Heydər Hüseynov. Filosof həyatla ölümün yolayrıcında - Firuz MUSTAFA

 

Azərbaycanın görkəmli fikir adamı Heydər Hüseynovun dünyasını dəyişməsindən 75 il keçir. Filosof 1950-ci ilin 15 avqustunda öz bağ evində intihar etmişdir.

Bəs Heydər Hüseynovun ölümünə səbəb nə idi və onu intihara aparan yolun əvvəli haradan başlayırdı?

Tərcümeyi-halından çıxarış.

Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprel ayının 3-də İrəvanda tacir ailəsində anadan olmuşdur. Heydər ailədəki altı uşağın ən kiçiyi idi. O, anadan olandan az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə erməni quldurları tərəfindən öldürüldükdən sonra ailə əvvəl Batuma, sonra Stavropola, 1920-ci ildə isə Bakıya köçüb.

Heydər Hüseynov məktəbə gec, yalnız on iki yaşı olanda gedib. O, məktəbi bitirəndən sonra əvvəlcə Bakı Pedaqoji Texnikumunda təhsil almış, 1927-1931-ci illərdə isə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqogika fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Paralel olaraq həmin İnstitutun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini də bitirmişdir.

Heydər Hüseynov əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir. 1931-1932-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936-1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. O, eyni zamanda Akademiyanın ictimai elmlər bölməsinin sədri, 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri, 1945-1950-ci illərdə isə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.

İki dəfə Stalin mükafatına layıq görülmüşdür.

1950-ci il avqustun 15-ində intihar etmişdir.

Bu yazılanlar, təbii ki, Heydər Hüseynovun rəsmi bioqrafiyasından sətirlərdir.

Onu tanıyanların yekdil rəyinə görə, Heydər hələ uşaqlığından və ilk gəncliyindən fitri istedadı ilə fərqlənib. Orta məktəbdə Heydərlə yanaşı Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov və digər tanınmış şəxslər də oxuyurdular. Həmin dövrdə gələcək filosof ədəbiyyata maraq göstərir, şeirlər yazırdı. Məsələn, gənc Heydərin o illərdə yazdığı "Zəngi" şeiri İrəvandakı Zəngi çayına həsr olunmuşdu:    

Aylar, illər boyu aşar, daşarsan,       

İçində çınqıllar oynaşar, Zəngi.        

Qayalar üstündən yel tək aşarsan,     

Qoynunda köpüklər qaynaşar, Zəngi.

 

Onun çox yaxın dostlarından biri, nakam şairimiz Mikayıl Müşfiq idi. Sonralar Heydər, necə deyərlər, poeziya ilə vidalaşıb elmə meyil etdi, fəlsəfə ilə daha ciddi şəkildə məşğul olmağa başladı.

Gənc Heydər gecə-gündüz çalışır, gənc Respublikanın elmi və mədəni mühitində öz gərgin fəaliyyəti ilə seçilirdi.

Haşiyə. Mən Heydər Hüseynovun qardaşı Yaqub kişini yaxından tanıyırdım. 1970-ci illərin əvvəllərində o zamankı BEMZ adlanan zavodda fəhlə işləyirdim. Bizim sahə rəisimiz Yaqub kişi idi. Bu dolubədənli, ortaboy, qaraşın, zahirən zəhmli adam əslində çox milli, müdrik, yumoru sevən ziyalı bir şəxs idi. Bizim kollektivdə Qrişa adlı axsaq bir erməni vardı və Yaqub kişi nədənsə bu oğlanı "Tiqran" deyə çağırır və arada istehza ilə deyirdi ki, bəlkə İrəvanın adını dəyişib sənin şərəfinə Tiqranakert edək... Mən Heydər Hüseynov haqqında ilk məlumatı atamdan eşitmişdim. Bilirdim ki, filosof intihar edib. Düzünü deyim ki, mənim Heydər Hüseynovun həyatına az-çox bələdliyim, hətta onun intihar etməsindən xəbərdar olmağım Yaqub kişini xeyli təəccübləndirmişdi. Amma o, qardaşı haqqında ətraflı danışmağa nədənsə o qədər də meyil göstərmirdi. Sanki nədənsə ehtiyat edirdi. Halbuki "Qırmızı terror" çoxdan arxada qalmışdı. Yadımdadır ki, bu mövzuda söhbət düşəndə kövrəlirdi. Arada uşaqlığının keçdiyi yerlərdən söhbət açar, "İrəvan bir vaxt bizim idi"- deyərdi. Hə, o da yadımdadır ki, Yaqub Hüseynov 1906-cı il təvəllüdlü idi və onun rəssam tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş böyük şəkli əmək qabaqcıllarının sırasında zavodun girişində asılmışdı.

Heydər Hüseynov ilk dəfə Stalin mükafatına M.C.Bağırovun təqdimatına əsasən Y.Mirbabayev, A.Orucov ilə birlikdə, "Rus-Azərbaycan lüğəti"nin tərtibatına görə 1948-ci ildə layiq görülmüşdü. İkinci dəfə Heydər Hüseynov mükafata fərdi qaydada təqdim edilmişdi. Belə ki, üçüncü dərəcəli Stalin mükafatı ona 1950-ci ildə (1949-cu il üçün) - "XIX əsr Azərbaycan ictimai və fələsəfi fikir tarixindən" kitabına görə (Ədəbi tənqid və sənətşünaslıq nominasiyası üzrə) verilmişdi. Mükafatın məbləği 25 min manat idi ki, bu pulu da alim uşaq evinə köçürmüşdü.

Amma bu mükafat Heydər Hüseynovun həyatını tamamilə alt-üst etdi. Elə onu intihara aparan yolun mənbəyi də o mükafatdan başlamışdı.

Bəs mükafatı alandan sonra ozamankı ölkə rəhbərini, çoxlarının pıçıltı ilə "Mirqəzəb" adlandırdığı Mir Cəfər Bağırovu qəzəbləndirən səbəb nə olmuşdu?

Bu ötən illər ərzində alim ilə "hökmdar" arasında baş verən münaqişənin səbəbləri haqqında bir çox fərziyyələr də irəli sürülməkdədir. Hesab edirəm ki, gerçəkliyin üstünə kölgə salmağa ehtiyac yoxdur.

Mütləq əksəriyyətin dediyindən belə qənaətə gəlmək olar ki, Heydər Hüseynovun sıxışdırılmasına və ölümünə səbəb ölkə rəhbərinin qısqanclığı olub. Alimin yuxarıda adıçəkilən kitabı, necə deyərlər, M.C.Bağırovdan "xəbərsiz", yəni onun razılığı olmadan mükafata təqdim olunmuşdu. Bu işin təşəbbüskarı iki məşhur sima - akademiklər Səməd Vurğun və Mirzə İbrahimov, onu "reallaşdıran" isə Stalin mükafatı komitəsinin sədri, görkəmli yazıçı Aleksandr Fadeyev idi. Bağırov müəyyən səbəblərə görə (xüsusən, onun müstəqil fikir deməsinə, azad sözü müdafiə etməsinə, Azərbaycan yazıçıları ilə "icazəsiz" dostluğuna görə) Fadeyevı "həzm" edə bilmirdi. Belə bir məqamda kommunist despotun əlinə "əlinin altındakı" alimi vurmaq fürsəti düşmüşdü. Amma onu "vurmaq" üçün ortada kifayət qədər ağlabatan "sübut" olmalı idi. Bağırovun əlaltıları kitabı dəfələrlə oxuyub belə bir "sübut"u tapmışdılar. Məsələ burasında idi ki, Heydər Hüseynovun kitabında Dağıstan xalqlarının azadlıq hərəkatına başçılıq etmiş Şeyx Şamil haqqında iki-üç səhifəlik məlumat verilmiş, o, xalq qəhrəmanı kimi təqdim olunmuşdu. Və alimin bu münasibəti Mirzə Kazımbəyin "Müridizm və Şamil" əsərindən məlum hərəkatla bağlı yazdığı qeydlərdən qaynaqlanmışdı.

Həmin dövrdə Şeyx Şamilə qarşı münasibət hələ tam aydınlaşmamışdı. Daha doğrusu, "ellər atası" Stalinin bu el qəhrəmanı haqqında fikri heç də birmənalı deyildi. Azərbaycan rəhbəri Kreml başçısının dağıstanlılara, xüsusən, sürgün etdirdiyi çeçenlərə daxili nifrətini bildiyi üçün kitabdakı "zəif nöqtə"dən bərk-bərk yapışaraq hərəkətə keçdi. Bu "nöqtə" Şeyx Şamillə bağlı idi. İndi qalırdı təkcə "vurmaq" üçün "ideoloji baza" yaratmaq. 1950-ci ildə M.C.Bağırovun "Müridizm və Şamil hərəkatının xüsusiyyətləri barədə" kitabı nəşr olundu. Çox güman ki, bu kitabı tiranın özü yox, onun əlaltıları yazmışdı. Amma söz yox ki, kitabda yer almış "tezislə"rin müəllifi o, özü idi. Bağırov "yoldaş" yazırdı: "Heydər Hüseynov Şamil hərəkatını azadlıq və mütərəqqi addım kimi qiymətləndirir. Bu qiymət marksist nöqteyi-nəzərdən və siyasi baxımdan səhv, tarixi həqiqətlərə və tarixi materializmə ziddir. Müridizm İslamda daha savaşqan və irticaçı cərəyan olmuşdur və xalq kütlələrinə qarşı zülm aləti kimi istifadə olunmuşdur; işğalçı türk ordusuna, ingilis müstəmləkəçilərin maraqlarına qulluq etmişdir. O, Dağıstanı Rusiyadan ayırmağa çalışmış, Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə də Şamil hərəkatı sırf mürtəce xarakter daşımış, inqilabi hərəkatın maraqlarına ziddiyyət təşkil etmiş, Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngidici təsir göstərmişdir".

Bəli, sən demə, Şamil ingilis və ya Türkiyə casusu imiş, ruslara qarşı nifrət hissi bəsləyirmiş, mürtəce xarakterli birisi imiş.

Bağırovun əli daha çox dostu Beriya vasitəsi ilə Kremlə çatırdı. Göstərilən "səylər" nəticəsiz qalmadı. Tezliklə mükafat ləğv olundu. Amma ölkənin qisasçı, intiqamçı "sahibi" filosofdan heç də əl çəkmək niyyətində deyildi. Heydər Hüseynovu "ifşa" kampaniyası get-gedə yüksək vüsət almaqda idi. Təhdid, təhqir və hədələrdən "xilas" olmağın yolunu intiharda görən alim 1950-ci il avqust ayının 15-də Şüvəlandakı bağ evində özünü asdı.

Bağırov alimin cəsədindən belə əl çəkmirdi. Belə ki, "yuxarıdan" Heydər Hüseynovun dəfninin "gizli" şəkildə aparılması tələb olunurdu.

Haşiyə. İş elə gətirib ki, mən otuz il Heydər Hüseynovun həmkarları və tələbələri ilə birlikdə EA-nın Fəlsəfə və Hüquq İnstitutunda çalışmışam. Doğrusunu deyim ki, alimın ölümü ilə bağlı həqiqətlər yalnız 80-ci illərin sonundan bütün nüansları ilə faş olmağa başladı. Fəlsəfə İnstitutunda çalışarkən şöbəmizin mərhum əməkdaşı İrşad Əliyevin öz müəllimlərinin dəfni haqqında dediklərini yaxşı xatırlayıram: "Heydər Hüseynov əvvəl də bir dəfə intihara cəhd etmişdi, venasını kəsmişdi, onu ölümdən Mustafa bəy Topçubaşov xilas etmişdi... Müəllimimizin ölümü bizim hamımızı sarsıtmışdı. Biz o vaxt gənc idik. Cəsarətli idik. Dəfni təşkil edənlər arasında, demək olar ki, yaşlı adamlar yox idi. Akademiyanın alimlərinə ultimatum vermişdilər ki, dəfndə kim iştirak etsə cəzalandırılacaq. Dəfn Yasamal məzarlığında oldu. Qəbri biz özümüz - onun tələbələri göz yaşları tökərək qazdıq. Tanımadığımız adamlar bizi tələsdirirdilər. Heç şübhəsiz ki, onlar "dəniz qırağının" əməkdaşları idi. Arada bir "Pobeda" maşının yanımızdan asta-asta dövrə vurub keçdiyini gördük. Arxa oturacaqda əyləşən adamı hamımız tanıdıq. Bu, Akademiyanın vitse-prezidenti Səməd Vurğun idi. Şair bizim müəllimimizlə yaxın dost idi. Çox vaxt yemək-içməyə də bir yerdə gedirdilər".

Dəfndə iştirak edən tələbələri, o cümlədən, Firudin Köçərlini və Ziyəddin Göyüşovu Universitetdə tutduqları vəzifədən azad etdilər, İrşad Əliyevi isə aspiranturadan qovdular. Haqqında söhbət gedən "XIX əsr Azərbaycan ictimai və fələsəfi fikir tarixindən" kitabının redaktoru, Heydər Hüseynovun müəllimi akademik Aleksandr Osipoviç Makovelskini gözümçıxdıya saldılar. Mir Cəfər Bağırov onu şantaj və təhqir etməyə başladı. Milliyyətcə polyak olan Makovelski çox abırlı adam idi, baş götürüb Türkmənistana getdi və yalnız Bağırov vəzifədən çıxarılandan sonra Azərbaycana qayıtdı.

Orasını da qeyd etmək yerinə düşər ki, Heydər Hüseynovun həmkarlarının bir çoxu uzun müddət onun intihar etdiyini yox, qətl olunduğunu, kimlərinsə, daha doğrusu, xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü iddia etmişlər. Zənnimcə, bu iddia yalnız ehtimal kimi qəbul edilə bilər.

Aradan illər keçəndən sonra bu və ya bunabənzər qətllərdə Bağırovun "əli"nin olmamasını, günahsızlığını "sübut" etməyə çalışan qələmkeşlər də peyda olub. Hətta, bəziləri daha da irəli gedərək vaxtilə baş vermiş "Qırmızı terror" adlı qətliamda, az qala, nəinki Bağırovun, hətta Stalinin belə iştirak etmədiyini iddia edirlər. Guya tiranların bu qətllərdən qətiyyən xəbəri olmayıb. Mən indi bu məsələnin üzərində çox dayanmadan, bunu deyə bilərəm ki, əvvəla, dövlət başçısının həmin qətllərdən xəbəri olmayıbsa bu, daha acınacaqlı haldır. İkincisi, qatilləri haradasa mücərrəd bir məkanda axtarmağa ehtiyac yoxdur. Üçüncüsü, hər bir ölkənin başçısı baş verən bütün hadisələr üçün cavabdehdir.

Axı bir məsələni də unutmayaq ki, bizi Heydər Hüseynovun qətlindən (bəli, əslində o da qətlə yetirilmişdi) heç də uzaq tarix ayırmır.

Haşiyə. Heydər Hüseynovun qızı Sara xanım arabir bizim çalışdığımız İnstituta, atasının keçmiş tələbələrinin yanına gələr, mərhum atası haqqında xatirələri toplayardı. Sara xanımın oğlu Heydər Aslanov (Hüseynov) da bizim elmi təşkilatda çalışırdı. Mənim yaşlı həmkarlarım öz müəllimlərinin necə böyük ürək sahibi olmasından, tələbələrə qayğısından, alicənablığından həvəslə danışardılar. Çoxu İkinci Cahan müharıbəsinin ağrı-acısını görmüş bu gənclər üçün Heydər Hüseynov bir xeyirxahlıq və ədalət timsalı idi. İrşad Əliyev danışırdı ki, tələbələri Heydər Hüseynovun məzarını iki dəfə qazmalı olublar. Birinci dəfə "məxfi dəfn" 1950-ci ildə qorxu və təzyiq altında olub. İkinci dəfə ziyalıların müraciəti və ovaxtkı ölkə rəhbərliyinin tapşırığı ilə bu məzar 1956-cı ildə Birinci Fəxri Xiyabanda qazıldı. Yeri gəlmişkən, ikinci dəfə dəfnin 1958-ci ildə baş tutduğunu deyənlər də var. Amma mən İrşad Əliyevin qeyd etdiyi tarixi daha dəqiq hesab edirəm. İrşad müəllim onu da deyirdi ki, ovaxtkı Respublika rəhbərlərinin hamısının (İmam Mustafayev, Mirzə İbrahimov, Sadıq Rəhimov nəzərdə tutulur - F.M.) Heydər müəllimə böyük ehtiramı vardı.

Beləliklə, onun tələbələri altı il əvvəl səksəkə ilə dəfn edilmiş cəsədi milli adət-ənənəmizə uyğun qaydada, dostlarının, ailə üzvlərinin və tələbələrinin iştirakı ilə 1956-cı ildə yenidən torpağa tapşırdı.

Şübhəsiz ki, Heydər Hüseynov bəzilərinin düşündüyü kimi nə antimarksist, nə də antikommunist idi. O, sosializm ideallarına inanan bir alim idi. "Marksizm-leninizm fəlsəfəsinin əsasları" dərsliyinin müəllifi idi. Hətta, birinci dəfə intihara cəhd edərkən: "Mənim damarımı kəssələr, yerə tökülən qanım da "kommunist" yazar" - demişdi. Amma çox güman ki, onun sovet quruluşuna olan sevgisinin arxasında gizli bir xof da var idi. Axı o, repressiyanın canlı şahidlərindən biri olmuşdu. Yaxın dostlarının mənsub olduğu "sıralar"dan necə qoparıldığını öz gözləri ilə görmüşdü. Bəs onu intihara aparan səbəblərin anatomiyasını nə ilə əlaqələndirmək olar? Qısaca olaraq onu deyə bilərəm ki, "Qırmızı terror"un azğın "müəllifləri" təkcə ayrı-ayrı fərdlərlə "haqq-hesab" çürütməklə kifayətlənmir, əksər hallarda "müqəssirlər"in bütün nəsil-nəcabətini məhv etməyə çalışırdılar. Bu mənada, belə hesab edirəm ki, Heydər Hüseynovun intihar "seçimi", həm də onun yaxın və doğma insanları qorumaq istəyindən qaynaqlanmışdı.

Bağırov "erası" başa çatdıqdan sonra Heydər Hüseynov şəxsiyyətinə və yaradıcılığna maraq və diqqət yenidən artdı. Filosofun əsərləri yenidən nəşr olunmağa başladı.

Heydər Hüseynov təkcə XIX əsr Azərbaycan ictimai, siyasi və fəlsəfi fikir tarixini öyrənməklə kifayətlənməmişdir. Onun Xaqani, Nizami, Füzuli, Xətai, Bakıxanov, Mirzə Kazım bəy, Axundov, Zərdabi haqqında bu gün də qiymətli olan tədqiqatları və fikirləri vardır.

Bəli, Heydər Hüseynov Azərbaycan elm tarixinin görkəmli nümayəndələrindən biri olub. Onun faciəli ölümü və şərəfli həyatı bu gün də bizi düşünməyə, baş vermiş qanlı hadisələrə bir daha ayıq-sayıq nəzər salmağa vadar edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!