İki dəfə Anar müəllimlə bir salam qədər yaxın olmuşam. Bir dəfə Kastamonuda yanında oturub şəkil çəkdirəndə, bu dəfə də otağında. İş həyatımın qızıl dövrünü AYB-nin orqanlarında ("Ulduz", "Azərbaycan") çalışan vaxtdan hesablayıram. Binanın tarixi, içindən keçirdiyi şəxsiyyətlər haqqında xəbərim olduğu üçün buranı ədəbi məbəd hesab eləmişəm.
Birinci görüşdə Anar müəllim istəyimi qəbul eləmişdi, yanında oturub şəkil çəkdirməyə icazə vermişdi. İkinci görüşün mənim üçün ən böyük nəticəsi üz-üzə oturmaq idi. Mən ona yaxından, yazdığım məktubu oxuduğu müddətdə daha diqqətlə baxdım: Adamın qutudan siqaret çıxarmağından tutmuş, eynəyini alnına qaldırmağına, adamı yola salmağına qədər dahiyanədir. Oturuşu, ahəstəliyi, saçının ağ tonu, yaşına məxsus səs tembri, bədən dili...
Təsadüfən iş girişi, iş çıxışı binanın qarşısında, pillələrdə Anar müəllimlə rastlaşıram. Çox vaxt yolumuz kəsişməsin deyə, ya tələsirəm, ya gecikirəm. İstəmirəm göz-gözə gələk. Bilirəm ki, qapısını döyən çoxdu. Anar müəllimin məni də o sinfin şagirdlərindən hesab eləməsindən çəkinirəm.
Anar müəllimlə bir dövrdə yaşadığım, onu canlı-canlı gördüyüm, hətta birlikdə işlədiyim üçün bəxtimin dizindən öpürəm. Mənim üçün Anar müəllim milli dəyərdi, atributdu.
Bilirəm ki, hisslərimi ifadə eləmək üçün düzdüyüm allı-güllü sözlər Anar müəllimin mənəvi böyüklüyü, ictimai xidmətləri, bədii yaradıcılığı qarşısında çox aciz və adi görünəcək. Məqsədim Anar müəllimə tərif yağdırmaq, onu vəsf eləmək, böyütmək deyil, buna Anar müəllimin də, mənim də ehtiyacımız yoxdur. Məqsədim bir insana qarşı olan hisslərimi, duyğularımı məqamı gələndə etiraf eləməkdi, ürəyimi boşaltmaq, mənəvi rahatlıq tapmaq, bölüşməkdi. Ömür çox qısadı, axı. Gərək sevgini vaxtında etiraf edəsən, borcun kimi qaytarasan.
Anar müəllim AYB-nin sədri olmasa da, bundan sonra gedib Göyçayda baba yurdunda otursa belə, ordan bu Anar zirvəsi görünəcək. Çünki mən (misalları özümdən çəkəcəm), hələ lap uzaq kəndlərin birində üstünə Anar yazılmış kitabı götürüb romanı oxuyanda arzulamışdım ki, kaş bir gün bu adamı görə biləydim. Zirvə ordan görünürdü. İlk bədii yazılarım dərc olunanda eynimə gəlirdi ki, kaş Anar müəllimin gözünə sataşaydı. Kaş... Kaş... Bir oxucu kimi öz yazıçıma heyran olmuşdum. "Anar" adının ilk daşıyıcısı olduğunu biləndə də yaxşı mənada qibtə eləmişəm. Hətta ilk dəfə "Kitabi-Dədə Qorqud" dastanını Anar müəllimin təqdimatında oxuyub sevmişəm. Filmin sonunda adamların daşa dönmə səhnəsi o qədər xoşuma gəlmişdi ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Hətta mənə elə gəlmişdi ki, bu dastanı elə Anar müəllim yazıb, xalqın adına çıxırlar. Özü qəsdən adamları daşa çevirib, əbədi saxlayıb... Kəndin kitabxanasında Anar müəllimin imzası olan bütün kitabları qaldığımız evə daşıdım və tapşırıq, əmr yerinə yetirirmiş kimi, hamısını oxudum. Çoxunu qaytarmadım.
Anar müəllim Azərbaycan ədəbiyyatında yazıçı ucalığının, yazıçı sanbalının, yazıçı hörmətinin ölçü vahididir. Etiraf eləsələr də, eləməsələr də, ölkəmizdə yazıçılar Anar ucalığına (yaxşı və pis halda) qibtə eləyir, ona tay, bərabər olmaq üçün təkcə bədii yox, həm də aydınlıqda və qaranlıqda strateji mübarizə aparırlar (müşahidələrimin nəticəsi budur). Etiraf eləməsələr də, bu ucalığın kölgəsini üstündə görənlər var: kimini üşüdür, kimini istidən qoruyur. Kölgə ucalığın rəsmidir.
Bir dəfə Anar müəllimin otağında toplaşmışdıq. Heydər Əliyevin ildönümü idi. Yenə ən maraqlı çıxışı Anar müəllim edirdi, xatirə danışırdı. Yadımda qalanı ordan-burdan deyəcəm: deməli, Anar müəllim dedi ki, Heydər Əliyev onu çağırıb deyib ki, parlamentdə ilk çıxışı sən elə.
Gör Heydər Əliyev bu kişinin dəyərini vaxtında necə bilirmiş!
İstənilən ədəbi tədbirdə Anar müəllim iştirak edib söz deyəcəksə, deməli, günün ən yaxşı çıxışı edilmişdir, dağılışa bilərsiz (yəni heç nə itirməzsən), geridə qalanları dinləmək vaxta, istəyə bağlıdı.
Anar müəllimin əsərlərinin arasında ən, ən sevdiyim "Dantenin yubileyi"di (Kitabxanaya qaytarmadıqlarımdan biri). Bu əsəri oxuyanda hələ yazıçılığın "yaz"ına girməmişdim. Hələ dimdiyi sarı ətcəbalaydım, kənd kitabxanalarında söz dənləyirdim. Arada hecaladığım misralardan bəndlər düzəldirdim. Əsərə valeh olmuşdum. Elə bilirdim, Kəbirlinski göstərilən ünvanda yaşayır, əgər Bakıya əmimgilə getsəm, əmim oğlu məni bu aktyorla görüşdürə bilər. Lap elə gedib teatr binasının qarşısında duraram, çıxanda yaxınlaşaram. Kəbirlinskinin halına o qədər yanmışdım ki, içimdə uzun müddət onun ağrısını daşımışdım. Lap, lap sonralar artıq Bakıda yaşayırdım, əsəri bir də oxudum. Bu dəfə yaşım artmışdı, yeniyetməlik saflığından çıxmışdım, təcrübəm bir neçə mərtəbə qalxmışdı, əsəri bu dəfə fərqli tərəfdən görürdüm. Kəbirlinski sindromuna yoluxmuşdum, ailə təcrübəm olmasa da, hadisələrə doğmalıq prizmasından yanaşmışdım və sənətkara yazığım gəlmişdi.
Bu günə qədər Kəbirlinski obrazı ağlımdan, yaddaşımdan çıxmır. Sonralar yollar məni aktyorların arasına gətirdi. İncəsənət Universitetində, teatrın çayxanasında, çəkiliş meydanında, iş yerində nə qədər Kəbirlinskilər gördüm.
Kişi aktyorlarımızın içində ən sevdiyim Səyavuş Aslandı, bir dəfə televiziya kanalının birində belə bir söz dedi: "Populyarlıq - evdə bədbəxt olanların çöldə xoşbəxt görüntüsüdür". Bu söz məni "Dantenin yubileyi"ni təkrar oxumağa məcbur eləmişdi. Bu, əlbəttə, əsərin gücüdür. Mənə elə gəlmişdi ki, Anar müəllimin qəhrəmanı, axtardığım aktyor elə Səyavuş Aslandı. Sonralar həyat mənə göstərdi ki, Rənası olan kişilərin hamısında az-çox Kəbirlinskidən nəsə var.
Kəbirlinskini istedadsız və bacarıqsız hesab eləmirəm. O, görünməyə, sevilməyə, ailəsinin yanında ucalmağa, təqdir olunmağa çalışır. Bunu kim istəmir?! Elə bunun üçün çalışmırıqmı? İstəyirik evdə ayaqqabımızı, çöldə özümüzü tapsınlar.
Ətrafımızda bizi ələ salmağa, alçaltmağa, qürurumuzla oynamağa çalışan adamcığazlar yoxdurmu? Məncə, bu əsər bir bədii sənətkarın, insanın, ailə başçısının formuludu, düsturudu, konspektidi. Qəribəsi burasındadır ki, Kəbirlinskini tam anlamaq üçün onun yaşında olmalısan. Bu vaxt əvvəlki Kəbirlinski yaddaşında dəyişir, bu dəfə başqa rakursdan, başqa konseptdən yanaşırsan.
Bu səviyyədə obraz yaradan bir yazıçı olmaq, məncə, ədəbiyyat aləmində əli sözlü adamların arzusudur. Sözsüz ki, ədəbiyyatımızda dəyərli əsərlər, maraqlı və yaddaqalan, yaşayan obrazlar sayılacaq qədər var. Ədəbiyyatımızı kasıb və yoxsul hesab eləmirəm. Amma Kəbirlinski daha doğmadı, əcdaddı, babadı, qandan, candandı. Poçt qutusunun altında gözləyən etibarlı, sədaqətli Novruzəli babamız kimi.
Bu obrazı yaradan yazıçının düşüncəsini, həyata baxışını, fikirlərini düşünmüşəm. O, necə, hansı halda, hansı təsirdə bunu yazıb? Bir bu obrazı diriltmək üçün neçə abzası silib? Necə söz tapıb? Kimləri müşahidə eləyib? Kəbirlinskidə müəllifdən nə qədər var? (Axı biz xoşlayırıq əsərin qəhrəmanında yazıçını axtarmağı.)
Bütün bu sadə suallar deyir: fikrini Anar müəllimə yönəlt. Sirr bu kişinin iri və zəhmli eynəklərinin arxasında gizlənib. Sən bu eynəklərin qarşısında illər sonra Kəbirlinski kimi əyləşmisən. Yazıçı elə səni yazıb, sənsən Kəbirlinski! Sənə elə gəlir, illər sonra gəlib qarşısında əyləşmisən. Əslində, elə həmişə onun qarşısında oturmusan. Bu, zamanın oyunudur.
Həmişə arzulamısan bir sətrinə baxsın, nəsə eşitmək istəmisən ondan, buyur, bir səhifə yazını gör necə diqqətlə oxuyur və indi eynəyini gözlərinə qaytarıb deyəcək...
Anar müəllim uzağa eynəklə, yaxına eynəksiz baxır. Amma onun uzaqgörənliyinə heç kimin şübhəsi ola bilməz. Bəlkə də, ömrün 87-ci mərtəbəsindən uzaqlar daha aydın görünür?!
Anar müəllimin ədəbi işlərini, ictimai xidmətlərini ədəbiyyatda bilməyən adam çətin tapılar. Odur ki, Anar müəllimin hamıya məlum tərəflərini təkrarlamaq istəmirəm. Mənə elə gəlir ki, bircə Anar müəllimi təqdim eləməklə xaricdə millətimiz haqqında dürüst və dolğun fikir yaratmaq olar. Anar müəllim bu millətin kimliyi, pasportu sayılan şəxsiyyətlərdən biridir.
Bəlkə başqaları bilməz, amma yaxın olanlar bilir ki, Anar müəllimin xarakterində qırmızı, sarı rənglərlə də böyük hərflə, yasəmən ətriylə yazılmış bir söz var: HUMANİST. Humanistlik Anar müəllimin həyat tərzidir, yaşamaq üslubudur, yanaşmaq düsturudur, - deyə bilərəm. Bildiyimə görə, oxşar ictimai təşkilatlardan yalnız AYB üzvlərinə, işçilərinə Anar müəllimin sayəsində ev, mənzil verilir. Bu da Anar müəllimin nüfuzu, xətri-hörməti və ən əsası, humanistliyi sayəsindədir. Heç bir yazıçı, şair və jurnalist cəmiyyətə həkim, mühəndis, müəllim qədər gərəkli deyil. Amma Anar müəllimin xahişiylə bir çoxları mənzil ala bilib, iş yeri qazanıb, maaş alır, hansısa çətin işini asan həll edir... Təbii ki, Anar müəllim ümid yeri olsa da, hər umanın, əliqələmlinin biləyindən yapışmağa mənəvi, fiziki gücü çatmaz. Odur ki, elin ağzı bardan deyil ki, ipini dartıb yığasan, ya da yel qayadan nə qoparar?
Anar müəllimdən xeyli sitat gətirə bilərəm, ən xoşuma gələnlərdən biri budur: "Mən ikinciyəm, birinci olanlar çoxdur". Bu söz ən qısa romandı. Bu sözün üstündə cərrahi əməliyyat, arxeoloji qazıntı, elmi araşdırma, ekspertiza işləri aparsan, görərsən ki, yenə ortaya çıxan suallar var. Bu söz də onun humanistliyindən cücərib, boy atıb. Bu söz bələdçidir, düş dalınca, ömrün axırına arxayın get.
Müasir dövrdə yazıçılığı ədəbiyyatın barmağında üzük hesab eləsəm, mənim üçün onun qaşı Anardı. Dəfələrlə görmüşəm ki, bu qaşın parıltısı, şəfəqləri, şöləsi hansısa yarasanın gözünü qamaşdırır, (axı niyə də?) daşa, palçığa basıb o qaşın şəfəqlərini gizlətmək, ləkələmək istəyib. Anar müəllimdən tərs şillə kimi aldığı cavabı talisman eləyib boğazından asıb. Dua kimi saxlayıb, oxuyur. Öyünür ki, ona Anar cavab verdi.
Anar müəllim həm də bir oğul kimi nümunədir. Rəsul Rzanın müqəddəs xatirəsi qarşısında bəzən ətirli çələng, bəzən oxkeçirməz qalxan olur, bəzən yol...
"Azərbaycan" jurnalında dərc olunan "Səməd Vurğun xatirələr işığında" (№7-8. 2024) yazısında Anar müəllim göstərir ki, təkcə atasının yox, xain və istedadsız bir dəstədən "Qızılı udsa da qara torpaqlar, yenə öz dəyərin özündə saxlar" deyən Səməd Vurğunu da qoruyur, keşik çəkir. Anar həm də ona görə belə ucadır ki, keçmişinin, xatirələrinin, yaşadıqlarının qədrini bilir. Onun sakrallığını yeldən, küləkdən şam odu kimi ovuclarında qoruyur. Müqəddəs odu qoruyan sonuncu atəşbandı.
Sözümü daha səlis, daha aydın və çəkinmədən deyə biləcəyimə şübhəm olduğu üçün Anar müəllimə "məktub" yazmışdım. O da iri gözlü və zəhmli eynəyini alnına, ağ saçlarının kölgəsinə qaldırmışdı. O, başını aşağı salıb sətirləri oxuyurdu, mən onun cizgilərini. Eynəyi mənə baxırdı. Bu eynək o qədər saxta və nadürüst adam görmüşdü ki, indi qarşısındakı adamın kənd kitabxanasından gətirdiyi səmimiyyəti analiz edirdi, bəlkə də, inanmırdı. Eynək Anar müəllimin keşikçisi kimi görünürdü və məni nəzarətdə saxlamışdı. Səsini eşidirdim eynəyin: "Gözüm üstündədi ha!"
Anar müəllimin yadımda qalan bir xatirəsi də Türkiyənin Kastamonu şəhərində olmuşdu. Biz arxada dayanmışdıq. Öndə Anar müəllimlə şəkil çəkdirmək, hədiyyə vermək, salam almaq üçün düzülmüş bir neçə türk ölkəsinin nümayəndələri növbə yaratmışdılar. Həmən vaxt Anar müəllimin doğum günü ərəfəsinə təsadüf eləmişdi.
Bu münasibəti görəndə nəinki yazıçı, bir sıravi azərbaycanlı da fərəhindən, qürurundan qəhərlənər, duyğulanar, gözü yaşarar.
Mən baxıb, bir az fəxrlə, bir az qibtəylə deyirdim:
- Bax, əsil yazıçı belə olar ey!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
