Davud Nəsib yaradıcılığının qoşa qanadı: poeziya və proza - Dilarə ADİLGİL

 

Şair, yazıçı, publisist, tərcüməçi, ictimai xadim Davud Məcid oğlu Nəsibov 1942-ci ildə Qazaxda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (hazırkı BDU) daxil olmuş, daha sonra bir çox ədəbiyyat adamları kimi təhsilini Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdindəki İkiillik ali ədəbiyyat  kursunda davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında işə başlamış, poeziya şöbəsinin müdiri olmuş və ömrünün sonuna qədər burada çalışmışdır. 1978-80-ci illərdə Macarıstanda yaradıcılıq ezamiyyətində olmuşdur. Dövrünün nüfuzlu təltiflərinə - Azərbaycan və Ümumittifaq Lenin komsomolu mükafatlarına layiq görülmüşdü. Baxmayaraq ki, deyirdi: "Şübhəsiz, şairi tanıdan və sevdirən fəxri adlar və mükafatlar deyildir, üzərində düşünüb-daşındığı mövzu, poetik sözünün vətəndaşlıq ləyaqəti və kəsəridir".

Əhatə olunduğu ədəbi mühit, Moskva məktəbi və Macarıstan səfəri - hər biri ayrı-ayrılıqda D.Nəsibin gələcək inkişafında, dünyagörüşündə, yaradıcılığında mühüm rol oynamışdır.

Bu, D.Nəsibin epitetlərdən uzaq, yığcam ensiklopedik bioqrafiyasıdır. Yaradıcı bioqrafiyası isə 1956-cı ildən başlayır.  O vaxtdan ömrünün sonuna qədər (50 ilə yaxın) fəal ədəbi fəaliyyətlə məşğul olan D.Nəsib "Gözüm səni axtarır" ilk kitabından sonra müntəzəm çap olunmağa başlayır; "Dağlar danışaydı", "Məhəbbət yolları", "Ürək sözsüz danışır", "Əsrin laylası", "Azərbaycan bayatısı" və b. kitabları işıq üzü görür. Hər yeni kitabı ilə də, özünü bir daha, başqa rakursdan, başqa perspektivdən bir başqa cür təsdiq edir. Bu kitablarda toplanan şeir və poemaları ilə də "şeirimizdə vətəndaşlıq hüququ qazanır".

D.Nəsib şeirimizə bir ata arxetipi gətirib. Ata obrazı bizim ədəbiyyatda ana qədər "baş rolda" olmasa da, Əli Kərim, B.Vahabzadə, Zəlimxan, R.Rövşən ata adına layiq qiymətli şeir nümunələri yaratmışlar. D.Nəsibin  ata mövzusunun isə başlanğıcı və sonu yoxdur, həm əvvəl, həm axırdır, yaradıcılığının bütün mərhələlərindən aparıcı xətt kimi keçir. Akademik Nizami Cəfərovun dediyi kimi, poeziyamızın ata tematikasında yazılmış ən emosional, zəngin mündəricəli, səviyyəli şeirləri məhz onun adı ilə bağlıdır. Ata adının arxasında şairin uşaqlıq zədəsi, həyatının dramı dayanır. O, müharibə nəslinin uşağı olub. Demoqrafik kaqortaya görə onlara "səssiz nəsil" də deyirlər. Yetkinlik çağı müharibədən sonrakı dövrə düşən D.Nəsib müharibənin ağrı-acısını həmişə özü ilə daşıyıb. O illər yaddaşında "qış, qaranlıq gecə" kimi qalıb, elə assosiasiya yaradıb. Poeziyamıza ata obrazını gətirən D.Nəsibin özünü də poeziyaya gözünü açandan yanında görmədiyi, daim ehtiyac duyduğu ata həsrəti gətirib, atası cəbhədə ikən dünyaya gəlib. Bu mövzu onun yaradıcılığının epiqrafı ola bilər.

 

Bu dərddən Davud xəstə,

Mən ölsəm, qəbrim üstə

Salın yada laylamı:

Çalın ata laylamı.

 

Nisgili elə dərin olub ki, xəyalındakı ata obrazı sanki ona "ruhani bələdçi"lik edib, "əlindən tutaraq, Davuddan Davud Nəsibə yüksəldib". Hətta, beşikdə yatan oğlunu da atasının əvəzi görür, "qınamayın, ay ellər, ata yırğalayıram, ata böyüdürəm mən" deyə onunla təskinlik tapmaq istəyir. D.Nəsib "vətən müharibəsi" dediyimiz, ataların gedib-qayıtmadığı II Cahan müharibəsinə yas tutarkən, müstəqillikdə özümüzün məruz qaldığımız, zorla cəlb edildiyimiz öz Vətən müharibəmiz başımızın üstünü kəsdirdi.  Ata həsrətli şeirləri "qaçqınçılıqla, köçkünçülüklə səsləşməyə" başladı, öz "oğullarımız vətənləşdi". Hər bir normal insan uşaqlığından böyüklük həyatına müqəddəs iki obraz aparır: Ata və Ana. Onun arxetipik motivlərindən ikincisi ana obrazıdır. D.Nəsibin "Ana"sı həzin, kədərli, nisgillidi... "Ata paltosu"nda bu iki obraz birləşir:

 

Anam üç qardaşı çağırıb deyir:

            artıq böyümüsüz - hamı halıdır,

Paltoya, kim geysə gövdəylə deyil,

            ata qeyrətiylə sığışmalıdır.

 

40 illik ədəbi fəaliyyətinin böyük əksəriyyəti sovet dönəmində keçsə də, onun yüksək fəxri mükafatlarını alsa da, yaradıcılığı ilə sovetin yox, öz ideologiyasına xidmət etmişdi. Onun zərif ruhlu, incə duyğulu poeziyasının idealı insan idi. İnsan mənəviyyatı, onun problemləri, kainatda rolu, təbiətlə bağlılığı - bütün bunlar D.Nəsib poeziyasının özəyi idi.  O, "Azərbaycan poeziyasında həm də, yurd, vətən sevgisinin uğurlu poetik ifadəçisidir". Onun üçün vətən ana, ana da vətən idi. Macarıstanda olanda yazırdı:

 

Qürbətdə olanlar vətəndən demiş,

Qürbətdə köksündə vətən döyünür,

Vətən gör nə qədər yaxında imiş,

Vətən uzaqlardan yaxın görünür.

    

D.Nəsib bir məhəbbət şairidir. O, sevgiyə təmkinlə, mühafizəkarlıqla yanaşırdı. Onun məhəbbət lirikasına "dərin-düşündürücü ovqat" hakim idi. Şairə görə, şeir istənilən halda Allahdan gəlirdi, Allahın özünün istədiyi vaxt gəlirdi.  Şeirlərində eşq təbiətə qarışır, "məhəbbət, sədaqət haçalanmayır", heyranlıq önə çəkilirdi. Əsl poeziya məzmun və məna vəhdəti, dil gözəlliyindən əlavə, bir də çatdırmaq bacarığıdır. D.Nəsibdə duyum da, deyim də, eyni dərəcədə güclü idi.

O, həm də, təbiət şairi idi. D.Nəsibin təbiət təsvirləri spesifikdir, sanki canlıdır;  üfüqləri xəyala dalır, səhərləri göz qırpır, dağları göz-gözdür...  Qış dişini ağardır, yellənən yarpaq elə bil oğluna əl edir... Onun poeziyasında bütün "ümidsiz" romantiklərin sevimli mövsümünə də yer var. "Son payız", "Payızın rəngi", "Payız addımı"... kimi şeirlərinə sonbaharın duyğuları, rəngləri, izləri hopub.

Beləcə, çarx fırlanır, hər payız özü ilə yeni köç yolu gətirir. Bu dağ köç yolu isə dolana-dolana şair qəlbindən keçir... Payız peyzajı, onun epitetləri, metoforik obraz onun şeirlərində qol-qanad açır...

 

Güneylər soyuyub quzeyə döndü.

Düzüldü qatara durna şərqisi.

Dəli dağ çayları quzuya döndü,

Açıldı dağlarda payız sərgisi.

 

Hər kəsin ömründən bir tut ağacı keçir. D.Nəsibin "Tut ağacı"nı isə 90-larda qaz-işıq olmayanda kəsib yandırmışdılar.

D.Nəsib düşüncə şairi idi. Bu düşüncə bəzən dərin fəlsəfi də ola bilirdi. Dünyanın öz-özü ilə əbədi davasından, qovğasından nigaran idi. Şair bu düşüncələrini ümumiləşdirilmiş obrazlar, ritm, bədii təsir vasitələri ilə ifadə edirdi.

D.Nəsib yaddaşlarda və könüllərdə sevilən mahnıların müəllifi kimi də qalıb. Onun sözlərinə yazılmış mahnıları Xalq artistləri F.Kərimova, M.Tağıyev, İ.Rzayev və b. ifa etmişlər. Bəstəkar mahnılarından əlavə, onun şeirləri bu gün də aşıqların, muğam ustalarının dilindədir.

D.Nəsib poemalar müəllifi kimi də məşhurdur. Şairin poemalarında da, şeirlərində olduğu kimi bir kameralıq, yığcamlıq müşahidə olunur. Onun poemaları epik lövhələrlə zəngindir. Ən təsirli poemalarından biri "Rekviyem"dir. Rekviyemə xas lirik başlanğıc, matəm messası süjetin üst qatıdır, getdikcə nostalji bir nağıla keçir.

1991-ci ildə D.Nəsib ən böyük poeması olan "Karvan gedir"i yazır. Sonra işğalın ağır illəri başlayır, şair  sarsıntısını, el-oba dərdini içində çəkir, içində yaşayır, oxucularından uzaq düşür. Amma  qələm-kağızdan da aralanmır, sadəcə, poeziyanı pauzaya qoyur, "tarixə uzun səyahətə çıxır". Zəmanəsinin şairi olsa da, qədim tariximizlə hələ 80-ci illərdən maraqlanırdı. Bu həyəcan illər sonra "Cavanşir"in Son sözündə sözünü deyəcək: "Sularda qərq elədik daşdilli naxışları, izləri Mingəçevirdə". Alban tarixinin adı belə çəkilməyən dövrdə İrəvandakı alban məbədlərini, qədim qəbiristanlıqları gəzən, öyrənən D.Nəsib şüuraltı addım-addım "Cavanşir"ə doğru gedirdi. Məqamı gəlincə, yaradıcılığında zaman adlaması edir. 9 il "yay ilə yaylayıb, qışla qışlayan"dan sonra oxucularının görüşünə əlidolu gəlir - "Cavanşir" romanı ilə. Roman böyük alban hökmdarı Cavanşirin qəhrəmanlıqla zəngin, keşməkeşli həyat və döyüş yolundan bəhs edir. Mövzu onu elə zəbt etmişdi ki, "Cavanşir"in ardınca, "Cavanşirsiz məmləkət" romanını yazıb çap etdirir. Vaxtında və uzaqgörənliklə yazılmış bu romanlar düşmənlərimizin alban məbədlərinin erməniləşdirilməsinə, alban katolikosluğunun erməni katolikosluğuna tabe etdirilməsi cəhdinə böyük zərbə idi. 

D.Nəsib tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Ən yaxşı tərcümələrini isə macar poeziyasının ən gözəl nümunələrindən etmişdi. Macarıstanda yaradıcılıq ezamiyyətində olanda XX əsrin görkəmli liriklərindən biri M.Rodnoti ilə yaxından maraqlanmış, onun  şeirlər və ekloqalardan ibarət "Yaralı ağrılar" kitabını dilimizə tərcümə edib nəşr etdirmişdi. 

Onun yaradıcılığına yüksək qiymət verən  Xalq şairi Vaqif Səmədoğlu D.Nəsibin mənəvi saflığını, paklığını da dönə-dönə vurğulayır,  fiziki yoxluğunun yerində acı bir qəribçiliyin qaldığını da təəssüflə qeyd edirdi; o elə insanlardan idi ki, varlığı ilə cəmiyyətin əyər-əskiyini düzəldirdi, onu parlaq, canlı edirdi, boşluğu doldururdu. Doğrudan da, D.Nəsib xoşbəxt sənətkarlardandır. 2013-cü ildə hər biri 600 səhifədən artıq olan ikicildlik "Ata laylası" adlı şeir və poemalarından ibarət kitabı çap olunmuşdur. Bu onun xatirəsinə bir ehtiram, həm də, möhtəşəm abidədir. 2019-cu ildə İstanbulda "Cavanşir" romanının təqdimatı keçirilmişdir. Şairin 80 illik yubileyi AYB-ın təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində anılmışdır. 

Belə bir şair vardı... Anasının adı İnsan, özü ata nakamı, milli kimliyin daşıyıcısı, elsevər, "xalq arasında sevilən, yaradıcı ziyalılar arasında seçilən", tək özü üçün yox, həm də başqaları üçün yaşayan, hamıya çatan, hamı üçün əlçatan... Torpağın şəninə sağlıq deyən, onu "ayağının altında yox, ürəyində hiss edən" D.Nəsibi elə torpaq da hərisliklə apardı. Qəzanı törədənin qaçqın olduğunu öyrənən ailəsi onu bağışlamağa qərar verdi.

Bu gün Azərbaycan poeziyasının "nəsib simalarından" olan Davud Nəsibin söz ömrü "şeirlərinin sətirləri arasında yaşayır" (M.Arazın"sənətdə son mənzil olmur" təbiri burada necə yerinə düşür). Həm də, insanlığının, şəxsiyyətinin, vətəndaşlığının məcmusunda. Yaddaşlarda da elə qalır. Özü kimi. Davud Nəsib olaraq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!