Dahi insan - Mustafa ÇƏMƏNLİ

 

                               Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir.

                                                                                                                             Siseron

 

Atalarımız təsadüfən deməyib ki, alim olmaq olar, adam olmaq çətindir. Bu mənada, Üzeyir bəy Hacıbəyli təkcə bəstəkar kimi deyil, həm də şəxsiyyətinə, nəcibliyinə, əliaçıqlığına, xeyirxahlığına, uzaqgörənliyinə, mənəvi kamilliyinə görə də dahi İNSANDIR. Mən elə bir gün olmayıb ki, Üzeyir bəyi minnətdarlıq hissi ilə anmayım, həyatından, insani keyfiyyətlərindən, xeyirxahlıqlarından, danılmaz xidmətlərindən, səhnə əsərlərindən, publisistikasından məqalələrimdə, dost-tanışla söhbət əsnasında məsəl çəkməyim, sitat gətirməyim.

Üzeyir bəy Hacıbəylinin ən layiqli yetirmələrindən olan dahi bəstəkarımız Fikrət Əmirov ustadı haqqında yazdığı xatirə-məqaləsində gəldiyi qənaət diqqətçəkəndir: “Şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə ləyaqəti və sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdət halında olmalıdır. Yalnız bu halda, əsl mənada böyüklükdən, dahilikdən söhbət gedə bilər. Dahi Üzeyirə belə bir səadət nəsib olmuşdu.”

Mən bu yazımda Üzeyir bəyin nəcibliyindən, insanlığından danışmaq istəyirəm. Bu dahi bəstəkar hələ iyirmi iki yaşında ilk Azərbaycan operası olan “Leyli və Məcnun”u yazıb səhnəyə qoyan gündən şöhrətlənməyə başlamışdı. Amma ömürboyu bir dəfə də özünü öyməmiş, təkəbbürlü davranmamış, əksinə, özündən əvvəlki yaradıcı insanlara həmişə hörmətlə yanaşmışdır. Hələ iyirmi səkkiz yaşında, gənc ikən yazmışdır: “Yuxarıdakı daş bünövrə daşını inkar edə bilməz, inkar edərsə, yuxarıda dayana bilməz”. Üzeyir bəy sadədən sadə, həssas, təvazökar bir insan olmuşdur. 18 may 1912-ci ildə iyirmi səkkiz yaşlı Üzeyir bəyin “Əsli və Kərəm” operası Mayılov teatrında səhnəyə qoyulmuşdu. O gecədə tamaşaçı coşqunluğu o həddə çatmışdı ki, aktyorlar gənc Üzeyir bəyi çiyinlərində səhnəyə gətirmişdilər. Sonralar xalq artisti Hacıağa Abbasov o gecəki tamaşanı xatırlayaraq yazırdı: “Mən o zaman “Əsli və Kərəm”də Sofi rolunu oynayırdım. Yaxşı yadımdadır ki, “Əsli və Kərəm” oynanan gecə Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski Üzeyiri səhnəyə çıxarıb tamaşaçılara təqdim edəndə zalda gurultulu alqış qopdu və səhnəyə çoxlu gül-çiçək atdılar. Tamaşaçılar: “Sağ olsun, Üzeyir bəy”, “Əhsən, Üzeyir bəyə”, “Yaşasın bəstəkarımız”, – deyə qışqırmağa başladılar.”

Üzeyir bəy “Koroğlu” operasının librettosunu yazmağı yazıçı, dramaturq, şair Məmməd Səid Ordubadidən xahiş etmişdi. Operanın librettosu üzərində işlərkən hər gün görüşürdülər. Bu müddətdə Məmməd Səid Ordubadinin bir yaradıcı şəxsiyyət kimi bəstəkarı daha yaxından müşayiət etmək imkanı olmuşdur. Məmməd Səid Ordubadi bəstəkarın vəfatından sonra Üzeyir bəy haqqında yazırdı:

“Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım. Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq idi.

...Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: “Dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir”.

...Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, “hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir.” Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: “Mən bu cür tələbəni görmək istəmərəm”, – deyirdi.”

“İlk” sözü Üzeyir Hacıbəylinin adı qarşısında yazılan ən mübarək sözdür. İlk operanın, ilk operettanın banisi, ilk dövlət himnimizin bəstəçisi də Üzeyir bəydir. İlk türk musiqi məktəbinin (1922), ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin, Dövlət xorunun, qəzəl-romansın, sazçı qızlar ansamblının yaradıcısı, 1940-cı ildə filarmoniyada fəaliyyət göstərən Dövlət xoru ilə rəqs ansamblını birləşdirib mahnı və rəqs ansamblının yaradılmasının təşəbbüskarı da Üzeyir bəydir. Azərbaycanda Milli Konservatoriyanın təşkili və onun ilk rektoru olmaq şərəfi də Üzeyir bəyə qismət olub. Üzeyir bəy özü bu sahədəki xidmətini belə xarakterizə edirdi: “Mən Azərbaycan Dövlət Konservatoriyasının yenidən təşkili ilə məşğul oldum, ilk türk musiqi məktəbinin əsasını qoydum. Bu məktəb üç ildən sonra musiqi texnikumu adlandı və müdirliyi mənə tapşırıldı.

“Azərbaycan xalq musiqisinin əsasları” adlı ilk fundamental bir əsərin müəllifi də məhz Üzeyir Hacıbəylidir. Onun bu yeniliklərini, ilkinliyini, orijinallığını dahi bəstəkarımız Qara Qarayev çox dəqiq ifadə etmişdir. O yazır: “Üzeyir Hacıbəyov haqqında düşünəndə istər-istəməz intibah dövrü sənətkarlarının çoxşaxəli yaradıcılıqları yada düşür. Mənə elə gəlir ki, həmin sənətkarlar öz dövrləri üçün rəssamlıq, heykəltəraşlıq və s. sahələrə gətirdikləri yeniliklərdə necə böyük rol oynayıblarsa, Üzeyir Hacıbəyov da Azərbaycan musiqisində, milli opera, operetta janrlarının inkişafında, dramaturgiyasında, publisistikasında elə böyük bir şəxsiyyətdir.”

Üzeyir bəy arzu edirdi ki, “Şərq musiqisi, nəhayət, Avropa musiqisi ilə yanaşı, layiq olduğu şərəfli yeri tutsun və bütün bəşəriyyətin inkişafına kömək edən qüdrətli vasitələrdən birinə çevrilsin”. Üzeyir bəyin 1922-ci ildə yaratdığı ilk türk musiqi məktəbi 1925-ci ildə texnikuma çevrildi. Aradan bir il keçmiş, 1926-cı ildə musiqi texnikumu əsasında Dövlət Konservatoriyası yaradıldı. Konservatoriyanın rektoru vəzifəsinə Üzeyir bəy təyin olundu və ömrünün sonuna qədər, başqa yaradıcılıq işləri ilə yanaşı öz vəzifəsində çalışdı.

Üzeyir bəyin ömür yoluna nəzər saldıqca insan bu dahi bəstəkarın çalışqanlığına, təşəbbüskarlığına, həm də yaradıcılıqla məşğul olmağa necə macal tapmağına heyrətlənməyə bilmir. Təkcə Konservatoriyanı professional musiqi ocağına çevirməyə, yüksək ixtisaslı musiqiçi kadrların hazırlanmasına nə qədər əmək sərf etmişdi. Bununla yanaşı pedaqoji fəaliyyət də göstərirdi. Bu barədə xalq artisti, bəstəkar Səid Rüstəmov ustadını “Böyük bəstəkar” adlı xatirəsində yad edərək yazır:

“Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyir bəyin sinfində keçirdim. 1931-ci ildə Asəf Zeynallı, Fuad Əfəndiyev, Əşrəf Həsənov və mən Üzeyir bəyin bilavasitə rəhbərliyi  və redaksiyası ilə ilk dəfə olaraq Azərbaycan dilində “İbtidai not savadı” adlı musiqi dərsliyi yazıb çap etdirdik. O zamanlar Üzeyir bəy bizə sinifdə Azərbaycan muğamlarının “çox maraqlı”, qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq müşahidələrindən danışıb misallar göstərirdi. Bu “söhbətlər” get-gedə təkmilləşərək, indi hamımızın bildiyi “Azərbaycan xalq musiqisinin əsasları” adlı müstəqil bir musiqi fənninə cevrildi.

Asəf Zeynallının “Ölkəm” romansı həmin illər Üzeyir bəyin sinfində muğamlar haqqındakı “söhbət”lərinin məhsuludur.”

Üzeyir bəy yaradılması vacib olan hər bir işin təməlini qoyarkən onun sabahını da düşünmüşdü. O, 1926-cı ildə rektoru olduğu Konservatoriyada tələbə gəncləri toplayaraq ilk Azərbaycan çoxsəsli xorunu yaratmışdı. Lakin təəssüf ki, bədxahlar “Azərbaycan xalqına çoxsəsli xor, polifoniya lazım deyildir”, – deyərək öz mənfi təsirini göstərmiş,  “nəticədə böyük zəhmətlə yaradılmış xor dağılmışdır” (Ü.Hacıbəyli).

Üzeyir bəy həyatda da, yaradıcılığında da xalq musiqisinə çox böyük dəyər verirdi. Uzun illərin zəhmətinin bəhrəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri də bu vurğunluğun bariz nümunəsidir. Bu böyük bəstəkar, musiqişünas alim zamanı dəyərləndirməkdə də müstəsna şəxsiyyətlərdən idi. O, vaxtında muğam bilicilərini – Əbdülbaqi Zülalovu, Cabbar Qaryağdı oğlunu, Keçəçi oğlu Məhəmmədi, Məşədi Məmməd Hüseynovu, Mirzə Mənsuru, Mirzə Fərəci, Əhmədxan Bakıxanovu əvvəl musiqi texnikumuna, sonra rektoru olduğu Konservatoriyada pedaqoji fəaliyyətə cəlb etmişdi.

Üzeyir bəy həm də onların muğamlar haqqında fikirlərini öyrənib muğamların tədris proqramını hazırlayırdı. O, uzun illərin təcrübəsindən bu qənaətə gəlmişdi ki, hər hansı bir işin təməlini qoymaq ücün peşəkarlarla çiyinə-çiyinə çalışmaq gərəkdir. Üzeyir bəyin dövrünü, həyat və yaradıcılığını göz önünə gətirəndə onun qədər istedadlı adamları görüb qiymətləndirən başqa bir şəxsi xatırlamaqda çətinlik çəkirik.

Bu böyük bəstəkar hər bir tələbəsinin insani keyfiyyətlərilə yanaşı, istedadının hansı sahədə uğur qazanacağını da öncədən dəyərləndirə bilirdi. Görkəmli bəstəkar Soltan Hacıbəyov unudulmaz müəlliminin bu kimi örnək olası keyfiyyətlərini yüksək qiymətləndirərək yazır: “Mən Üzeyir Hacıbəyov kimi bu qədər səmimi olmağı bacaran, bilavasitə başqalarının nailiyyətləri ilə bu qədər sevinən, yeni-yeni sənət zirvələrinin fəthinə bu cür həvəsləndirən  ikinci şəxsiyyət tanımırdım”.

O, hər kəsin, o cümlədən, tələbələrinin hər birinin uğuruna sevinir, onları yazıb-yaratmağa ruhlandırır, sabah etimadını doğruldacaqları işə cəlb edirdi. Bəstəkar Müslüm Maqomayev Azərbaycan Radio Verilişləri Komitəsində musiqi şöbəsinin rəhbəri işləyərkən yaxın dostu, bacanağı Üzeyir bəyə təklif edir ki, notlu xalq çalğı alətləri orkestri yaratsın. Üzeyir bəy dostunun təklifini qəbul edir. Üzeyir bəy, baxmayaraq Konservatoriyanın rektoru idi, bununla yanaşı dərs də deyirdi, işi başından aşırdı, ancaq dostunun təklifinə sayğı ilə yanaşmışdı. Çünki musiqiçi tələbə gənclərin not bilmələrini vacib hesab edirdi. Hələ musiqi texnikumunu yaradanda Avropa alətləri ilə yanaşı xalq musiqisinə də önəm verərək tar, kamança, xanəndə sinifləri də açmışdı. O, eyni zamanda xalq çalğı alətlərində notla çalmağı da tədris proqramına salmışdı. Tələbəsi Qılman Salahov musiqi texnikumunu kamança ixtisası üzrə bitirəndə təklif etmişdi ki, texnikumda qalıb notlu kamança sinfi açsın. Qılman Salahov müəlliminin təklifini qəbul edib notlu kamança sinfi açır və 1932-ci ildən 1952-ci ilə qədər Asəf  Zeynallı adına Orta İxtisas Musiqi məktəbində dərs deyir və tədris proqramı hazırlayır.

İlk notlu Xalq Çalğı Alətləri Orkestri Üzeyir bəyin bədii rəhbərliyi və dirijorluğu ilə 1932-ci ilin oktyabrında 24 nəfərlə fəaliyyətə başlayır. Bu iyirmi dörd nəfərin çoxu Üzeyir bəyin öz tələbələri idi. Qılman Salahov, Səid Rüstəmov, Xosrov Məlikov, Tutu Həmidova, Ruqiyyə Rzayeva (kamançada ifa edirdi. Ağabacı Rzayevanın bacısı) və başqaları orkestrin ilk üzvləriydilər. Üzvlərin sayı getdikcə artan orkestrin dirijoru Üzeyir bəy, köməkçisi iyirmi dörd yaşlı tələbəsi, gələcəyin böyük bəstəkarı Səid Rüstəmov idi. Musiqişünas Elmira Abbasova ilk notlu Xalq Çalğı Alətləri Orkestri haqqında bəhs edərkən xatırladır ki, “Üzeyir Hacıbəyovun qarşısında böyük çətinliklər dururdu. Hər şeydən əvvəl  xalq çalğı alətlərinin ifaçılıq imkanları barəsində möhkəm kök salmış təsəvvürü aradan qaldırmaq lazım idi. Notu bilən musiqiçilərin az olması da böyük bir maneə idi”.

Üzeyir bəy hər bir işdə səbirli və ardıcıl çalışan  şəxslərdən  idi. Başladığı işi yarımçıq qoymaq şakəri yoxdu. Elmira Abbasova yazır: “Orkestrin məşqləri olduqca orijinal idi. Musiqiçilər həm birlikdə çalmaq vərdişləri əldə edir, həm də musiqi tarixi və nəzəriyyəsinə dair biliklərə yiyələnirdilər. Dörd il beləcə keçdi. Orkestr lazımınca möhkəmləndikdən sonra Üzeyir Hacıbəyov ona rəhbərlik etməyi öz etibarlı köməkçisi Səid Rüstəmova tapşırdı".

Bu dörd ildə orkestrdə çalğıçıların sayı kifayət qədər artmışdı. 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüyündə orkestrin üzvlərinin sayı artıq 75 nəfər idi. Bu orkestr ongünlükdə Üzeyir bəyin “Arşın mal alan" musiqili komediyasının tamaşalarında iştirak etmişdi.

Üzeyir bəy 1935-ci ildə işinin hədsiz çoxluğunu nəzərə alıb orkestrə rəhbərliyi köməkçisi Səid Rüstəmova etibar etdi. Güman etmək olardı ki, bundan sonra bu böyük bəstəkarın asudə vaxtı daha çox olacaq. Ancaq belə düşünmək sadəlövhlük olardı. Əslində işi çoxdu. Konservatoriyanın rektoruydu, eyni zamanda notla tar çalmağı və həm də harmoniyadan dərs keçirdi, “Koroğlu" operası üzərində işləyirdi. Digər tərəfdən, Üzeyir bəy ürəyində daim Fransada mühacir həyatı yaşayan, çox sevdiyi kiçik qardaşı Ceyhun bəyin nigarançılığını çəkirdi. Şəxsi söhbətlərdə müasirləri etiraf edirdilər ki, Ceyhun bəyin mühacir həyatı yaşamağı yolverilməz hal kimi yeri düşdükcə Üzeyir bəyə xatırladılırmış.

Üzeyir bəyin asudəliyi çox çəkmədi. Böyük bəstəkarın qismətində yenə də bir ilkə imza atmaq, vacib bir sənət sahəsinin təməl daşını qoymaq varmış. 25 may 1936-cı ildə Dövlət filarmoniyası yarandı. Üzeyir bəy burada ilk dəfə Dövlət xorunu yaratdı. Az bir müddətdə xorun üzvlərinin sayı 80 nəfərə çatdı. “Yaratmaq” sözü yaradıcı adamın yuxusuz gecələrini, axtarışlarını, istedadlı gənclərin üzə çıxarılıb işə cəlb edilməsini, öyrədilməsini və i.və s. çoxsaylı əngəllərin qarşısının alınmasını, nəhayət, xalqın, hakimiyyət adamlarının qarşısına hazır bir kollektiv kimi çıxmağı tam əks etdirmir. Artıq bu yaşanmış, tarixə qovuşmuş, ancaq təqvimə düşmüş, xatirələrdə əbədiləşmiş günlərdən birinə çevrilmişdir. Üzeyir bəy o zaman təkcə Dövlət xorunu yaradıb ona dirijorluq etməklə işini bitmiş sanmamışdı. O günlərin canlı şahidi olmuş xalq artisti Leyla Bədirbəyli xatırlayırdı ki, “filarmoniyanın, o cümlədən, mahnı və rəqs ansamblının təşkili və fəaliyyəti Üzeyir bəyin əməyi və şəxsi iştirakı ilə bağlıdır”.

Üzeyir bəyin yaratdığı Dövlət xorunun ilk solistlərindən Şövkət Ələkbərovanın, Qüdrət Əmiraslanovanın, Xurşid Babayevanın, Sima Məmmədbəylinin, Cahangir Cahangirovun və bir çox başqalarının adları mədəniyyət, incəsənət tarixində şərəfli yer tutur.

Qabaqdan 1937-ci ilin məşəqqətli günləri gəlirdi. Hələ ki, ilin əvvəlləri sakit keçirdi. 30 aprel 1937-ci il Üzeyir bəyin həyatında ən əlamətdar, tarixləşəcək bir gün idi. Həmin günün axşamı Üzeyir bəyin “Koroğlu” operasının ilk tamaşası oynanılırdı. Koroğlu rolunda Bülbül çıxış edirdi. İlk dəfə idi ki, Üzeyir bəyin uzaqgörənliyi sayəsində tar və kamança notlu orkestrdə vətəndaşlıq hüququ qazanırdı. Təəssüf doğuran hal o idi ki, Cümhuriyyətdən əvvəlki və Cümhuriyyət dövründəki məsləkdaşları “Koroğlu”nun ilk tamaşaçıları sırasında deyildilər. İlk operasına dirijorluq etmiş Əbdürrəhim bəy dörd il idi ki, dünyasını dəyişmişdi, Əhməd bəy Ağaoğlu Türkiyəyə köçmüşdü, sevimli qardaşı Ceyhun bəy Əlimərdan bəy Topçubaşovla Parisdə keçiriləcək sülh konfransına getmiş, 28 aprel 1920-ci ildə bolşeviklər hakimiyyətə gəldiyi üçün vətənə dönməmişdi. Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə də mühacirət həyatı yaşayırdı. Yanvar ayının ilk günlərindən 37-nin tuthatutu başlamışdı. Folklorşünas Hənəfi Zeynallı, professor Bəkir Çobanzadə həbs olunmuşdu, növbədə “Allah bilir, daha kimlər vardı”. Amma Hüseyn Cavid əfəndi hələ həbs olunmayıb, “Koroğlu”nun tamaşaçıları arasındadır. Sabahkı qəzetlərdə onun da fikirləri yerə alacaqdır: “Koroğlu” operası Azərbaycanın opera aləmində öz revolyusion coşqunluğu ilə son dərəcə yüksək bir yer tutmaqdadır”.

Dövlət filarmoniyasında böyük canlanma vardı. Bu da səbəbsiz deyildi. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçiriləcəkdi. Bununla yanaşı, 37-nin  məşəqqətli günləri başlamışdı. Belə təlatümlü vaxtda onun deputatlığa namizədliyi Naxçıvan MSSR-dən Millətlər Sovetinə verilmişdi. Elə bir vaxtda ki, xalqımızın milli ruhuna, əxlaqına yad-yabançı olan, “türkəm” deyənin qanına susayan Şerin, Qriqoriyanın, Markariyanın, Qalıstyanın, Ohanesiyanın, Avanesiyanın müstəntiqliyi ilə yüzlərlə ziyalılarımız, din xadimlərimiz, hərbçilərimiz güllələnirdilər, sürgün edilirdilər. Erməni olan kəs belə bir fürsəti əldən qaçırardımı?! Belə bir vaxtda Üzeyir bəylə rastlaşanda üzünə yaltaqcasına irişən filarmoniyanın yerli komitəsinin sədri Akopiyan niyə sakit oturmalıydı?! Bu zatıqırıq eləməyib tənbəllik, 22 noyabr 1937-ci ildə surəti Bakı Sovetindəki mərkəzi seçki komissiyasına, NKVD-yə iftira dolu bir məktub göndərmişdi. Yazırdı ki, “Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim ücün qaranlıqdı, qardaşı Parisə qaçıb ...himayə etdiyi sinfi dostları var”. Axırda da yazırdı ki, “Üzeyir Hacıbəyovun gerçək üzünü aydınlaşdırmağı xahiş edirəm”. Akopiyan unudurdu ki, Üzeyir bəyin bir üzü var.

 Mənim bu olaylar barədə belə geniş söz açmağım da Üzeyir bəyin yüksək insani keyfiyyətlərinə görədir. Həqiqətən, çuğulçu erməni Akopiyanın yazdığı kimi, Üzeyir bəy iri neft sənayeçisi Nəcəf Əmiraslanovun qızı Qüdrət Əmiraslanovanı, qardaşı Nəsir Əmiraslanovun 1937-ci ildə həbs edilməyinə baxmayaraq Dövlət xoruna solist götürmüşdü. Eləcə də sovet hökuməti qurularkən güllələnmiş polkovnikin qızı Sima Məmmədbəylini. Əlbəttə, Üzeyir bəy onları Dövlət xoruna atalarına görə yox, məlahətli səslərinə görə qəbul etmişdi. Amma şübhə etmək olmaz ki, Üzeyir bəy bu gənc xanımların kimlərin övladları olmasından xəbərsiz olub. Şübhəsiz ki, olubdur. Ancaq mərhəmət hissi ehtiyatkarlığa qalib gəlib.

1988-ci ildə çuğulçu Akopiyanın cızmaqarasında adı hallanan milyonçu Nəcəf Əmiraslanovun qızı Qüdrət xanımla görüşüb söhbət etmişdim. O, mənə Üzeyir bəyin xeyirxahlıqlarından danışmışdı. Akopiyanın Üzeyir bəy haqqında yazdığı böhtan dolu məktubun üstündən ona görə ölkə başçısı M.C. Bağırov sükutla keçmişdi ki, o zaman öz sahəsində yeganə şəxsiyyət idi.

1938-ci ildə Moskvada keçirilən ongünlükdə Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyası, “Koroğlu” operası böyük tamaşaçı məhəbbəti qazanmışdı. “Koroğlu” operasına dövlət adamları ilə yanaşı, ölkənin birinci şəxsi Stalin də baxmışdı və operadan çox xoşu gəlmişdi. O, hətta Üzeyir bəyə xüsusi diqqət göstərmişdi. Beləliklə, Üzeyir bəy o günə qədər başı üstündə hazır dayanan Damokl qılıncından xilas olmuşdu. Yaradanın lütfü ilə 37-nin gedər-gəlməzindən xilas olmuşdu.

 Üzeyir bəy ürəyi geniş şəxs idi. Tələbələrini, istedadına bələd olduğu adamları işləməyə, yazıb-yaratmağa ruhlandırırdı. 1931-ci ildə ana dilimizdə nəşr olunan “Not savadı” dərsliyinin tərtibçilərindən biri də (dərsliyin tərtibində A. Zeynallı,  F. Əfəndivev, Ə. Həsənov da iştirak etmişlər) Səid Rüstəmov idi. Əgər o zaman Üzeyir bəyin göstərişilə tələbələri notu öyrənməsəydilər, notlu orkestrin repertuarında Avropa bəstəkarlarının əsərləri səslənə bilməzdi.

Bu gün yüzlərlə mahnısı dillər əzbəri olan bəstəkar Səid Rüstəmov gənclik illərində not sisteminə bələd olmasaydı, 1935-ci ildə “Tar məktəbi” adlı qiymətli dərsliyi yazıb çap etdirə bilməzdi. Bu il 90 ildir ki, respublikanın bütün musiqi məktəblərində Səid Rüstəmovun “Tar məktəbi”ndən dərslik kimi istifadə olunur. Bu yerdə Üzeyir bəyin istedadlı tələbələrindən Adil Gəraya olan münasibətindən də danışmaq istəyirəm. Adil Gərayın özündən böyük qardaşı Əmrulla Məmmədbəyli musiqi texnikumunda  şöbə müdiri idi, notdan dərs deyirdi. Adil Gəray da 1940-ci ildə musiqi texnikumunu bitirəndə onu qabiliyyətli musiqiçi kimi texnikumda saxlamışdılar. Tar müəllimi kimi notdan dərs deyirdi, mahnılar bəstələyirdi. Bəstələdiyi nəğmələri ilk öncə müəllimi Üzeyir bəyə göstərirdi. O, həm də Üzeyir bəyin yaratdığı notlu Xalq Çalğı Alətləri Orkestrində tar çalırdı. Notu yaxşı bilən Adil Gəray “Muğam etüdləri" adlı məcmuəsini 1943-cü ildə müəllimi Üzeyir Hacıbəylinin redaktəsi ilə çap etdirmişdir. Adil Gəray məcmuəsinin  Ön sözündə yazır: “Kitab Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilmişdir. Buna müvafiq olaraq xalqımızın musiqi xəzinəsindən yeddi muğam – “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur-hindi”,  “Segah”,  “Şüştər” və “Şur” burada etüd şəklində yazılmışdır”.

Yeri gəlmişkən, deyim ki, Adil Gərayın “Muğam etüdləri" məcmuəsinin ilk nəşrindən 55 il sonra Üzeyir bəyin redaktorluğunu saxlamaqla 1998-ci ildə mənim şəxsi təşəbbüsümlə “Gənclik” nəşriyyatında çap olunmuşdur. “Muğam etüdləri”ndən bu gün də musiqi məktəblərində dərs vəsaiti kimi istifadə olunur.

Xatırladım ki, Adil Gərayın atası Heybətqulu bəy də 1937-ci ildə güllələnən günahsızlardan olmuşdur.

Üzeyir bəy sanki xeyirxahlıq mücəssəməsi idi. Xalq artisti Əhmədxan Bakıxanov 1926-cı ildə Üzeyir bəylə tanış olur. Bəstəkar növbəti dəfə onunla rastlaşanda Əhmədxan Bakıxanovdan soruşur:

– Mir Möhsün Nəvvab “Vüzuhül-əqram” kitabında “Nəva-Nişapur” muğamı barədə yazıb, eşitdiyimə görə, bu muğamı yaxşı bilirsiniz.

Əhmədxan  müəllim cavab verir:

– Bəli, bilirəm, ürəyiniz istəyirsə, sizin üçün çalım.

Üzeyir bəy deyir:

– Buyur, çal.

Əhmədxan müəllim “Nəva-Nişapur” muğamını çalır. Üzeyir bəy:

– Mən axtardığımı tapdım, – deyir.

Bu böyük bəstəkarın gözündən heç nə yayınmırdı, mütləq istedadlı adamı nə iləsə qiymətləndirirdi. 1929-cu ildə Üzeyir bəy Əhmədxan Bakıxanova zəng vurub Konservatoriyaya, yanına gəlməyi tapşırır. Deyilən vaxtda Əhmədxan müəllim Üzeyir bəyin yanına gəlir. Üzeyir bəy vaxt itirmədən deyir ki, Əhmədxan, bu gündən tar sinfində muğamlardan dərs deyəcəksən. Bizim sənin kimi muğam ustasına ehtiyacımız var.

Əhmədxan Bakıxanov bəstəkarın sözünü yerə salmır. Elə o gündən başlayaraq uzun illər muğamatdan dərs deyir, çoxlu tarzənlər yetişdirir.

Sonralar Əhmədxan Bakıxanov “Ömrün sarı simi” adlı xatirələr kitabında dahi bəstəkarı yad edərək yazır:

 “1941-ci ildə Üzeyir bəy mənə dedi:

- Mirzə, nə üçün tək çalırsan? Yaxşı ansambl təşkil et. Mən də sənə kömək edərəm.

Doğrudan da, həmən il xalq çalğı alətləri ansamblını təşkil edərkən Üzeyir Hacıbəyov öz yardımını bizdən əsirgəmədi”.

Əhmədxan Bakıxanov Üzeyir bəyin təklifi ilə yaratdığı ansambla ömrünün axırına kimi rəhbərlik etdi. Çoxlu müğənnilər yetişdirdi, ansambl üçün bir-birindən gözəl rənglər, dəramədlər bəstələdi.

Üzeyir bəyin Əhmədxan Bakıxanovla bağlı unudulmaz, hər kəsə örnək olası bir xatirəni də yad etmək istərdim.

1938-ci ildə Moskvada keçiriləcək ongünlükdə Əhmədxan Bakıxanov da iştirak etməliymiş, amma gözlənilmədən bir axşam onu və qardaşı tarzən Məmmədxan Bakıxanovu aparıb həbs edirlər. Onları İran şahının agentləri kimi sorğu-suala tuturlar. Ancaq belə bir fakt ortaya çıxmır. Sonra daha cəfəng bir ittiham irəli sürürlər: bu qardaşlar xan nəslindəndirlər, deməli, bolşevik cəmiyyətinin düşmənləridirlər. Beləcə, onlar üç ay dustaq həyatı yaşayırlar. Bir gün təsadüfən Üzeyir bəy Əhmədxan Bakıxanovun arvadı Məsumə xanımla rastlaşır, ona neçə vaxtdır tarzəni görmədiyini söyləyir. Məsumə xanım Üzeyir bəyə başlarına gələnləri danışır.

Moskvada uğurla başa çatan ongünlükdən Bakıya qayıdarkən Üzeyir bəy fürsət tapıb M.C.Bağırova Bakıxanovların nahaqdan həbs olunduqlarını çatdırır. M.C.Bağırov bu işdən xəbər­siz olduğunu deyir və diqqətdə saxlayacağını bildirir. Doğrudan da, bir neçə gündən sonra Üzeyir bəyin xeyirxahlığı nəticəsində Bakıxanov qardaşları azadlığa çıxıb ailələrinə qovuşurlar.

Üzeyir bəy tələbələrinin hər birinin uğuruna sevinir, onları yazıb-yaratmağa ruhlandırırdı. Bəstəkar Ədilə Hüseynzadə “Qayğıkeş ata” sərlövhəli xatirəsində unudulmaz müəlliminin ona xas xarakterik bir xüsusiyyətini xatırlayaraq yazır:

“Üzeyir bəy tək-tək tələbələrlə bəstəkarlıq dərsləri keçirdi. Bu dərslər çox maraqlı olurdu. Öyrəndiyimiz muğam üzərində əsərlər bəstələməliydik. Yadımdadır, Üzeyir bəy dərslərin birində mənə Nigar Rəfibəylinin sual-cavab şəklində yazılmış bir şeirini verdi və tapşırdı ki, suallar bir muğamda bəstələnməli, cavablar isə başqa-başqa muğamlara modulyasiya edilməlidir. Dedi ki, birinci bəndin sual və cavabını “Segah”da, ikinci bəndin cavabını “Bayatı-Şiraz”da, üçüncü bəndin cavabını isə “Rast” muğamında bəstələyim. Mən çox çalışdım və əsəri qurtarıb Üzeyir bəyə göstərdim. Üzeyir bəy elə mənim yanımdaca Bülbülə zəng vurub, bu əsəri – “Vətən haqqında nəğmə”ni oxumasını xahiş etdi, beləliklə, əsər çox konsertlərdə, ongünlükdə səsləndi”.

Adamı nə qədər duyğulandıran bir həssaslıqdır. Üzeyir bəy, hətta mahnının mətnini də özü tapıb tələbəsinə təqdim edir. Hansı tələbə bu cür insani münasibəti, humanistliyi unuda bilər? Ədilə xanım da unutmamışdı, xatirələrini səmimi bir sonluqla bitirmişdi: “Qayğıkeş ata Üzeyir bəyə biz tələbələr “Üzeyir əmi” deyə müraciət edərdik. Üzeyir əmi böyük insanlara xas olan sadəliyi, nəvazişkarlığı, bəzən, hətta sərt rəftarı, fəqət, prinsipiallığı ilə gözlərim önündə durur.

Hamının doğması, atası, əmisi olmaq şərəfi hər “sənətkaram” deyənə qismət olmayan bir xoşbəxtlikdir.

Üzeyir bəyin portretini yaratmış SSRİ Xalq rəssamı Mikayıl Abdullayev müşahidələrinə əsaslanaraq yazır: “Üzeyir bəy öz tələbələrini ata məhəbbəti ilə diqqətlə dinləyir və onlara böyük qayğıkeşliklə göstərişlər verirdi. Gənc bəstəkar qızları – Ağabacını, Ədiləni, Şəfiqəni öz doğma qızları kimi mehribanlıqla dinləyərdi.”

Mən 1985-ci ildə Üzeyir bəyin 100 illik yubileyi münasibətilə onun haqqında musiqili radiopyes yazmağa hazırlaşanda bəstəkar haqqında kitablara düşməyən faktlar sorağı ilə bir çox qapılar döymüşdüm. Yubiley ərəfəsində Üzeyir bəyin 1939-cu ildə dünyasını dəyişmiş bacanağı Pənah Qasımovun qızları Adilə və Nigar xanımla da görüşmüşdüm. Atalarını vaxtsız itirmiş kimya elmləri namizədləri bu bacılar bir binada, eyni mənzildə yaşayırdılar. Adilə və Nigar xanım müharibə illərində Üzeyir bəygildə yaşadıqları günlərdən danışmışdılar. Doğrusu, bugünkü insanlarla müqayisədə o söhbətlər adama nağıl kimi gəlir. Bacılar söyləyirdilər ki, Üzeyir bəy olduqca həssas, mehriban bir insan idi. Bir dəfə də olsun onun səsinin tonunu qaldırdığını eşitmədik. Nigar xanım dedi ki, müharibə illərində Nizami Gəncəvinin yubileyi ərəfəsində Üzeyir bəy şairin qəzəllər kitabını bizə verdi ki, bəstələmək üçün qəzəl seçək. Üzeyir bəy şairin “Yeddi gözəl” poemasındakı yeddi gözəlin şərəfinə yeddi romans yazmaq fikrindəydi. Ancaq yeddi romansdan ikisini – “Sənsiz” və “Sevgili canan”ı yazdı.

Bacılar mənə danışırdılar ki, müharibə vaxtı Üzeyir bəy işə özü ilə normadan artıq xörək aparırdı. Məleykə xanım maraqlananda ki, bir belə xörəyi, çörəyi neyləyirsən? Üzeyir bəy – imkansız tələbələrim var, onları qonaq edirəm, – deyirdi. Üzeyir bəy o qədər rəhmli, həssas idi ki, öz donluğundan tələbələri üçün aylıq təqaüd ayırmışdı.

Mən elə o ərəfədə bəstəkarın tələbələrindən olan görkəmli bəstəkarımız Şəfiqə xanımla da görüşmüşdüm. Şəfiqə xanım da ustadı barədə səmimi etiraflar etmişdi. Danışırdı ki, müharibənin ağır günləri idi. Bir gün dərsdə Üzeyir bəy rəng-rufumu solğun görüb soruşdu:  –Şəfiqə, bəlkə acsan? Xeyr, ac deyiləm, – deyib, utanıb üzümü yana çevirdim. Üzeyir bəy gətirdiyi yağ-çörəyi çıxarıb mənə verdi. Əgər çörək yeməsəm, otaqdan çıxmayacağımı söylədi. O, belə qayğıkeş adamdı.

Şəfiqə xanım Üzeyir bəyi minnətdarlıqla yad edirdi. Deyirdi ki, Üzeyir bəy mənim səsimi çox bəyənirdi. O deyirdi ki, Şəfiqə, səndən yaxşı Gülçöhrə olar. Amma mən bəstəkarlıq yolunu seçdim. Müharibə illərində maddi cəhətdən əziyyət çəkdiyimiz üçün Üzeyir bəy  Ağabacı Rzayeva ilə mənə öz donluğundan aylıq təqaüd ayırmışdı.

Dünyasını çoxdan dəyişmiş Üzeyir bəyin bizim tərifimizə heç bir ehtiyacı yoxdur. Burada xalq şairi Rəsul Rzanın bəstəkar haqqında söylədiyi bir fikri oxuculara xatırlatmaq istərdim: “Üzeyir bəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, o hər hansı tərif pilləsinin yuxarıda duran bir simasıdır.” Çox dəqiq müşahidədir. Ancaq Üzeyir bəyin bütün nəsillər üçün örnək olası humanistliyindən, həssaslığından, nəcibliyindən danışmamaq laqeydlik, biganəlik olardı. Xalq artisti Şəfiqə Axundova xatirə-məqaləsində bir daha ustadının humanistliyini yad edərək yazır: “...1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü. Bir gün Ağabacı ilə mən onun kabinetinə getdik. Bizi görən kimi o, göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikilməsi üçün də atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, kostyumun fasonunu Şövkət Məmmədova seçsin.”

O zaman bəstəkarlıq sahəsində ilk addımlarını atan və illər sonra müəllimlərinin ümidlərini doğruldacaq Ağabacı Rzayeva ilə Şəfiqə Axundovanın sevinc və fərəhini bu gün də təsəvvür etmək çətin deyildir. Bu sevinci onlara bəxş edən böyük ürək sahibi Üzeyir bəy idi.

1993-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilirdi. Mən həmən gecənin aparıcısıydım. Gecəyə xalq artisti Leyla Bədirbəyli də dəvət olunmuşdu. Mən Leyla xanımla həmin xatirə gecəsində tanış olmuşdum. Bundan sonra Keşlədə Şövkət xanımın adını daşıyan sarayda onun xatirə gecəsinə xalq artisti Əminə Dilbazi ilə Leyla xanımı da dəvət etmişdim. Hər iki xanım sənətkar dəvətimi qəbul etmişdilər. Onların qəlbi bir-birindən dəyərli xatirələrlə dolu idi. Nə yaxşı ki, Leyla xanım bu görüşdən az sonra olub-bitənləri qələmə almışdı. O, bir müddətdən sonra “Ömrümün nağılları” adlı xatirələrinin əlyazmasını mənim Baş redaktoru olduğum “Gənclik” nəşriyyatına təqdim etmişdi. Leyla xanımın xatirələr kitabı 1998-ci ildə işıq üzü gördü. Leyla xanım “Ömrümün nağılları” kitabında Üzeyir bəyi çox səmimi duyğularla anıbdır: “Mahnı və rəqs qrupunda olanda bu mehriban insanın nurani siması bizi heyran edərdi. Hər gün onun məşqlərində olmaq, onun səsini, məsləhətini eşitmək səadət idi. Mən hələ elə bir insan tanımıram ki, Üzeyir bəyi tanıyıb, ona məftun olmasın. O, uşaq kimi sadə, müdrik, xeyirxah, qayğıkeş, fədakar və mərd bir insan idi. Onu da qeyd edim ki, filarmoniyanın nəzdində olan bütün kollektivlərin, o cümlədən, mahnı və rəqs ansamblının təşkili və fəaliyyəti Üzeyir bəyin əməyi və şəxsi iştirakı ilə bağlıdır”.

Üzeyir bəy xalqına, onun adət-ənənəsinə, musiqisinə, geyim mədəniyyətinə daim ehtiram bəsləyirdi. Leyla xanım Bədirbəyli o günləri xatırlayaraq yazır: “Üzeyir bəy mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədri idi. O, rəqqasələr üçün tikilmiş milli paltarların forma, naxış, biçim və bəzəyinə çox diqqət yetirir, hətta başımızdakı cütqabağının silsiləsini düzəldir, necə taxmaq lazım olduğunu da göstərir, fərəh və qürur hissi ilə Azərbaycan milli geyimlərinin qorunmasını tələb edirdi.”

Müasirlərindən Üzeyir bəyi tanıyan elə bir şəxs olmayıb ki, ona güvənməsin. Əvvəldə dediyim kimi, gənclik illərimdə Üzeyir bəyi yaxından tanıyan simsarları, tələbələri ilə görüşüb söhbət etmişdim. İndi o günlərdəki görüşləri, söhbətləri yada salaraq tam inamla deyə bilərəm ki, Üzeyir bəyin ürəyigenişliyinə, əliaçıqlığına, xeyirxahlıqlarına ömür-gün yoldaşı Məleykə xanım Həsənağa qızı da ömürboyu sayğı ilə yanaşmışdır.

Mən 1975-ci ildə ilk Azərbaycan rəqs ansamblının yaradıcısı Əşrəf Səfərovla görüşmüşdüm. Ondan rəqs ansamblının ilk üzvlərinin adlarını öyrəndikdən sonra bir çoxu ilə görüşmüşdüm. Görüşünə getdiyim sənətkarlardan biri də xalq artisti Əminə Dilbazi idi. Əminə xanım çox dilli-dilavər xanım idi. O, keçdiyi həyat yolundan, sənət yoldaşlarından həvəslə danışardı. Təbii ki, Üzeyir bəyi də minnətdarlıq hissi ilə yad edərdi. Üzeyir bəyin nəcibliyindən, xeyirxahlığından danışaraq deyirdi ki, 1941-ci il iyun ayının 21-də Qılman Salahovun rəhbərliyi ilə mahnı və rəqs ansamblımız Yaltaya qastrola getmişdi. Səhər ayın 22-də müharibənin başlanması xəbərini eşitdik. Oğlanlarımızı dərhal Bakıya, hərbi komissarlığa qaytardılar. İyirmi beş nəfər qız qaldıq Yaltada. Pulumuz olmadığı üçün Bakıya qayıda bilmirdik. Qərara gəldik ki, Üzeyir bəyə teleqram vurub düşdüyümüz vəziyyəti bildirək. Belə də etdik. Üzeyir bəy xeyirxahlıq, nəciblik göstərib iki gün dalbadal 5 min-5 min pul göndərdi. Biz də sağ-salamat Bakıya qayıtdıq.

Üzeyir bəyin əl tutduğu,  xeyirxahlıq etdiyi, ömürlük ruzi verdiyi adamlar bir deyil, iki deyil... Üzeyir bəy musiqi məktəblərinə, tələbələrinə royal, piano bağışlamağı da çox sevirmiş. 2016-cı ildə Üzeyir bəyin doğmaca xalası oğlu, XX əsrin əvvəllərində bəstəkarın musiqili komediyalarında qadın rollarının fədakar ifaçısı, müğənni-aktyor, Əməkdar incəsənət xadimi Əhməd Ağdamski haqqında kitab üzərində işləyirdim. Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Ağdama köçən Əhməd Ağdamski 1935-ci ildən ömrünün sonuna kimi Ağdaşda yaşayıb pedaqoji fəaliyyət göstərmişdi. Əhməd bəyin xahişilə Üzeyir bəy müxtəlif təşkilatlara müraciət edərək Ağdaşda musiqi məktəbi açdırmışdı. Əhməd Ağdamski bu məktəbdə tar müəllimi işləyirdi, həm də tədris/hissə müdiri vəzifəsində çalışırdı. Kitab üzərində işləyərkən, vaxtı ilə Ağdaşda çıxan “Əmək” qəzeti əlimə keçdi. Vahid Zamin adlı yerli jurnalistin “Üzeyir bəyin hədiyyəsi” yazısı diqqətimi cəlb etdi. Xatirə yazısından aydın oldu ki, Ağdaş musiqi məktəbində şagirdlərin təlim keçməsi üçün royal yoxmuş. Məktəbin direktoru Bilal Muradov Əhməd bəyə deyir ki, bəlkə royala görə Üzeyir bəyə müraciət edək. Əhməd bəy Bilal müəllimlə razılaşır. Beləcə, illər sonra “Üzeyir bəyin hədiyyəsi” haqqında kiçik, amma dəyərli bir xatirə “Əmək” qəzetində yer alır. Bilal müəllim söyləyir ki, “onda Kürqırağı meşələrdə çoxlu turac, qırqovul, Türyançay tərəfdə, dağların döşündə isə kəklik olurdu. Ovçulara bir neçə turac, qırqovul və kəklik ovlatdıq. Onları da götürüb Bakıya yola düşdük.

O, vaxt Üzeyir bəy Konservatoriyanın rektoru idi. Biz evə getdik. Qapını həyat yoldaşı Məleykə xanım açdı. Əhməd əmi ilə görüşdülər. Mənə də “xoş gəldin!” – dedi. Üzeyir bəyi soruşduq. Səsimizi eşidib iş otağından qarşımıza çıxdı. Əhməd  əmi ilə zarafatlaşdı və elə səmimi görüşdü ki, mən ürəkləndim, qəlbimdə ümid çırağı yandı. Bizi içəri dəvət elədi. Əhməd əminin “Qohumluq olmasa da, mümkün olan şeyi əsirgəməz. Onun ürəyi genişdir” sözlərini xatırladım.

Söhbətimiz uzun çəkdi. Dərdimizi bilincə, sabah Konservatoriyaya gəlməyi tapşırdı. Səhərki görüşümüz bizi sevindirdi. Royalı məktəbə necə aparmaq barədə məsləhət verdi. Xudahafizləşəndə stolun üstünə 1000 manat pul qoydu:

– Götürün, – dedi, – sizinkidir. Quşların puludur.

– Biz onları pay gətirmişik, – deyib çox bərkidik, pulu götürmək istəmədik. Belə olduqda Üzeyir bəy üzünü Əhməd əmiyə tutdu:

– Heç gözləməzdim. Mənim heç nəyə ehtiyacım yoxdur. Götürün, yolda lazım olar, axı royal aparırsınız, – dedi”.

Beləcə, Üzeyir bəyin həssas qəlbindən adları bizə bəlli olan  və olmayan nə qədər insanlar gəlib keçib. Bu insanların Üzeyir bəyin nəcibliyindən, həssaslığından soraq verən xatirələrdən mətbuat səhifələrində, kitablarda əbədiləşənlər də var, ağızdan-ağıza, nəsillərdən-nəsillərə ötürülənlər də, unudulanlar da. Amma laqeyd olmamaq gərəkdir ki, nəciblikdən soraq verən dəyərli xatirələr unudulmasın.

Masallının İsi kəndində dünyaya göz açmış Mir Kazım Aslanlı Tibb İnstitutunu bitirib bir qədər həkim işləyəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda ömrünün axırına kimi pedaqoji fəaliyyət göstərmişdi. Onun həm də şairlik, bəstəkarlıq istedadı vardı. Mir Kazım Aslanlının musiqiyə olan marağı 1938-ci ildə onu Konservatoriyaya, Üzeyir bəyin yanına gətirib çıxarmışdı. Əlbəttə, onu repressiya dövründə Üzeyir bəyin yanına təkcə musiqi istedadını tam üzə çıxarmaq arzusu deyil, həm də bir bəy balası olaraq onun ölkədəki nüfuzuna sığınmaq, ona güvənmək istəyi gətirmişdi. Üzeyir bəy də bu istedadlı gənci fitnə-fəsadlardan qorumuşdu. Üzeyir bəy 1948-ci il 23 noyabrda dünyasını dəyişmişdi. Xalqın vidalaşması üçün onun cənazəsi “İsmailiyyə” binasının (indiki İstiqlal küçəsində) böyük salonunda qoyulmuşdu. O günlərin şahidi və iştirakçısı, xalq yazıçısı Mirzə İbrahimov yazır: “Dəfn mərasimi görünməmiş bir nümayişə çevrildi. Akademiyanın qabağından tutmuş, fəxri simalar məqbərəsinə qədər, bütün yaxın küçələr, evlərin balkonları, damların üstü adamlarla dolu idi. Bakı öz sevimli övladı ilə görünməmiş məhəbbət və hörmətlə vidalaşırdı.”

Heç şübhəsiz, Üzeyir bəyi son mənzilə yola salanların sırasında Mir Kazım Aslanlı da vardı. O, Üzeyir bəy şəxsiyyətinə sevgisini həmin gündə yazdığı “Bu sabah” rədifli qəzəlində izhar eləmişdi:

 

Yenə heybətli buludlar doluxub ağlamağa,

Bürümüş hər yanı çən, göy də qaralmış bu sabah.

 

Üzeyir – xalqımızın dahi, böyük bəstəkarı,

Saralan çöhrəsini çən-qubar almış bu sabah.

 

Mir Kazım Aslanlı o gündən başlayaraq ilin bütün fəsillərində hər həftənin cümə günü Fəxri Xiyabana gəlir, bəstəkarın məzarı önündə dayanır, skripkasında Üzeyir bəyin romanslarını, opera və operettalarından sevdiyi ariyaları çalıb, Allahdan ustadına rəhmət diləyib Fəxri Xiyabanı tərk eləyərdi.

Üzeyir bəy məhz bu cür ehtirama, diqqətəlayiq şəxsiyyətdir. Bakı Musiqi Texnikumunu tar ixtisası üzrə bitirmiş, 20 il Seyid Şuşinskinin muğam sinfində müşayiətçi tarzən işləmiş, muğam bilicisi, Əməkdar mədəniyyət işçisi Kamil Əhmədovla vaxtaşırı görüşüb muğamlarımız, görkəmli xanəndələr haqqında söhbətlər edərdik. Yetmişini arxada qoymuş bu muğam nəfəsli kişi mənə deyirdi ki, Üzeyir bəylə Seyid Şuşinskinin çörəyini yeyirəm. Elə bir Novruz bayramı yadıma gəlmir ki, qəbirləri üstündə şam yandırıb səməni qoymayam.

İllər, qərinələr, əsrlər ötsə belə, Üzeyir bəy Hacıbəyli hər zaman ehtirama, diqqətəlayiq olacaq. Çünki o, yalnız böyük bəstəkar, dramaturq, publisist, musiqişünas alim deyil, həm də təkrarı olmayan dahi bir İNSANDIR. Dahilər isə hər zaman yetişmir!

 

12 avqust 2025-ci il


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!