Asif RÜSTƏMLİ
Qüdrətli söz ustası Cəfər Cabbarlının sevimli qızı, Prezident təqaüdçüsü, muzey işi sahəsində millətimiz qarşısında xüsusi xidmətləri olan Gülarə xanım Cabbarlı uzun sürən ağır xəstəlikdən sonra fevral ayının 12-də dünyasını dəyişmişdir.
Vəfatından bir gün əvvəl ad günü münasibətilə Gülarə xanıma zəng etmişdim. Evdən qızı Qəmər xanım telefona cavab verərək ad günü ilə bağlı təbrikimi çatdıracağını bildirdi... İki-üç gün əvvəl C.Cabbarlı muzeyində oldum. Gülarə xanımla görüşmək istədiyimi xatırladanda, indi halsız olduğunu deyib sonraya saxladılar...
Gülarə xanımla hər görüşəndə:
- Ay Asif müəllim, atamın yazılarından təzə nə tapmısınız? - deyərdi. Sonra davam edərdi: - Balam, kişi az yaşasa da, gecə-gündüz işləyib, zəngin ədəbi-bədii irs qoyub gedib də...
O, hələ körpə ikən Cəfər Cabbarlının ərəb əlifbası ilə yazdığı iki bəndlik şeirini çərçivəyə salıb ad günlərinin birində Gülarə xanıma hədiyyə etdim. Bu nədi ay Asif müəllim? Dedim ki, bəs siz anadan olanda atanız bu şeirlə sizi oxşayıb, əzizləyib. Görün Cəfər Cabbarlı sizə nə yazıb?!:
"Şu al-əlvan tacı bən,
Dörd yanından düzərim.
Beşiyin hər tərəfin,
Güllər ilən bəzərim.
Uyğusundan oyanıb,
Görəcək al çiçəkli.
Sevinib əylənəçək,
Olacaq şad ürəkli."
Gülarə xanım atasının bu poetik məktubundan, bu bənzərsiz nənnisindən, laylasından o qədər təsirlənmişdi, kövrəlmişdi ki...
Gülarə xanım saf ürəkli, xeyirxah, istiqanlı, səmimi insan idi. O, bir vaxtlar (1924-1927-ci illər) atası Cəfər Cabbarlının daxil olduğu və yarımçıq qoyduğu təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmiş, oranı yüksək qiymətlərlə bitirmişdi. 1968-ci ildə atasının adını daşıyan Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi fəaliyyətə başlamışdır. Gülarə xanım 11 il sonra - 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunmuş, 1982-ci ildə bu mədəniyyət ocağının açılışında ümummilli lider Heydər Əliyevi qarşılamış, muzeydə görülən işlərlə bağlı ölkə başçısına məlumat vermişdir.
Yaxşı yadımdadır, böyük dramaturq Cəfər Cabbarlının 90 illik yubileyi 1991-ci il martın 22-də M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında çox sönük keçirdi. Hətta salonun orta hissələrində yerlərin xeyli hissəsi boş idi. Cabbarlı ailəsi Heydər Əliyevin Bakıda olduğunu bildiyi üçün onu yubiley tədbirinə dəvət etmişdi. Tədbirin rəsmi hissəsi başlandıqdan xeyli sonra Heydər Əliyev zala daxil oldu. Heydər Əliyev böyük sənətkarın qızı Gülarə Cabbarlı ilə çox mehribanlıqla görüşdü, həmin anlardan xatirə olaraq şəkil çəkdirdik. 1994-cü il dekabrın 28-də Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışında Gülarə xanım həmin şəkli dövlət başçısı Heydər Əliyevə təqdim etdi. Prezident şəklə baxdı və o ağır günləri yada salaraq müdrikanə söylədi: "O vaxt sizin vəziyyətiniz mənimkindən yaxşı idi".
Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə muzeydə mütəmadi keçirilən ədəbi-bədii gecələrin, elmi seminarların təşkilində, respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət xadimlərinin xatirə günlərinin, yubileylərinin qeyd olunmasında Gülarə xanımın çoxsaylı təşəbbüsləri və böyük zəhməti danılmazdır. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz Gülarə Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunmuşdur. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım - gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" kitablarını, həmçinin ədibin öz sözlərinə özünün bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən Gülarə xanım eyni zamanda "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı mükafatı" komissiyasının sədri idi. Yaşının ahıl çağında olmasına baxmayaraq, atası ilə bağlı bütün kitabları, məqalələri, məlumatları oxuyurdu. Gülarə xanım böyük sənətkarımız Cəfər Cabbarlının yeganə qızı və sonbeşiyi idi.
Təzə Pir məscidindən haqqın dərgahına yola salınan Gülarə xanım Cəfər qızı Cabbarlı onu sevənlərin xatirəsində, yaddaşında yaşayacaqdır... Məkanı cənnət olsun!
Asif Rüstəmli
Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının sədri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!