Böyük yazarların sirli həyatı: Uilyam Şekspir

 

23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes - məşhur "Don Kixot"un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.

Şeksprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında gübrə tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər. Şekspirin - böyük oğulun vəziyyəti də şəhər rəhbərliyinin gözündə yaxşı deyildi və o, heraldika kollegiyasına (gerblərin təsdiqi kollegiyası) ailə gerbinin təsdiqi ilə bağlı ərizə yazıb müraciət edəndə, ərizəsi geri qaytarılmışdı. Uilyam Şekspir sonradan bir vaxtlar atasının məğlub olduğu yerdə buna müvəffəq oldu və öz gerbi üçün belə bir deviz də seçdi: "Non sanz droit" ("Haqsızlıqla olmaz"), - onun atasına qarşı edilən haqsızlıqlarla barışmadığını fikirləşmək olar.

Bardın (el şairi) gənclik illəri haqqında çox az məlumat var. On səkkiz yaşı olanda o, toy gününə qədər dörd aylıq hamilə olan iyirmi altı yaşlı Enn Xatau ilə evlənmiş, 1585-ci ildə Şekspir ailəsində əkizlər dünyaya gəlmişdi. O dövrlər Şekspirin ailə vəziyyəti barədə dəqiq məlumat yoxdur. Ehtimal etmək olar ki, həmin dövrlərdə Uilyam katib, bağban, arabaçı, dənizçi, mətbəə işçisi, sonra da, hətta sələmçi olub. Şekspirşünaslardan biri hətta lap uzağa gedərək, gələcək yazıçının bir müddət fransiskan məbədində olduğu barədə fikir yürüdür. Təəssüf ki, onun gerçəkdən necə həyat sürməyi barədə fikir yürütmək bizə də çətindir.

Şekspir haqqında aşağıdakı səhih məlumatlar 1592-ci ilə aiddir, o vaxt yazıçının dramaturq-qardaşlarından biri öz həcvində onu "özünü rəngbərəng lələklərlə bəzəmiş qara qəlbli mənsəbpərəst" adlandırmışdı. Bu sancmalar Uillin o vaxtlar artıq Londonda kifayət qədər uğur qazanmağına sübutdur. Düzdür, onun ilk vaxtlar yazdığı pyeslər müasir oxucuya bir qədər çiy görünə blər, amma o dövrlər üçün böyük iş idi. Onun yüngül komediyalarından olan "Səhvlərin komediyası"ndan və "Tita Andronika" faciəsindən - hansı ki, bu faciədə qan su yerinə axırdı - əldə etdiyi gəlir Şekspirə tipik kənd centlmeni həyatı yaşamağa imkan yaratmışdı və o özü də həmişə belə bir həyat sürmək arzusunda olmuşdu. O, daşınmaz əmlak məsələləri ilə məşğul olur, faizə pul verir, həmin pulları geri qaytarmaq üçün məhkəmədə iddialar qaldırır və nəhayət, "Qlobus" teatrının səhmlərini alır ki, bu da ona varlanmaq imkanı verir.  Bundan əlavə o, arvadının gözündən yayınıb qadınlarla əylənir, vergi məmurlarını başından edir və ümumiyyətlə, özünü qanunlara, burjua maraqlarına tüpürən adam kimi aparır. Hə, nə deyirsiz, indi həmin adamın bizə bu qədər maraqlı və cəzbedici görünməyi çoxmu təəccüb doğurur?

1613-cü ildə Şekspir işlərini atıb Stratforddakı malikanəsinə köçəndə həyat artıq onun üzünə çoxdan gülmüşdü. Ədəbiyyat baxımından isə həyat onun üzünə növbəti əsrlərdə də gülməyə davam etdi. İndiyə qədər elə bir adam tapılmır ki, onun bu qədər gözəl və ustalıqla yazılmış pyesləri ilə müqayisə ediləcək nəsə yaza bilsin. Onun ustalığı haradasa ədəbiyyat aləmində başdanxarablar kimi yaşayan Semyuel Teylor Kolridc, Henri Ceyms, Çarlz Dikkens, Ceyms Coys və ser Con Hilhudla müqayisə edilə bilər. Hətta Şekspirin pyeslərini kraliça I Yelizavetanın yazdığını iddia edənlər də var ki, buradan da ortaya kraliçanın vəfatından - 1603-cü ildən - sonra onların kim tərəfindən yazıldığı sualı çıxır. Kim nə deyir-desin, gerçək Şekspir 1616-cı ilə qədər ömür sürüb. Həmin ilin yazında o, qəfildən xəstələndi - güman ki, çoxlu içki içdiyi üçün - və 52 yaşında, ömrünün ahıl yaşında (o vaxtlar ahıllıq yaşı elə o qədər hesab olunurdu) gözlərini əbədi yumdu.

"AD NƏYİ İFADƏ EDİR"

İngilis dilini öyrənmək istəyən hər kəs bu dilin orfoqrafiyasının nə qədər qarışıq olduğunu yaxşı bilir. Şekspir dövründə isə bu lap qarmaqarışıq idi. Bu baxımdan Shakespeare soyadını yazmağın səksən mümkün variantını ortaya qoya bilərik ki, onlardan da ən ekzotik görünən, məsəlçün, Shagspere və Shaxberd olandır. Hətta Bard özü belə soyadını yazmağa çətinlik çəkirmiş. O, bunu mümkün altı fərqli qaydada yazırmış ki, sonradan özü də dolaşığa düşmüş və Shackpere (1612-ci ildə yazdığı ərizədə), Shakspear (1612-ci ilə aid sənəddə), Shackpere (1616-cı ildəki vəsiyyətnaməsinin birinci səhifəsində) və  nəhayət, Shakspeare (eyni sənədin üçüncü səhifəsində belə idi və buradan da onun son arzusunun nədən ibarət olduğunu aydınlaşdırmaq olar)  imzası üzərində qərar tutmuşdu. Hər halda o, hər dəfə ən düzgün variantı tapmağa cəhd edirmiş.

MARAL ƏTİ HƏVƏSKARI

Doğrudanmı ingilislərin böyük şairi və dramaturqu vur-tut dövrünün rəzil oğrularından biriymiş? Dillərdə gəzən əfsanələrə görə, guya 1580-ci ildə Şekspiri brakonyerlik etdiyi üçün həbs ediblər. Guya o, magistratın nüfuzlu nümayəndəsi ser Tomas Lyüsiyə məxsus torpaqlarda maral ovlayırmış. Şekspirin ölümündən az sonra Hlosterşirdən olan Riçard Devis adlı keşiş yazmışdı ki, dramaturq cavanlığında "xoşagəlməz işlərə baş qoşur, yəni maral və dovşan əti oğurlayırmış" ki, bunun cəzası olaraq Lyüsi onu "tez-tez qamçı ilə vurmuş, bəzən həbsə salmış və nəhayət, öz xeyrini düşünüb onu torpaqlarından qovubmuş". Həqiqət nədən ibarət olursa-olsun, amma o dövrdə Şekspir həqiqətən də Stratfordu tərk etmiş, Londona gəlmişdi. Özü də bir yol tapıb ona qarşı zalımlıq edən adamdan qisas da ala bilmişdi. Deyilənlərə görə "Vindzorlu oyunbazlar"dakı hakim Şellou və eyni pyesdəki VI Henrix obrazları məhz  Lyüsinin karikaturasıdır.

VERGİNİ ÖDƏ - RAHAT YAŞA

O vaxtkı ölçülərlə götürsək, Şekspir 1597-ci ildə artıq böyük imkan sahibi idi. Və təbii ki, bütün varlılar kimi, o da öz sərvətini qorumaq üçün vergidən yayınmağa çalışırdı. Həmin ilin kral hesabatı cədvəlində onun adı vergidən yayınanlarla bir sırada çəklirdi. Üstündən üç il keçsə də, borc ödənmədən qalırdı. 1600-cü ilin vergi hesabatlarında onunla bağlı "13 şillinq 4 pens borclu" qeydi var və xəbərdarlıq edilir ki, dramaturqun işi Vinçester yepiskopluğunun dəftərxanasına göndəriləcək ki, orada Londonun ən məşhur borclular həbsxanası yerləşirdi. Daha sonrakı sənədlərdə Şekspirin (ya da onun vəkil etdiyi şəxsin) axır ki, haqq-hesab etdiyi göstərilir.

ƏSL ŞEYLOK

Şekspir bəlkə ömründə heç vaxt borclarını ödəmək barədə düşünməyib, amma başqalarından bunu hər zaman tələb edib. Çox adama məlumdur ki, xəsis borcverən kimi ad çıxaran Şekspir ehtiyacı olan dostlarına borcu onların "qara gözünə görə" vermirmiş. Bir dəfə gələcək kürəkəninin atası belə bir fikir işlətmişdi: "Cənab Şekspirlə iş görmək istəyəndə pulunuzdan möhkəm yapışın...  təbii ki, bunu bacara bilsəz". Şekspir məbləğindən asılı olmayaraq, ona borclu olan hər kəsi məhkəməyə verməklə ad çıxarmışdı. O, xəsislikdə Dikkensin Skrucuna oxşayırdı. O, stratforlu kasıblara bir penni belə əl tutmazdı, aclıq illərində isə ehtiyat üçün taxıl və maya gizlətmişdi. Alimlər indiyə qədər Şekspirin vəsiyyətnaməsindəki "arvadıma keyfiyyətinə görə ikinci çarpayını vəsiyyət edirəm" sözlərini yazıb başa çatdırmağa acizlik göstərir, bunu nəsə bir teatr məzəsi, yoxsa ölməkdə olan adamın simicliyinin son həddi kimi qəbul edib-etməməkdə çətinlik çəkirlər.

Şekspir özünü lap "Benedikt taciri" pyesinin qəhrəmanı Şeylok kimi aparmışdı...

QANUNİ VƏ QANUNSUZ UŞAQLAR

Şekspirin qeyri-qanuni oğlanları onun bir neçə pyesində əsas rolları oynayıb, odur ki, Bardın nikahdankənar nəslinin varlığı heç də şübhə doğurmamalıdır. Dramaturq vaxtının çox hissəsini Londonda keçirir, arvadını Enndə və Stratfordda uşaqlarla bir yerdə qoyurdu. Evə qayıdarkən yolüstü Oksforda baş çəkir, əsasən də şərab taciri Con Davenanta məxsus meyxanada gecələyirdi. Davenantın Ceyn adlı yaxşı arvadı vardı və... nəsə... həmin qadınla Billi Şeks ala yorğan altında min oyundan çıxırdı... 1606-cı ilin fevralında onun bir oğlu dünyaya gəldi və uşağı... bəh-bəh-bəh... Uilyam Davenant adlandırdılar.  Şekspir uşağın xaç atası oldu. Oğlan böyüdükcə ona olan heyranlıq bütün ulu babalarına olan heyranlıqları kölgədə qoydu. Uill Davenant dramaturq kimi ad çıxartdı, teatra rəhbərlik etdi və 1637-ci ildə sarayda şair-laureat adı aldı. Hətta 1667-ci ildə Con Draydenlə birlikdə "Tufan"ın yeni versiyası üzərində işlədi. Semyuel Batler Davenant haqqında belə deyirdi: "Özü də bilirdi ki, eynən Şekspir ruhunda yazır və barəsində Şekspirin oğlu kimi düşünməkləri ona (Davenanta) xoş gəlirdi". O vaxtlar DNK testi yox idi və ona görə də bundan sonra gerçəyi öyrənmək mümkün deyil.

BAŞ ROLDA

Qadın gözəlliklərinin əsiri olan Şekspir bir dəfə tini burulanda dostu Riçard Byerbeclə rastlaşır. Dostunun teatrın yaxınlığında yaşayan bir qadına gizli, romantik görüş təyin etmək üçün necə dil töküb yalvardığını eşidir: "Özünü III Riçard" kimi təqdim elə, - Şekspir aktyora məsləhət verməyə başlayır. Dahi dramaturq çox fikirləşmədən həmin qadının evinə gedərək  kod adını söyləyib evə keçə bilir və qadınla maraqlı eşq yaşayır. Bir qədər sonra Byerbec ora gələndə Şekspir dostuna belə bir məktub göndərir: "İstilaçı Uilyam özünü III Riçarddan tez çatdırdı".

MƏSƏLƏ ONDADIR Kİ...

Şekspirin əxlaqsız olmağı ilə bağlı deyilənlər əsla şübhə doğurmur. Təsadüfi deyil ki, o, adını çəkmədiyi, amma "Qarabuğdayı qadın" adı ilə məşhur olan bir xanıma iyirmi altı məhəbbət (hətta erotik) soneti həsr edib. Bəs dünyada belə romantik şeirlər müəllifi kimi tanınan birinin iki komandada oynamağına necə baxırsız? Alimlər inidyədək onun biseksual olub-olmadığı barədə mübahisə edirlər. Onun biseksuallığı ideyasını ortaya atanlar Şekspirin kişilərə həsr etdiyi 126 başqa sonetə (həmin sonetlərdə mənim dostum, mənim hökmdarım kimi ifadələr var) istinad edirlər. Şekspirin sağlığında çap olunan yeganə sonetlər kitabı da müəmmalı "Cənab W.H." həsr olunub. Hə, Şekspir dostları Con Heminqsa, Riçard Byerbecə və Henri Kondellə də pul ayırıb və bunu dostlarının barmaqlarına üzük taxıb onun xatirəsini yad etməkləri məqsədilə edib. Belə şayiələr isə uzun illərdən bəri insanların fikirlərini qarışdırır.

ŞÜBHƏLİ QOHUM-ƏQRƏBA

Bir sıra görkəmli şəxslər kimi Şekspirin də ətrafı şübhəli qohum-əqrəbadan xali olmayıb və onların arasında ən şərəfsiz kimi kürəkən Tomas Kuini yadda qalıb. Meyxana işlədən, axmağın, avaranın biri olan kürəkəni keyfiyyətsiz şərab alveri üstündə dəfələrlə məhkəməyə veriblər. Kuini Şekpsirin qızı Cuditin tayı olmasa da, o, buna mane olmayıb və onlar Bardın ölümünə iki ay qalanda, 1616-cı ilin 10 fevralında evləniblər. Hələ toy şirinisinin dadı damağından getməmiş Cudit ərinin ona başqa qadınla xəyanət etdiyindən xəbər tutub. Stratfordda böyük hay-küy qalxıb. Şekspir tez-tələsik Kuinin adını vəsiyyətnamədən çıxarıb. 26 mart tarixində eşqbaz əyyaşxana sahibi "şəhvani hisslərin əsiri" ittihamı ilə mühakimə edilib, onu kütlə qarşısında tövbə etdirməklə cəzalandırıblar. Doğrudur, bir qədər sonra qərar kiçik məbləğdə cərimə və məhdud dairədə tövbə ilə əvəz olunub. Bu iyrənc hadisədən sonra Şekspirin ölümünü kürəkənindən görənlər onu mirasdan məhrum etdiyi üçün qayınatasını öldürməkdə günahlandıranlar da tapılmışdı. Amma bu ehtimalları təsdiq edəcək heç bir dəlil-sübut tapılmayıb.

ÖLÜ NÖMRƏSİ

Nə vaxtsa qalıqlarının sərdabədən çıxarılmasına əngəl yaratmaqdan ötrü (o vaxtın praktikasına görə) Şekspir məzarının üstünə belə bir and yazdırmışdı. Şairin sərdabəsindəki epitafiyanın sətri anlamı təxminən belədir:

Mənim əziz dostum, Tanrı xətrinə,

Burada yatan cəsədə toxunma.

Ölmüş bir adamın sümüklərini

            tərpətmək günahdır.

O sümükləri incidənlər,

      görüm Tanrının lənətinə gəlsin.

Bir çox alimlər şairin məzarını açmaq, onun gerçəkdən necə göründüyünü dəqiqləşdirmək üçün qalıqlarının eksqumasiya olunmasını istəyirdilər, bəziləri iddia edirdi ki, Bard böyük bir xəzinə - çap olunmayan şedevrləri ilə bir yerdə basdırılıb. Amma bu vaxta qədər heç kəs onun lənətlərini ciddi qəbul etmədən belə bir addımı atmağa cürət etməyib.

MİFOLOGİYA 

Gerçəkdən Şekspirin pyeslərini "kim yazıb" sualı ətrafında baş qaldıran mübahisələr böyük şairin şəxsiyyəti ilə bağlı bəzi miflərin yaranmasına səbəb olub. Bu şayiələrdən biri də onun "Kral Yakovun Bibliyası"nın yazılmağında işitirak etməyi barədə olan söhbətlərdir. Digər bir əfsanə isə ispan inkvizasiyasından qaçan italiyalı əsilzadə Mikelancelo Krollalans  (onun da soyadı "Shakespear" - nizə ilə heyran edən) adlı bir nəfərin Şekspir adı altında gizlənməsi ilə bağlıdır.

BARNUM VƏ BARD

Hər il milyonlarla adam Şekspirin beşiyini görmək arzusuyla  Stratford-on-Eyvona toplaşır. Amerikalı sirk impresarisi F.T.Barhumun bəxti isə daha çox gətirib, ehtimala görə Şekspirin doğulduğu ev haradasa sirk şəhərciyi yerləşən ərazidə, rəqs edən fil və it başlı oğlan heykəli olan yerdə olub.

1850-ci ildə Stratforda gələn Barnum Şekspirin evinin bərbad halda olduğunu görəndə gözləri yaşarıb (binanın bir hissəsindən ət dükanı kimi istifadə edilirmiş). O, evi almaq, binanı Amerika mülkiyyəti kimi rəsmiləşdirmək və xalqın sərəncamına vermək istəyib. Amma Barnum arzusunu həyata keçirə bilməyib, ingilis hökuməti buna mane olub və ev milli abidə statusu alıb.

Robert ŞNAKENBERQ

Rus dilindən tərcümə etdi:  Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!