Vətəni Vətən edən onun qəhrəman, igid övladlarıdır. Vətən uğrunda nə qədər oğul və qızlarımız döyüşlərdə qəhrəmanlıqlar, şücaətlər göstəriblər. Döyüşdə özünü qumbara ilə düşmən tankının altına atanlar da, özünü düşmənin atdığı qumbaranın üstünə tullayanlar da, məbədin pəncərəsindən düşmənin qapalı mühitə atdığı kimyəvi tərkibli tüstüboğucunu yerdən götürüb qarşı tərəfə tullayanlar da, olub. Daha nələr, nələr... Onların bir məqsədi, bir amalı olub - qoy mən ölüm, ancaq qalan döyüşçü yoldaşlar sağ qalsınlar, onlar döyüşə davam etsinlər. Ermənilərin Azərbaycanın ərazi bütövlüyünə qarşı başladığı müharibə zamanı xalqımızın mərd oğulları belə qəhrəmanlıqlar göstəriblər.
Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini, döyüş texnikalarını, hava hədəflərini məhv edən, gözündə zərrəcə qorxu olmayan cəngavər oğullarımız haqqında məqalələr, oçerklər, poemalar, dastanlar yazılıb; qəhrəmanları da, qəhrəmanlıqları da xalqa tanıdıb. Elə qəhrəmanlarımız da olub ki, onların qəhrəmanlıqlarını döyüş yoldaşlarından başqa görən olmayıb, onların hamısı döyüşdə şəhid olub. Sonradan onların misilsiz şücaətlərini düşmən də etiraf edib. Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı Alban məbədinin qarşısına Azərbaycan bayrağı sancan, bu bayraq uğrunda 6 nəfər döyüşçü ilə 5 gün düşmənə qarşı döyüşən Natiq Qasımovun qəhrəmanlığı bənzərsiz qəhrəmanlıq olub. Onun son döyüşdən sonrakı taleyini fotolentə köçürən ingilis jurnalisti olub və gerçək tarix belə yaşadılmaqdadır. Bu hadisəyə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani "Məbəddə döyüş" adlı ikihissəli, səkkizşəkilli sənədli povest həsr edib.
Pyesdə baş verən hadisələr Xocalı soyqırımından sonrakı on günə təsadüf edir. 1992-ci il fevralın 25-dən 26-na keçən qarlı, şaxtalı gecədə mühasirədə olan Xocalı camaatına qarşı soyqırımı həyata keçirəndən sonra Ağdamın "Qarabağ Şahinləri" könüllü özünümüdafiə taborunun yeddi nəfərdən ibarət qrupu düşmənin böyük bir dəstəsinə qarşı döyüşməyi qərara alır. Natiq Qasımov silahdaşlarına Pirlər kəndindəki qədim Alban kilsəsini səngər etməklə düşmənlə son nəfəsə kimi döyüşəcəklərini bildirir. Belə döyüşürlər. Rabitəçidən telefon dəstəyini götürüb qərargahdan onların yerləşdiyi yüksəkliyi - kilsəni də artilleriya ilə vurulmasını tələb edir. Ermənilər elə zənn edirlər ki, Alban məbədinə çoxlu azərbaycanlı döyüşçü toplaşıb. Bu səbəbdən də düşmən məbədi mühasirəyə alır. Natiq Qasımov və altı nəfər döyüşçü mövqelərini tez-tez dəyişərək xeyli sayda düşməni məhv edir. Ermənilər geri çəkilirlər. Məbədə yaxınlaşmağa ehtiyat edirlər. Səsgücləndirici vasitəsilə məbəddəki döyüşçülərdən təslim olmalarını tələb edirlər. Əsir düşmüş ermənilərlə onları dəyişəcəklərinə söz verirlər. Erməni səhra komandirinin bu hiyləsi də baş tutmur. Məbəddə tək sağ qalan Natiq təslim olmur, döyüşə davam edir.
Pyesin personajlarından Natiqin anası Dursun ana və Qonşu qız maraqlı dialoqla yer alıb. Mart ayı olduğu üçün xalqımız Novruz çərşənbələrini qeyd edirlər. Qonşu qız da Dursun ananın yanına gəlib onu tək qoymaq istəmir. Vətənin müdafiəsinə gedən Natiqdən neçə gündü xəbər olmadığı üçün onlar narahatdırlar.
Pyesin əsas personajlarından biri də Cəfər müəllimdir. Cəfər müəllim Xocalı şəhər orta məktəbinin direktorudur. Xocalı faciəsi günü ermənilər Cəfər müəllimi əsir götürür. Səhra komandiri Cəfər müəllimi yanına gətizdirib deyir ki, məbədə gedib orada olan nə qədər döyüşçü varsa, hamsına təslim olmağı bildirsin. Əvəzində Xocalıdan olan əsirləri də, onları da bizdə olan erməni əsirləri ilə dəyişərik.
Cəfər müəllim ağ bayraq qaldırıb məbədə yaxınlaşır. Döyüşçülərdən güllə atmamasını, özünün də kim olduğunu bildirir. Məbədə keçəndə heç kimi görmür, təkcə yuxarıda pəncərə önündə oturan əli avtomatlı Natiqi görür. Ona yaxınlaşıb düşmənin şərtini deyir. Natiq Cəfər müəllimi diqqətlə dinləyir. Xocalıdan əsir düşmüş qadınlar, uşaqlar, qocaları xatırlayır.
Səhra komandiri məbəddə sağ qalan və ermənilərə qarşı son ana qədər vuruşanın bir döyüşçü olduğunu biləndə təəccüblənir. Erməni komandirləri sonradan vədinə naxələf çıxırlar. Səhra komandiri Natiqi Azərbaycanda təxribatlar törətməsi müqabilində sağ buraxacaqlarını bildirir. Lakin Natiq Qasımov bu vədlərə uymur, Vətəni, milləti hər şeydən uca tutur...
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin "Məbəddə döyüş" pyesi son illərin ən dəyərli sənədli bədii əsərlərindəndir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!