Elçin - məni həyata qaytaran adam - Kənan HACI

Kənan HACI

 

Axşamçağı idi. Qubadan yenicə qayıtmışdım, hələ yolun yorğunluğu canımdan çıxmamışdı. Görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovdan zəng gəldi. Onunla, demək olar ki, hər gün zəngləşirik, bu dəfə də xoş əhvalla salamlaşmaq istədim, amma səsində qəribə, heç vaxt hiss etmədiyim bir hüzn hiss etdim.

"Bilirsən də, Elçin müəllim dünyasını dəyişdi".

Heç nə anlamadım, susub qaldım. Dinmədiyimi görüb əlavə etdi: - Elçin Əfəndiyev.

Beynim bu acı həqiqəti qavramaq iqtidarında deyildi. İlk ağlıma gələn bu fikir oldu - məni həyata qaytaran adam. İndi həyatda yoxdur... Bu, necə ola bilər axı?! Yox, mən səhv eşitmişəm, bu, ola bilməz. Rejissorumuzun çarəsiz səsi qulaqlarımı yandırır: Təəssüf ki...

Xəyal məni lap uzaqlara, yeniyetməlik illərinin uzun qış gecələrindən birinə aparır. Dizəcən qar yağmışdı, sətəlcəmdən yatırdım, evimizdə işıqlar sönmüşdü. Qalın yorğana bürünüb lampa işığında sevimli yazıçım Elçinin "Ölüm hökmü" romanını oxuyurdum. Arada anam gəlib yüngülcə gileylənirdi: - Ay bala, gözlərin xarab olacaq, yat, səhər qalxıb oxuyarsan.

Mən həmin gün səhəri dirigözlü açdım. Sübh açılanda artıq romanı oxuyub bitirmişdim. Əsər məni sözün əsl mənasında silkələmişdi. Özümü romanda baş verən hadisələrin içərisindəymiş kimi hiss edirdim. Azərbaycan ədəbiyyatında hadisə idi bu əsər. Və bu əsəri Elçin yazmışdı. Xalqın tarixi taleyinin bir fəsli "Ölüm hökmü" adıyla kodlaşmışdı. Kitabxanamda, demək olar ki, bütün kitabları var. Bukinistdən 1966-cı ildə nəşr olunan "Min gecədən biri" adlı ilk kitabını da tapıb kitabxanama əlavə etmişəm.

Heç vaxt ağlıma gəlməzdi ki, Xalq yazıçısı Elçinin mənim taleyimdə mühüm rolu olacaq. 2015-ci ildə qaraciyərimdə ciddi problem yarandı, xəstəlik sürətlə irəliləməyə başladı. Qələm dostlarım bundan xəbər tutub məsələni ictimailəşdirdilər. Yazıçı Alpay Azər mətbuatda Elçinə bu barədə açıq məktubla müraciət etdi. Elçin müəllim o vaxt Baş nazirin müavini görəvini daşıyırdı. Heç bir gün keçməmiş mənə Nazirlər Kabinetindən zəng olundu ki, məsələ Elçin müəllimin nəzarətindədir, nə lazımdırsa, ediləcək. Duyğulandım, kövrəldim, bir az da həyəcanlandım. Xəstə yatağımda "Ölüm hökmü"nü oxuduğum o uzun gecəni xatırladım.

Xəstəliyin müalicəsi üçün gərəkli olan son dərəcə bahalı dərmanlar Səhiyyə Nazirliyi tərəfindən xarici ölkələrin birindən gətirildi və mən bu ağır mərhələni adlaya bildim. Müalicə aldıqdan sonra "Ədəbiyyat qəzeti"ndə Elçin müəllimə təşəkkür məktubum dərc olundu. Məktub dərc olunandan sonra zəngləşdik, vəziyyətimlə maraqlandı, dedi ki, təşəkkürə ehtiyac yox idi, sən bunu öz istedadınla qazanmısan.

Bir dəfə də Bakı Expo Mərkəzində Kitab festivalında görüşdük. Şair dostum Fərid Hüseyn Elçin müəllimə mənə görə təşəkkür etdi. Elçin müəllim özünəməxsus təbəssümü ilə əlini çiynimə qoyub dedi ki, əsas məsələ odur ki, indi sağlamsan və yazıb-yaradırsan. Səninlə bağlı məndən Nəsiman Yaqublu da xahiş etmişdi, deyirəm ki, bunu da biləsən.

Rəhmətlik Nəsiman Yaqublunun mənim xəstəliyimlə bağlı Elçin müəllimə müraciət etməsini ilk dəfə idi eşidirdim. Nəsiman bəylə dəfələrlə görüşsək də, bu barədə mənə bir kəlmə deməmişdi. İndi o da haqq dünyasındadır.

Ötən il "Ədəbiyyat qəzeti"ndə "Nar ağacı" adlı hekayəm dərc olunmuşdu. Zəng vurub təbrik etdi və dedi ki, ara-sıra qəzetdə hekayələrinə rast gəlirəm, sənə deyim ki, bu, bəlkə də sənin ən yaxşı hekayəndir. Nə gizlədim, ustad bir yazıçıdan bu sözləri eşitmək məni çox sevindirdi.

Sonuncu dəfə Elçin müəllimlə Akademik Milli Dram Teatrında görüşdük. Özbək yazıçısı Abdulla Qədirinin "Ötən günlər" romanının motivləri əsasında yazdığım pyesə Xalq artisti Mərahim Fərzəlibəyov quruluş vermişdi. Tamaşanın premyerasına Elçin müəllim də gəlmişdi, lojada əyləşmişdi və diqqətlə səhnədə baş verənləri izləyirdi. Tamaşanın sonunda Mərahim müəllim məni müəllif olaraq səhnəyə çağırdı və onda Elçin müəllimin mənə zillənmiş baxışlarını gördüm. Məmnuncasına gülümsəyirdi və alqışlayırdı. Səhnə arxasında bütün yaradıcı heyəti təbrik elədi və mənə dedi ki, sən mütləq dramaturgiya ilə məşğul ol!

Bu, Elçin müəllimlə - məni həyata qaytaran adamla, böyük yazıçı ilə son görüşümüz idi.   

Elçin müəllim, özünüz demiş, bu da bu cür həyatdır. Nə yaxşı ki, böyük yazıçıların ölüm tarixi olmur. Biz sizin əsərlərinizi həmişə sevə-sevə oxuyacağıq. Biz və bizdən sonrakılar... Əmin olun və ruhunuz şad olsun!

 

5 avqust, 2025

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!