"Vicdan susanda" romanı Vidadi Babanlının qələmindən təsadüfən çıxmamışdı. Mən də onu müəllifinə daha çox məşhurluq gətirən həmin romana görə tanımışam. Həmin romanın müəllifi yaxşı bilirdi ki, bütün fənalıqlar və faciələr insanın vicdanı susanda başlayır. Ona görə də danışan yazıçının özü deyildi. Onun da özündən qabaq danışan vicdanıydı.
Sərtliyi vardı.
Özünün Mehdi Hüseyn haqda dediyi bir fikir dübbədüz öz boyuna biçili haldaydı: "Onun sərtliyi yalnız ədəbi məsələlərlə bağlıydı".
***
Deyilənə görə, Pablo Neruda öləndə deyib ki, "Məni sözdə dəfn edin". Əziz Nesin ölməzdən əvvəl vəsiyyət edib ki, "Məndən qələm qayırın!" Əli Kərimin vəsiyyətinə əsasən, qəbrinə dəftər, qələm qoyublar. Aşıq Ədalət istəyirmiş ki, dünyasını dəyişəndə özüylə bahəm Qara sazını da yanında dəfn etsinlər.
Oxucular yəqin yaxşı xatırlayırlar ki, Taras Şevçenko "Vəsiyyət" şeirində Dneprin sahilində hündür bir təpədə dəfn olunmağını istəyib ki, ordan baxanda bütün Ukraynanı görə bilsin.
Yazıçı Vidadi Babanlı da sağlığında vəsiyyət etmişdi: "Məni Qazaxda Birinci Şıxlı kəndində əjdadlarım yatdıqları "Gəmiqayası qəbiristanlı"ğında dəfn edərsiniz".
Onun bu vəsiyyəti yerinə yetirildi. 2025-ci il avqustun 17-də dediyi yerdə dəfn edildi.
***
Kimlərsə deyə bilər ki, öləndən sonra nə mənası harda yatmağın - əbədi uyumağa başlamağın.
Var, əfəndilər, var!
"Ədəbiyyat - dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur!" (A.Ata)
Mənasız görünən nəyinsə də hökmən mənası var. Yoxsa onda "Allah! Allah! Bu mənasız dünyadakı məna nədir?" qənaətinə Xalq şairi N.Həsənzadə hardan və necə gələ bilərdi.
***
"Gəmiqayası qəbiristanlığı" böyük bir sənətkarı da öz doğma qoynuna basdı. Ancaq qəbir kimi yox, qəbir boyda gəmi kimi.
Bu qəbiristanlıq Şıxlı camaatını Kürün bu tayından o tayına - Qarayazı meşəsinə keçirən köhnə keçidin yanındadır. Bu qəbiristanlıqda uyuyanlar vaxtilə istədiyi vaxt bu keçiddə işlək halda olan gəmiyə - Gəmiqayaya əyləşib, gah o taya, gah bu taya keçərmişlər. İndən sonra 99 yaşlı yazıçının qəbri də "gəmi" olaraq bu keçiddə öz funksiyasını yerinə yetirəcək...
***
Yaşamaq istəyən üçün torpağın üstü də, altı da yaşamaq yeridir. Bunu Xalq şairi Hüseyn Arif poetik şəkildə daha yaxşı ifadə etmişdir:
Ömür var, torpağın üstə gül kimi,
Ömür var, torpağın altda yaşayır.
***
Vidadi Babanlı kimi yazıçılar haqqında düşünəndə yadıma 100-dən çox yaşı olan bir azman Ağacın qəfil bir tufandan sonra necə yıxıldığı düşür. Ona bir şeir yazmışdım, demişdim:
Sinəsindən dəysin nakişilərin,
Atın, düzgün atın lənət oxunu!
Kişi adamlartək ömür eyləyib,
Yıxılan Ağaca rəhmət oxuyun!
Bəlkə o Ağac da Vidadi Babanlıydı? Ağac cildindəki yazıçımızdı?! Öldü, getdi. Ağac bilməyin yalnız onu. O da yıxılacağını hiss etdikdə hansı vəsiyyəti etmişdi görəsən, Allah?!
Kim bilməsə də, mən yaxşı bilirəm. O Ağac yıxılmazdan əvvəl vəsiyyət etmişdi ki: "Yıxıldığımı Vidadiyə deməyin! Mənə nə olur-olsun, ona heç nə olmasın!"
Sənə qurban, Azərbaycanım!
Ürəyinə, eşqinə qurban adamlarının da, ağaclarının da!
P.S. Yazıçı V.Babanlının dəfnində bir Ağac Adam da gördüm.
Yox, gözüm alacalanmamışdı!
Oydu - yazıçı Ağacdı.
Yazıçı qardaşının cənazəsinin altına çiynini o da vermişdi...
21 avqust 2025-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!