Ən müqəddəs dəyər də istismar alətinə çevrildikdə eybəcərləşir. İstismar alətinə çevrilən gözəl ifritələşir, istismar alətinə çevrilən azadlıq köləliyə rəhmət oxutdurur. Bəlkə də, nə insanın qəlbində, nə göylərin təkində iblis deyə bir məxluq var. İblis dediyimiz də istismar alətinə çevrilmiş tanrıdır.
Belə tanrılardan birinin yeni adı informasiyadır!
Biz bu gün adı qoyulmuş varlığın bütün növlərinin informasiyaya, istismar alətinə çevrildiyi çağda yaşayırıq. Hisslərimiz, duyğularımız belə artıq rəsmə, musiqiyə, şeirə deyil, informasiyaya çevrilir. İnformasiya mövcud mədəniyyətin yoluxduğu vəbadır, koronavirusdur.
Bu yazımızda informasiyaya çevrilmiş bir anlayışdan - gözəllikdən, daha doğrusu, onun istismar aləti halına salınmış kifir, eybəcər halından danışacağıq.
Bir şeyi informasiyaya çevirmək nə deməkdir? - Onu aşkara çıxarmaq, görünən etmək. Bu prinsip məhrəmlik duyğusunu aradan qaldırır. Məhrəmlik duyğusunu itirən dəyər çılpaqlaşır, özünü istismara təqdim edir. Məsələn, məhrəmlik hissini itirən adam üçün dəyər deyə bir ölçü qalmır. Özü lüt olan hamının lüt olmasını istəyir. Məhrəmlik mənaya aid libasdır. Məna həmişə örtülüdür, sirdir. Mənaya varmaq zəhmət tələb edir. Eşq mənadır, sirdir, əzab eşq yolunda çəkilən mənəvi zəhmətdir. Məna özünü gözə soxmaz, özünü gözə soxan informasiyadır. İnformasiyaya çevrilmiş şey istehlaka açıqdır, istər insanın bədəni olsun, istərsə də inancı. Bu gün hər şeyin informasiyaya çevrildiyi mühit sosial şəbəkələrdir. Sosial şəbəkələr mənanı aşkara çıxarmaqla qalmır, üstəgəl, aşkara çıxarılanların bazarını da yaradır.
"İnformatikus" adlanan bizlər sosial şəbəkələr vasitəsilə aşkara çıxarıb informasiyalaşdırdığımız hər şeyi sata bilərik. Biz hər şeyi informasiyaya çevirib yaymaqla onu satmağı düşünürük. Kimi öz bədəninin məhrəmini informasiyaya çevirib satır, kimi öz kültürünün, kimi öz evinin, öz ölkəsinin məhrəmini. Hər şeyi satmaq üçün aşkara çıxarmaq hər şeyin çılpaqlaşmasına yol açır. Bizim azadlıq dediyimiz şey, əslində, çılpaqlaşmadır. Koreya mənşəli müasir alman filosofu Bön Çul Xanın sözləriylə desək, "İnformasiya pornoqrafik bilgidir". Sosial şəbəkələr pornoqrafiyanın hiyləgərcəsinə legitimləşdirildiyi məkandır.
Bu lütlənmə kimlərə və nə üçün lazımdır?
Çılpaqlaşmaq üçün özəl və məhrəm olan hər şeyi fəda etməliyik. Bu, mədəniyyətə tamamilə zidd olan "fədakarlıqdır". Mədəniyyətin gözəllik anlayışı pornoqrafik deyil, estetik, erotik məzmunludur: Gözəllik ondur, doqquzu dondur. Mədəniyyət gözəlliyin azadlığını donun içində görür. Donundan çıxan mədəniyyətdən çıxmış adamdır. Mədəniyyətsiz adamdır. Milli mədəniyyətlər sosial şəbəkə şərtlərinə boyun əyib dəyərlərini soyunaraq məhv olur. Sosial şəbəkələrdə elitar və milli olanın sözü keçmir. Azadlığın hər şeyin çılpaqlaşdırılması kimi başa düşülməsi azadlığı istismar olunan hala salır. Biz hər şeyimizi könüllü çılpaqlaşdırmaqla azadlığımızı istismar üçün təklif edirik. Azadlığın bu yeni kütləvi növü bizi ucaltmaq əvəzinə endirir, əlçatan edir.
Orta əsrlərdə insanı istismara məcbur edirdilər, bu gün insan özü-özünü istismara məcbur edir. Sosial şəbəkədə paylaşılmağa təşnə olan gözəllik istismara təqdim olunan gözəllikdir. Məzmunca çirkin olandır! Maya dəyəri laykdır. Sosial şəbəkələrdə münasibətlər gerçəkliyin özüylə deyil, onun imitasiyası, illüziyası ilə kifayətlənmək üzərində qurulur.
Münasibətlərin çılpaqlığı və kütləviliyi cəmiyyəti çimərlikləşdirir. Çimərlikdə çılpaqlıq kütləvi olduğu üçün özəlliyini itirir. Çünki çimərlikdə hər kəs könüllü olaraq özünü aşkara çıxararaq informasiyalaşdırıb. İnformasiya bolluğu bizi yaradıcılıqdan məhrum edir. Yaradıcılıq maraqlanma hissindən güc alır. Çimərlikdə belə bir hiss olmur, biz çimərlikdə ölülər aləmindəyik. Sosial şəbəkələrdə də həmçinin. Sosial şəbəkələrin dili də lütdür. Bəsitləşdikcə bəsitləşmək tələb edir.
Fransız filosofu Jorj Batay yazırdı ki, sərhədləri aşmaq və azad olmaq çirkinin arzusu və yanğısıdır. İfrata varan çirkindir. Gözəlin belə bir ehtiyacı və niyyəti olmaz. Batay bu fikrə o zaman gəlmişdi ki, iki dünya müharibəsiylə bütün insani sifətlərini itirmiş Avropanın beyni yuyulan bütün çirkinləri küçələrdəydi. Avropa dünya müharibələrindən ləyaqətini itirərək çıxmışdı. Müharibələr, adətən sülh dövründə aşınaraq məhv olan insani keyfiyyətləri bərpa edir. Amma Avropada tam əksinə oldu. Dünya müharibələrindən əvvəlki Avropa müharibələrdən sonrakı Avropadan daha ləyaqətli idi. Müharibənin nəticələri Avropada kişini qadının, qadını kişinin yerinə itələdi. Müharibədən sonra Avropada meydana Bodlerin obrazları çıxdı: çirkinlər və pislər. Onlar hər yerdə sərhədləri aşmaq, azad olmaq istəyirdilər. Bu gün Qərbin ən böyük sosial problemi çirkinlərin azadlığının yaratdığı problemlərdir. Məsələn, Trampın ABŞ-da qadağan etdiyi şey.
Çirkinin azadlığı da çirkindir!
Dini mətnlərdə çirkin olan şeytandır. İlahi nizama qarşı çıxır, sərhədləri aşır və "azadlıq"la cəzalandırılır. Dindar olmadığımıza görə biz məsələyə tarixi kontekstdə baxmalıyıq. Tarixin bütün dövrlərində xaos cəhalətin gücüylə yaradılıb. Cahil əqli, mənəvi baxımdan çirkin olandır. Cahilin gücü radikallığındadır. Qusçular, Varfolomeyçilər, rus proletariatı və s. müxtəlif hədəflərə yönləndirilmiş cahillər və radikallar idilər. Onlar başqalarının niyyətini həyata keçirdiklərinin fərqində deyildilər. Onlara dağıtmaq əmr olunmuşdu. Cahilin öhdəsinə düşən də budur. O, həmişə və hər yerdə dağıtmaq üçün var. Günah həmişə cahilin üstündə qalır. Cahil işini gördükdən sonra səhnədən qovulur. Onun yaratdığı xarabalıqda tarixin əsl sahibləri öz niyyətlərinə uyğun yeni düzən qurarlar. Cahil həmişə şikayət edəndir. Tarixin ona ən yaxşı halda günəmuzd fəhlə kimi ehtiyacı var.
Müharibədən əvvəl ictimai xaosun hədəfi burjua əxlaqı idi, mövcud xaosun hədəfi orta təbəqənin əxlaqıdır. Bu gün Qərbdə güc orta təbəqənin əlindədir. Varlıların getdikcə varlandığı, yoxsulların getdikcə yoxsullaşdığı dünyada orta təbəqənin mütəşəkkilliyini qoruyan əxlaqi həmrəylik əngəldir. Əslində, sosial şəbəkələr insan haqları, söz və fikir azadlığı kimi liberal dəyərləri əlində bayraq etsə də, burada gizli hədəf demokratiyanı yoxsul və cahillərin əliylə məhv etməkdir. Çünki demokratiya orta təbəqənin əlində güc alətidir. Bir ölkədə orta təbəqə yoxdursa, orada demokratiya duruş gətirə bilməz. Neoliberal kapitalizm üçün orta təbəqə aşılması çətin bir səddir. Çünki orta təbəqə təqdim olunan dəyəri saf-çürük edə biləcək mənəvi-intellektual bacarıqlara sahibdir. Aşağılar bu bacarıqlardan məhrumdur. Ona görə də varlandıqca varlanan neoliberal kapitalistlər cəmiyyətin aşağı təbəqələrindən gələnlərə sosial şəbəkələrdə yaratdıqları fürsətlərlə orta təbəqənin mütəşəkkilliyini qoruyan dəyərlərə hücum edirlər. Sosial şəbəkələrdə öndə olan dünyanın ən istedadsızıdır, ən biliksizidir, ən əxlaqsızıdır!
Sərmayə sahibləri XIX əsrin ortalarından başlayaraq orta təbəqəyə meydan vermək üçün burjua əxlaqına hücum edirdilər, bu gün hücuma məruz qalan orta təbəqənin əxlaqi dəyərləridir. Məqsəd meydanı istehlakçı kütlələrə verməkdir: əldə etdiyi hər yeni əşyada xoşbəxtlik tapan qəbilə təfəkkürlü insan sürülərinə. Bu gün istehlak mühitində fetişizm tüğyan edir. Şəhərlər əşyalara sitayiş edən qədim insanlarla doludur. Fetişist məzmun özüylə bərabər qədim bəşəri formanı da gətirir. Çılpaqlıq. İnsanlıq əşyalara tapındıqca, özünü əşyalarla mənalandırdıqca həm zahirən, həm də daxilən soyunur. Çünki onun dəyəri göstərə bildiyi əşyadadır. Əşyaya sitayiş insanın özünü də əşyalaşdırır. Bədənlər manikenləşir. Maniken kimi qadınlar, maniken kimi kişilər... hər məkan insan şəklində boşluqlarla doludur. Dəyərli olan məkandır, insan dekorasiyadır. Klassik iqtisadiyyat üçün ailə mühiti əlverişliydi, neoliberal iqtisadiyyat təklərin arzularından qidalanır. Arzunun özü də artıq sənayeləşib. Sosial şəbəkələr hər gün arzu istehsal edən bir sənaye qurumudur. Bu gün ticarət mərkəzlərində sırınmış arzusunun dalınca avaralanan tək insanın yaşaması üçün hər cür şərait yaradılıb. Alış-veriş mərkəzləri artıq tək insanlardan ibarət istehlakçı sürülərin dolaşdığı savannalardır. Bir-birlərinin arzusuna yoluxmuş ikiayaqlı sürülər bir-birlərinə yol vermədən, mərtəbədən-mərtəbəyə lökküyürlər. Efirlərin, sosial şəbəkələrin ailə bağı olmayan geylərlə, süni "gözəl"lərlə doldurulması cəmiyyəti təklərə parçalamaq və bu təkləri arzulara yoluxdurmaq üçün düşünülüb.
Bu, yuxarıda dediyimiz çirkinin azadlığıdır, məqsədi tək olanı ailə əxlaqının fövqünə qaldırmaqdır. Qlobal siyasətə və iqtisadiyyata istifadəsi rahat insanlar lazımdır.
Gözəl istifadəsi çətin olandır!
Gözəllik gözəl görünən deyildir, gözəllik zamanla gözəl olduğunu göstərəndir. Görünən gözəllik zamanı tələsdirir, görünməyən gözəllik isə zamanı gecikdirir. Gözəlin zamanı heç vaxt "indi" deyil, həmişə "sonra"dır.
Nəzərə alsaq ki, günümüzün dünyası idarəolunan xaos dünyasıdır, çirkinə verilən meydanın önəmini anlamaqda çətinliyimiz olmaz. Özünün "Lut qövmü" dövrünü yaşayan pozitiv cəmiyyət fəlsəfəsi diktə edir ki, xoşbəxtlik qondarılan bir şeydir. Bu gün xoşbəxtlik qondarılan arzu vasitəsilə əldə olunan günlük həzzdir. Ömrü deyil, günü xilas etmək üçündür. Çul Xanın sözləriylə desək, günümüzün xoşbəxtlik anlayışı layihələşdirilən həyat tərzidir. Bu gün hər kəsin cibində bir xoşbəxtlik siyahısı var. Bu siyahıda alıb xoşbəxt olacağımız ayın-oyunun adları yazılıb. Azadlıq və xoşbəxtlik günü bəxtəvər etmək niyyətindən doğduqda meşşanlıqdan, özbaşınalıqdan və hedonizmdən başqa bir şey olmur. Qondarmaq yaradıcılıq əziyyətinə qatlaşmaq istəməyənin "yaradıcılığıdır". Pozitiv cəmiyyətdə xoşbəxtlik də çox kəsə və ucuz yollarla qondarılır. Ən yayğını başqalarının xoşbəxtliyini kopyalamaqdır.
İnformasiyaya çevirdiyimiz hər şey sərgilənmək üçündür. Sərgi cəmiyyətində hər bir şey özünün reklam obyektidir. Hər şey özünün sərgi dəyəri ilə ölçülür. Sərgi cəmiyyəti pornoqrafik cəmiyyətdir. Hər şey ifşa edilir, üzə çıxarılır, çılpaqlaşdırılır, özündən soyulur.
Sərgiləmə ehtirasının hədsizliyi hər şeyi "bütün sirlərini arındıraraq dərhal istehlak edilən" əmtəəyə çevirir. Neoliberal rejim hər şeyi nümayiş olunmaq zərurətinə tabe edir. Yalnız sərgilənməyə xidmət edən səhnələşdirmədir dəyər yaradan bütün fərdiliklər qurban verilir.
Şeylər qaranlıqda yox, həddindən artıq işıqda yox olmağa başlayır: "Ümumiyyətlə, görünən şeylər qaranlıqda və ya səssizlikdə yox olmur, onlar görünəndən daha çox görünəndə yox olurlar: lütlənəndə".
Porno təkcə sevgini deyil, seksuallığı da məhv edir. Pornoqrafik sərgiləmə cinsi həzzin yadlaşmasına səbəb olur. Cinsi həzzalmanı qeyri-mümkün edir. Seksuallıq qadının həzz nümayişi və kişinin performans sərgiləməsi şəklində məhv olur. Sərgilənən və göstərmək üçün yaşanan həzz, həzz deyildir.
Sərgilənmək və nümayiş etdirmək zərurəti bədənin özünün özünə yadlaşmasına gətirib çıxarır. Bədən optimallaşdırılacaq bir sərgi obyekti kimi əşyalaşır. Belə bədəndə yaşamaq mümkün deyil. Onu nümayiş etdirmək və beləliklə də, istismar etmək lazımdır.
Sərgiləmək istismarçılıqdır.
Sərgiləmək öhdəliyi yaşamaq üçün ehtiyacı aradan qaldırır. Dünyanın özü bir sərgi salonuna çevrilibsə, artıq yaşamaq üçün yer olmaqdan uzaqlaşıb. (İnsan) diqqət kapitalını artırmaq üçün yaşayış yerini (öz bədənini) reklama qoyur. Yaşamaq demək, ilk növbədə, "dinc olmaq, hüzur içində olmaq" deməkdir. "Sürəkli sərgiləmək və performans göstərmək məcburiyyətinin daimi təzyiqi bu mənəvi-psixoloji asayişi təhdid edir". Bu fikirlər neoliberal rejimin "Pandora qutusu"nun üzərində oturmuş Bön Çul Xanın "Şəffaflıq cəmiyyəti" kitabındandır.
Bu kitab xəbərdarlıq edir:
Siz gözəl, azad və xoşbəxt deyilsiniz, özü-özünü gözəl, azad və xoşbəxt olmağa məcbur edən çirkinlər, kölələr və bədbəxtlərsiniz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!