Ramiz Qusarçaylının "Vətən" və "Şuşalı Vətən" poemalarında zəfər motivləri - Kəmalə BAYRAMOVA

 

Müasir Azərbaycan ədəbiyyatının ən oxunaqlı və vətənpərvər şairlərindən biri olan Ramiz Qusarçaylının ədəbi irsi olduqca zəngindir və yaradıcılığının məzmununu əsasən lirik-fəlsəfi və vətən mövzuları təşkil edir.

"Azərbaycan bayrağı" şeiri ilə oxucuların qəlbinə yol açan şairi vətən mövzusu daim düşündürmüş, məşğul etmişdir. Qarabağ, Şuşa, Xocalı, işğal dərdi, şəhid taleyi, erməni xəyanəti, xəyanətə rus havadarlığı və s. kimi məsələlər şairin bu mövzulu əsərlərinin tərkib hissəsi kimi şaxələnir. "Vətən" poemasında Azərbaycanın ta qədimdən bu günə kimi keçdiyi tarixi yolu elmi aspektdən araşdıraraq bədii əsərə çevirən şair paralel şəkildə işğal-zəfər tarixi səhifələrinə də işıq tutur. 2017-2021-ci illərdə qələmə alındığı üçün əsərdə müəllifin işğalla bağlı hiddət, təəssüf, ağrıtək duyğuları nə qədər canlı əks olunubsa, 44 günlük tarixi zəfərdən sonra sevinc, qürur, fəxarət kimi hissləri də o qədər qabarıq şəkildə inikas edilib. "Şuşalı vətən" poeması isə birbaşa olaraq zəfər tarixinin təntənəsinə ucaldılmış bədii nümunə kimi xarakterikdir. 

Ramiz Qusarçaylını ədəbiyyatımızda geniş oxucu kütləsinə daha çox tanıdan və sevdirən onun "Azərbaycan bayrağı" şeiri olmuşdur. Hər sətri mübarizlik ruhunun nərəsi ilə cilalanmış, ədəbiyatşünas alim Vaqif Yusiflinin təbirincə desək, "vətən sevgisindən barınan, doğma yurda dərin məhəbbətlə misra-misra hörülmüş" bu şeir ədəbiyyatımızda bayrağa həsr olunan ən gözəl bədii nümunələrdən biri hesab olunur. Misralarında Bəxtiyar Vahabzadə, Məmməd Araz,  Xəlil Rza mübarizliyi duyulan şairin yaradıcılığından vətən mövzusu, Qarabağ mövzusu ana xətt kimi keçir:

 

Davam nə can davasıdı,

Nə də yorğan davasıdı,

Azərbaycan davasıdı,

Ayrı dava mənlik deyil.

 

Qarabağın erməni işğalında olduğu otuz il müddətində şair mütəmadi şəkildə bu məsələni əsərlərində əks etdirmiş, vətənin kədərini şəxsi kədəri kimi qəbul etmiş, yaşamış, misralarında yaşatmış, vətən dərdinin oxucular üçün adiləşməsinə imkan verməmişdir. Vətən mövzusunun Ramiz Qusarçaylı yaradıcılığındakı çəkisi haqqında tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir yazır: "O, dünyaya vətəndən yazmaq, şeirə "Vətən"i yazmaq üçün gəlib".

 

Asmışam Vətəni kirpiklərimdən, -

Gözümdən Xocalı, Şuşa tökülür.

 

Şair periodik olaraq bu mövzuya müxtəlif aspektlərdən yanaşmış, problemin həllinə fərqli tərəflərdən işıq salmağa çalışmışdır. O, gah hiyləgər düşmənə nifrət hissinə köklənir, gah vətəni qoruya bilmədiyi üçün özünü günahkar bilən hər bir vətəndaş kimi təəssüf edir:

 

Tanrı səni nurdan var eyləmişdi,

Cənnətin gözündə yer eyləmişdi,

Çopur daşını da pir eyləmişdi,

Mən səni qoruya bilmədim, Vətən.

 

Gah xalqın oğullarını mübarizəyə səsləyir, gah da Şuşa arzusunu bədii predmetə çevirir:

 

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

Azərbaycan bayrağı!

 

Hər bir sətri ayrılıqda məzmun və məna tutumu ilə fərqlənən Ramiz Qusarçaylı oxucu sevgisi ilə yanaşı, dövrün ədəbiyyatşünasları tərəfindən də diqqəti cəlb etməyi bacarmışdır. Müasir dövr ədəbiyyatşünas alimi, professor Nizami Cəfərov Ramiz Qusarçaylı ədəbi irsini yüksək dəyərləndirərək yazır: "Ramiz Qusarçaylı müasir Azərbaycan poeziyasının o görkəmli nümayəndələrindəndir ki, qələmindən çıxan hər bir şeirdə son dərəcə aydın duyulan özünəməxsus yaradıcılıq enerjisi var. Və heç bir tərəddüdsüz demək olar ki, illər keçdikcə bu enerji daha da güclənir, şairin ruhi-mənəvi dünyasının daha dərin qatlarından gəlir, daha mühüm sosial-ideoloji mətləblərin ifadəsinə xidmət etməklə, bütövlükdə, bugünkü bədii sözə hörmət, nüfuz gətirir".

Şairin 2017-2021-ci illər ərzində yaratdığı "Vətən" poeması ədəbiyyatımızda Azərbaycan tarixinin ta qədimdən müasir dövrümüzədək tarixi-siyasi mənzərəsini bədii çalarlarla əks etdirən bənzərsiz poetik nümunədir. Şair poemada hələ "Azərbaycan" və "azərbaycanlı" məfhumunun yaranmadığı dövrdən bu günümüzədək yol gələn milli kimliyimizin formalaşma, dərkedilmə tarixini, xalqımızın qələbələrini, başına gətirilən faciələri, işğal səhifələrini tarixi dəqiqlik və estetik zövqün mütənasibliyində təqdim edə bilmişdir. Torpaqlarımızın işğal altında qaldığı son illər yazılmağa başlayan poema qızıl hərflərlə tariximizə yazılan zəfərdən sonra tamamlanmışdır. Məhz bu səbəbdən də poemanın bir hissəsində əsas qafiyələrdən biri kimi aktuallaşan "İtirdim, vətən!" nidası poemanın sonuna yaxın "Qaytardım, vətən!" sevinci ilə tamamlanır.

 

Səni qazi-qazi qaytardım, Vətən,

Qəhrəman-qəhrəman qaytardım səni.

Səni şəhid-şəhid qaytardım, Vətən,

Cana-can, qana-qan qaytardım səni.

Ramiz Qusarçaylı 2022-ci ildə qələmə aldığı "Şuşalı vətən" poemasında da bu missiyanı uğurla tamamlaya bilmişdir.  "Şuşalı vətən"i öz sələflərindən fərqləndirən əsas məziyyəti bütövlükdə zəfər ab-havasında qələmə alınmasıdır. Poema Şuşanın qələbə təbəssümünün bədii tablosu kimi təsvir edilib. Poemada Şuşa onomastik vahid olmağın hüdudlarından çox-çox kənara çıxıb, daha çox ədalətin təcəllisinin fəlsəfi və mistik obrazı kimi yaradılıb. Bu zaman o, bəzən işğal taleyini xatırlayaraq bağrının şan-şan olmasının acısını hiss edir, təəssüf və ağrı hissi ilə qovrulur, dərdini özünə danışır, zəfər gətirən oğulların gəlişi ilə qamətini dikəltməyə, erməni xislətinin doğurduğu vandal izlərinin, ruhundakı mənəvi və fiziki yaralarını sarımağa çalışır. Bu tabloda hər bir hiss bütün detalları ilə çəkilib: otuz illik nisgil, gözlənti, alnımıza sürülən ləkənin təmizlənmə istəyi, mübarizlik ruhu, şərəfli döyüş yolu keçərək haqqı olan qələbəni qazanmış əsgər oğulları ilə qürur duyan ana təbəssümü. Poemada Şuşanın Azərbaycan siyasi-ictimai, bədii fikir tarixində bir şəhərdən daha artıq əhəmiyyət kəsb etməsi bənzərsiz tərzdə ifadə olunur:

 

Şuşa şəhər deyil, -

Azərbaycanın

Ürəyi içində sınan şüşəydi,

Bu nə oyunuydu başına gəldi,

Bu nə vahiməydi,

nə əndişəydi?..

 

Böyük zəfərin əsas memarı olan müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin dilindən deyilən "cəhənnəm oldu" ifadəsinin qafiyələşməsi əsərin intonasiyasına xüsusi ahəng qatır:

 

"Dağlarda toy" adlı Şuşa döyüşü

"Dənizdən dənizə" hay xülyasının

İlkin təməliydi,

çin olmasıydı.

Varıb Xankəndidən İrəvanacan,

Varıb Ağrıyacan,

Varıb Vanacan

Erməni mifinin yayılmasıydı, -

cəhənnəm oldu...

 

Ramiz Qusarçaylı əgər  "Vətən poemasında xronoloji şəkildə işğaldan əvvəlki və sonrakı taleyini, buna paralel olaraq torpaqların itirilməsinin bir vətəndaş kimi milli heysiyyətində yaratdığı təlatümləri, qələbənin ruhunda yaratdığı vulkanları əks etdirirsə, "Şuşalı vətən" poemasında artıq bu cəhətlər iç-içə təqdim edilir, qarşılaşdırılır. Şair bədii proyeksiyanın istiqamətini Şuşanın işğal olunması ərəfəsindəki faciəli günlərdən birbaşa zəfər günlərinə çevirir. Şairin poetik ustalığı bu tip ani keçidlərin belə estetik alınmasına imkan yaradır...

Şair Şuşanın yaşadığı faciələri və bugünkü fəxarətli qayıdışı səthi qarşılaşdırma kontekstindən çıxararaq dərin məna yüklü poetik konsentrasiya yaradır. Bədii tabloda qara rənglərlə əlvan və parlaq rənglərin təxminedilməz uyğunluğu ərsəyə gəlir. Dilə gətirilməyə utanılan həqiqətlər yada salınır, ədalətin gözlənilən təcəllisi tərənnüm olunur:

 

Boylanır cənnətin təmas yerindən,

Namusun, qeyrətin xilas yerindən,

Xofun, xəyanətin iflas yerindən...

 

Poemada Azərbaycan əsgərinin mətinliyi, qorxmazlığı, vətənin azadlığı uğrunda, ədalətin bərpası uğrunda ölümü belə, gözə alaraq vuruşması nüansı qabarıq ştrixlərlə əks olunub. Bu cəhət qələbənin qarantı kimi dəfələrlə vurğulanır. Yalın əllə Şuşaya daxil olan, hər biri özlüyündə alınmaz qala kimi xarakterizə olunan Azərbaycan əsgəri lirik-epik poemanın əsas obrazlarından biridir. Bəzən Şuşa obrazı ilə Azərbaycan əsgərinin bir çox xüsusiyyətləri eynilik təşkil edir. Bu məqam ana-övlad bənzərliyi kimi təbii təəssürat oyadır:

Hər daşın üstündə şəhid nəfəsi,

Hər daşın altında şəhid qanı var.

Şuşanın nəfəsi igid nəfəsi,

Şuşanın ər şözü, hürr dastanı var!

 

Müəllif qələbədən sonra şəxsən Şuşaya səfər etmiş, canlı gördüyü mənzərələrin poetik tablosunu yaratmışdır. Sairin ilhamla qələmə aldığı "Şuşalı vətən" poemasında şəhərin məhəllə-məhəllə, oba-oba, divar-divar, hətta məzar-məzar özünə qayıdışı, bu qayıdışın müqəddəs qürurunu təsvir etmək üçün misraların ahəngi oxucunu valeh edir. Şeirin sadə və axıcı dili əsərin daha oxunaqlı olmasını təmin edir.

Ədəbiyyatımızın yeni yaranan zəfər poeziyası istiqamətində vətənin qələbəsi, zəfəri haqqında çoxsaylı əsərlər yaranır və yaranacaq. Bu yöndə yaranan əsərlər içində "Vətən" və "Şuşalı vətən" poemaları xüsusi bir çəkiyə malikdir və oxucular tərəfindən hədsiz sevilir. Vətənpərvərlik ruhunda yazılmış bu əsərlərin daha geniş oxucu kütləsinə çatdırılması, ali və orta məktəb proqramlarına salınması, daha geniş miqyasda təhlil edilməsi məqsədəuyğundur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!