Ağlın özünə getməsin... - Sərvaz HÜSEYNOĞLU

 

Ömrünün ən müdrik çağlarını yaşayan, eyni zamanda da gənclik həvəsilə yazıb-yaradan qələmdaşım Güləmail Muradı "Ağlın özünə getməsin, Güləmail gül kimidir" misralarıyla tanımışam. Şəxsi tanışlığımızın da təəssüratlarını üstə gəlsəm, mən onun simasında adının mənasıyla şəxsiyyəti, insani dəyərləri üst-üstə düşən sənət dostumu tapmışam. Onun son dərəcə səmimi, duyğusal təbiəti həmişə mənim üçün əziz olub. Zarafatla dediyim "bacılar sırasının əbədi sakini" sözlərimi xoş bacı təbəssümüylə qarşılayıb həmişə. Eyni zamanda da kitablarını dönə-dönə oxumuşam, o kitablar barədə təəssüratlarımı ifadə edən bir neçə məqalələr yazıb çap etdirmişəm. Yaradıcılığını müxtəlif yönlərdən dəyərləndirmişəm. Və mənim üçün xoş olub ki, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, akademik Nizami Cəfərov və başqalarının da Güləmail xanımın sənəti, vətəndaşlıq mövqeyi barədə söylədikləri fikirlərimi tamamlayıb. Yanılmadığımı görmüşəm.

Millət vəkili, Milli Məclisin komitə sədri Fazil Mustafa 75 illik yubileyi münasibətilə Güləmail xanıma ünvanladığı təbrik məktubunda haqlı olaraq qeyd edir ki, siz Vətənə və sözə könül vermiş qələm adamısınız: "Yaradıcılıq yolunuz həm də ictimai şüurun formalaşdırılmasına, vətənpərvərlik təbliğatına, milli kimliyimizin, mənəvi dəyərlərimizin təməl sütunları olan tarix və mədəniyyətin yaşadılmasına xidmət edən ədəbi-vətəndaşlıq missiyası təsiri bağışlayır. Siz müəllim kimi çalışarkən də, nəşr etdirdiyiniz onlarca kitablarınızda da ictimai məsuliyyətinizi unutmamısınız... Əsərlərinizdə milli yaddaşın səsi, ana torpağın harayı, şəhidlik zirvəsinin əzəmətli, lirik duyğuların hayku və vaka bədii jarnlarda yenilənməsi, mədəni irsimizə lətafətli baxış - hər bir özünəxas poetik keyfiyyətlə zəngindir. Özəlliklə, Qarabağ mövzusu, Aprel döyüşləri, tarixi Zəfərimiz və Milli Qəhrəmanlara həsr etdiyiniz, əsərlər gələcək oxucular üçün həm də tarixi önəm daşıyacaqdır... Təmsil olunduğunuz təşkilatlar, layiq görüldüyünüz ödüllər, yaradıcılıq örnəklərinizin müxtəlif dillərə çevrilməsi - bütün bunlar təqdirəlayiqdir. Əminəm ki, öz vətəndaş mövqeyimizlə bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin mənəvi tərbiyəsinə və mədəni mühitimizin zənginləşməsinə töhfə verəcəksiniz".

Əlbəttə ki, belə olacaq. Çünki Güləmail xanımın səmimi, duyğulu yaradıcılıq yolu bu dəyərlərə hesablanıb. Öz xalqının mədəniyyətinə, milli dəyərlərinə, tarixinə və ədəbiyyatına xidmət işiylə bağlı olub. Məhz bu baxımdan ədəbiyyatşünas alim Salidə Şərifova Güləmail Muradın "Nuru Paşa dastanı" əsərindən bəhs edərkən yazır ki, bu poema Türk dünyasının birliyini əks etdirən poema nümunəsi kimi dəyər kəsb edir: "O, irəli sürdüyü ideyaların əsas ifadəçisinə Nuru Paşanı çevirə bilir... Poemada maraqlı məqam Güləmail Muradın zəfərin bədii təsvirini təqdim etməsidir. Şair vətən müharibəsində zəfər əldə etməyimizi əks etdirməklə yanaşı, bu məqamı qəhrəmanların xarakteri  ilə yanaşı, əsərin əsas ideyası kimi təqdim edilə bilməsinin labüdlüyünü əks etdirir. Qələbənin əldə edilməsini tarixin təkrarlanması kimi əks etdirən müəllif bu fikirlərində haqlı olmasını poetik dillə təsdiq edir".

Tanınmış şair, AYB-nin katibi Səlim Babullaoğlu G.Muradın yaradıcılıq özəlliklərindən bəhs edərkən haqlı olaraq vurğulayır ki, onun kimi vətəndaş şairlərin qələmi və istedadı, ən başlıcası isə, həqiqi vətəndaş sevgisi sayəsində xalqımızın zəfər dolu çağdaş tarixi bədii tarixə çevrilir: "Şairə Güləmail Muradı haqqıyla, ürəklə çağdaş Azərbaycan "vətəndaş şeiri"nin öndərlərindən hesab etmək olar, xüsusən, son illərdə yazdığı əksər şeir və poemaları, publisistik əsərləri məhz millətimizin uzaq və yaxın tarixindən, qəhrəman oğullarımızın saf düşüncə və arzuları, azadlıq duyğusu, ictimai problemlər, doğma yurda, elə-obaya sevgi ilə dolub-daşır".

Xalq yazıçısı Anar G.Muradın yaradıcılığından sonsuz səmimiyyətlə söz açır: "Siz öz mövzusu olan şairsiniz və bunu yazıçı, şair üçün önəmli sayıram. Siz şəhid analarının dilindən yazdığınız şeirlərdə xalqımızın böyük kədəri, eyni zamanda, qüruru, dəyanəti, əyilməzliyinin bədii ifadəsini verirsiniz. Bəzən tədbirlərdə sizə Güləmail Ana deyə müraciət edirlər və haqlıdırlar. Çünki siz şeirlərinizdə bütün Azərbaycan analarının sözçüsü kimi çıxış edirsiniz... Redaktorluğunu unudulmaz Fikrət Qocanın elədiyi yapon hoykularından ibarət kitabınız isə sizin dünya poeziyasına olan marağınızı göstərir..."

Güləmailin şeirlərində məzh onun öz pünhan dünyasına məxsus, onun olan, onunla bir uyuyan, bir oyanan bir Günəş obrazı var. Bu sevdalı günəş eynilə qarabağlı Ağabəyim Ağanın unudulmaz "yarım gecə gəldi, gecə getdi,  heç bilmədim ömrüm necə gəldi, necə getdi" misralarında təqdim edilən könül dostunun bənzəri, ekiztayı kimidi. Eyni ovqatı, yaşamı sərgiləyir bu misralar:

 

O gün Günəş

məndə gecələdi.

Dan söküləndə getdi...

 

Getdi... Ancaq imisti nəvazişini, xatirəsini özüylə aparmadı. Sevən bir könülü, yol gözləyən bir aşiqi ilin hər fəslində, gecəbəgündüz gözləri yol çəkən qəm pəncərəsinə, bir şam işığına çevirib getdi... Bu gedişin ayrılıqlar ünvanına döndərdiyi qəlbin "üstündən karvan yeriməz dağları"nı, "diri olduqca libas, ölüncə kəfən" olan qiyafəsini bir yeni biçimdə göz önünə gətirir Güləmailin poetik təsvirləri. Bu poetik təqdimatlarda olduqca vəfalı, fədakar, ümidli bir aşiq obrazı sərgilənir. Bu aşiq çəkdiyi cəfalardan bezmir, usanmır, Məcnunanə, Fərhad misallı bir tale yaşayır. Dalana dirəndiyi hər bir məqamda vüsala yetməyin yeni yollarını arayır. Gözləri yeni yollar "çəkir". Baxışları yeni ümidləri qonaq eləyir. Eşqin ölməzliyini, dönəriliyini gecə qaranlığından doğulan səhər şəkillənməsilə təqdim edir. Və bu təqdimatlar Güləmailin təsvirində son dərəcə cazibədar, təbii, yaddaqalandı...

Ədəbi tənqidin dəyərləndirməsi bu baxımdan özünü yüzdə-yüz şəkildə doğruldur ki, həqiqətən də Güləmailin hətta yapon şeir tərzində qələmə aldığı haykularında belə "Azərbaycan şeirinin bədii təsvir və bədii ifadə üsulları obrazlı deyim tərzi ilə diqqəti çəkir".

Güləmail öz mövzularına sadiq, bu mövzularda özünü tapa bilən, özünü bu məkanda rahat hiss edən söz adamıdı. Deyək ki, vətənpərvərlik mövzusu, yurd uğrunda savaşmış qəhrəman oğullarımızın əziz xatirəsi onun ən başlıcası öygü yeridi. Bu mənada Güləmailin "Döyüş yolları" kitabında yer alan eyniadlı poeması, "Canını Vətənə sərhəd elədi", "Günküt zəfəri" və s. kitablarına daxil etdiyi poetik nümunələr xüsusi diqqət çəkir. Sözügedən kitablarda yer alan poetik nümunələrdə "Əlində avtomat, çiyin-çiyinə Vətən sərhəddində duran əsgərlər"imizin cəsur, şanlı həyat və zəfər yolu yüksək vətəndaşlıq duyğuları, dərin ehtiram hissilə qələmə alınır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!