Yazıçı Samir Abdullayev haqqında
Azərbaycan ədəbiyyatının müasir nəsr mənzərəsinə nəzər salanda görürük ki, yeni nəsil yazarlar arasında milli duyğunu, vətən sevgisini, şəhidlik məfkurəsini qəlbinin səsinə çevirmiş imzalar var. Onlardan biri də Samirdir. O, həm bədii sözün estetik gücünü, həm də milli düşüncənin ucalığını əsərlərində və həyat yolunda yaşatmağı bacaran qələm sahibidir.
Samir qədim və müqəddəs Göyçə mahalında dünyaya gəlmişdir. Taleyin hökmü ilə dörd yaşında ailəsi ilə birlikdə Bakıya köç etsə də, Göyçənin dağları, bulaqları, o torpağın kökü onun yaddaşından heç zaman silinməmişdir. Paytaxtın mədəni mühitində böyüməsi, 47 saylı orta məktəbdə aldığı təhsil ədəbiyyata olan marağını erkən yaşlarından gücləndirmişdir.
Ali məktəb illərində də o, həm təhsilini davam etdirmiş, həm də milli düşüncəsinə sahib çıxmağı özünün həyat amalına çevirmişdir. 2004-cü ildə əsgərliyə yollanaraq Vətən qarşısında borcunu yerinə yetirmiş, dönüşdə isə əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə EHM zavodunda müdir müavini vəzifəsində çalışmış, sonrakı illərdə isə SOCAR ailəsinin bir üzvü olaraq ətrafının sonsuz hörmətini qazanmışdır.
Samir gənc yaşlarından qələm dostluğunu həyatının ayrılmaz hissəsinə çevirmişdir. Onun yaradıcılığı Azərbaycan və türk ədəbiyyatının ortaq ruhunu daşıyır. Yazıçının əsərlərində üç əsas mövzu daim ön plana çıxır: Vətən sevgisi, şəhidlərə ehtiram və dövlətçiliyə sədaqət.
2007-ci ildə tanınmış yazıçı Dilara Nağıyevanın kitabında Samirin yaradıcılığından geniş bəhs olunması, onun artıq 2015-ci ildə özünün povest və hekayələri ədəbi mühitdə fərqli bir səs kimi duyulduğunu təsdiqləyir.
Samir müxtəlif janrlarda - hekayə, povest, publisistika sahəsində məhsuldar qələm sahibidir. Onun "Son nəfəsdə bayraq", "Ruhuna xəyanət etmərəm", "Unudulmayan gecə" (Xocalıya həsr olunmuş), "Ümidlər ölmür", "Acı sevgi", "Qisas" kimi əsərləri oxucuya həm tarixi gerçəklikləri, həm də insan talelərinin dərinliklərini yaşadır. Xüsusilə, "Ümidlər ölmür" povesti Türkiyənin "Ədəbiyyat dərgisi"ndə çap olunaraq qardaş oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
Onun yaradıcılığında qəhrəmanlar yalnız bədii obraz deyil, həm də xalqın yaddaşında yaşayan, tariximizdə iz buraxan insanlardır. Bu mənada Samirin əsərləri yalnız bir yazıçının qələmi ilə yox, həm də bir vətəndaşın vicdanı ilə yazılmışdır.
Samirin əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə, Qırğızıstan, Özbəkistan kimi ölkələrdə də yayımlanmış, həmin dillərə tərcümə olunmuşdur. Onun yaradıcılığı türk xalqlarının ədəbi-mədəni birliyini gücləndirən bir körpü rolunu oynayır.
Bu fəaliyyətlər onu Azərbaycan Yazıçılar Birliyi ilə yanaşı, Qırğızıstan Yazıçılar Birliyinin də üzvünə çevirmişdir. Samir, eyni zamanda Avrasiya Sanat Kültür və Ədəbiyyat Federasiyası - ASKEF-in Səs sənətçisi və ASKEF-in Qərbi Azərbaycan təmsilçisinin müşaviridir. Bu qurum vasitəsilə o, milli ədəbiyyatımızı beynəlxalq miqyasda layiqincə təmsil edir.
Samirin yaradıcılığında diqqətçəkən cəhətlərdən biri də onun bədii üslubudur. Hekayələrində sadə, anlaşılan, lakin poetik gücə malik dil seçimi oxucunu hadisələrin içinə aparır. Povestlərində psixoloji təsvirlər, insan xarakterlərinin dərin qatları açılır. Məqalə və esse janrında yazdıqları isə onun yalnız yazıçı deyil, həm də ictimai fikir adamı olduğunu göstərir.
Samir müasir Azərbaycan ədəbiyyatında gənc nəslin fəxarəti, vətənpərvər ruhun təcəssümü, milli kimliyə sadiq söz adamıdır. Onun yaradıcılığı yalnız bir bədii mətn toplusu deyil, həm də gələcək nəsillərə ünvanlanmış vətəndaşlıq məktubudur.
S.ABBASƏLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!