Həyatın sirrini bilsəydi ürək,
Bilərdi ölümün sirrini demək.
Bu gün sağlığında bir şey bilməyən,
Ölüb getdi, sabah nə dərk edəcək.
Ömər Xəyyam
Birbaşa mətləbə keçirəm. Məqsədim Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi, türk dünyasının ədəbi yaradıcı korifeylərindən Sultan Rayevin bədii yaradıcılığı barədə fikir və düşüncələrimi sayğıdəyər oxucularla bölüşməkdir. Əvvəlcə yazıçının yüksək insani keyfiyyətləri barədə bir neçə kəlmə: o, müdrik, səmimi, həssas və sədaqətlidir! Zənnimcə təkcə bu dörd yüksək keyfiyyətin üstünə onun zirvələri fəth edən yaradıcılıq istedadını da əlavə etməklə deyə bilərik ki, Sultan Rayev müasir dövrümüzdə bütün keyfiyyət göstəriciləri ilə türk dünyasının böyük mədəniyyət xadimləri sırasında öncüllərdəndir. Qeyd edək ki, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev dünya ədəbiyyatının inkişafına verdiyi töhfəyə görə Dünya Yazıçılar Təşkilatının (WOW) qızıl medalı ilə təltif olunub. Dünya Yazıçılar Təşkilatı (World Organization of Writers, WOW) ədəbi əməkdaşlığın inkişafı və mənəvi-dəyərlər sisteminin təbliği məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilat 2 fevral 2023-cü ildə Misirdə keçirilən VI Avrasiya Ədəbiyyat Festivalı - "LİffT" çərçivəsində təsis olunub. WOW-un qərargahı Moskvada yerləşir. Təşkilatın prezidenti şairə Marqarita Alıdır. Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən böyük yazıçıya verilən Türk Dünyası Ədəbiyyat Mükafatı Sultan Rayevin son illər layiq görüldüyü ali mükafatlardandır.
Qırğız Respublikasının d?vl?t xadimi Sultan Akimov oğlu Rayevin şəxsiyyəti, Azərbaycan da daxil olmaqla, bütün türk dünyasına yaxşı tanışdır. Onun "Daşqın" romanı insanın mənəvi aləmini, varoluşun mahiyyətini, dünya və insan münasibətlərini təhlil etdən metafizik əsərdir. Yazıçı bəşər tarixinin keçmişini və gələcəyini sintez edir. Lakin təəssüf ki, hələlik onun yaradıcılıq nümunələri Azərbaycanda geniş oxucu kütləsini əhatə etmir.
Əvvəlcə görkəmli yazıçının "Daşqın" romanı barədə bir neçə söz deyək: Murat Auezova ithaf olunan bu əsər "Nuhun tufanı yeni dövrdə baş versə, nələr olar?" sualına cavab axtarır. Yazıçı böyük ədəbi istedad sərgiləyərək əsərdə Nuhun tufanının, əslində müasir zamanda baş verdiyini göstərməyə nail olub və bukünkü dünya fəlakətinin səbəblərini izah edib. Belə ki, hazırda insanlar suya deyil, internetə qərq olub boğulurlar. Texnologiyaların sürətli inkişafı bütövlükdə insan cəmiyyətini əsir edib. İnsan övladının Nuh dövründəki günahları müasir dövrdə yeni bir formada baş versə də, romanda hər iki dövrdəki günahların mahiyyəti eyni göstərilir.
Roman barədə düşüncələrimizi geniş şəkildə təqdim etməzdən əvvəl "Kimdir Murat Auezov?" sualı ətrafında yazıçının sənət, mədəniyyət və nəhayət türksevərliyinin mahiyyətini ortaya qoya bilirik.
Qeyd edim ki, bir il əvvəl (2024, iyun) Almatıda Muxtar Auezov adına Qazax Milli Dram Teatrında Murat Auezovlə vida mərasimi təşkil olunmuşdu.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, ölkənin parlamentariləri, görkəmli şəxsiyyətləri, ziyalıları və Auezovun qohumlarının iştirakı ilə keçirilən mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev deyib: "Murat Auezov Qazax mədəniyyətinə, Qazax sivilizasiyasına və Türk Dünyasının mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bir insandır. O, bütün həyatı boyu Türk Dünyası xalqlarının birliyinə və mədəni inteqrasiyasına, Türk Dünyasının qardaşlığı və dostluğuna mühüm töhfələr verib." Filologiya elmlər üzrə fəlsəfə doktoru Murat Auezov səmərəli fəaliyyətinə görə müxtəlif orden və medallarla təltif olunub, geniş ictimaiyyətin rəğbətini qazanıb, Türk Xalqları tərəfindən sevilib. Əminliklə deyə bilərəm ki, "Daşqın" Murat Auezova ithaf olunduğu kimi onun həmişəyaşar adı da bu romanın əbədiyyətə qədər sevilməsinə öz töhfəsini verəcəkdir.
Məqaləmizin girişi romanın ithaf olunduğu şəxsiyyətin ucalığı barədə aydın təsəvvür yaradır ki, bu da "Daşqın" barədə ilk təəssürat deməkdir. Yazıçı Sultan Rayev Murat Auezovin adına, şəxsiyyətinə və misilsiz xidmətlərinə ehtiva olunan məhz belə bir möhtəşəm əsər yarada bilərdi ki, bunu da böyük ədəbi ustalıqla edə bilib.
Romanın əvvəlindən bir parça: "Gecə səmanı bəzəyən saysız-hesabsız ulduzlar sayrışaraq bir anın içindəcə parlayıb dərhal da sönür, nazik iynə kimi yerə düşür. Kosmik fəzada dəyirman daşı kimi hərlənən Yer kürəsi insan kəlləsini xatırladır, sanki bu kəllənin dərisini soyublar, üstündə də heç nə qalmayıb... Yer kürəsi də kəllə kimi hərlənir, fırlanır, öz beyin rişələrini açır, o, sıxılmış yumruğu, kainat boyda kiçicik xalı xatırladır - Nəhəng Kosmosdakı digər saysız-hesabsız dünyaların arasında Yer kürəsi balaca bir nöqtəyə çevrildi..." Yazıçı bu hissədə böyük ədəbi məharətlə göstərə bilir ki, texnologiyaların sürətli inkişafı insan mahiyyətini də sürətlə adiləşdirir. Bəli, əgər Yer kürəsi dərisi soyulmuş kəlləyə bənzəyir və çox-çox uzaqlardan balaca bir nöqtə kimi görünürsə, deməli onun bənzəri olan kəllə ardıq düşünən bir beyin halından çıxır və öz mahiyyətini qorumaqda, insan övladını və cəmiyyəti normal idarə etməkdə acizdir.
"Daşqın" dünya romançılıq tarixinə bir sıra yeniliklər gətirib. Bu fikrimizi əsaslandırmaq üçün əvvəlcə professor Salidə Şərifovanın romançılıq tarixi və onun inkişafına dair fikir və düşüncələrini ehtiva edən yığcam bir məlumata müraciət edək: "Yaxın Şərqdə roman janrı Avropaya nisbətən xeyli gec meydana çıxdı. Ərəbistanda oyanış və intibah dövründə Cürcü Zeydanın İslam dininin tarixi ilə bağlı silsilə romanları yaranmışdı. Çində, Hindistanda, Türkiyədə və başqa ölkələrdə də romanın yaranması kapitalizmin, burjuaziyanın gəlişi, milli oyanışı, özünüdərk və mübarizələr dövrünə düşürdü. Bu ölkələrdə roman artıq XIX əsrdə göründü. Azərbaycanda da roman məhz XIX əsrdə yarandı. M.F. Axundzadənin "Hekayəti-Yusif şah" ("Aldanmış kəvakib"), "Kəmalüddövlə məktubları", M.Ə. Talıbovun "Kitab yüklü eşşək", "Əhmədin kitabı", Z. Marağalının "İbrahimbəyin səyahətnaməsi", N.Nərimanovun "Bahadır və Sona", S.M. Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani" məhz Azərbaycan və fars dillərində yaranan ilk romanlarımız və romantipli əsərlərimizdəndir."
Türk dünyasının nəsr yaradıcılığında keçdiyi inkişaf yolu və buna mane olan cəhətlər birbaşa siyasi səbəblərdən qaynaqlanıb. Bütün bu siyasi qadağalara, amansız senzura tətbiqlərinə baxmayaraq nəsrimiz dünya ədəbiyyatı ilə ayaqlaşmaqdadır. Keçmiş SSRİ-nin süqutu bu prosesi daha da sürətləndirib. Görkəmli Qırğız yazıçısı Sultan Rayevin qələmə aldığı roman dini, mifik və estetik-fəlsəfi səviyyəsi ilə zirvələri fəth edir. Bəli, görkəmli tarixi şəxsiyyətlərimizdən - Yusif Has Hacib, Nizami Gəncəvi, Əlişir Nəvai, Abay Kunanbayev, Hüseyn Cavid, Toktoğul Satılğanov, Oljas Süleymenov, Murat Auezov və digərləri öz dövrlərində türk dünyasının ortaq mədəniyyətinin inkişafı üçün nələr etməyi bacarıblarsa, Sultan Rayev də öz dövründə uyğun yaradıcılıq yolunun davamlı olmasına töhfə verməyi bacarıb. Fərq ondan ibarətdir ki, Sultan Rayev müstəqil Qırğız Respublikasının vətəndaşıdır, Türk dünyasının mədəniyyət diplomatiyasını məharətlə həyata keçirən TÜRSKOY-un Baş katibidir. Onun hazırkı yaradıcılığı türk dünyasının sürətli inteqrasiya dövrünə təsadüf edir ki, məhz bu amil yazıçıya öz istedadını və potensialını yetərincə sərf etmək imkanları verir. Sultan Rayevin timsalında deyə bilərik ki, keçmiş sovetlər birliyinin amansız tətbiqləri, digər sahələrdə olduğu kimi, bədii ədəbiyyatımızın inkişafına da amansız zərbələr vurub. Əks halda, 70 illik zaman kəsiyində tamam başqa nailiyyətlərə sahib ola bilərdik.
"Daşqın" görkəmli yazıçının Azərbaycan oxucusu ilə öz ana dilində ilk ünsiyyətidir. Yaxşı ki, bunun davamı var və bizə doğru hərəkətdədir (məqalənin sonunda bu barədə bəhsimiz olacaq). Dünya romançılıq salnaməsinin hazırkı vəziyyəti haradadırsa, Sultan Rayev müdrik baxışlarının nəsrə tətbiqi ilə ondan daha da irəlidədir.
...Romanda oxuyuruq: "Dünya Daşqınından əvvəl - çox qədim zamanlarda Yaradan, Nuha etimad göstərərək onu böyük bir sınağa çəkdi - Nuh təkcə insan nəslini deyil, Yer üzündəki bütün məxluqları xilas etməliydi. Və indinin özündə bir nəfər də bilmir ki, bu kiçik ailə Böyük Fəlakət zamanı necə xilas olub...
Qurunun bu kiçik hissəsində cəmi dörd nəfər bir-birinə qısılaraq sağ qala bildi. Bu, bir ailə idi - ata - Kxe, ana - Man, oğul - Etix və qız - Duna..." (səh19).
Varlığı Su, Torpaq, Od və Havadan yoğrulan insan övladı hər zaman bu dörd ünsürdən güc alıb. Bu mövzuya müraciət edən bütün alimlər və mütəfəkkirlər bu dörd ünsürü sıralayarkən ilk yerdə suyun adını yazıblar. Bəlkə də ona görədir ki, suyun özünün də tərkibi digər üç ünsürsüz təsəvvür edilmir. Yazıçı Sultan Rayev də bu ənənəyə sadiq qalaraq böyük fəlakəti yaradan dünya daşqınında dörd insanı - Kxe, Man, Exit və Dunanı bir-birinə sığınaraq xilas edir. Lakin o, Nuh dövründən fərli olaraq məntiqi mühakimə ilə Kxenin xilaskarlıq missiyasına Yer kürəsinin bütün canlılarını xilas etmək şansı vermir və bununla müasir insan cəmiyyətinin real yerinin hansı nöqtədə olduğunu göstərə bilir. Tutaq ki, Kxe, Man, Exit və Duna böyük daşqının fəlakətindən xilas ola bildilər, ətrafda başqa bir canlı yoxsa onsuz da qocalıq və süqut öz sözünü deyəcək və onlar məhvə məhkum olacaq.
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!