Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı ilə xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. O, hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışdır.
Heydər Əliyev
Azərbaycan Respublikasının Ümummilli Lideri
***
Onun adını Bəxtiyar qoydular. Bu bir arzu, bir ümid, bir xoş niyyət idi. Bir insan üçün bəxtiyarlıq nədir? Mal, dövlət, sağlamlıq! - deyərsiniz. Bəlkə də, bu nemətlər insanı müəyyən mənada, müəyyən bir zaman möhlətində bəxtiyar edə bilər, lakin bu köçəri bəxtiyarlıq bu sözün böyük mənasında bəxtiyarlıq olarmı?
Mən belə mümkün bir sual üstündə düşünərkən öz-özümə deyirəm: Yox!
Şair Bəxtiyarın bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə böyük olan poetik istedadıdır. Bu yaradıcılıq istedadı ona dərin xalq məhəbbəti qazandırmışdır. Onu vətənin sevimli şairi etmişdir. Belə bir tale səadətdir. Belə bir insan həqiqətən bəxtiyardır.
Onun ilhamlı ürək döyüntüsü ilə keçən yuxusuz gecələri, onun xalqını, Vətənini əsrin çətin yüksəliş yollarında, yürüşdə ilk sıralarda görmək arzusu ilə keçirdiyi nigaranlıq, duyduğu sevinc, keçirdiyi incikli günlər hər kəsə nəsib olmayan bəxtiyarlıqdır.
Rəsul Rza
***
Neçə minillik ədəbiyyat tariximizin ən dəyərli sənətkarlarından olan Bəxtiyar Vahabzadə haqqında dəfələrlə yazmışam, yubileylərində, müxtəlif tədbirlərdə çıxışlar etmişəm. O, mənimçün "Siz" və "Bəxtiyar müəllim" idi, mən onunçün "Sən" və sadəcə "Anar". Amma aramızda yaş fərqi və hörmət pərdəsi qarşılıqlı xoş münasibətlərimizə, fikir, əqidə birliyimizə, çox qəliz məsələlərdə eyni mövqedən çıxış etməyimizə, çətin anlarda bir-birimizə həyan olmağımıza mane olmurdu. Bir çox məqamlarda mətbuat səhifələrində bir-birimizi şərdən, böhtandan qoruyurduq. Sənətkar kimi, vətəndaş kimi, şəxsiyyət kimi Bəxtiyar Vahabzadənin bir dırnağına dəyməyən ədəbi mığmığalar, ara-sıra onu da sancırdılar. Söhbətlərimizin birində Bəxtiyar müəllimin dediyi sözləri heç vaxt unutmaram: - Onları qınama, bu dünyada hərənin bacardığı və bacarmadığı bir iş olur. Biz yazmağı bacarırıq, böhtan, şər atmağı bacarmırıq, onlar da əksinə, şər, böhtan atmağı çox yaxşı bacarırlar, amma yazmağı bacarmırlar. Belə də davam edəcək. Biz əsər yaradacağıq, onlar da bizə şər, böhtan atacaqlar.
ANAR
***
Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğunu nitq hissəsində fel olmağı bacarsan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri fövqə qalxır. Milli və beynəlmiləl münasibətlər problemi günümüzün canlı mübahisələrə çevrilən məsələlərindən biridir və bu problem... öz mütərəqqiliyini, obrazlılığını, nadir əhatəliyini və məhsuldarlığını bir daha Vahabzadə yaradıcılığında tapıb. İndiki halda sən azərbaycanlı şairi oxuyanda - dünyanı oxuyursan.
...Lirizm və vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa simlərdir və bu simlər onun şəxsi və ictimai dünyagörüşünün qüdrətliliyinə bir daha şəhadət verir. O, vətənpərvərdir, o aqildir, sözün yaxşı mənasında, nəsihətverən, yol göstərən sənətkardır. Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir. Keçmişə görə əzab çəkmək, ona bu günün gözüylə baxmaq - Bəxtiyarın mövzu dairəsinin genişliyindən, mürəkkəbliyindən və zənginliyindən xəbər verir.
...Dünyada ad çıxaran çox şairlər var. Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək-tənha qalanda, bir neçə kəlmə ilə "Həyat nədir?" sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, düşüncələrinə qol-qanad verir. Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir.
Çingiz Aytmatov
***
B.Vahabzadə bütün ölkədə tanınan və sevilən bir şairdir. Mən onu həm insan, həm də sənətkar kimi yaxşı tanıyıram. Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb. O, Xalq şairidir, laureatdır, ən böyük mükafatlara layiq görülüb. Lakin ən böyük mükafatı xalqın sevgisidir. Bir cavan oğlan mənə Bəxtiyarın şeirini ana dilində oxudu, sonra isə tərcümə elədi və dedi: - Bu, bizim Bəxtiyarın şeiridir. Şərqdə ən hörmətli adamları soyadı ilə deyil, adı ilə çağırırlar. Məsələn, Abay, Sabir, Səməd və s.
Bəxtiyarın həm bədii yaradıcılığı, həm də ictimai fəaliyyəti hər cür hörmətə layiqdir.
Oljas Süleymenov
***
Bəxtiyar Vahabzadənin yaradıcılıq dünyasının ən ülvi qayəsi müdriklik duyğusudur. Söz sərrafı olan şairin ali ustalığının məna və mahiyyəti də məhz bunun üstündə köklənmişdir.
Bəxtiyar Vahabzadə: "Mən sükutun dilini, dərdini, möhnətini, həm də əbədiyyətin bir ani minnətini qavramaq istəyirəm", - deyəndə, həmin məqamda sirli-soraqlı varlığın əsrarını və qanunauyğunluğunu açmağın ülviliyinə, ilkinliyinə ucalır. Bu cəhd şairi filosoflarla qohumlaşdırır, doğmalaşdırır. Poeziyada insanın mənəvi aləmi sanki çılpaqlaşır, o, adilikdən, ətalətdən qurtulur. Poeziya optikanı - görüm dairəsini də dəyişir: İnsan əbədiyyətlə aniliyi, ötəriliyi bir-birindən ayırd edib fərqləndirir. Bəxtiyar Vahabzadənin poeziyası məhz bu keyfiyyətlərə malikdir. Mən Bəxtiyar Vahabzadənin əsərlərini oxuyarkən, ondakı şair sözünün tutumu, siqləti və dəqiqliyi barədə düşünürəm.
Bəxtiyar Vahabzadə insan varlığını, insan taleyini ənənəvi motivlərlə, ən yeni poeziyanın nailiyyətləri ilə birləşdirərək geniş imkanlar yaradır. Şairin ehtiyat tədbiri heç də nəsihət deyil, "şəxsi məsuliyyət mövzusundakı monoloq" ruhunda səslənir.
Şair hər şeirində təbiidir, çünki o səmimidir, ürəyiaçıqdır, ədəbaz deyil, sünilikdən uzaqdır. Məhz buna görə də onun sözünə inanırsan. Axı, poeziyada ən acı hiss aldanışdır. Tez inanan oxucu etiraf gözləyir, oxucu qəlbi məhz yalnız ona - səmimiliyə hay verir. Burada onu süjetlə ələ almaq, fabula ilə maraqlandırmaq olmaz. Təqdim edilən mətndə poetik iksirin, maddənin olub-olmadığını oxucu, hətta bir neçə misradan səhvsiz müəyyənləşdirir. Mən də bir oxucu kimi təsdiq edirəm: Bəxtiyar Vahabzadənin "Bir gəminin yolçusuyuq" kitabında ağır və eyni zamanda çəkisiz, şəffaf və əsrarəngiz poetik iksir var.
Pavlo Movçan
(Ukrayna)
***
Nəsimi personaj kimi pyesdə birbaşa iştirak etməsə də, Nəsiminin üsyankar ruhu, onun məsləki hadisələrin gözə görünməyən iştirakçısına və qəhrəmanına çevrilir. Yüksək səviyyəli dramatik təcəssümü ilə seçilən bu əsər B.Vahabzadənin böyük istedadını və sənətkarlığını təsdiq edir.
L.N.Qumilyov
***
Bəxtiyar Vahabzadə... fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır... Vahabzadə bu sözün ən yaxşı mənasında narahat şairdir... B.Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur.
Mehdi Hüseyn
***
Həqiqi sənətkar... bəzən od tutub yanır, bəzən Prometey kimi üsyankar, bəzən məsum uşaq kimi kövrək olur və bu zamanlar da onun Lirası insanın qəlbini sarsıdan, ruhi aləmini təlatümə gətirən ülvi bir avazla səslənir. Və biz ona şair deyirik. Bəxtiyar Vahabzadə belə sənətkarlardandır.
İlyas Əfəndiyev
***
Mənə Bəxtiyar Vahabzadənin şeirlərini tərcümə etmək, Mərdəkandakı sanatoriyada onun yeni şeirlər kitabı üzərində birlikdə işlədiyimiz vaxt tez-tez görüşmək səadəti nəsib olmuşdur. Biz, adətən səhər yeməyi zamanı görüşərdik. Qamətli, nəzakətli, gözlərinin şəfqəti ilə qəlb isindirən Bəxtiyar mənim üçün həmişə başlanan iş gününün fərəhli akkordu idi. Səhər yeməyindən sonra, adətən bağda gəzirdik. Addımlarımız getdikcə yeyinləşir, söhbətimiz isə getdikcə daha dolaşıq olur, tez-tez qırılırdı. Bəxtiyarın çöhrəsindən görürdüm ki, bütün varlığı ilə haradasa uzaqlarda, öz xəyallar aləmində dolaşır. O, demək olar ki, həmişə gözləmədiyim halda, birdən dayanır, vidalaşır və yazı masasının yanına gedirdi. Əvvəllər söhbəti birdən-birə kəsmək ədası məni təəccübləndirirdi, sonralar xatırladım ki, ağlıma bir fikir gələndə, ilhamım coşanda mən özüm də bu cür hərəkət edirəm, Bəxtiyar yaradıcı adamın bir göz qırpımında öz poetik düşüncələr aləminə daxil olmasının və sanki real həyatdan ayrılmasının ən parlaq timsalıdır.
Rimma Kazakova
(Rusiya)
***
Türk ədəbiyyatı üçün Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil nə isə, Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə odur... B.Vahabzadə bütün türk dünyasının ortaq səsi, sevən ürəyi, aydınlıq üzü və gözəllik cizgisi, rəmzidir! Bu baxımdan, yeni Azərbaycan Cümhuriyyətinin yaranmasında onun hayqıran yaradıcılığının mühüm bir payı vardır.
Yavuz Bülənd Bakilər
(Türkiyə)
***
Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən B.Vahabzadədən öyrəndim... B.Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməçilik onun sənətinə yaddır.
Əhməd Şmide
(Almaniya)
***
Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcəhətli yaradıcılığı bir neçə doktorluq dissertasiyası üçün mövzu verir. Əgər onun sənətkarlığının sirlərini açası olsaq, qalın-qalın kitablar yazmalı olarıq. Bu böyük şair hansı bir fikri isə deməkdən ötrü, onu düşündürən, darıxdıran bir fikri insanlara çatdırmaq üçün şeir yazır. Yəni, şeir yazmaq özü onun qəlbini yüngüllətmək, fikrini demək, ürəyini boşaltmaq üçün bəhanədir. İlk anda heç kəsin ağlına gəlmir ki, Bəxtiyar Vahabzadə dərdini danışır. Xeyr, xeyr, Xalq şairi şeir yazır, gözəl şeirlər! Şeirin gözəl deyilişi, gözəl hörülməsi, şirin ləhcəsi sənətkarlıqdırsa, şeirin fikri, dediyi dərdin, sevincin nə dərəcədə düzgün, xalq üçün nə dərəcədə vacibliyi şairin çəkisidi, ağırlığıdı. Şair xalqın təzyiq ölçənidir. Şairin şeirində xalqın güzəranı, arzuları, xoş günləri, bəd günləri yaşayır: əlbət ki, əsl şairdən söhbət gedir, Xalq şairi Bəxtiyar Vahabzadədən danışırıq.
Fikrət Qoca
***
B.Vahabzadənin müşahidə dairəsi, toxunduğu problemlər və düşüncələr axarı çox geniş və vüsətlidir. İnsan qəlbini bir xəritəyə bənzətsək, onun bir çox naməlum guşələrində, əlçatmaz zirvələrində Bəxtiyar kəlamına məxsus bayraqcıqların sancılmış olduğunu görərik.
Bəkir Nəbiyev
Akademik
***
Müasir zövqümüzün, bədii zehni təfəkkürümüzün, mənəvi koloritimizin külçələşməsində, gələcəyimizə yadigar verilməsində böyük xidməti olan söz ustalarımızdan biri Bəxtiyar Vahabzadədir.
Tofiq Hacıyev
Akademik
***
B.Vahabzadə ənənəyə sadiq şairdir. B.Vahabzadə poeziyasında vəzn və qafiyədən çox ustalıqla istifadə olunur. Onun şeirini oxuyarkən insan səs ahənginin necə ustalıqla dəyişdiyini hiss edir. B.Vahabzadə poeziyası şeirin məna və mündəricəsinə uyğun ucalıq duyğusu təlqin edən bir söz sehridir.
Mehmet Kaplan
Professor
***
Başqaları üçün bəlkə də şeir mövzusu olmayan mövzular, görüşlər və fikirlər onun şair nəfəsi ilə şeirə çevrilə bilir. Bir sözlə, o şeirlə düşünən sənətkardır. Oxucusunu da qələmə aldığı mövzuda özü kimi düşünməyə vadar edə bilir... Bu qüdrətli Azərbaycan şairi türk oxucuları üçün də əzizdir. O, Türkiyədə də sevilir və oxunur.
Yavuz Akpınar
(Türkiyə)
***
B.Vahabzadə bizə öyrətdi ki, hər millətin ana dili o millətin namusu və vicdanıdır. O, nəsillərin bir-birinə ötürdüyü ən qiymətli misradır. Namusumuz üstündə necə əsiriksə, dilimiz üçün də eyni şəkildə əsməli, onu gözlərimiz kimi qorumalıyıq. Ana dilində xalqın tarixi yaşayır. Bu dil uca dağlarımızın əzəmətindən, yatağına sığmayan sel-suların hiddətindən, çiçəklərin əlvan rəngindən və ətrindən, aşıqlarımızın yanıqlı türkülərindən yaranmışdır.
...Vahabzadə seçdiyi ən adi mövzuya "lirizmi" tətbiq etməyi bacaran, ən adi əşyada belə şeiriyyət görən, onu şeirləşdirə bilən qüdrətli söz ustasıdır...
Vahabzadə anadan şair doğulub. Qüdrətlidir, çoxşaxəlidir.
Əhməd Bican Ercilasun
(Türkiyə)
***
Azadlıq, müstəqillik uğrunda mücadilə zəmanəmizin böyük sənətkarı Bəxtiyar Vahabzadənin yaradıcılığının ana xəttini təşkil edir. Əlli ildən çoxdur ki, şair, mütəfəkkir, ictimai xadim, ideoloq Bəxtiyar Vahabzadə milli azadlığın poetik tarixini yaradır. Həmin tarixin son beş illik mərhələsinin sosial-psixoloji həyəcanları da ən mükəmməl şəkildə, birinci növbədə, Vahabzadənin ehtiraslı poeziyasında əks olunur. Bəxtiyarın zamanla, milli ekoloji mühitlə nəfəs alan təbiətən üsyankar qəhrəmanı özünün kim olduğunu bütün etnik-fizioloji aydınlığı ilə yaxşı bilir.
Nizami Cəfərov
Akademik
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!