Turan UĞUR
Vida türküsünün nəqəratı...
Vida türküsünün...
Vida...
- Gözləyirdimmi?
- Açığı desəm, bəli. Son 3 ilin hər günü, hər saatı...
"Məmməd İsmayıl rəhmətə gedib" xəbərinə özümü hazırlamışdım. Ancaq yenə də üzücü oldu, ağrılı oldu. Yenə toy-bayram eləmək kədərə, qüssəyə qaldı. Bir ayda - bir avqust istisində bu qədər ədibimizin, şairimizin vəfatına ilk dəfədir ki, şahidlik edirəm. Göz yaşlarına boğulmamaq, nurüzlü Məmməd İsmayılın vəfatına üzülməmək dünyanın ən müşkül işidir. Bu saat, bu an görünən bu cürdür, bəs sabah? Elə sabah da ağrılı olacaq, acılı olacaq. Onu bilirəm ki, hamımızdan nəsə qopdu, hamımızdan nələrsə azaldı.
"Dünyamız bir Məmməd İsmayıl boyda azaldı" demək, bilirsiz, nədir? Yəni küçə-küçə azaldı, gecə-gecə kiçildi yurdumuz, dalan-dalan, prospekt-prospekt balacalaşdı, Bakı da, Tovuz da, Əsrik də, 26 il yaşadığı Çanaqqala şəhəri də. Hamısı bir Məmməd İsmayıl boyda kiçildi.
Təsəllim odur ki, Məmməd əmi haqqında bir roman yazmışam: "Tale şairi: Məmməd İsmayıl". Çox çək-çevirdən sonra kitabın adını da özü qoydu, dəfələrlə dəyişdik adını, amma hiss elədim bu ad daha ürəyincədir."Tale" sözü, "süddən yanığam" ifadəsi, "yetim bir haray var" cümləsi şairə nə qədər doğma olarmış, ilahi?! Özü yanımda olsaydı, rus şairi A.Blokdan sitat gətirərdi:
"Şairin karyerası yox, taleyi olur". Taleyi böyütmüşdü şairi, yetişdirmişdi, ucaltmışdı, ayaqlara sərmişdi, dərbədər eləmişdi. Hamısını yaşamışdı Məmməd İsmayıl.
Bu vida türküsünün nəqəratını tanışlığımızın ilk günündən tapmağa çalışacağam.
7 aprel 2021-ci ilin küləkli Bakısında, saat 15:00-da görüşmüşdük Məmməd bəylə. "Sətirlər" verilişinə Məmməd İsmayılı çəkəcəkdik deyə çox sevincli idim. Türkiyədə işləyirdi o zaman, yalnız 1 həftə Bakıda olacağını vurğuladı. Fürsəti əldən vermədim. Telefonla danışdıq, çəkilişlərin gününü müəyyənləşdirdik. Milli Məclis tərəfdən yerüstü keçidlə çəpəki, yanpörtü yerişlə gəldiyini görcək, çevikliklə ona tərəf addımladım. Qarşısına dikiləndə, əli ilə işarə etdi, "yəni, gördüm səni, iki tərəfdən də maşın şütüyür, qabağa gəlmə!"
Elə ilk andan diqqətli, ərdəmli biri kimi yaddaşıma hopdu Məmməd İsmayıl.
Əynində qəhvəyi-bozlu pencək, bəzəkli sarı-göy qalstuk və boz köynək vardı. Lakin bəlkə ilk dəfə idi ki, ətraf bozluq saçmırdı, hər tərəf işıqlı, parlaq görünürdü bəndənizə. Birinci dəfə idi ki, onu həyatda görürdüm, elə o da mənimlə ilk dəfə qarşılaşırdı. Məmməd bəyin gözlərindən necə və nə kimi göründüyümü deyə bilmərəm. Lakin mənim gözlərimlə baxanda, sanki qarşıdan Vətən şairi Mehmet Akif Ərsoy gəlirdi. Necə oxşayarmış adam adama. Xəfif saqqalı, nurani siması, düz qəddi (baxmayaraq ki, çəkiliş əsnasında beli ağrıyırdı) ilə qəlbimdə özünə qarşı rəğbət oyatdı Məmməd İsmayıl. Məğrur görkəmini indi gördüm, baxmayaraq ki, qürurlu şəxsiyyət olduğunu çoxdan duymuşdum, həm də dəfələrlə. Sanki 19-cu əsrin ab-havasına düşmüşdüm. Qarşımda bir azman kişi dayanmışdı. O az zamanda nə qədər nəsnə düşünmək olarmış, ilahi?! Sətirlərimdən bəlli olmurmu?! Görüşdük, doğma insanlar kimi. İki-üç gün öncə çəkiliş barədə telefonla danışmışdıq. Bildirmişdi ki, Bakıda qısa müddət qalacaq. Xeyli danışmışdıq. Hətta telefonda onun gənclik şeirlərindən birini - "Bir ildir" qoşmasını da demişdim ki, özünə hörmətimi, diqqətimi duysun. Deyəsən, mənə ilk rəğbəti elə oradaca yaranmışdı. Bir azdan rejissor və operator qrupunun gələcəyini deyib, söhbətə başladım. Həm "vaxt udmaq" baxımından, həm də "kişi boş-boşuna gözləməsin" - deyə, bir az veriliş barədə məlumat verdim. "Sətirlər" verilişi haqqında qızı İntizar xanımdan azacıq eşitmişdi, amma heç bir buraxılışına baxmamışdı. Zatən, Türkiyədə xocalıq edən adamın asudə vaxtı haradan idi ki, oturub verilişlərimizi izləsin?
Dəhşətli külək vardı, qulaqlarımızı rüzgarın vıyıltısı döyəcləyir, içimizdə narahatlıq hissi baş qaldırır. Axı "Dağüstü park"dakı çəkilişdən sonra aramızda söhbət olacaqdı, şeir deyəcəkdik, Məmməd bəyin səsini yazacaqdıq. Keçirdiyim naqolaylıq, duyduğum narahatlıq bədənimi sarmış, bütün qəlbimi çulğamışdı.
"Əlində belə tarixi görüş olsun, lakin tale rüsxət verməsin?! "Belə şanssızlıq olar?" - deyib həyəcan dolu rabitəsiz nitqlə söhbətimə davam edirdim. Bu dəm rejissorumuz Bəhram Yaqublu və operatorlarımız da gəldilər. Məmməd İsmayılla görüşdülər, dərhal çəkilişimizə başladıq. Gözaltı diqqət yetirdim ki, Bəhram da çox sıcaq yanaşdı Məmməd İsmayılla görüşə. Həqiqətən də, şairdə qəribə ecaz, heyrət, bir ernerji vardı ki, ətrafdakılara anındaca sirayət edirdi. "Nurdan yoğrulmuşlar" deyirik ha, o ifadəyə həqiqət vəsiqəsi verən məhz Məmməd İsmayıl kimi adamlar olur. Alim kimi şairlər, şair kimi alimlər.
Məmməd İsmayılın vücudunda hər iki məfhum bir vəhdətdə buluşur - "şair" və "alim".
Şair və alimi 8 aprel tarixində yenidən çəkdik, zira, çəkilişləri tam bitirə bilməmişdik. Nəbatat bağı ikinci görüş ünvanımız oldu. Dünəni rüzgarlı olan Bakıda bir yarpaq belə tərpənmirdi. Hər şey ona hesablanmışdı ki, rahat şəkildə Məmməd İsmayılla söhbətləşək. Belə də oldu, verilişimiz aprelin 15-də "Mədəniyyət" kanalında uğurla yayımlandı. Verilişi Məmməd bəy çox bəyəndi. Sonra dostluğumuz başladı, tez-tez əhvallaşdıq.Onun bel və ayaq ağrıları da o arada xeyli intensivləşirdi. Əməliyyatları, azar-bezarları başladı, nə başladı. Yessentukiyə getdi, elə də xeyiri olmadı. Sonra haqqında roman yazmağa başladım, özü də anlamağa başladı, hətta mənə bildirdi ki, "bu mənim son kitabımdır, hesabat kitabım".
Məmməd bəy bir qoşunun görəcəyi işi görüb. Onun evində olarkən müxtəlif illərdə nəşr olunan "ortaq türk sözlükləri"ni, lüğətlərini gördüm kitab rəfində.Türkçülüyümüz üçün, ortaq türk ədəbiyyatımız üçün Türkiyədə də illəri boşuna verməyib, neçə-neçə tələbə yetişdirib.
Son 3 ildə isə xəstəliyi özünə yaxın buraxmaq istəmirdi. Sıx şəkildə idmanla məşğul olmuş, düzənli, sağlam həyat sürmüş Məmməd əmi mərəzi özünə əsla sığışdırmırdı.Yenə də arzuları yerinə yetdi. Vətən müharibəsindəki 44 günlük zəfərimiz onu necə sevindirirdi.
Sonra haqqında yazdığım "Tale şairi: Məmməd İsmayıl" xatirə-romanının təqdimatını keçirdik, tədbirə "görüntü" vasitəsilə bizə qoşuldu, ürək sözlərini dedi. Onda da uşaq kimi sevincək olmuşdu. Ümumiyyətlə, qeyd edim ki, Məmməd bəy hədsiz dərəcədə nikbin, həyat eşqi olan, hətta diqqətdə qalmağı da sevən birisi idi.
2024-cü ilin oktyabr ayının 23-də Beynəlxalq Muğam Mərkəzində Məmməd İsmayılı sevənlər şairin 85 illiyinə yığışdılar. Bu dəfə səhnədə yarımcan şəkildə əyləşən Məmməd İsmayılın bədənində gənclik təpərindən, gənclik qüvvəsindən əsər-əlamət qalmasa da, hamının təsəvvüründə şair elə öz gənclik görkəmində idi - "Gənclik" jurnalının əfsanəvi baş redaktoru kimi, AzTV (Tele-Radionun) keçmişdəki bişkin, ötkün sədri kimi.
Son yubileyində sanki hamımızla bir-bir sağollaşdı şair, ölgün baxışları hər kəsə "xudahafiz" söylədi.
Son aylarda da şairin səhhətini qızı İntizar xanımdan günaşırı soruşurdum. Üç gün öncə "Atam pisdir, ağırlaşıb", - dedi İntizar xanım. Qulağım elə səsdə idi.
19 avqust 2025-ci il tarixində isə şairin qapısını ağacdələn yox, ölüm döyəclədi. Amma yadıma Məmməd İsmayılın Xəzərə boylanan mənzilinin dəmir qapısı düşdü. Şairin həmin mənzilində bir neçə dəfə olmuşam. Onda keçirdiyim o hissləri yenidən yaşadım. Məncə, Məmməd İsmayıl qapısından insan hara istəsə, nə qədər istəsə həm qalxa, həm də ucala bilər.
Şairin böyüklüyünə baxın. Yazımın əvvəlində kiçildik, balacalaşdıq, azaldıq yazmışdım, indi isə əksinə, çoxalmaqdan, böyüməkdən, ucalmaqdan dəm vururam. Məmməd İsmayıl nəhəngliyi həm də budur, çünki o Vətənini də, millətini də, məmləkətinin hər bir fərdini də böyük, uca görmək istəyirdi.
Onda küçə-küçə böyüyüb, gecə-gecə artıb, dalan-dalan, prospekt-prospekt çoxalaq. Deyəsən, Məmməd İsmayıla vida türküsünün nəqəratını da tapmış oldum:
"Çoxalmaq,
böyümək,
ucalmaq"
Çoxalmaq,
böyümək,
ucalmaq vədi ilə...
Məkanınız behişt olsun, şairim!
19 avqust 2025, saat 22:11
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!