Bəxtiyar Vahabzadə Azərbaycan ədəbi-fəlsəfi, idraki-intellektual, estetik-mənəvi düşüncəsinin son bir əsrdə yetirdiyi ünlü simalardandır. Şairin səsi, nəfəsi daim səni özünə cəlb edən, əsərləri dostuna, həmsöhbətinə çevrilən nümunələr olsa da, sənə hökmranlıq etmir, səni alçaltmır, sənə əmr də etmir, ovqatına nur çiləyib, mətinliyə səsləyir. İç dünyana mübhəm doğmalıqla daxil olub, səninlə dostcasına danışır: sevgi və kədər, həyat və ölüm, xəyanət və gözəlliyin nə olduğunu anladır, məsləhətçinə çevrilir. Onun yaradıcılığında intellektlə mədəniyyət, lirik vüsətlə yaşam və həyat təcrübəsi daim ülfətdə, ünsiyyətdə olur.
Bəxtiyar milli poeziyamızda sanki dünyaya əzəmətli söz ustadları bəxş etmiş Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq və Səməd Vurğun kimi təfəkkür sahiblərinin yolunu və poetik hecasını, milli həyat səhnələrini, milli musiqiyə hissi münasibəti göstərib və dil imkanlarından istifadə edib, sözləri poetik qatara düzüb, qeyri-adi bədii-fəlsəfi hadisələri göz önündə canlandırmaqla oxucuya ərməğan etmişdir. Şairin düzüb-qoşduğu poetik sıralamalarında tarixi, etnoqrafik, etnoloji, psixoloji, etik, estetik, coğrafi, fəlsəfi və s. çalarlar o qədər görümlüdür ki, oxucu bu əsərlərlə tanışlıq zamanı o ilmələrin, naxışların, poetik düzümün bəzən xalq hikmətindən süzülüb gələn misraların sehri altında ecazkar bir mənzərə ilə üz-üzə qalır. Odur ki, əsərlərindən hər birinin oxucunu ovsunlamaq imkanı daha da güclənir Bəxtiyar müəllimin.
Öz həcmi etibarı ilə fərqli biçimlərdə qələmə alınmış əsərlərindən bizə tanış ola biləcək mövzular tamamilə fərdi yönlərdən görünə bilən poetik məcmuələrindən biri fəlsəfi-təfəkkür problematikalı "Axı dünya fırlanır" adlanır. Lakin bu həcmcə kiçik, mahiyyətcə monumental kitabda yer almış şeirlər öz mövzu və mahiyyət palitrası baxımından cild-cild yazılmış əsərlərdən daha köklü problemləri əhatə edən əsərlərin qayəsində ölçüyəgəlməz bədii-estetik mətləblər dayanmaqdadır. Müəllif "Xeyir və şər" şeirində öz ulu sələfi Nizamidən fərqli olaraq xeyirlə şərin daha dərinliklərdə qərar tutan xüsusiyyətlərini oxucuya öz yönündə anlatmağa çalışır:
Min bir rəng yetirir bir rəngdə torpaq,
Həm şəfa, həm ölüm yatır zəhərdə,
Kol-kos da bitirir, çiçək də torpaq,
Ağlın meyvəsidir xeyir də, şər də.
Yaxşı da, yaman da bizdədir deyin,
Nə onun, nə bunun öz odu yoxmuş.
Xeyir-şər qol-qola! Nə yüksəkliyin,
Nə də alçaqlığın hüdudu yoxmuş.
Poeziyanın magistral mövzularından olan xeyir və şər problemini B.Vahabzadə varlığın ən yüksək təbii hadisəsi kimi nəzərdən keçirməklə xeyirin Yaradanla birləşməsi müstəvisində dərk edir. Eyni zamanda şair bu problemi islam dini-fəlsəfi düşüncəsinin səciyyəvi tərəfi kimi işarələyir. Onu da yaddan çıxarmaq olmaz ki, B.Vahabzadənin yaradıcılığının mərkəzi fəlsəfi problemi insan varlığının mənasıdır ki, şair məhz bu məsələ üzərində daha çox sosial-ictimai, mədəni-mənəvi prizmalardan axtarışlar aparmışdır. Odur ki, o, insanı bir sirrə bənzədib, onun varlığını dərk etmək üzərində fasiləsiz müşahidələr qurmaqla, həm də insan həyatının özünü bir sirr kimi təqdim etmişdi.
Xeyirlə şərin mənşəyinə ekskurs edərkən müəllif, həm də onların mənbəyini, irrasional azadlıq aramağı üstün tutur. Elə buradaca qeyd edək ki, B.Vahabzadə yaradıcılığında xeyirlə şərin dialektikası onun əsərlərinin ana xətlərini təşkil edir. Çünki onun qəhrəmanları xeyirlə şər, xeyirxahlıqla pisliklər arasında var-gəl edənlərdir. Odur ki, B.Vahabzadə yaradıcılığında Azərbaycan və türk milli-mental düşüncəsinin yüksək uğurlarını işarələmək mümkündür ki, burada insan təbiətin ən yüksək hadisəsi kimi təqdim olunur ki, əsil mahiyyəti də həm xeyir, həm də şər yaratmaqla onun azadlıq düşüncəsini özündə ehtiva edir.
Xalq yazıçısı Rəsul Rza şairin 1959-cu ildə "Düşüncələr" ("Razdumğə") adlı "Azərbaycan uşaqgəncnəşr" nəşriyyatında işıq üzü görmüş poetik məcmuəsinə "Bəxtiyar Vahabzadə" mövzulu Ön sözündə yazırdı: "Əksər hallarda şeirlərlə bağlı bəhs edərkən onu yaşa görə bölürlər. Bununla da şairin yaradıcılığının - yaşlı orta və kiçik nəslə aid olduğunu müəyyənləşdirirlər. Fikrimcə, belə bölgü son dərəcə şərtidir. Poeziyanın yaşı yoxdur. Mənimlə razılaşmaya bilərlər ki, ustalığa aparan yol illərin dayanmadan ortaya qoyulan zəhmətindən keçir. Bu, sözsüzdür. Lakin bu da sözsüzdür ki, yaradıcı insanın dayanmadan çəkdiyi zəhmət o zaman uğurla nəticələnə bilər ki, belə zəhmətin mərkəzində özünü poetik natura göstərsin...
Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında yüksək səviyyəli şairdir. Onun poetik fırçası çoxrəngli və çoxölçülüdür. Onun dili yapışqanlı və koloritlidir. Vahabzadənin poeziyası düşüncələr poeziyasıdır. Fərz edək ki, bu düşüncələr bəzən lap həyatın yuxarı hissəsinə aiddir, lakin digər şeirlərində, məsələn, ağaran saçlara həsr olunmuş şeir isə yaxınlaşan qocalığın carçısı kimi özünü göstərir. Bütünlükdə isə Vahabzadə poeziyası bizim müasir ədəbiyyatımızın ən maraqlı hadisələrindəndir". Onu da qeyd edək ki, Rəsul Rza bu fikirləri səsləndirdiyi vaxt Bəxtiyar hələ ömrünün 30-cu illərinə qədəm qoymamışdı.
Bəxtiyar təkcə düşüncələr şairi, bəxt şairi, bəxtiyarlıq şairi deyildi, o, həyatın fəlsəfəsinə, onun estetikliyinə, onun gedişatına, onun simasına dərindən bələd olmaq istəyində idi. "Özünü dinlə" kimi kiçik bir şeirin mahiyyətində yatan dərin məna yükünə nəzər salaq:
Dinlə bu dünyanı öz ürəyinlə,
Sənət aləmində özünü dinlə.
Özgəni dinləsən kökdən düşərsən,
Sən özün özünə özgələşərsən.
"Özümü kənardan seyr edim" - deyə
Nə olar, hərdənbir çəkil təkliyə!
Üzbəüz, təkbətək qal ürəyinlə,
Sən onu dinlə!
Tək onu dinlə!
İstedadlı rus şairi Yeqor İsayev Bəxtiyarın əsərlərinin belə zəngin və düşündürücü mahiyyətinə nəzər salarkən deyirdi: "Bəxtiyar insanı vəcdə gətirən, təlatümlü fikirlər axtaran dərin şairdir. Onu insanın dünyaya gəlməsinin mahiyyəti, kosmos və materiyanın sirlərini açan ağlın və idrakın əvəzsiz ənginlikləri heyran edir, lakin bir də insan qəlbinin kosmosu var - burada isə o qədər "ağ ləkələr" var ki, bu narahat və əzablı yolda ruhi mükəmməlliyə sözlə işin harmoniyasında yetişmə var! Bax, bu da Bəxtiyar Vahabzadə poeziyasının mahiyyətidir".
Heç bir mübaliğəyə yol vermədən, hesab edirik ki, Bəxtiyar Vahabzadə XX əsrin 40-cı illərindən, ta XXI əsrin birinci onilliyi arasında Azərbaycan intellektual poeziyasının inkişafına nəzərəçarpacaq təsir göstərmiş müəlliflərdəndir. O, yuxarıda göstərdiyimiz kimi, insanların daxili ürək çırpıntılarını açmağa çalışan fəlsəfi poeziyanın nadir nümayəndələrindəndir. 1986-cı ildə qələmə aldığı "Hara gedir?" şeirinin məziyyət və məzmun tərəfinə gəlin, birlikdə diqqət yetirək:
Təbiətin sümüyünə dirəndik,
İliyini sorasıyıq, sorası.
Əlimizlə bu anamız torpağın
Dağlanmamış görən qaldı harası?
Təbiətin insan kimi günü yox,
Zülmümüzdən rüzgarı yox, günü yox.
Bu dünyanın əvvəli yox, sonu yox,
Var olarmı yoxla yoxun arası?
...Yaranışdan biz övladıq, o - ana.
Bu sitəmi necə qıydıq biz ona?
Hara gedir o fırlana-fırlana
Sinəsində çalın-çarpaz yarası?
Gördüyümüz kimi, fəlsəfi düşüncələrini oxuculara çatdırmaq üçün şair yeni deyim-duyum formaları axtarışında olmaqla idrakında analitik ibarələrdən istifadəyə üstünlük verməklə poetik forma və məzmunun səslənişini sual cümlələri üstündə qurmaqla avanqard poeziyanın ənənələrini yeniləyir, obrazlı düşüncələrə uçuş verir, metaforiklikdən gərəyincə yararlanmaqla, simvollardan və şərti obrazlardan istifadə edib, ifadənin sərbəst formasına, şeirin intonasiyasına yeni çalarlar daxil etməklə, lirik qəhrəmanın fikir və duyğularını yeni statusda təqdim etməyə müvəffəq olur.
Elə buradaca qeyd edək ki, şairin yaradıcılığında gedən yenilənmə prosesi onun şeirlərində XX əsrin 70-80-ci illərində baş verən estetik meyillərin göstəricisi kimi də səciyyəvidir. Eyni zamanda bildirək ki, milli ədəbiyyatda intellektual poeziya həmin dövrlərdə ədəbi materiallar əsasında cəmiyyətin aktual problemlərini həll etməyə çalışmaqla, dünyanın və varlığın ümumi vəziyyətinə və halına zond salmağı düşünür və problemə açıq başla münasibət göstərməyə çalışırdı.
Əlbəttə, intellektual poeziya öz istiqaməti etibarilə özünün dərin fəlsəfi məzmunu, mürəkkəb simvolikası ilə xarakterizə olunur. Burada metafora və obrazlardan istifadə və onların poetik mətndə oynadığı rol şairdən yüksək səviyyəli erudisiya və analitik bacarıqlar sərgiləməsini tələb edir. Çünki idraka söykənən intellektual poeziyada varlığın, mövcudluğun, şüurun, əxlaqın əksər məsələləri öz əksini tapır, onların xüsusiyyətlərinə individual baxış sərgilənir, eyni zamanda intellektual poeziya, həm də mürəkkəb şeir formaları və dil konstruksiyaları tələb etməklə oxucunun dərin idrak imkanlarının işə salınmasına impuls verir.
Beləliklə, gətirdiyimiz nümunələrdə biz Bəxtiyar Vahabzadə poeziyasında daim idrakla intellektin şairin iç dünyasını necə orijinallaşdırdığının və zənginləşdirdiyinin şahidi oluruq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!