Biri var imiş, biri yox imiş... - nağılların ikili üzü - Xanım AYDIN

 

"Nağıl danış, mənə!" - bu gün bir qədər azalsa da, çox uşaqların gecə yuxuya getməzdən əvvəl analarından istəyidir. Amma çox vaxt bu sadə istək təkcə uşağa deyil, əslində, onu danışan böyüyə də ünvanlanır. Çünki nağıl həm uşağın təxəyyül dünyasını bəsləyən fantaziya, həm də böyüyün yaddaşının dərin qatlarına toxunan bir çağırışdır. Nağıl mifdir, folklordur, milli-genetik kodumuzun əks olunduğu prosesdir. Amma o həm də bir uşaq şirinliyi, eyni zamanda da bir xalqın həyat fəlsəfəsidir. Onu əzbərləyən uşaq olsa da, onu başa düşən böyüyür.

Nağıl - səthdə yüngül, dərinlikdə ağır bir mətn növüdür. Hər hekayənin fonunda cəmiyyətin sualları, vicdanın səsi, yaddaşın çəkisi gizlənir. Məhz bu səbəbdən nağıl nə vaxtsa yalnız uşaqlar üçün deyildi - o, əslində böyüyən insanın yol yoldaşı idi.

Nağıllar bütün duyğu orqanlarını, yaradıcı işarələri işə salır, balacaların hələ kamilləşməmiş potensial imkanlarını bir araya cəm edib, fərqli estetik çevrə yaradır. Bəlkə də nağıllar uşaqların estetik dünya ilə ilk təmasıdır. Sonra onun başqa yaradıcı xüsusiyyətlərinin meydana çıxmasına rəvac verir. Təhtəlşüurda yer almış nağıl personajları oradan rəsmə, yazıya, yaxud musiqi notlarına köçürülməklə balacaların mənalar dünyasını yaradır. O mənalar dünyası ki, orada balacalara məxsus xarakterik bir dünyaduyum ehtiva olunur. Onlar özünü kiməsə bənzədərək böyüyür, xəyallarındakı qəhrəmana doğru yol alırlar.

 

İkili mənalar: uşaq üçün fantaziya, böyük üçün fəlsəfə

 

Nağıllar ikili struktura malikdir: səthdə uşağı əyləndirən sadə süjet, dərinlikdə isə böyüyü düşündürən simvolizm. Bu ikili təbiət onları həm əyləncəli, həm də təlimverici edir.

Məsələn, Cırtdan - balaca, zəif, amma məğlubedilməz, əslində uşaq gözü ilə qəhrəman, böyük üçün isə ağıl və cəsarətin təcəssümüdür. Divin nəhəngliyi fiziki qorxunu, Cırtdanın cəsarəti isə mənəvi gücü simvollaşdırır. Burada çatdırılan əsas mesaj sadədir: ölçü və görünüş yox, mahiyyət və düşüncə qalib gəlir.

"Tülkü və keçi" nağılında da bu simvolizm açıq görünür. Tülkü ağlı, hiyləni və həyasızlığı, keçi isə sadəlövhlüyü və saf niyyəti təmsil edir. Amma həyatın sərt qanunları nağılda öz yerini tapır: ağıllı xilas olur, saf niyyətlə hərəkət edən isə cəzalanır. Bu, uşağa "ehtiyatlı ol" deməkdirsə, böyüyə "yalnız niyyət kifayət etmir, düşünmək də lazımdır" mesajıdır.

 

Simvolik qəhrəmanlar və kollektiv yaddaş

 

Nağıllardakı obrazlar təsadüfi deyil, hər biri xalqın kollektiv şüurunun bir parçasıdır.

Div - zorakılıq və qorxunu təcəssüm etdirir, ancaq bir uşaq tərəfindən məğlub edilə biləcək qədər içi boş bir gücdür.

Nənə - bilik, mərhəmət, keçmişin müdrikliyidir.

Yoxsul oğlan - xalqın içindən çıxan, haqqı təmsil edən səsi və ümididir.

Bu obrazlar vasitəsilə nağıl xalqın özünə sual verir: "Biz kimik? Nəyə inanırıq? Nəyi müdafiə edirik?"

 

Nağıl - xalqın özü ilə apardığı dialoq

 

Azərbaycan xalq nağılları - sadəcə əyləncə vasitəsi deyil, xalqın özü ilə apardığı dərin bir dialoqdur. Onlar xalqın mənəvi dəyərlərini qoruyur, formalaşdırır və ötürür.

Nağılın sonunda deyilən "Göydən üç alma düşdü..." ifadəsi isə bir şirin epiloq yox, bir dünya baxışıdır. Hər alma - bir gerçəkliyi təmsil edir:

Ədalət mümkündür.

Yaxşılıq gec-tez qalib gələcək.

Sevgi - qorxudan güclüdür.

Bu mesajlar uşağın zehninə toxum kimi səpilir, illər sonra çiçək açır. Uşaq üçün bu, sadəcə bir hekayədir. Böyük üçün isə bir xatırlatmadır: sən nəyi unutdun, nəyə və ya hara dönməlisən?

Əxlaqi seçimlər və qadın obrazlarının gücü.

Nağıl dünyası həm də əxlaqi sınaq meydanıdır. Burada qəhrəmanlar qarşısında həmişə seçim var:

Haqla nahaqqın;

Ağıl ilə zorun;

Sədaqətlə xəyanətin mübarizəsi.

Bu seçimlər real həyatda da qarşımıza çıxır. Nağıl bizə hazır cavab vermir - yalnız yön göstərir. O, mühakimə etməz, düşündürər.

Qadın obrazları isə nağıllarda xüsusilə güclü və çoxşaxəlidir. Ana - şəfqət, nənə - hikmət, cadugər - qorxu və sirr, ağıllı qız - dəyişimin açarıdır. Bu obrazlar qadının cəmiyyətdəki və ailədəki müxtəlif rollarını və potensialını əks etdirir.

 

Rəqəmsal dövrdə klassik nağılın dirənişi

 

Bu gün uşaqlar ekran, smartfon, planşet qarşısında böyüyür, süni intellektlərlə ünsiyyət qurur. Amma nağıl hələ də uşaq təxəyyülünün doğma dilidir. Sadəcə böyüklər nağıl danışmağı yaddan çıxarıb. Halbuki nağıl yalnız uşaq üçün deyil, ailənin iç ünsiyyətidir.

Uşaq psixoloqları da bunu təsdiqləyir: nağıl həm tərbiyə, həm bağ yaratmaq vasitəsidir. Valideyn danışdıqca uşaqla danışır, ona öz iç dünyasını, qorxularını, ümidlərini, dəyərlərini ötürür. Bu baxımdan, nağıl həm tərbiyə metodudur, həm də sevgi dilidir.

Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova da deyir ki, nağıl yazan da, onu danışan da inanır ki, bununla uşaqlara tərtəmiz bir dünya yaradır: "Bu "yaradıcı" aləmdə böyüyən uşağın təfəkkür üfüqləri geniş, ruhsal duyumu sözsüz ki, zəngin olacaq. Digər məsələ də var: nağılla başlanan yolçuluq özündə yaddaş kodlarını daşıyacaq qədər sakral olacaq. Çünki "mifopoetik təfəkkürdən çağdaş zamana keçid mərhələsinin ən etibarlı məxəzidir nağıllar. Y.V.Çəmənzəminli demiş, "bu mədəniyyətin əsrarını bilmək üçün nağıl və əfsanələri unutmamaq lazımdır", onlar həm də mənəvi dünyagörüşümüzün ifadəsidir. Əxlaqi, etnik düşüncəmizi formalaşdıran bu janr özündə doğma elementləri ehtiva etdiyi qədərincə tarixin saxlancında əbədi qorunacaqdır".

 

Nağıl - xalqın vicdan səsi

 

Bəlkə də uşaq ədəbiyyatı heç vaxt təkcə uşaqlar üçün olmayıb. Nağıl xalqın vicdan səsi, tarixin poetik yaddaşı, əxlaqın kodlaşdırılmış formasıdır. Nağıl danışmaq xatırlamaq, ötürmək və qorumaq deməkdir.

Nağılların sonu həmişə yaxşı bitir. Haqq, ədalət, sevgi qələbə çalır. Bəlkə ona görə ki, uşaqlar qaranlıqdan qorxurlar, onlar üçün işıq, çıxış yolu həmişə olmalıdır. Nağıllarımızdakı "işıq gələn, yoxsa it hürən tərəf" ziddiyyətinin uşaqların xeyrinə həll olunmasının sirri də elə bundadır. Çünki onlar belə olacağına inanırlar!

Qoy hər kəs inansın və onun həyat nağılı işıqlı olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!