44 günlük savaş dövründə "Ədəbiyyat qəzeti"ndə bədii publisistika - Leyla MƏMMƏDOVA

Milli Mətbuat-150

 

150 il bundan öncə bütün Qafqaz regionuna səs salan tarixi bir hadisə baş verdi - Azərbaycan Milli Mətbuatının əsası qoyuldu. Azərbaycan dilində yayımlanan ilk milli qəzetimiz olan "Əkinçi" 1875-ci il 22 iyul tarixində Həsən bəy Zərdabinin redaktorluğu ilə fəaliyyətə başladı. İki illik nəşri dövründə Azərbaycanda maarifçiliyi, müasirləşməni təbliğ edən qəzet bu istiqamətdə əsaslı tədbirlər görmüş, yeni qələm sahiblərinin, ziyalıların formalaşması, jurnalist nəslinin yetişməsində xidmətləri olmuşdur. Qəzet dini mövhumat, xürafat və  cəhalətlə kəskin şəkildə mübarizə aparmış, sadə xalq dilində yazaraq insanları azad fikir sahibi olmağa çağırmış, eləcə də qadın azadlığını və qadınların təhsilə yönəlməsi, dövrün ictimai-siyasi, bədii düşüncənin inkişafına təkan verən ideyaları milli dilimizdə təbliğ etmişdir. "Əkinçi" qəzetindən sonra mətbu sahəsində xeyli irəliləyiş baş verdi, demokratik və milli ruhlu qəzetlər yarandı.

Müstəqilliyimizin bərpasından sonra 1991-ci ildən etibarən hər ilin 22 iyul tarixində ölkəmizdə "Milli mətbuat və Jurnalistika" günü kimi qeyd olunur.

Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu istiqamətdə ölkədə tədbirlərin keçirilməsi haqqında sərəncam imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni  həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respubllikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2025-ci il"

 

Bu gün Azərbaycanda fəaliyyət göstərən yüzlərlə mətbu orqanları - qəzetlər, jurnallar "Əkinçi" məktəbinin davamçılarıdırlar. Onlardan biri də "Ədəbiyyat qəzeti"dir. "Ədəbiyyat qəzeti" 1934-cü il yanvar ayının 1-də nəşrə başlayıb və yarandığı dövrdən bu günə kimi mətbuat aləmində xüsusi rola malikdir. Oxucuları tərəfindən maraqla qarşılanan qəzet ədəbiyyat mühitində baş verən yeniliklərdən xəbər verir, gənc istedadları kəşf edir, dəyərli şairlərin, yazıçıların, tənqidçilərin, publisistlərin və jurnalistlərin qələmə aldığı qiymətli əsərləri özündə cəmləşdirir. "Ədəbiyyat qəzeti" yalnız ədəbiyyata xitab edən yazıları deyil, eləcə də dövrün aktual mövzularını araşdıran, xalqın, cəmiyyətin ictimai-siyasi və sosial problemlərinin həllinə yönəlmiş publisistik məqalələri də dərc edir.

Qəzetdə xalq yazıçılarımızdan Anar, Elçin, Elmira Axundova, Sabir Rüstəmxanlı, akademiklərdən İsa Həbibbəyli, Teymur Kərimli, Muxtar İmanov, Nizami Cəfərov, Rafael Hüseynov, tənqidçi-ədəbiyyatşünaslardan Elnarə Akimova, Vaqif Yusifli, Azər Turan, Sona Vəliyeva, Nərgiz Cabbarlı, və s. müəlliflərimiz qələmə aldıqları məqalələri ilə tez-tez çıxış edirlər.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə ölkədə formalaşan azərbaycançılıq ideologiyası, milli identiklik, dövlət quruculuğu, Qarabağ münaqişəsi və ərazi bütövlüyü kimi məsələlər də publisistikada öz əksini tapdı. Müstəqillik dövrü publisistikasının kulminasiya nöqtəsini 44 gün sürən Vətən savaşı dövründə yazılan məqalələr təşkil edir. Rəşadətli Azərbaycan Ordusunun xalqımıza ərməğan etdiyi qələbənin sevincini, həyəcanını tanınmış müəlliflər publisistik məqalələrində qələmə aldılar. "Ədəbiyyat qəzeti" də öz növbəsində olduqca qiymətli olan bu əsərləri dərc edərək oxucularının ixtiyarına verdi. Qəzetin 2020-ci il sentyabr, oktyabr, noyabr aylarında nəşr olunan saylarının təməl predmetini Qarabağ, düşmən üzərində tarixi qələbəmiz, doğma torpaqlara qayıdış, qəsbkar ermənilərin törətdiyi vandallıq, Gəncə terroru və s.  mövzular təşkil edirdi. Həmin günlərdə tanınmış ədəbiyyatşünas, tənqidçi və publisist Azər Turan qələmə aldığı "Tanrının evi -Türk, Qarabağ və Bir Hilal uğruna batan günəşlər"(14 noyabr, 2020) məqaləsində ermənilərin ölkəmizə qarşı ərazi iddialarını, onların dünyaya yaydığı yalan məlumatları kəskin şəkildə tənqid edir. Onun adı çəkilən məqaləsində ermənilərin "Dağlıq Qarabağ" anlayışını irəli sürmələri və özlərini Qarabağın dağ əhalisi adlandırmaları publisistin qeyd etdiyi əsaslı faktlarla doğruluq payını itirir: "Qarabağı rəsmən Dağlıq və Aran hissələrinə bölən təsəvvür siyasi düşüncəyə nə vaxtdan daxil olub? 1921-ci ilin 4 iyulunda Qafqaz Bürosunun plenumundan qabaq Dağlıq Qarabağ anlayışı mövcud olubmu? Ermənilərin "yaylaq bizim olsun, qışlaq sizin" deyə Qarabağın dağlıq hissəsinə iddiası hansı məntiqlə yaranıb?"

Erməni vandalizmini görməzdən gələn, onun törətdiyi amansız qətllərə heç bir reaksiya verməyən dünya qarşısında öz təssüf hissini bildirən ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova yazır: "Bu günlərdə Azər Turanla Gəncə terrorunda öldürülən məsumlar haqqında danışarkən mənə Viktor Hüqonun "Səfillər" əsərindən belə bir fikri xatırlatdı: "İmperatordan (Napoleon) göylərə şikayət olunmuşdu və onun süqut məsələsi artıq həll edilmişdi. O, Tanrıya mane olurdu". Son vaxtlar ard-arda baş verən proseslər nədənsə bu fikri şüuraltımda tez-tez dilləndirir və mən ədalət və günah hissi ilə əsərlərində ən gözəl təsbitləri edən bu dahinin vətəni Fransada dinimizə və Peyğəmbərimizə, haqq davamıza qarşı mənfur münasibəti görüb mənəviyyatın süqutunun hansı fəsadlara yol açmasının təəssüfünü çəkirəm."

E.Akimovanın "Ermənilərin öldürdüyü uşaqlar"(31 oktyabr,2020) adlı məqaləsində  Ermənistanın Gəncə şəhərində törətdiyi terror hadisəsi onların Azərbaycan Ordusu qarşısında necə aciz və əlacsız qalmalarının nəticəsi kimi qiymətləndirilir, həmçinin qeyd olunan məqalədə körpə uşaqları, dinc əhalini hədəf alan mənfur düşmən, eləcə də buna göz yuman dünya mediası pislənilir: "Bu yazımın adını "müharibə və uşaqlar" qoymaq istədim. Amma bir anlıq fikirləşdim ki, axı biz müharibə aparan ölkə olaraq ermənilərin uşaqlarını öldürməmişik. Onların heç bir uşağı başından güllə yarası almayıb, oyuncaqlarla oynadığı yerdə snayperlə vurulmayıb, heç bir körpəsi yataq paltarında üzü-gözü qana bulanmış, ölü halda torpaq altından çıxarılmayıb, heç bir məktəblisi amansız terrorun qurbanı olub arzularından, istəklərindən məhrum edilməyib. Və bu da taleyin ironiyasıdır ki, hər şeydə saxta məlumatlara əsaslanan, qondarma yalanlarla bəslənən ermənilər guya bizim onların uşaqlarını öldürmək xəbərimizi tirajlayanda özlərinin öldürdükləri balaca körpələrin şəkillərini başlarından yuxarı qaldırırlar. O başlardan yuxarı qaldırılan körpə şəkillərinin Tanrıya nə qədər yaxın olduqlarının fərqinə varırlarmı görəsən?"

Adı çəkilən məqalədən başqa E.Akimovanın "Yalnız Qarabağ uğrunda"(3 oktyabr, 2020), "Şuşada Azan səsi"(14 noyabr, 2020) başlıqlı publisistik yazıları da "Ədəbiyyat qəzeti"ndə dərc olunub.

Filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddinqızının "Yetim qalmış oyuncaqlar" və Azər Turanın "Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi" adlı məqalələri mövzü baxımından E.Akimovanın "Ermənilərin öldürdüyü uşaqlar" başlıqlı yazısı bir-biri ilə yaxından əlaqəlidir. Azər Turan yazır: "Ötən həftə ermənilər azad və olduqca ziyalı bir zümrənin yurdunu, maarif mərkəzimiz olan Gəncəni vurdular…

İndi bu sətirləri yazarkən Vikipediyada Gəncə adının etimologiyası ilə maraqlandım. Elə əvvəllər olduğu kimidir. Gəncə fars dilindəki xəzinə sözündən törəyibmiş…

Amma Gəncə Azərbaycanda nəinki islamiyyətdən öncə, hətta mifoloji zamanlardan mövcuddur. Gəncə də, Naxçıvan, Şabran, Bakı, Qəzvin kimi Maduvanın, yəni Əfrasiyabın, yəni Alp Ər Tonqanın zamanında tikilib və Gəncənin ilk sakinləri də sakların Gəncək tirəsi olub…

Vikipediyada təəssüf ki, bu yoxdur.

Ötən həftə ermənilər Gəncəni vurmaqla iki min beş yüz illik tariximizə əl qaldırdılar.

Gəncə həm də "Biz Əfrasiyabıq" deyən Nizaminin şəhəridir. Nizami Gəncədən baxıb Ərmən torpağını da Turanın bir qismi olaraq nişan vermişdi. "Türklərlə doludur bütün bu yerlər… / O qurur özünə yeni bir mənzil. / Gül fəsli yamyaşıl Muğan - yatağı, / Yay zamanı yeri Ərmən torpağı". Məsələ burasındadır ki, Nizami türklərlə dolu olan Muğan kimi Ərmən torpağının da Əfrasiyab-Alp Ər Tonqa nəslinə aid olduğunu yazıb. Şirinin yaşadığı Ərmən torpağı (bugünkü Ermənistan)  Əfrasiyab övladlarının yurdudur. Yəni Turanın bir qismidir."

"Ədəbiyyat qəzeti"də dərc olunan yazılardan tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusiflinin "Formanın müqəddəs sirri - gözləmək"(10 oktyabr, 2020), "Formanın müqəddəs sirri - Qarabağ hekayələri", "Müharibə və ədəbiyyat davası"(12 dekabr, 2020), "Həsrəti qorumaq"(14 noyabr, 2020) və s. silsilə məqalələrinin adlarını qeyd etmək olar. C. Yusifli "Formanın müqəddəs sirri" məqaləsində yazır: "Vətən müharibəsində insanın bütün hissləri bir nöqtəyə cəmlənir, xüsusən övladını cəbhəyə yola salan insanların. Ədəbi mətnlərdə bunun min bir nümunəsi var, özü də necə: mətndə hər şey hisslərin dərinliyini ifadə etmək, poetizmdən qaça-qaça ən dərin poetik mənzərə yaratmaq, metaforalardan qaça-qaça ərazinin bu formul və ifadələrdən aşıb-daşması... Başqa bir ayrıntı da var: bədii mətndə elə bir struktur, elə bir ifadə tərzi önə çıxır ki, insanın ən mərhəm hissləri, ən ümidsiz gözləntisi, ən qəddar arzusu, ən uzaqdakı hədəfi... bir-birinə maksimum şəkildə yaxınlaşır, qarışır və insanı yaşaya bilməyəcəyi gələcəyin də qonağı edir."

 

Yazıçı Sevinc Elsevərin müharibə motivləri əsasında çəkilən filmləri toplayaraq yazdığı silsilə məqalələr də böyük marağa səbəb oldu. Onun "Müharibədən keçən insanlıq"(3 oktyabr, 2020), "O torpaqların qoynunda çəkəcəyik o filmləri"(14 noyabr, 2020) məqalələri Qarabağ müharibəsi mövzusunda çəkilmiş və gələcəkdə çəkilməyi arzulanan filmlər haqında yazılmış gözəl nümunələrədir. S. Elsevər yazır: "Nə qədər qəribə olsa da, müharibə mövzusunda çəkilmiş bütün filmlərin qayəsi insanı humanizmə, sülhə, ədalətli olmağa səsləməkdir."

44 günlük Vətən savaşı bizə qələbə ilə yanaşı bu qalibiyyəti hər bir sözündə, cümləsində gələcək nəsillərə ötürəcək olan zəngin ədəbiyyat nümunələri qazandırdı. Adları qeyd olunan məqalələrdən başqa "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünas, tənqidçi və publisist Tehran Əlişanoğlunun "Tarixin fürsəti"(3 oktyabr, 2020), ədəbiyyatşünas və esseist, professor Rüstəm Kamalın "Müqəddəs savaşımız və sözümüz"(3 oktyabr, 2020), "Pənah xanın ruhu"(10 oktyabr, 2020), "Cəllad dığa. Portretə cizgilər"(14 noyabr, 2020) və s. sərlövhəli publisistik yazılar müharibə dövründə dərc olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!