Folklorumuzdakı azadlıq ideyaları - Orxan SAFFARİ

 

Termin olaraq izah etsək, "folklor" sözü ingilis dilindəki folk (xalq) və lore (bilgi, hikmət) sözlərindən yaranıb. Daha dəqiq, folklor, xalqın özünün şifahi olaraq yaratdığı və nəsildən-nəsilə ötürdüyü düşüncələrdir. Lap daha dəqiq, mədəniyyətdir və bura söz, rəqs, adət və ənənələr, nağıllar, dastanlar, inanclar və s. aiddir. Obrazlı ifadə etsək, folklor bir xalqın kollektiv şüuru, yaddaşıdır.

Folklorun, əlbəttə, böyük əhəmiyyəti var. Məsələn, folklor, ilk növbədə, milli kimliyin qoruyucusudur. Bu mənada adi bayatılar, nağıllar belə bir xalqın kimliyini göstərə biləcək nüansdır.

Folklor eyni zamanda yaddaşdır - tarixi yaddaş. Folklor, hətta yazılı tarixdən, mənbədən daha dəqiqdir.

Folklor həm də formalaşdırmaqdır; tərbiyə formalaşdırmaq, təhsil formalaşdırmaq.

Folklor hər bir xalqın gizli danışıq dilidir. Məsələn, tarixən də bu, belə olub. Bəzən açıq danışıla bilinməyən məsələlər məhz folklor yolu ilə ötürülüb, danışılıb, tarixə çevrilib. 

Folklor bir xalqı çox şeydən qoruyur. Məsələn, asanlıqla başqa yad mədəniyyətlərə qaynayıb-qarışmaqdan və ən əsası, öz mədəniyyətini unutmaqdan, xalqın qədim inancları, həyatı haqqında məlumatsızlıqdan və hər gələn nəslin öz kökünü bilməməyindən. 

Bəs Azərbaycan folklorunu dəyərli edən hansı məsələlər var?

Daha dəqiq, Azərbaycan folklorunda hansı maraqlı, gizli məqamlar var?

Folklorun həm də gizli ideyaların əsas daşıyıcısı olduğunu nəzərə alsaq, Azərbaycan folklorunda xüsusi ilə azadlıq məsələlərinin gizləndiyini də görmək olar. Bu gizli azadlıqlar Azərbaycan xalqının əsrlərdir hansı yollardan, əzablardan keçdiyinin göstəricisidir həm də.

Məsələn, Azərbaycan nağılları oxuyan hər kəs bilir ki, nağıllarımız əksərən əsirlikdən qurtulmaq, hansısa sehrli qüvvədən, cadudan xilas olmaq, zindanı dağıtmaq və ya oradan qaçmaq kimi məsələlərdən ibarətdir.

Bəs bu xətt təsadüfidirmi? Ya bunun belə olmasında zərurət var?

Məsələn, bütün bunlar həm də Azərbaycan xalqının əsrlərdir zülmə müqavimətinin göstəricisi ola bilərmi?

Misal olaraq, "Göyçək Fatma" nağılında qəhrəmanın zülm altında qalması və sonda işığı taparaq azadlığa çıxması, bir xalqın əsrlər boyu qaranlıqdan işığa, yəni köləlikdən müstəqilliyə can atmasının ədəbi metaforasıdır.

Orada "Ögey ana" zülmün obrazı, "Göyçək Fatma" isə xalqın dirənişinin göstəricisi kimi xarakterizə edilə bilər. Sözsüz, Fatmanın qələbəsi də xalqın, təmizliyin, həqiqətin, ədalətin qalib gəlməyi kimi təsnifləşdirilə bilər.

O cümlədən, eyni halları bayatılarımıza aid etmək olar.

Əksər sevgi bayatılarımızda belə bir azadlıq arzusu, eşqi, həsrəti var:

 

Atımı dağda gördüm,

Yüyənini qırmışdı.

Qolu bağlı insana

Azadlıq çox yaraşdı.

 

Və yaxud;

 

Su axar dəniz salar,

Dalğa qırağı yıxar.

Azadlıqdan danışan

Qanadın taxıb uçar.

 

Bir sözlə, misallar tükənməzdir.

Bəs yaxşı, dastanlarımız necə?

Dədə Qorqud boylarında, "Koroğlu" dastanında görünən azadlıq ideyalarını aid etmək olmazmı? Axı məsələn, Koroğlu özü haqsızlığa qarşı çıxan, ədalət uğrunda vuruşan qəhrəmandır. Onun dağlara çəkilməsi qorxudan qaçış deyil, özünə azadlıq məkanı seçmək istəyidir. Bu baxımdan Çənlibel xalqın ədalət və sərbəstlik arzusunun simvolu kimi xarakterizə edilə bilər.

"Dədə Qorqud" boylarında isə qəhrəmanların daim "yurd" və "namus" üçün savaşması, torpağın qorunması ilə azadlığın eyniləşdirilməsini göstərir.

Əslində, bütün bunları gördükcə anlayırıq ki, xalqımız əsrlər boyu köləliyə öyrəşməyib, sadəcə, azadlıq ideyasını qorusun deyə, onu bu cür formada sözlərin pərdəsi altında saxlayıb.

Folklorun mifoloji qatında da eyni məsələləri görmək mümkündür. Burada azadlıq ideyaları daha çox təbiətin sərbəstliyi ilə bağlı olur. Məsələn, insan dağ, çay, külək, od kimi qüvvələrlə eyniləşdirilir.

Qədim folklorumuzda qəhrəmanlarımız, məsələn, əjdaha, div kimi varlıqlarla mübarizədə olub. Bu mübarizələr isə qoyulan qadağalardan yaranıb. Bunların fonunda insanın öz taleyinə sahib çıxması ifadə olunub.

Digər müsbət simvollarımız da bu ideyanın daşıyıcısıdır. Məsələn, "Qartal". Folklorumuzda üstünlük təşkil edən qartal simvolu, daha çox azadlığın rəmzi kimi çıxış edir.

Lap elə folklorumuzda da deyildiyi kimi:

 

Qartal uçar göylərdə,

Azad olar çöllərdə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!