Ələsgər Siyablının "Yəhudilər və türklər: tarixi-etnik münasibətlərin xülasəsi" kitabı haqqında
Azərbaycanın müasir ədəbi fikir tarixində milli kimlik, tarix, etnik münasibətlər və mədəni qarşılıqlı təsirlər kimi mövzulara həsr olunmuş elmi-publisistik əsərlər çox da bol deyil. Amma Ələsgər Siyablının 2024-cü ildə nəşr olunmuş "Yəhudilər və türklər: tarixi-etnik münasibətlərin xülasəsi" adlı kitabı bu baxımdan mühüm boşluğu doldurur. Müəllif bu kitabda yalnız keçmişi izah etmir, həm də gələcək münasibətlər üçün mənəvi, mədəni, ictimai bir yol xəritəsi təqdim edir.
Kitabda müəllif yəhudi və türk xalqlarının qədim dövrlərdən bəri paralel mədəni və etnik yol keçdiklərini, bəzən bir-biri ilə qarşılaşdıqlarını, bəzən də bir-birindən təsirləndiklərini irəli sürür. Şumer sivilizasiyasından başlayaraq, Tubal-Kain, Yoval, xəzərlər və Turan konsepsiyası kimi anlayışlar üzərindən oxucuya bu iki xalq arasında mədəni inteqrasiya imkanları göstərilir.
Kitab hazırkı türk-yəhudi münasibətlərin qarışıq izini sürmək, onları anlamaq, hətta bu münasibətləri yumşaltmaq üçün, bir növ, mədəni körpü kimi çıxış edir, oxucuya "biz rəqib yox, eyni tarix içində fərqli rollar almış mədəniyyətlərik" kimi çox mühüm bir mesaj verir.
Bugünkü münasibətlərdəki sərt sözlər, diplomatik gərginliklər fonunda belə kitabın rolu böyükdür. Belə ki, kitab köhnə stereotiplərin qırılmasında, qarşılıqlı inamsızlığın aradan qaldırılmasında və yeni bir dialoq səviyyəsinin formalaşmasında mühüm vasitə ola bilər.
Ələsgər Siyablı kitabda yəhudi və türk xalqlarının keçmişdə düşmən yox, mədəniyyət daşıyıcısı və tərəfdaşı olduğunu göstərməyə çalışır. Bu, oxucularda empati hissini gücləndirir və "Əgər keçmişdə birgə yaşamaq mümkün olubsa, niyə bu gün olmasın?" sualını doğurur. Müəllifin yanaşması bəzi stereotipləri - məsələn, türklərin daim yəhudilərlə ziddiyyətdə olması fikrini sarsıdır. Tarixi nümunələrlə qarşılıqlı anlaşmanın mümkünlüyü vurğulanır.
Kitabda vurğulandığı kimi, Osmanlı dövründə yəhudilər əsasən, ticarət, sənət və elmdə fəal iştirak edib, çox vaxt dövlət tərəfindən qorunub: "Osmanlı torpaqlarında yəhudilər yalnız sığınacaq tapmamış, eyni zamanda mədəni və iqtisadi həyatın fəal iştirakçılarına çevrilmişdilər."
Bu dövrdə məscidlərin, sinaqoqların və digər mədəni mərkəzlərin bir-birinə yaxın olması, türklərlə yəhudilər arasında qarşılıqlı hörmət və anlaşmanın göstəricisi olaraq təqdim olunur.
Müəllif Səfəvi və Qacar dövründə baş verən siyasi dəyişikliklər və sosial gərginlikləri də tədqiq edir. Kitabda qeyd olunur ki, Səfəvi imperiyası dövründə dini fərqlər müəyyən məhdudiyyətlər yaradırdı, amma ümumilikdə yəhudi icmaları mövcudluğunu qoruyub saxlayırdı. "Qacarlar dövründə yəhudilərin sosial statusu dəyişirdi; bəzən təzyiqlər artsa da, onlar öz mədəni irslərini qorumağı bacardılar."
Kitabda XX əsrin əvvəllərində Osmanlı torpaqlarında və Türkiyədə millətçilik hərəkatlarının yüksəlişi zamanı yəhudi icmalarına qarşı müəyyən şübhə və təzyiqlər olduğu qeyd olunur. Eyni zamanda Avropadan gələn antisemitizm meyilləri Türkiyəyə də təsir etmişdi ki, Avropa antisemitizminin təsiri Türkiyədə də hiss olunurdu; lakin Osmanlı mirası olan tolerantlıq ən azı müəyyən qədər qorunurdu.
1948-ci ildə İsrail dövlətinin yaradılması ilə türk-yəhudi münasibətlərində həm əməkdaşlıq, həm də gərginlik dövrləri yaşanıb. Kitabda bu mərhələ dərindən təhlil edilir, xüsusilə də, 2000-ci illərdə Qüds və Qəzza məsələlərindən sonra diplomatik soyuqluğun yüksəlməsi diqqət çəkir. "Siyasi gərginliklərin dərinliyi tarixi, mədəni və sosial əlaqələrin üstündən kölgə salır, lakin o əlaqələr tamamilə silinmir."
Kitabda, həmçinin iki xalq arasında ortaq iqtisadi və təhsil sahəsindəki əlaqələr təhlil olunur. Məsələn, Türkiyədə yaşayan yəhudi icmasının iqtisadiyyatda, xüsusilə, ticarət və sənayedə rolu, eləcə də ortaq mədəni tədbirlər qeyd olunur. "Birgə əməkdaşlıq və qarşılıqlı iqtisadi fayda, həmçinin təhsil mübadiləsi insanları yaxınlaşdıran əsas faktorlardan biridir." Müəllif xatırladır ki, bu əlaqələr yalnız maddi müstəvidə deyil, həm də mədəniyyətlərarası dialoq baxımından böyük əhəmiyyət kəsb edir.
Kitabda xüsusi fəsil Azərbaycan və onun çoxmillətli cəmiyyətində yəhudi-türk münasibətlərinə həsr olunub. Qırmızı Qəsəbədə yaşayan dağ yəhudiləri, onların tarix boyu türklərlə sıx əlaqələri, Qarabağ müharibəsində birlikdə vuruşmaları maraqlı faktlarla təqdim olunur.
Bu fəsil oxucuda həm vətənpərvərlik hisslərini artırır, həm də müasir gərginliklər fonunda daha sakit, dərinləşmiş dialoqun zəruriliyini ortaya qoyur.
Ələsgər Siyablının dili elmi-analitik olmaqla bərabər, həm də bədii-publisistik incəlikləri əhatə edir. Oxucuya tarixi faktlar təqdim edilərkən onların arxasında duran insan taleləri, acılar və ümidlər obrazlı şəkildə çatdırılır. Müəllif, oxucu ilə səmimi dialoq quraraq, tarixi hadisələrin insan üzərində təsirini, mədəniyyətlərin bir-birinə toxunuşunu, qarşılıqlı anlaşmanın mümkünlüyünü və s. ən güclü bədii üslubla göstərir. Hər fəsil sanki müxtəlif zamanlarda çəkilmiş film epizodları kimi təqdim olunur, oxucunu düşünməyə və hiss etməyə çağırır.
Ələsgər Siyablı qədimdən bu günə qədər türklərlə yəhudilər arasında baş verən etnik-mədəni əlaqələri həm tarixi mənbələr, həm də mifoloji paralellərlə işıqlandırır. Müəllif oxucunu Səmavi dinlərin doğulduğu torpaqlardan Orta Asiyanın bozkırlarına, oradan Qafqaza və Balkanlara qədər uzanan uzun bir səyahətə aparır.
Tarixdə çox az millət vardır ki, bir-biri ilə ticarət, dini təmaslar, sosial mədəni əlaqələr qurub, lakin heç vaxt bir-birinə qarşı qətliam, kütləvi zorakılıq törətməyib. Türklərlə yəhudilər bu nadir nümunələrdəndir.
Ələsgər Siyablı bu epizodları sadəcə qeyd etmir, onların dərin tarixi-mədəni kontekstini də açır: "Ərəbləri türklərlə yalnız dini mənsubiyyət birləşdirdiyi halda yəhudilərlə türkləri minilliklərlə tarixə malik olan etnik qohumluq əlaqələri birləşdirir."
Azərbaycan tarixində də yəhudilərlə türklərin münasibətləri nadir barış nümunəsidir. Quba, Oğuz, Bakı kimi bölgələrdə yüzillərlə yəhudi icmaları ilə yerli türklər arasında birgəyaşayış və qarşılıqlı hörmət mühiti formalaşıb. Kitabda müəllif bu coğrafi və sosial mühitə də toxunur. O, Azərbaycanın milli-mənəvi tolerantlıq modelini xüsusi vurğulayır.
Ələsgər Siyablının apardığı tədqiqatda bir fikir diqqət çəkir: yəhudi mədəniyyəti və dili ilə türk dili arasında müəyyən leksik və dini-mifik paralellər də tapılır. Bu isə sübut edir ki, birgə yaşamaq təkcə coğrafi deyil, həm də mədəni sintezlər doğurur.
XXI əsrdə, xüsusilə, Yaxın Şərqdə baş verən qarşıdurmalar fonunda dünya siyasəti bir daha sübut edir ki, etnik və dini münasibətlərin sabitliyi heç də tarixin arxivində deyil - indi və burada, bu gün də aktuallığını qoruyur.
Kitabda göstərilən tarixi faktlar - Xəzər xaqanlığının yəhudi dini ilə təması, Osmanlı tolerantlığı, Azərbaycan multikulturalizmi - bu iki xalqın keçmişdən gələcəyə uzanan paralel yürüşünün səssiz şahidləridir.
Bu kitab sadəcə tarixin salnaməsi deyil - bu, xalq yaddaşının, qarşılıqlı anlaşmanın, dinlər və mədəniyyətlər arasında olan zərif körpülərin izahlı xəritəsidir. Kitab daha geniş təhlillər tələb etsə də, bu kiçik məqalədə gəldiyimiz nəticə budur ki, Ələsgər Siyablı bu əsəri ilə həm tarixə işıq salır, həm də müasir dövr üçün diplomatik, ictimai və mədəni mesajlar verir. Kitab oxucunu düşünməyə, öz etnik yaddaşını gözdən keçirməyə, bəlkə də dəyişməyə çağırışdır.
Bugünkü dünyada belə çağırışlara ehtiyac çoxdur, çünki tarix harda qırılırsa, yaddaş orda qanayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!