Xalq şairi Fikrət Qoca XX əsrin 60-cı illər Azərbaycan ədəbi nəslinə mənsubdur və çox zəngin bədii yaradıcılığa malikdir. Onun poeziyası həmişə diqqət mərkəzində olmuşdur. Şairin əsərlərində müxtəlif insan obrazları qalereyası yaradılıb və yetərincə tərənnüm edilib. Güclü müşahidə qabiliyyətinə malik, həm də yaxşı psixoloq olan Fikrət Qoca şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan şairlərdən biri kimi yaddaşlara köçüb. Onun novator şeirləri qısa, lakonik, lakin məzmunlu, fikir yükü ağır olan misralardan ibarətdir.
Xalq yazıçısı və filologiya elmləri doktoru, professor Elçin yazır: "Milli ilə bəşərinin vəhdəti, bir-birini tamamlaması Fikrətin poeziyası üçün səciyyəvi bir cəhətdir və bu sözləri yazarkən onun 50-55 il bundan əvvəl qələmə aldığı "Vals" şeiri yadıma düşür..."
Fikrət Qoca ən çox lirik şairdir. İlahi eşqin, məhəbbətin vəsfini əks etdirən poetik duyğular onun poeziyasında mühüm yer tutur. Şairin "Səni sevdiyim üçün", "Gözəllər", "Elə tələsirəm səni görməyə", "Gedir", "O keçən günlər" və s. kimi şeirləri onun könül duyğularından bəslənmiş bənzərsiz sənət əsərləridir. Təsadüfi deyil ki, onun şeirlərinə yetərincə musiqi bəstələnib sevgi nəğmələri kimi oxunmaqdadır. Elçin daha sonra yazır: "Fikrət o şairlərdəndir ki, onun şeirlərinin poetikası ilə mövzusu arasında zəncirvari bir bağlılıq var və bu şeirlərin formasını da onların məzmunu müəyyənləşdirir, buna görə də o, sərbəstdə də təbiidir, hecada da, destruktiv şeir formasında da".
Fikrət Qocanın yaradıcılığında müxtəlif mövzulu poemaları mühüm yer tutur. Bu poemaların əksəriyyətində şair bir çox tanınmış simaların - insanların bədii obrazını yaradıb. Bəzən tanınmışın, məşhurun portretini şair sözlə çəkir, bəzən də ümumiləşdirilmiş bir insan tipi yaradır. Hər iki halda şair bu insan tiplərini ciddiliklə də qələmə alır, komik, yumoristik bir dillə də təsvir edə bilir. Onun Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Gərək bu günləri görəydin", xalq şairi Rəsul Rzanın ölümünə yazdığı "Rəsulsuz ilk dəqiqələr", filippinli gənc fəal siyasətçinin həyatından bəhs edən "Xose Risal", türk şairi Nazim Hikmətin vətənsizliyindən danışan "İstanbulda bir ceviz ağacı vardı...", şəhid jurnalist Çingiz Mustafayevin qəhrəmanlığından bəhs edən "Şəhidlər xiyabanı" kimi poemaları Fikrət Qoca poeziyasının inciləridir. Bu poemalarda məşhur siyasətçi, şair və qəhrəman obrazları yaradılıb.
Şairin Heydər Əliyevə həsr etdiyi "Gərək bu günləri görəydin" poeması böyük siyasətçinin həyatından, doğma Vətəni üçün, onun azadlığı üçün gördüyü işlərdən, fədakarlıqlardan ayrı-ayrı fraqmentlərdir:
Heydər doğulan evdə
Bir çətən külfət vardı.
Var-dövlət olmasa da,
Mehriban ülfət vardı...
Filologiya elmləri doktoru Gülxani Pənah eyniadlı məqaləsində yazır: "Xalqın səsinə səs verən Fikrət Qoca - ömründə nə Leninə, nə Stalinə, nə Bağırova şeir yazmayan şair, - müstəqilliyimizi sağlam bünövrə üzərində inşa etməyə başlayan xalq, dövlət, millət fədaisini poetik bir dillə vəsf eləyir". Bu bir həqiqətdir. Həyatda yazıçı-şairlərə hörmətlə yanaşan, onlara böyük önəm verən Heydər Əliyev fenomeni həmişə bədii sözün qəhrəmanına çevrilib. Demək, bu sevgi, hörmət dövlət xadimi ilə yazarlar arasında qarşılıqlı olub.
Ömrünün son on ilini Vətənin yenidən qurulmasına, inkişafına, çiçəklənməsinə həsr edən Heydər Əliyevin bədii obrazı poemanın hər misrasında görünür:
Əsrin müqaviləsi -
Bakı, Tbilisi, Ceyhan,
Sağaldı Azərbaycan!
...Hər yanda əməlin var...
Hər yanda heykəlin var,
Sabahkı günümüzdə
Yenə sənin əlin var!
"Rəsulsuz ilk dəqiqələr" poeması görkəmli şairimiz Rəsul Rzanın ölümünə həsr edilib. Onun ölüm xəbərini alan şairin lirik qəhrəmanı necə ağır dəqiqələr yaşadığını təsvir edir: "Xəbər ilan kimi çaldı qulağımı...// Telefonun dəstəyi əlimdə boğuldu...// Ölüm nə ucuzdu, nə boldu..." Böyük sənətkarın kiçik xəstəxana çarpayısına necə sığdığını da göstərir:
Gözümün qabağında
Bir çılpaq dünya qalmışdı...
Bir də üstünə ağ çəkilmiş
Rəsul adlı xatirə...
Həyat gerçəkliyini əks etdirən misralara bir şair obrazı da həkk olunub. Bu orijinal, təbii deyim tərzi şair ömrünü əks etdirir.
Şair qocalmır,
Ömrü bir yaz olur, qurtarır...
Şair ölmür,
Qara qələm kimi yazılır, qurtarır...
Tam səmimi, böyük ürək ağrısı ilə yazılmış poema Rəsul Rzanın bir insan kimi də portretini cızır. Xasiyyətcə sərt olan şairin, əslində, köksündə çox kövrək bir ürək döyünüb, çırpınıb həmişə.
Akademik İsa Həbibbəyli yazır: "Fikrət Qoca şeirlərində həmişə ən müasir düşüncələri, yeni baxışları, təzə-tər, isti münasibətləri tərənnüm edir. Müasirlik və obrazlı şairanə düşüncə onun poeziyasının ruhunu təşkil edir... O, həmişə zamanı bəlli bir müdriklik düşüncəsi ilə qavrayıb və irəli aparmağa çalışıb..."
Fikrət Qocanın "Xose Risal" poemasının əsas məğzi gənc ikən edam edilən vətənpərvər, xalqını, yurdunu sevən bir şairin, siyasətçinin həyatından ibarətdir. Siyasi görüşlərinə görə Filippində təqib olunan Xose Almaniyada, İspaniyada mühacirətdə olub, Filippinin azadlığı, müstəqilliyi üçün çalışıb. Lakin qara qüvvələr buna imkan verməyib. Vətənə dönən kimi onu həbs ediblər. Şair Xoseni Nəsimi ilə müqayisə edir. Gənc şairi də ölüm kamerasına salırlar. Onun gecəboyu düşüncələri, ölümdən qorxmadığı, yalnız vətən üçün bir iş görmədən öləcəyindən üzüldüyü səmimi duyğularla təsvir edilir.
Fikrət Qocanın digər poeması "Şəhidlər Xiyabanı" adlanır. Birinci Qarabağ müharibəsində şəhid jurnalist Çingiz Mustafayevin fəaliyyətindən, gördüyü işlərdən, vətənpərvərliyindən bəhs edir. Həmçinin şair döyüşçü jurnalistin bədii obrazını çox yüksək səviyyədə yaradır. Müharibədə öz köhnə kamerası ilə erməni vəhşiliyini əyani surətdə çəkib dünyaya tanıdan bu cəsur oğlan elə erməni vəhşiliyinin də qurbanı olur. Onun Xocalı qətliamı videosu bu gün də dünyanı dolaşır; İkinci Qarabağ müharibəsinin təməl daşlarından biridir. Şair onu belə təsvir edir:
İnsan meyidi səpilib
Yol yanında, dağ döşündə...
Qoca, qarı, gəlin, uşaq...
Keçib erməni dişinə...
Dağda bulaq ağlayırdı
Sinə dağlaya-dağlaya...
Bu dərdi lentə çəkirdi
Çingiz ağlaya-ağlaya...
"Cənnətdən qovulanlar" poeması Adəm ilə Həvvanın cənnətdə oğurluq etməsinin təsviri ilə başlasa da, bu günümüzlə səsləşən səhnələr, təsvirlər daha çoxdur. Şair göstərir ki, "Bir millət sözü var, bir də millət sözünün içində illət sözü var...// Yaxşıları çox olanda millət olur, // Millət olanda dövlət olur...// Millət aparır dövləti qabağa..."
Filologiya elmləri doktoru Rüstəm Kamal Fikrət Qocanın poeziyası haqqında yazır: "Bu gün milli-mənəvi-əxlaqi dəyərləri şeirə daşımağın özü şairdən ayrıca məsuliyyət tələb edir. Fikrət Qoca bu gün bu məsuliyyəti şərəflə boynuna götürüb... bir çox şeirlərin mayasını, ideya cövhərini aforistik düşüncə formalaşdırır...bu gün Fikrət Qoca sözü həmin mənəvi dəyərin ifadə məkanıdır". Bütün bunlar reallıqdır, həqiqətdir.
Beləliklə, "60-cılar" ədəbi nəsli içərisində özünəməxsus yer tutan, öz mövzu dairəsi olan Fikrət Qoca poeziyasında milli dəyərlərlə bəşəri dəyərləri vəhdət halında tərənnüm edib. Şair Rəsul Rza, Nazim Hikmət, Xose Risat kimi şairlərin bədii obrazını yaradarkən onlar arasında heç bir fərq qoymur, çox səmimi, real hadisələri götürüb özününküləşdirir və ən yaxını, doğması kimi ağrı-acılarını təsvir edir. Vyetnam, Kuba, ümumiyyətlə, azadlıq uğrunda döyüşən xalqlar Fikrət Qoca poeziyasının baş qəhrəmanlarıdır. Azadlıq, Bərabərlik, Bütövlük sevən millətlər az qala şairin bütün şeirlərində vəsf olunur. Poetik yaradıcılığı ilə ədəbi məktəb yaradan Fikrət Qoca poeziyası, bizcə, Azərbaycan ədəbiyyatında əbədiyaşarlıq qazanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!