir. O, həm də böyük bir xalqın gələcək taleyini formalaşdıran ideya adamıdır. Bəli, bəli, düz oxuduz. Ərdəbildə qurduğu sufi dərgahı zamanla bir məktəbə, məktəbin ruhu isə dövlətin təməl daşına çevrilməyibmi... İlqar Fəhmi bu keçidi incəliklə göstərir: bir müridin qəlbinə toxunan sözlərin əsrlər sonra bütün bir imperiyanın qapısını açdığını oxucuya çatdırır. Bu, təsadüfi deyil. Çünki mənəvi başlanğıc olmadan siyasi və mədəni yüksəliş möhkəm ola bilməz. Kitab bu həqiqəti sadə, amma çox təsirli bir dillə ortaya qoyur. Mənəvi aramlığa, rahatlığa insan övladının nə qədər ehtiyacı varsa, müəllif bu ehtiyacı bütün varlığı ilə ortaya qoyur.

Müəllifin üslubu xüsusi vurğulanmalıdır. Nə əxlaqi-didaktik bir əsər, nə də quru, ruhsuz tarixi bir roman, nə də ancaq faktlardan ibarət əsər deyil bu. İlqar Fəhmi oxucunu sanki Ərdəbilin dar küçələri ilə gəzdirir, orda yaşananları göstərmir, oxucu özü birbaşa hiss edir hər şeyi, Şeyxin dərgahının qapısından içəri salır, müridlərin zikr səsini eşitdirir, ocağın işığını göstərir. Bu təsvirlər bir roman havası daşımır, amma romanvari canlılıq yaradır. Burada təsvirlərlə bədii təsir gücü, elmi mənbələrlə faktların dəqiqliyi elə birləşir ki, oxucu həm öyrənir, həm də hiss edir.

Kitabın ən böyük özəlliyindən biri də odur ki, o, oxucunu düşünməyə vadar edir: "Mənim irşad yolum hardan başlayır?" Şeyx Səfiyəddinin həyatına baxarkən, görürsən ki, hər böyük yol kiçik bir başlanğıcdan doğur. Bu gün atmadığımız addım sabah bizə necə baha başa gələ bilər, onu hiss etdirir, bu gün atdığımız addımınsa sabah bizim üçün nələr gətirə biləcəyini yaşadır bizə. Yenidən Şeyxə qayıdası olsaq, həyat hekayəsində təsadüf yoxdur, hər addım iradə, hər söz hikmət, hər davranış bir məktəbdir. İlqar Fəhmi bu hekayəni elə təqdim edir ki, oxucu burada tarixi öyrənmir, duya bilənlər bir dərvişə çevrilib Ərdəbildə zikrə qoşulur, sonra isə özünə sual verir: "hazırammı?"

Əsər həm də milli-mədəni özünüdərk baxımından çox əhəmiyyətlidir. Biz çox zaman Qərb filosoflarından, Şərq alimlərindən danışırıq, amma öz irfan tariximizi yetərincə öyrənmirik. Özümüzü daima kiçik görməyimiz təəssüf ki, bu sahədə də yaxamızdan əl çəkmir. Halbuki bizim klassik poeziyamızın, muğamımızın, hətta gündəlik həyat fəlsəfəmizin kökündə təsəvvüf dayanır. Biz çox adamın bizə təlqin etməyə çalışdığı kimi köksüz ağac, dərinliyi olmayan, sıradan bir xalq deyilik. Əsrlər boyu mənəvi və irfani yollardan keçən, öz fəlsəfəsini formalaşdıra bilən nadir millətlərdən biriyik. Nəsiminin "Həqq mənəm" fəryadı, Xətainin şeirlərindəki ruhani coşqu, muğamlarımızdakı dəruni kədər və ilahi işıq - hamısı həmin irfan məktəbinin əks-sədasıdır ki, indinin özündə belə, ruhumuzun bir küncünə qısılıb, onlara tərəf ayaq açacağımız günü gözləyirlər. İlqar Fəhmi bu kitabda həmin əks-sədaları bir araya gətirir, oxucunun qulağına köhnə, amma unudulmaz bir səsi qaytarır.

Müəllif həm də göstərir ki, mənəviyyat olmadan tarix yaradıcılığı mümkünsüzdür. Bəzən biz dövlətlərin gücünü yalnız orduda, qılıncda, siyasi taktikalarda axtarırıq. Halbuki Səfəvilər nümunəsi göstərir ki, hər böyük gücün kökündə mənəvi ideya dayanır. İlqar Fəhmi bunu çox gözəl şəkildə oxucusu üçün hazırlayıb təqdim edir. Çünki müəllif çox gözəl bilir ki, Səfəvi dövləti yalnız siyasi quruluş deyildi, o, həm də bir mənəvi başlanğıcın davamı idi. Əgər Şeyx Səfiyəddin olmasaydı, bəlkə də belə bir dövlət də yaranmazdı.

Kitab oxucuya həm də təsəvvüfün incəliklərini anlamaq imkanı verir. İrfanın mahiyyəti - nəfsin islahı, insanın özünü tanıması, dünyaya təkcə zahiri gözlə baxmaması - əsərdə aydın şəkildə izah edilir, üstəlik, oxucuya bunu duymaq üçün də bəs edincə güc verilir. İlqar Fəhmi bunu nə çətin terminlərlə, nə də yorucu fəlsəfi təhlillərlə yazır. Əksinə, o, sadə, axıcı üslub seçib. Bu üslub oxucunun qəlbinə rahatlıqla yol tapır, insanları əlavə suallarla, çətin terminlərlə yormaqdansa, özünə verməyi lazım olan suallar üçün zəmin hazırlayır.

Əsərin təsiri kitab bitəndən sonra da davam edir, hətta daha da güclənir. Kitabı bağlayırsan, amma düşüncələr davam edir. Sanki müəllifin səsi qulağında qalır: "Sənin də irşad yolun var, sən də öz yolunu axtar." Bu çağırış oxucunun içində yeni suallar doğurur. İstisnasız kitabın ən böyük uğuru da budur - o, insanı sadəcə oxumağa deyil, düşünməyə, dəyişməyə dəvət edir, ruhuna səslənir, itirdiyi və heç cür tapa bilmədiyi mənəvi rahatlıq yoluna işıq salır.

Ümumiləşdirsək, İlqar Fəhminin "Şeyx Səfiyəddin - İrşad yolunun başlanğıcı" kitabı üçqatlı bir əsərdir: tarixin özünü və formalaşmasını təqdim edən tədqiqat, bədii dildə yazılmış estetik mətn və ruhani yolçuluq üçün bələdçi. Bu əsər oxucunun zehninə bilik, zövqünə estetik həzz, qəlbinə isə işıq verir. Onu oxuyan hər kəs bir daha anlayır: millətimizin gücü yalnız torpağında deyil, həm də mənəvi köklərindədir. O, mənəvi köklərdəki işığı indi də ruhumuzu, biz görməsək belə, sarır, bizi fiziki dünyaya əsir olmaqdan xilas edir, irfan qapılarını bircə-bircə açır bizim üçün...

Məncə, bu kitab hər bir oxucunun kitabxanasında olmalıdır. Çünki o, bizə sadəcə keçmişi öyrətmir, həm də gələcəyimiz üçün yol göstərir. Şeyx Səfiyəddinin yolu - daxili işığın, mənəvi dirənişin, iradənin yoludur. İlqar Fəhmi isə bu yolu günümüzə elə gətirir ki, oxucu bunu hiss edir, yaşayır, həm də öz mənəvi yolunu düşünməyə başlayır. Bu isə hər kitabın edə biləcəyi bir iş deyil.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!