Faiq Balabəylinin "Bir ovuc kədər" adlı son kitabını vərəqləyirəm. Poeziyanın yaranış prosesinə bələd olan adam kimi bir daha öz fikirlərimin üstündə əminliklə durmağa çalışıram.
Kim necə düşünür-düşünsün, bu, həqiqətdir, hər şeir parçasında şair özünü yazır, yəni yaşadıqlarını, düşündüklərini, sevincini, kədərini qələm və kağızla bölüşür. Sonda bir də baxıb görür ki, yazdıqlarında tək özünün deyil, bütün insanlığın hiss və duyğularını tərənnüm edib. Beləcə, yaranışdan insanın üzləşdiyi dərd, kədər, itkilər, sevinc və məhəbbət duyğuları, bütün yaşantılar zamanın özüylə birgə yaranışa bəxş olunan hər nə varsa, bir-bir poeziyada təzahür edir.
Poeziya ən səmimi İlahi duyğuların bələdçisi kimi qəlbimizin dərinliklərində gizlənən hissləri, sirləri öz əlimizlə aşkar edərək, bizi özümüzlə üzləşdirir. Hərdən də şeir o qədər səmimi alınır ki, hər oxucu öz dünyasının yaşantıları kimi o şeiri qəbul edir və müəllifi bəxtəvər edən belə şeirlərdə bütün insanlığın hissləri birləşir:
Özümü yazmaq istədim,
bu ömrü yaşadım necə?
Yaddaşımı vərəqlədim,
gündüz idi, yoxsa gecə,
mən anadan doğulanda...
Hansı ömrün yaddaşını vərəqləyir şair?
İnsan dünyaya gələndə göy yaddaşını, mələk ömrünü qırx günə unuda-unuda yeni yer yaddaşına öyrəşməyə çalışır. Yerdəki yeni ömrünə, insan taleyinə qədəm qoyaraq "saatın əqrəbləri" ömrün qova-qova apardığı aylarının, illərin sübut etdiyi yaş ölçüsünə də müəmmalı baxır. "Yaşım neçədir?" "Kiməm?" "Doğma bildiklərimlə məni birləşdirən hisslər nədir?" - deyərək, hər şeyə bəzən təəccüblə baxır. Qohum-qardaşdan, doğmalardan "arxa olmamaq" kədərini yaşayanda şair bir daha anlayır ki, şairlər hər zaman tənhadır.
Yağışı, qarı, küləyi, fəsillərin mübarək gəlişi ömrün müdrikliyini artıra-artıra qəlbin poetik duyğu təkamülünə fərqli rəng gətirir. F.Balabəylinin son kitabında rastlaşdığım dəniz, su, külək, xatirələr, kənd həyatına nostalji münasibətlər, Vətən və şəhidlik zirvəsi kimi anlayışlar bir şairin qəlb yaşantılarının təzahürü kimi onu oxucusuna sevdirir. Şairlərin yaşadıqları həyatı nə qədər məşəqqətli, çətin olsa belə, ömrün keçən günlərini gələn ömür səhifələrindən daha çox əzizləyərlər. Bax, onda şairlərin "xatirələr adamı" olmaq həqiqəti bir daha təsdiq olunar. Uşaqlığın qayğısızlığı, atalı-analı ömrün güvən duyğusu, kənd həyatının sadəliyindən qaynaqlanan istiqanlılıq hissləri üçün darıxmaq şeirlərinin hər misrasından Faiq bəyin həm də kövrək insan olduğunu büruzə verir. Bu kövrəklik:
Arada kəndimizin üstündən
uçan buluda oturmaq
istəyirəm...
Arada könlümdən ağrı dolu
ayrılıqları yenidən yaşamaq
keçir,
baxmaq istəyirəm itirdiklərimin
əzabına necə dözməyimə...
- fikri oxucunun içini titrətməyə bilməz...
Çooox qəribə duyğulardı, deyilmi? İtkilərdən sonra axtarış, axtarışdan sonra tapıntıların olmasına İlahi inamım olmasaydı, deyərdim ki, "əstəğfürullah" de, şair!...
Kim özü-özünə "ayrılıqların ağrısını yaşamaq" arzusunu dilər, sizdən savayı?..
Faiq bəy dənizçidir. Bəlkə elə ona görə şeirləri də, şeirlərindəki lirika da dəniz üstünə günəş düşərkən min rəngə boyanan suların özü kimi saf və rəngarəngdir. Kədəri, xiffəti, ehtiyacları, arzuları suların, küləyin içindəki düşüncələrin rəngi kimi çətin ki, hər adama görünə...
Külək mövzusu klassik ədəbiyyatımızda "Ey Badi-Səba" - müraciətiylə XXI əsrə qədər yol qət edərək, müxtəlif şairlərin dərdlərinin "çaparı", qəlbinin sirdaşı kimi mistik gücün daşıyıcısı obrazında üz tutulan mövzudur. Külək hansı rəngdəymiş? A.Mirseyidin vaxtsız ölümünə yazılan "Mən görürəm küləklərin rəngini" şeirində bir vəfalı dostun yaşantıları belə ifadə olunur:
Mən bilirəm küləklərin rəngini,
Bizim yurdda əsən külək sarıdı.
Çiçəklərin yaymaq üçün ətrini,
Bəlkə Tanrı küləkləri yaradıb?!
Mən bilirəm küləklərin rəngini,
Göstərməyə, amma yoxdu yanımda.
Mən öləndə duymaq üçün ətrini,
Basdırarsız çiçəklərin yanında.
M.Müşfiqdən sonra ədəbiyyatımızda "külək" mövzusunun "əsintisi"nə çox şair can atsa da, diqqətləri cəlb etmədi... İçinin təlatümünü, dəniz təlatümü qədər şeirləri ilə ovutmağa çalışan F.Balabəylinin dost itkisi kədərindən alışan alovu "Külək" şeiri sakitləşdirmir, əksinə, bütün könülləri bürüyür:
Külək dolub yelkənə,
dənizin suyu şəffaf.
Göy üzündən gələn var,
Deyir, yerdədi Allah,
yerini bilən desin...
Bəzən daxili iztirablarımız dəli külək aləmi bir-birinə qatan kimi iliyimizə qədər işləyərək bizi bizdən alır, dəli-divanə edir:
Sərt külək uladı ac yalquzaqtək,
çatmadım səsinə,
qaldım uzaq, tək,
sıyrıldım, qınımdan çıxdım bu gecə
qaynadım, qanımdan axdım bu gecə...
Qoşulub yalquzaq səsinə gecə
küləyin səmtinə səni çağırım?
Dünya, ətraf aləm, kainat Tanrının bizə verdiyi təfəkkürün qavrayışı çərçivəsindən dərk olunacaq ölçüdədir. İmanlı, vicdanlı insanlar, şairlər, alimlər, zahidlər Allahı, onun yer-göy və onların arasında yaradılanları müxtəlif səpkidən anlamağa və çatdırmağa can atdılar. Şairin qavrayışı isə bambaşqadır. Şairin sözü, düşüncəsi vəhydir, bu İlahi pay hər adama qismət olmaz. Yer üzündə nə mövcuddursa, hansı gözəlliklər yaranırsa və ya hadisələr baş verirsə, Tanrının bəxşişi sayılır. Ölüm də yerdə baş verir, yaranış da... Poeziyanın bizə göstərdiyi ülvi baxış bucağıyla baxdıqca görürük ki, Allah La məkan olduğundan çox bizimlədir, Yerdədi, şah damarımızdan belə bizə yaxındır. Hamı köçəcək bu dünyadan, amma şair sözüylə, yaratdığı ilə insanlığa bəxş etdiyi poetik ərməğanla bu dünyada əbədi olacaq:
Hamı gedib, dünyada
tək bircə şeir qalıb.
Ölməyə tər çiçəklər,
bir də ki, şair qalıb,
Yerini bilən desin.
Faiq bəyin şeirlərində nə qədər lirik kədər mövcuddursa, mənəvi xarakter yozumunda dəli-dolu Azərbaycan kişisinin yenilməyən, mübarizələrdə polad kimi bərkiyən şəxsiyyətini də açıqca görmək mümkündür. Dənizçi kimi 1990-cı ilin 20 Yanvar hadisələrində qəhrəmanlıq dastanı yazan Bakı buxtasının fatehləri sırasında gənc F.Balabəyli də vardı. Onların müstəqillik uğrunda mübarizə aparmaları həbslərlə, hədə-qorxularla qarşılansa da, onlar öz sözlərini sonadək deyə bildilər. Bu qəhrəmanlıq dastanı faktlar və sənədlərlə F.Balabəylinin müəllifi olduğu "Bakı Buxtası-20 Yanvar" kitabından dünyaya ətraflı izahlarla çatdırıldı.
Dəniz həyatı lirik ovqatı ilə həm də Vətən, xalq mücadiləsində şairi mübariz vətəndaş kimi tanıtdı. Ona görə şair dənizi mavi gözlü gözəl kimi sevdi, ona könül verdi...
Dənizçiyə dalğaların arasından
əl eləyir su pərisi,
Dənizçiyə ad qoyarlar:
su dəlisi.
Mavi sular, mavi gözlü
gözəl olar,
naz eləyər dənizçiyə...
Şairin sevgisi də, sevgi etirafları ilə birgə bağışlanma diləkləri də fərqli üslubdadır, yəni daha poetikdir. Eşqə həm də İlahi dərd kimi baxa-baxa onun dərkinə tənhalıqda izah tapmağa çalışır. Sevgidə qütblərin maqnit cazibəsi, qəlb cazibəsi qravitasiya çəkisi ilə mütənasib gəlməyəndə hər şey ayrılıq və kədər rənginə bürünür:
Sən axı bilmədin tənhalıq nədir,
dözüb küləklərə ağ yelkən kimi,
sinənə çəkmədin acı rüzgarı,
sıxıb bir-birinə dodaqlarını
adını demədin özün özünün.
Sən axı bilmədin tənhalıq nədir,
görmədin, sevmədin ayrılıqları...
Həyatını, ömrünü, taleyini dənizə, suya bağlayan Faiq bəyin düşüncə və xarakteri də su kimi saf və təmizdir, təmənnasızdır. "Limanlara yazığı gələcək" qədər kövrək duyğular sahibidir, şair. Bəli, şairin limanlara yazığı ona görə gəlir ki, bütün limanlar ayrılıq daşıyır. Qayıtmağa, dönüşə ya qismət!
Körfəz boyu səpələnən yosunlar,
balıqların qumla dolan qulağı,
əgər məni incitsəniz, gedərəm,
görünmərəm gözünüzə, uzağı.
Yamyaşıldı duzlu suyun köynəyi,
qayaların üzü cızıq-cızıqdı,
gəmiləri üzüb gedib, göynəyir
bu dənizin limanları, yazıqdı...
Su da, dəniz də ilk yaranışdı, əbədiyyət misalıdır, uzunömürlülük rəmzidir. Su kimi saf ömrünüzün uzun və bərəkətli olmasını Tanrıdan diləyərək daim yazıb-yaratmanızı arzu edirəm, Əziz Faiq bəy!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!